Müstəqil Azərbaycanın
küçə və yer adları siyasətində
dövlət və ictimai maraqların
müdafiəsi...
Əhməd
Qəşəmoğlu: "Adlar məsələsində
mütəxəssislərin fikirləri nəzərə
alınsa, o zaman bu ictimai maraqların qorunmasına
böyük töhfə olar"
"Problem
ondadır ki, böyük çoxluq özləri də
başa düşdü-düşmədi, xarici adların
qoyulmasına üstünlük verir"
İctimai maraqlar və həmin
maraqlardan irəli gələn tələblər hər zaman
prioritet təşkil etməlidir. Çünki ictimai
maraqların nəzərə alınması, qorunması və
ondan irəli gələn tələblərin yerinə yetirilməsi
həm də sosial sifarişin həyata keçirilməsi
anlamına gəlir.
Çünki cəmiyyətin
maraqlarından yaranan tələblərin qorunmasının
özü də bu sahədə göstərilən xidmətin
bir növüdür. Yalnız bizim cəmiyyətdə deyil,
bir sıra digər sivil cəmiyyətlərin çoxunda
ictimai maraqlardan irəli gələn addımların
atılması əsas məsələlərdən biridir.
İctimai maraqların fərdi maraqların fövqündə
durması ümdə məsələlərdən biri
olmalıdır. Ən azından buna qismən nail
olmağın özü də bir uğur, bir nailiyyətdir. Təcrübə
göstərir ki, şəxsi maraq müstəvisindən
çıxış edən insanların nə dövlətə,
nə də cəmiyyətə bir faydası olmur. Bundan fərqli
olaraq öz davranışları, əməllərilə
ictimai maraqlara qulluq edən insanlar isə hər zaman
faydalı olur. İctimai maraqların meydana
çıxmasının tarixi keçmiş dövrlərə
gedib çıxır. İnsan cəmiyyəti mövcud
olandan ictimai maraqlar bu və ya başqa formada özünü
göstərib. Formasiyadan asılı olmayaraq ibtidai icma,
quldarlıq, feodalizm, kapitalizm və sosializm
quruluşlarında ictimai maraqlar mövcud olub. Düzdür, hər
bir quruluşda sözügedən məsələ müxtəlif
səviyyələrdə olub, ancaq reallıq ondan ibarətdir
ki, bu mövcud olub. Cəmiyyət sosiallaşdıqca, ictimai
maraqlar daha qabarıq formada özünü göstərməyə
başlayıb. Dünyada ictimai maraqları əks etdirən və
bu maraqlardan irəli gələn minlərlə tarixi hadisə
baş verib. Bir sıra dövlətlərin tarixinə nəzər
salanda görürük ki, ictimai maraqlarla dövlətçilik
maraqları uzlaşır. Bunların arasında bir-birini
tamamlayan bir vəhdət mövcuddur. İctimai maraqların
üzə çıxarılması formaları əsrlərdir
ki, dəyişən və dəyişməz qaydalarla tənzimlənir.
Məsələ ondadır ki, ümummilli məsələlərdə
əksər hallarda maraqlar uzlaşır. Bu zaman sözügedən
maraqların qorunması məsələsində çox vaxt
maraqlar üst-üstə düşür. Azərbaycan
müstəqillik əldə etdikdən sonra ictimai
maraqların formalaşması, təbliği kimi məsələlərə
daha çox önəm verilməyə başlayıb. Bu
istiqamətdə bir sıra sistemli işlər
görülüb və bu indi də davam edir. Bütün
hallarda cəmiyyətin marağını ictimai sahəyə
yönəltmək üçün geniş maarifçilik tədbirləri
görülməli və bu istiqamətdə aparılan iş
davamlı xarakter almalıdır. Azərbaycan dövlətinin
təhlükəsizliyindən tutmuş onun milli-mənəvi
dəyərlərinə qayğı məsələsinə
qədər hər şey ictimaiyyət tərəfindən nəzərə
alınmalıdır. İctimai maraqların qorunmasında
qanunun aliliyinin təmin olunması, fərdlərin bunu dərk
etməsi, eyni zamanda buna əməl etməsi vacib
ünsürlərdən biridir. Müşahidələr
göstərir ki, əhalinin təhsilalma səviyyəsi
yüksək olan cəmiyyətlərdə ictimai maraqlara yanaşma
daha həssas və dinamikdir, nəinki digər cəmiyyətlərdə.
