Sağlamlıq mədəniyyəti sahəsində dövlət siyasəti və ictimai maraqlar...

 

   Azərbaycan dövləti inkişaf yolunu tutub üzü daha da tərəqqi edən, irəlidə olan dövlətlərə tərəf gedir. Dövlətimiz gənc olmasına baxmayaraq, həm iqtisadi, həm siyasi, həm mədəni, həm mənəvi, həm də başqa göstəricilərinə görə başqa dövlətlərdən geridə qalmayıb. Əksinə, dediyimiz kimi, yüksəklərə səmt götürüb.

   Sözsüz ki, bu inkişafın içində cəmiyyətimiz də irəliləyir. Ancaq o bir tərəfdən tərəqqi etsə də, başqa tərəfdən, yəni ictimai baxımdan hələ də müəyyən problemlərlə baş-başadır. Son illərin ən aktual qayğılarından olan sağlamlıq mədəniyyəti sahəsindəki nöqsanlar diqqətimizi cəlb edir. İctimaiyyətin baş bəlalarından sayılan və sağlamlıq mədəniyyətimizə xələl gətirən bir sıra hallar var ki, onların həll edilməsi istiqamətində ölkə sosioloqları maarifləndirmə işlərinə başlayıb. Sağlamlıq mədəniyyəti hər bir evdən, ailədən, yerindən, ictimai obyektlərdən və sairdən başlayır. İctimai maraqlardan danışanda sağlamlıq mədəniyyəti mövzusuna xüsusi fikir verilməlidir. Çünki bu, birbaşa ictimaiyyətlə bağlı haldır.

   Azərbaycanın tanınan sosioloqu, ictimai xadimi, şair, professor Əhməd Qəşəmoğlu (Məmmədov) Azərbaycanda sağlamlıq mədəniyyətinin səviyyəsi, onun ictimai maraqlara vurduğu zərərlər, onun aradan qaldırılması yolları ətrafında maraqlı bir araşdırma aparıb. Qeyd edək ki, professor Qəşəmoğlu ictimaiyyətimiz, dövlətimiz üçün böyük əhəmiyyət daşıyan bu tədqiqat işinə bir neçə il bundan əvvəl başlayıb.

   Əhməd Qəşəmoğlunun sözlərinə görə, sağlamlıq mədəniyyəti anlayışı bir neçə nümunə ilə məhdudlaşmır, onun əhatəsi çox genişdir. Ə.Qəşəmoğlu bildirdi ki, son illər ölkənin həyatında müsbət dəyişikliklər baş verib. Sosioloqun bildirdiyinə görə, bu istər respublika miqyasında aparılan tikinti-quruculuq işlərində, istər ölkənin milli təhlükəsizliyi, müdafiəsi və s. sahəsində həyata keçirilən məsələlərdə özünü göstərir : "Ölkədəki iqtisadi yüksəlişi çox müsbət bir hadisə hesab edirəm. Bu çox yaxşıdır. Ancaq bütün bunların hamısı əhalimizin keyfiyyətinin yaxşılaşmasına xidmət etməlidir. Müasir sosiologiya elmində əhalinin keyfiyyəti termini tədqiq olunmağa başlayıb. Əhalinin keyfiyyətini təyin edən ən mühüm amillərdən biri əhalinin sağlamlığının vəziyyətidir. Bilirsiz, kənardan müdaxilə etməklə əhalinin sağlamlığına nail olmaq mümkünsüzdür. Eyni zamanda da insanların fərd olaraq şəxsi gigiyenası, bu sahədə məlumatı, biliyi, vərdişləri olmasa, əhalinin, ictimaiyyətin sağlamlığı arzuolunan səviyyəyə gəlib çatmayacaq. İnzibati yolla bu problemi həll etmək olmaz. Gəlib inzibati üsulla deyə bilməzlər ki, evinizi təmiz saxlayın, gigiyenanıza fikir verin, paltarlarınızı ütüləyib geyininsair. Bu daha çox əhalinin özünün sağlamlıq mədəniyyəti haqda təsəvvürü ilə bağlı məsələdir. Təəssüflər olsun ki, bugünkü sosioloji sorğular, tədqiqatlar göstərir ki, bizim ictimaiyyətin, əhalinin sağlamlıq mədəniyyəti heçarzu olunan səviyyədə deyil, əksinə, həyəcanlı bir vəziyyətdədir".

