Dövlət maraqlarının
müdafiəsində gəncliyin rolu...
Ölkəmizdə
sağlam təfəkkürlü, saf əqidəli, vətənpərvər,
humanist böyük bir gənclər ordusu yetişir. Müasir
Azərbaycan gəncliyini keçən dövrlərin gəncliyindən
çox şeylər fərqləndirir. Başlıca
oxşar olmayan cəhət çağdaş gənclərin
daha çox dövlət maraqlarımıza bağlı
olması, onu alovlu müdafiə etməsidir.
Çünki onun 20 ildən
artıqdır ki, özünün heç bir dövlətdən
asılı olmayan, müstəqil siyasi, iqtisadi, sosial, mədəni,
dövlətçilik siyasəti yürüdən dövləti
var. Bu dövlətdə gəncliyin öz yeri var. Dövlət
Azərbaycan gəncliyinə etibar edir, taleyüklü məsələlərin
həllində onun da iştirakını təmin edir. Gənc
dövlətin gəncliyə arxalanıb inkişaf etməsi
diqqəti cəlb edir. Məlumdur ki, Azərbaycanın dövlət
quruculuğunda, onun maraqlarının müdafiəsində gəncliyin
də əməyi olub. Son iyirmi ildə Azərbaycanın
dövlət maraqlarının müdafiəsi hər bir vətəndaşımızın
çiyninə düşən ən böyük vəzifədir.
Bu illərdə həm respublikamızda, həm də ondan kənarda
təhsil alan, işləyən gənclər öz əsas
vaxtlarının xeyli hissəsini dövlət
maraqlarımızın müdafiəsinə həsr edir. Bu mənada
ki, ətrafda kimsə Azərbaycan dövlətinin dövlət
maraqlarına zidd hər hansı bir fikir söyləməyə
cəhd edirsə, azərbaycanlı gənclər dərhal
ortaya həmin şəxsin fikirlərini darmadağın edən
arqumentlər qoyur. Fəlsəfə elmləri namizədi,
sosioloq Səmayə Aslanlının dediyinə görə, Azərbaycan
gəncliyi çiyinlərinə biçilən bu məsuliyyətli
işin öhdəsindən çox uğurla gəlir. Səmayə
Aslanlının bildirdiyinə görə, müstəqilliyimiz
gəncliyimizin həyatında çox böyük rol
oynayıb. Gəncliyimizə azad vətən sevgisi, torpaq məhəbbəti
bəxş edən müstəqilliyimiz onlara həm də
dövlət maraqları naminə birləşməyi öyrədib.
Azərbaycanda Gənclər və İdman Nazirliyinin
yaradılmasının gəncliyin dövlətə, dövlətçiliyə
bağlı şəkildə yetişməsinə
böyük təkan verdiyini deyən sosioloq hesab edir ki, gəncliyimizin
tutduğu yol doğrudur: "Azərbaycan gəncliyi
bütün dövrlərdə öz mübarizliyinə, vətənpərvərliyinə,
qəlbində dövlətinə, dövlətçiliyinə
bəslədiyi böyük məhəbbətə görə
həmişə seçilib. Azərbaycan gəncliyi xəyanətin
nə olduğunu bilməz. Müstəqillik
dövrünün gəncliyi çox qətiyyətli,
düşmənlə barışmaz, savadlı, intellektli, səviyyəli
bir gənclikdir. Artıq bu gənclik müstəqil ölkədə
yaşayır, təhsil alır, işləyir, fəaliyyətini
günbəgün genişləndirir. Azərbaycanın
dövlət maraqları gəncliyimiz üçün əsas
yeri tutur. Mən ali məktəbdə dərs deyirəm. Son
illər bizim necə səviyyəli gəncliyimiz
formalaşıb. Nə gizlədim, beş-altı il əvvəl
gənclərə dərs oxuda bilmirdik. İndi onlar bizim
tariximizi, ədəbiyyatımızı, fəlsəfəmizi,
müasir dövrümüzlə bağlı kitabları
çox maraqla oxuyurlar. Gəncliyimiz tariximizin qaranlıq səhifələrinin
araşdırılıb üzə
çıxarılmasında çox maraqlıdır. Onlar
dövlətimizin müstəqillik yolunda
qazandıqlarını, itirdiklərini auditoriyada sağlam
düşüncə ilə müzakirə edir. Gəncliyimiz
dövlət müstəqilliyimizə candan
bağlıdır. Elə bir məsələ yoxdur ki, gəncliyimiz
ona biganə qalsın. Ali məktəblərin çoxunda tələbə
gənclər təşkilatları fəaliyyət göstərir.