Azərbaycanda müxtəlif hadisələr, müxtəlif
sahələrlə bağlı fərmanlar, sərəncamlar
verilir, qanunlar qəbul olunur. Bəzən əhalinin müəyyən
təbəqəsi bunlardan ya xəbəri olmur, ya da bunun əhəmiyyətini
yetərincə anlamır. Halbuki, insanlar bunun əhəmiyyətini
başa düşsələr, sözügedən məsələlərdə
daha həmrəy mövqe sərgiləyəcək. Ona görə
də əhali qanunlardan xəbərdar olmalıdır. Bu
işdə onlara ziyalılar, cəmiyyətin fəal təbəqəsi
yardım etməlidir. İctimai maraqların qorunması o deməkdir
ki, əhali hər bir məsələyə aktiv münasibət
göstərə bilir. Digər tərəfdən, ictimai
maraqlara xidmət edən şəxslər sağlam
düşüncəyə malik olmalı və milli
maraqların qorunmasında xüsusi həssaslıq göstərməlidir.
Nəzərə almaq lazımdır ki, insanlar fərd kimi ailələrdən
çıxır. Sonra bu insanlar bir araya gəlib ictimai maraq ətrafında
birləşir. Elə insanlar var ki, onlar ictimaiyyətin
qayğısını çəkməyə
özünü borclu sayır. Amma onun özünü ifadə
etməsi üçün şərait yoxdur. Bunun
üçün geniş maarifləndirmə kampaniyası
aparılmalıdır. Bir vətəndaş görəndə
ki, başqa bir vətəndaş səhv yoldadır, onu geri
qaytarmağa can atmalıdır. Məsələn, kimsə
ictimai nəqliyyatdan istifadə edərkən ətrafı
zibilləyirsə, onun bu hərəkətinə etiraz edilməli
və o, ən azından, normal qaydada başa
salınmalıdır ki, etdiyi hərəkət doğru deyil.
Hər bir vətəndaş ictimai qaydalara əməl etməyi
qarşısında bir vəzifə kimi qoymalıdır. Milli
maraqlar çərçivəsində ictimai maraqlar
qorunmalı və bu istiqamətdə dəyərləndirmə
aparılmalıdır. Milli maraqlar zəminində
formalaşan ictimai maraqlara bir neçə aspektdən
yanaşmaq olar. Ən başlıcası hamımızın
ictimai marağımızın əsasında azərbaycançılıq
durmalıdır. Bu ideologiyanın geniş səviyyədə
təbliği, burada ictimaiyyətin iştirakı onların
marağının üzə çıxarılmasına dəlalət
edir. Çünki dövlətimizin sürətli
inkişafı, onun sivil dövlətlər səviyyəsinə
çıxması bizim ictimai marağımızdır. Bunun
üçün hamı çalışmalıdır. Cəmiyyətdə
bütün insanlar arasında sosial dialoqun olması vacibdir.
O da məlumdur ki, Azərbaycan 200
il Rusiyanın əsarəti altında olub. Bu müddət ərzində
dilimiz, mədəniyyətimiz, həyat tərzimiz və digər
sahələr rus təsirinə məruz qalıb. Bir neçə
dəfə əlifba dəyişilib ki, bu da zaman-zaman bir
sıra problemlər yaradıb. Sosial həyatın müəyyən
xarici təsirlərə məruz qalması zaman-zaman cəmiyyətdə
hansısa formalarda özünü göstərib. Ötən
müddət ərzində dəfələrlə Azərbaycandakı
yer-məkan adları dəyişdirilib. Şəhərlərə,
kəndlərə, küçələrə milliliyə
uyğun olmayan adlar verilib. Bu da zaman-zaman böyüməkdə
olan gənc nəslin həyat tərzinə mənfi təsir
göstərib. Məsələn, Azərbaycanın qədim
şəhərlərindən olan Gəncənin adı uzun
illər qadağan olunub. Çar Rusiyası dövründə
şəhər Yelizavetapol, sovetlər dönəmində isə
Kirovabad adlandırılıb. Yalnız müstəqillikdən
sonra qədim Gəncənin adı özünə
qaytarıldı. İndinin özündə də müəyyən
yaşlı insanlarla ünsiyyətdə olanda görürsən
ki, onlar Kirovabad adını daha çox tələffüz
edir. Belə hallar ondan irəli gəlir ki, yeni adlara
alışmaq müəyyən vaxt tələb edir. Bir sıra
dövlətlərin tarixinə baxdıqda görürük
ki, yer, məkan adlarının seçilməsində klassik
adlara daha çox üstünlük verilib.
Azərbaycan müstəqillik əldə
etdikdən sonra yer, küçə və digər məkan
adlarının milliləşdirilməsi istiqamətində
bir sıra işlər görüldü. Bir zamanlar rus
imperiyası tərəfindən dəyişdirilən adlar
yeniləndi. Daha doğrusu, onların öz həqiqi adları
geri qaytarıldı. Salınan yeni küçələrə,
parklara, xiyabanlara və digər bu kimi sosial məkanlara
milliliyi özündə əks etdirən adlar verildi. Eyni
zamanda, bütün sözügedən işlər ictimai
maraqlar nəzərə alınmaqla həyata keçirildi. Əhalinin
bununla bağlı istəkləri, tələbləri əsas
götürülərək adların yenilənməsinə
önəm verildi. Ən başlıcası, əvvəlki
adlar yerinə qaytarıldı. İctimai və dövlətçilik
maraqlarına uyğun adlar seçildi.
