İctimai maraqların formalaşmasında fəal şəxsiyyətlərin rolu...

 

  İctimai maraqların təəssübkeşi olan insanlar öz həyatlarının bütün səhifələrini bu çətin və şərəfli işə sərf edir. Tarixən belə insanlar çox olub. O şəxslər "el üçün ağlayan", "el yolunda can yandıran", "el adamı" və sair adlandırılıb. İctimaiyyət arasından seçilən bu adamlar öz fəaliyyətlərilə ictimai işin tələblərini yerinə yetirib.

   Hər dövrün öz fəal şəxsiyyətləri olub. Onlar müxtəlif məsələlərin gündəmə gətirilməsində, onların həllində, reallaşmasında önəmli işlər görüb. İctimai münasibətlərin və maraqların formalaşmasında fəal şəxsiyyətlərin oynadığı rol özünü göstərir. Pedaqoq və filosoflar bildirir ki, ictimai münasibətlərdən kənarda şəxsiyyət ola və formalaşa bilməz. Bundan da belə qənaətə gəlmək olar ki, şəxsiyyəti ictimai mühit, sağlam ictimai mühiti isə fəal şəxsiyyətlər formalaşdırıb yaradır. Filosofların sözlərinə görə, fəal şəxsiyyətlər cəmiyyətdə ictimai əxlaqın oturuşmasına, yayılmasına, daha çox insanların həyatına nüfuz etməsinə çalışır. Yəni onlar öz fəaliyyətləri, görüşlərdə etdikləri çıxışlarla insanları daha çox ictimai maraqlar ətrafında toplaya bilir.

   Zaman-zaman fəal şəxsiyyətlər deyəndə cəmiyyətin ziyalıları-mütəfəkkirləri, alimləri, şair-yazıçıları, müəllimləri yada düşüb. Onlar ictimai maraqların təbliğini öz əsərlərilə, çıxışları, söhbətlərilə həyata keçirib. Onlar öz əsərlərində təmizliyi, ətraf mühiti qorumağın yollarını, bir-birinə ziyan vurmamağı, qonşu ilə sülh şəraitində dolanmağı tövsiyə edib. Fəal şəxsiyyətlərin ictimaiyyət qarşısında gördüyü işlər olduqca çox olub.

   Dahi Azərbaycan şairi Nizami Gəncəvi dövrünün fəal şəxsiyyəti kimi də xarakterizə edilir. Çünki belə olmasaydı, onun poema və yazılarında, məktublarında ictimai əhəmiyyət daşıyan böyük məqamlardan danışılmazdı. Nizami yaradıcılığında ictimai motiv öz qabarıqlığı ilə görsənir. Ümumiyyətlə, hər zaman qələm adamlarının, mütəfəkkirlərin ictimai rəyə təsir imkanı daha böyük olub.

   İctimai maraqlar sistemi formalaşmayan cəmiyyətin humanist gələcəyi haqda düşünmək bir qədər çətindir. Ancaq ictimai maraqların yaranıb formalaşdığı, fəal şəxsiyyətlər tərəfindən təbliğ edildiyi cəmiyyətlərin sağlam gələcəyi isə gözləniləndir.