Bu təşkilatların da gənclərin ictimai-siyasi tərbiyəsinin
formalaşmasında böyük rolu var".
S.Aslanlının dediyinə görə, 2011-ci il Azərbaycanda gənclər siyasəti sahəsində çox uğurlu il olub. S.Aslanlı dedi ki, ölkəmizin başçısı İlham Əliyevin bu sahəyə böyük diqqət və qayğısı, siyasi iradəsi nəticəsində gənclər sahəsinə aid mühüm qərarlar qəbul olunub, bir sıra ciddi addımlar atılıb: "Azərbaycan gəncliyinin qarşısına qoyduğu əsas vəzifələrdən biri Dağlıq Qarabağ probleminin həll edilməsi, Azərbaycanın dövlət maraqlarının müdafiə edilməsidir. Hər bir sağlam təfəkkürlü, təmiz əqidəli azərbaycanlı gənc torpaqlarımızın işğaldan azad edilməsində iştirak etməyə, yeri gəlsə, şəhid olmağa hazırdır. Bunu onlar özləri hər addımda dilə gətirir. Azərbaycanın dövlət başçısının gəncliyə münasibəti göz qabağındadır. Cənab İlham Əliyev gəncliyin potensialına, gücünə, Azərbaycan dövlətinə bağlılığına böyük önəm verir. 2011-ci il gəncliyimizin həyatında çox yaddaqalan il olub. Ondan əvvəlki illərdə də gənclərlə bağlı dövlətimizin mühüm qərarları olub. Amma 2011-ci ildə ölkə başçımızın sərəncamı ilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının hazırlanması barədə xüsusi fərman verildi. Bu fərmana uyğun işçi qrupu yaradıldı və çox böyük gənclər təşkilatının, müxtəlif hökumət strukturlarının iştirakı ilə təkliflər müzakirə olundu və yekunda Prezident tərəfindən Dövlət Proqramı qəbul edildi. Bu sənədin qəbulu onu göstərdi ki, ölkə başçımız gənclər işinə xüsusi diqqət və qayğı ilə yanaşır, gəncliyə inanır, onlara özlərini ifadə etməsi üçün geniş meydan verir. Məlumdur ki, 2011-ci ilin yekununda Prezident Adminstrasiyasında Gənclər Fondunun yaradılması və onun strukturunun təsdiq olunması haqqında sənəd imzalandı. Bu Fondun yaradılması dövlət tərəfindən gənclərə növbəti qayğı sahəsində uğurlu addımdır.
Azərbaycan dövlətinin maraqlarını müdafiə etməkdə sabitqədəm olan Azərbaycan gəncləri cəmiyyətimizdə elə sahə yoxdur ki, orada təmsil olunmasın. Hər sahədə gənclərin isti nəfəsi, uğurlu fəaliyyəti hiss olunmaqdadır. Sevindirici haldır ki, istər ictimai-siyasi proseslərdə, istər dövlət quruculuğunda, ölkədə müxtəlif islahatların aparılmasında, istər biznes sahəsində, istərsə də elm aləmində yüzlərlə gənc təmsil olunur. Eyni zamanda, gənclərimiz beynəlxalq miqyasda Azərbaycanı layiqincə təmsil etməyi bacarır. Azərbaycan gəncliyi Azərbaycan dövlətinin dövlət maraqlarını, onun adını, bayrağını çox yüksək zirvələrə qaldırır, qaldırmaqda da davamlıdır. Gəncliyin gördüyü işlər çox məqsədyönlü olduğundan, onların atdığı hər addım xalqımıza baş ucalığı gətirir".