Sözügedən məsələni
dəyərləndirən sosioloq Əhməd Qəşəmoğlu
bu sahədə mövcud olan vəziyyətə birmənalı
yanaşmadı: "Düzdür, bu sahədə bir sıra
işlər görülüb. Yəni ictimai maraqlar nəzərə
alınmaqla, bir sıra yerlərin adları dəyişdirildi.
Necə deyərlər, daha uyğun adların seçilməsinə
üstünlük verildi. Ancaq bütün bunlar yetərincə
deyil. Məsələ ondadır ki, sözügedən məsələdə
bir sıra problemlər hələ də qalmaqdadır. Yəni
arzuolunan səviyyədə adların dəyişdirilməsi
baş verməyib. Əvvəla, bu sahədə bir sıra
xoşagəlməz tendensiyalar da var ki, bu narahat olmağa ciddi
əsas verir. Problem ondadır ki, yeni tikilən restoranların,
otellərin, şadlıq evlərinin və bu kimi digər
obyektlərin adları heç yerinə düşmür.
Fikir versəz görərsiniz ki, Azərbaycanda yeni
açılan xidmət sahələrinin əksəriyyətində
milli adlara üstünlük verilmir. Halbuki, indiki dövrdə
buna çox böyük ehtiyac var. Problem ondadır ki,
böyük çoxluq özləri də başa
düşdü-düşmədi, xarici adların
qoyulmasına üstünlük verir. Bunun özü çox
ziyanlı tendensiyadır. Dəyərlərə çox pis zərbə
vurur. Xoşagəlməz təəssürat yaradır. Kənardan
əhali barəsində yaxşı təsəvvür
yaratmır. Xaricdən gələn turistlər görəndə
ki, Azərbaycanda restoranların, otellərin və digər bu
kimi xidmət sahələrinin əndrəbadi adları var,
onlar bizim barəmizdə pis fikrə düşür. Ən
azından, dövlətimiz, xalqımız barəsində
onlarda xoş olmayan təsəvvürlər formalaşır.
Ona görə də bu kimi məsələlərdə ictimai
maraqlar mütləq nəzərə alınmalı və hər
bir vətəndaş bununla bağlı bir mənəvi məsuliyyət
daşımalıdır. Nəzərə almaq lazımdır
ki, sadalanan obyektlər özəl mülkiyyətə mənsubdur.
Bu zaman dövlətin hansısa inzibati resurslardan istifadə
edib məsələyə müdaxilə etməsi
düzgün qarşılanmaz. Ona görə də hər bir
ölkə vətəndaşı milli maraqlardan
çıxış edib sözügedən məsələyə
diqqətlə yanaşmağı bacarmalıdır".
Ə.Qəşəmoğlunun
fikrincə, Azərbaycanda müəyyn yer adlarının
qoyulmasında hardasa tələskənliyə yol verilib:
"Halbuki, bu məsələdə tələsik qərar
vermək lazım deyildi. Məsələn, Əli-Bayramlı
şəhərinin adını dəyişib Şirvan
qoydular. Şəxsən mən hesab edirəm ki, adıçəkilən
şəhərə Şirvan adı qoymağa heç bir
lüzum yox idi. Çünki cəmiyyətin təsəvvüründə
Şirvan zonası əsasən Şamaxı,
İsmayıllı rayonları ətrafı ərazilər
hesab olunur. Düzdür, ad milli addır, amma hər halda yerində
deyil. Əli-Bayramlının adı Qırxçıraq
olsaydı, daha uyğun görünərdi. Çünki bu ad
həmin məkanın qədim adıdır. Nizami Gəncəvi
deyəndə bilirik ki, dahi şair Gəncədə
doğulub. Seyid Əzim Şirvani harada doğulub? O baxımdan
istər küçə, istərsə də şəhər
adı seçəndə diqqətli olmaq, müəyyən
tarixi məqamları nəzərə almaq lazımdır.
İndi bu kimi məsələlərə diqqət göstərməsək,
gələcəkdə bu müəyyən
qarışıqlıq yarada bilər. Deməyim odur ki, adlar məsələsində
mütəxəssislərin fikirləri nəzərə
alınsa, o zaman bu, ictimai maraqların qorunmasına
böyük töhfə olar. Bu kimi məsələlərlə
bağlı etnoqrafiya sahəsində olan mütəxəssislərdən
ibarət xüsusi bir komissiya fəaliyyət göstərməlidir.
Adları dəyişəndə onlarla məsləhətləşmək
lazımdır".
Vidadi
ORDAHALLI
Bakı
Xəbər.-2013.-18-20 yanvar.-S.15.