   Fəlsəfə elmləri namizədi Səmayə Aslanlının sözlərinə görə, ictimai maraqların formalaşmasında fəal şəxsiyyətlərin rolunun olması müsbət haldır. Sosioloqun fikrincə, fəal şəxsiyyətlərin bu məsələyə münasibəti hər zaman olub, bu gün də var. S.Aslanlının dediyinə görə, bir neçə il əvvəl ictimai sahədə fəal şəxsiyyətlərin sırası elə də geniş deyildi, amma bu gün onların sayı yetərincədir: "Fəal şəxsiyyətlər deyəndə biz burada cəmiyyətin sayılıb-seçilən adamlarını, alimləri, yazıçı və şairləri nəzərdə tuturuq. Onlar vətəndaş cəmiyyət, cəmiyyət dövlət, dövlət ictimaiyyət məsələlərinin tənzimlənməsində böyük rola malikdir. Bu da onların bacarığı ilə bağlıdır. Hazırda istər Akademiya işçiləri, istər həkimlər, istər müəllimlər, istər mətbuat nümayəndələri olsun - onlar hamısı ictimai maraqların formalaşmasına çalışır. Fəal insanlar hər addımbaşı ictimai maraqların formalaşmasına bir töhfə verir. Ziyalı hər zaman cəmiyyətin sayılıb-seçilən, nüfuzlu üzvü olub. Bu da ondan irəli gəlib ki, o, cəmiyyətə, ictimaiyyətə nüfuz edə bilib. Bir neçə il əvvəl ziyalıların, fəal şəxsiyyətlərin ictimai məsələlərə münasibəti çox zəif görünürdü. Onları başqa məsələlər maraqlandırırdı. Açığı çoxları hesab edirdi ki, burada oturub ictimaiyyətlə ünsiyyətdə olmaqdansa, xarici ali məktəblərə yol tapıb orada dərs desələr yaxşıdır. Ziyalı özünü ictimai işdən kənarda görürdü. Onu daha çox sosial rifahı maraqlandırdığı üçün o, ictimai maraqların formalaşmasına hər hansı bir münasibət bildirmirdi. Məsələn, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binası "Elmlər Akademiyası" metrostansiyasının yanında, Hüseyn Cavid prospektində yerləşir. Akademiyanın önündən böyük yol keçir. Akademiyanın da ətrafı böyük bağdır. Bir neçə il bundan əvvəl Akademiya bağını zibilləyirdilər, buradakı kiçik fəvvarələri sındırırdılar, uşaqlar ağacların budaqlarını zədələyirdilər, bu, ziyalının gözləri qarşısında baş verirdi, amma o buna reaksiya vermirdi. Sanki bu mənfi hadisələrin nə ona, nə də ictimaiyyətə bir aidiyyəti var. Elə bil 10-15 il öncə ziyalıların, tanınan şəxsiyyətlərin fəallığı bir qədər səngimişdi. Ətrafda baş verənlərə əhəmiyyət verən yox idi. İctimaiyyət ziyalıdan çox şey götürməlidir. Ancaq indi ziyalı çox fəaldır. Ziyalının, tanınan şəxsiyyətlərin, alimlərin hər sahədə söz sahibinə çevrilməsi dövlətin ziyalıya, şəxsiyyətə verdiyi böyük qiymət və önəmlə bağlıdır. Qədri bilinən ziyalı da ictimaiyyətin qeydinə qalır. Bilirsiz, elə məsələlər var ki, onlar sıx surətdə bir-birilə bağlıdır".

   S.Aslanlı hesab edir ki, fəal şəxsiyyətlər kimi bəzi elm adamlarının potensialını ictimai işlərə yönəltmək daha yaxşı olardı. Onun sözlərinə görə, elə insanlar var ki, onlar çox dinamikdir, fəaldır, iş görmək, fərqlənmək istəyir, lakin üzə çıxa bilmir: "Belə insanların meydana çıxıb öz potensialını ictimai işə xərcləməsinə şərait yaratmaq lazımdır. Bir vaxtlar fəal insanları sıralarımızdan müxtəlif təşkilatlar çəkib apardı, onları xoşagəlməz işlərə cəlb etdilər. Təəssüf ki, bu kimi adamlar bələdiyyələrin, yerli QHT-lərin deyil, müxtəlif dini təmayüllərin buradakı ofislərinin, qeyri-ənənəvi sektaların işçisinə çevirildilər. Biz ictimai maraqların müdafiəsi, təbliği sahəsinə fəal insanları cəlb etməliyik. O ki qaldı barəsində danışdığımız fəal şəxsiyyətlərə onlar hər zaman dövlətin, dövlətçiliyin, ictimai maraqların xeyrinə işləyib. Bu şəxsiyyətlərin küçələri zibilləyənlərə qarşı bir tərbiyəvi çıxışı bizə çox şey verə bilər. Çox yaxşı olardı ki, Bakı Şəhər İcra Hakimiyyəti, yaxud Bakı rayonlarının icra hakimiyyətləri davamlı olaraq şəhərin təmizliyi, ekologiyanın qorunması üçün, dini təmayüllərə, narkomaniya, insan-uşaq alverinə, siqaret əleyhinə ictimai-mədəni aksiyalar keçirsin. Həmin aksiyalarda yalnız fonoqramla oxuyan şou müğənnilər deyil, həm tanınan elm xadimləri, fəal şəxsiyyətlər, alimlər, sosioloqlar, filosoflar, pedaqoqlar, psixoloqlar və başqa sahələrin təmsilçiləri də iştirak etsin. Onlar çıxışlar edib şəhər əhalisini ictimai maraqlar naminə birləşməyə çağırsınlar. İctimai maraqların formalaşmasına ziyalılar daha çox təsir etdiyi üçün onların ağıllı sözləri camaata təsir edəcək".