Sosioloq Aytəkin Kamranqızının (Bağırova) sözlərinə görə də, Azərbaycan gəncliyi dövlətimizin dövlət maraqlarının müdafiəsində öz fəallığı ilə seçilir. A.Kamranqızının dediyinə görə, gənclərin dövlətimizə can yandırmasının başlıca səbəblərindən biri də odur ki, gənclər siyasəti Azərbaycan dövlətinin fəaliyyətinin aparıcı istiqamətlərindən birini təşkil edir: "Azərbaycan Respublikasında ölkəmizin dövlət maraqlarını müdafiə edən böyük bir gənclər ordusu var. Bu ordunun yaranması, intellektual gəncliyin, bəşəri və milli dəyərlərə sahib gənclərin formalaşdırılması siyasətinin əsasını ulu öndər Heydər Əliyev qoyub. Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi-demokratik dövlət quruculuğu prosesində gənclərin fəallığının təmin edilməsi, onların ayrı-ayrı siyasi qurumlarda deyil, ümummilli dövlət mənafeyi əsasında səfərbər olması üçün gənclər siyasətinin hazırlanıb həyata keçirilməsi zərurəti meydana çıxdı. Artıq müasir Azərbaycan gəncliyi böyük bir qüvvə kimi ölkəmizin müstəqilliyi və dövlətçiliyi yolunda mütəşəkkil şəkildə təşkilatlanıb. Bu da təsadüfi deyil. Çünki ölkəmizdə gənclərin təhsili, asudə vaxtlarının təşkili, istirahəti və başqa məsələləri həmişə diqqətdə saxlanılıb. Bu yaxınlarda qəzetlərdən birində ulu öndərimiz Heydər Əliyevin maraqlı bir fikrini oxudum. Mövzu ilə uyğunluq təşkil etdiyi üçün bunu sizə də təqdim etmək istəyirəm: "Gənclik böyük qüvvədir...
Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir. Öz həyatını qurarkən, özünü həyatda fəaliyyətə hazırlayarkən və fəaliyyətə başlayıb və onu davam etdirərkən özü haqqında da düşünməlidir, ailəsi haqqında da düşünməlidir.
Ancaq hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir". Azərbaycanın qurucusunun gənclərə bəslədiyi ümid bu fikirlərdən də özünü göstərir. Azərbaycanda "Gənclər Siyasəti Haqqında" Qanunun qəbul edilməsi də Heydər Əliyevin adı ilə bağlı olub. Bu qanun da gəncliklə dövlət arasında böyük bir körpü yaradıb. Gənclərin Azərbaycan dövlətinin maraqlarını müdafiə etməsinə, milli məfkurə, milli birlik ətrafında birləşməsinə gətirib çıxarıb. Ekspertlər daha çox "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramından danışır. Yadınıza "Azərbaycan gəncliyi 2005-2009-cu illər" Dövlət Proqramını da salmaq istəyirəm. Bu proqrama gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata keçirilməsi, gənclərin sağlamlığının qorunması sahəsində tədbirlərin həyata keçirilməsi, kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şərait yaradılması vəzifələri daxil edilib. Habelə 2006-cı ildə Gənclər və İdman Nazirliyi yenidən təşkil edildi, bununla da gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyuldu".
2007-ci ilin "Gənclər ili" elan edilməsindən danışan A.Kamranqızı bildirdi ki, Prezident İlham Əliyev bununla gənclərə daha böyük inam bəslədiyini təsdiq etdi: "Prezidentimizin gəncliyə böyük inam və etimad bəsləməsi göz önündədir. O, Azərbaycan gəncliyinin dövlətə və dövlətçiliyə, milli məfkurəyə bağlı olduğunu çox yaxşı bilir. 2007-ci ilin Azərbaycanda "Gənclər ili" elan edilməsi də Prezidentimizin gəncliyə inamının əlamətidir. O, çıxışlarından birində deyirdi: "Hər bir insanın gücü əlbəttə ki, onun biliyindən asılıdır. Ona görə də mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaq". Bundan başqa, 3 oktyabr 2008-ci ildə Prezident İlham Əliyev gənclərin V forumunda iştirak edərkən çıxışında dövlətin gənclərlə bağlı siyasətinin gələcəyə ünvanlandığını və gənclərin elmdə, təhsildə, mədəniyyətdə və idmanda əldə etdiyi nailiyyətlərin respublikamızın qüruru olduğunu bildirib. Dövlətimizin gənclər siyasətinin, gəncliyimizin isə dövlətimizin maraqlarını müdafiə etməsinin bir-birilə sıx əlaqəsi var. Gənclik dövləti sevməyi, dövlətin maraqlarını müdafiə etməyi Azərbaycanın böyük şəxsiyyətlərindən, dövlət, mədəniyyət xadimlərindən öyrənib. Azərbaycan dövləti durduqca onun dövlət maraqları da gəncliyimiz, eləcə də bütün vətəndaşlarımız tərəfindən müdafiə ediləcək!".
Namiq QULİYEV
Bakı Xəbər.-2013.-21
yanvar.-S.-11.