   Tanınan şair-tərcüməçi, "Şur" Nəşriyyatının direktoru Musa Ələkbərlinin dediyinə görə, son illər ictimai maraqların formalaşmasında cəmiyyətin fəal şəxsiyyətlərinin, o cümlədən də şair və yazıçıların böyük əməyi var. Onların ictimai maraqların formalaşması sahəsində yorulmadan çalışdıqlarını deyən M.Ələkbərlinin sözlərinə görə, qələm adamları bu sahəyə öz şeirləri, nəsr nümunələrilə müdaxilə edir: "Şair ictimai maraqların formalaşması sahəsində öz şeirlərilə iştirak edir. Şeiri yazır və dövri mətbuatda çap etdirir. Oxuyanlar da görür ki, hansı şair bədii cəhətdən ictimai maraqlara necə xidmət edir. Şairin, fəal şəxsiyyətlərin ictimai məsələlərə can yandırması, ürəkdən xidmət etməsi vacibdir. Mən şəhəri gəzirəm, görülən abadlıq və yenidənqurma işləri ürəyimi çox açır. Neçə il bundan əvvəllə indiki mənzərəni müqayisə etdikdə böyük bir inkişafın baş verdiyini deyə bilərəm. Bakının siması çox gözəlləşib. On il bundan əvvəlki Bakı ilə müasir Bakının çox böyük fərqi var. Bu, dediyim kimi, həm şəhərin dəyişməsində, həm də insanların ictimai tərbiyəsində özünü göstərir. İnsanlar da çox dəyişib indi. Bu dəyişikliklər işimizin xeyrinədir. İnsanların ictimai mülkiyyətə yanaşma tərzi dəyişib. Vaxt vardı ki, insanlar ancaq öz evinin təmizliyini düşünürdü. Amma indi ətraf mühiti də düşünür, onun təmizliyini fikirləşir. Bu yaxınlarda maraqlı bir hadisənin şahidi oldum. Yol gedirdim, məndən öndə iki uşaq gedirdi. Uşaqlardan biri əlindəki kağız bükümünü yerə atmaq istədikdə o biri uşaq bunu ona irad tutub "kağızı yerə yox, zibil qabına atmaq lazımdır" dedi. Bu hadisə məni çox sevindirdi. Yadınıza gəlirsə, bir neçə il qabaq külək əsəndə şəhərdə zibil əlindən tərpənmək olmurdu, amma bu gün belə deyil. Demək təmizlik məsələsində təbliğat yüksək səviyyədə aparıldığı üçün camaat mərkəzi küçələrə daha zibil atmır. Çünki oralarda zibil yığınlar gözə dəymir. Fəal şəxsiyyətlərin ictimai sahədə təbliğatı, fəaliyyəti yüksək tempdə davam etdirilməlidir".

   Sosioloqlardan birinin dediyinə görə, ictimai maraqların formalaşmasında fəal şəxsiyyətlərin rolu həm də ondan ibarət olmalıdır ki, onlar ictimaiyyət arasında Azərbaycanın milli-mənəvi dəyərlərini təbliğ etməlidir. Onun bildirdiyinə görə, eyni zamanda da ictimaiyyət arasında geniş maarifləndirmə işi aparmaqla onları muzeylərə, abidələrə, ölkəmizin gəzməli-görməli yerlərinə cəlb etmək də fəalların işinə aiddir.

   Sosioloq deyir ki, ziyalı, alim muzeylərin işilə də ciddi maraqlanmalı, yeri gələndə muzeylərin təbliğatı ilə məşğul olmalıdır. Muzeylərə ictimaiyyət nümayəndələrinin zəif münasibət göstərdiyini deyən sosioloqun fikrincə, bu, insanların mədəni tədbirlərə, mədəniyyət ocaqlarına marağının olmaması ilə əlaqədardır.

   Fəal şəxsiyyətlərə efirlərdə, mətbuat səhifələrində çıxış etmək imkanının yaradılmalı olduğunu deyən sosioloq bildirdi ki, onlar camaatı ictimai və mədəni tədbirlərdə iştirak etməyə çağırmalıdır. Hansısa bir şöhrətli, tanınan adamın ictimai maraqların formalaşması sahəsində gördüyü və görməli olduğu işin faydasına inanan sosioloqun sözlərinə görə, bu başlıca olaraq gənclərin tərbiyəsinə yaxşı təsir edir.

 

 

   İradə SARIYEVA

 

   Bakı Xəbər.-2013.-21 yanvar.-S.-12.