   Ə.Qəşəmoğlunun fikrincə, bu problem özünü ən çox qida mədəniyyətinin, geyim mədəniyyətinin pozulmasında göstərir. Professor Qəşəmoğlunun dediyinə görə, cəmiyyətimizin istər kasıb, istər orta, istərsə də varlı təbəqəsinin qida mədəniyyəti haqda təsəvvürü yoxdur: "Əhalinin imkanlı təbəqəsi daha çox bahalı məhsullar alır. Bahalı olmaq da o demək deyil ki, o məhsulun keyfiyyəti yüksəkdir, istehlakçının sağlamlığına zərər vurmayacaq. Yeri gələndə o məhsullar öz təsirini göstərir. Əhalinin kasıb təbəqəsi də ucuz məhsullar almağa can atır. Bu da sözsüz ki, fəsadsız ötüşmür. Biz sağlamlıq mədəniyyətindən xəbərsiz insanlardan danışanda yalnız ayrı-ayrı fərdləri nəzərdə tutmuruq, bütün ictimaiyyəti deyirik. Bu sıraya məmurlar da, imkanlı şəxslər də, sağlamlıqla bağlı qurumlar da daxildir. Bu onların hansı vəziyyətdə olmasını göstərir. Məmurun özünün sağlamlıq mədəniyyəti olmayanda onun fəaliyyəti ictimaiyyətdə sağlamlıq sahəsində böyük problemə səbəb olur. Bir nümunə göstərim: Bakı şəhərində çoxlu bazar fəaliyyət göstərir, şənbə-bazar günləri də əlavə yarmarkalar açılır. Burada kənd təsərüffatı məhsulları satılır. Mən özüm dəfələrlə bazarlarda oluram. Bazarlarda elə halların şahidi oluram ki... Toz-torpaqlı yerə qəzet sərib üstündə göyərti satırlar. Yan-yörədən keçən adamların ayağının tozu, çirk-palçıq, infeksiya həmin göyərti dəstələrinin üzərinə qonur. Yaxud eyni şəraitdə turşu, şor, pendir, süzmə və başqa məhsullar satırlar. Belə şey olmaz axı. Sağlamlıq mədəniyyəti olan məmur heç bir vaxt məhsulların bu vəziyyətdə satılmasına razı olmaz. Hər hansı bir tədbir görər. Sağlamlıq mədəniyyətindən xəbərsiz satıcılar bu məhsulları alıcılara satır. Alıcının da sağlamlıq mədəniyyəti haqda informasiyası olsa, o məhsulu almaz. Antisanitariya şəraitində satılan məhsullardan biri də dərman bitkiləridir. Bu mənzərəni kənardan hansısa bir əcnəbi müşahidə etsə, dərhal onda Azərbaycan ictimaiyyətinin, əhalisinin sağlamlıq mədəniyyəti haqda mənfi təsəvvür yaranacaq. Kiçik qutularda toz-torpaq içində yerə dərman bitkiləri düzürlər. Ayaqların altından qalxan infeksiya, vərəm çöpləri o bitkilərin canına hopur. Başqa birisi də gəlib onu alır ki, özünü müalicə etsin. Ən dəhşətli mənzərə çörək daşıyan maşınlar və onu mağazalara paylayan insanlarla bağlıdır. Bu halı biz daha çox yay aylarında, isti havalarda müşahidə edirik. Çox vaxt köhnə, natəmiz maşınlarda mağazalara çörək gətirir, üst-başı çirkli, tər boynundan-yaxasından aşağı süzülən adamlar da o çörəkləri dükanlara təhvil verir. Bu o adamların sağlamlıq barədə təsəvvürünün hansı səviyyədə olduğunu göstərir. Çörək daşıyan maşınlar həddindən artıq təmiz olmalıdır, elə çörəklə təmasda olan şəxslər də. Onlar təkcə özlərini deyil, bütövlükdə ictimaiyyətin sağlamlığını düşünməli, onların maraqlarını təmin etməyə çalışmalıdırlar. Sağlamlıq mədəniyyətinin pozulması, çörəyə qarşı bu münasibət yalnız Azərbaycana deyil, bütün müsəlman aləminə xas bir haldır. Quranda sağlamlıq mədəniyyətilə bağlı o qədər gözəl prinsiplər var. Amma nə yazıq ki, Türkiyəni çıxmaq şərtilə hansı müsəlman ölkəsinə gedirsənsə, orada bu natəmizlik var. Bu da onun göstəricisidir ki, din xadimləri "Qurani-Kərim"dən əhaliyə qarşı ancaq qorxu vasitəsi kimi istifadə edirlər. Onun əsl mahiyyətini, maarifçilik tərəflərini din xadimləri əhaliyə çatdırmır. Əhali arasında sağlamlıq mədəniyyətinin arzuolunan səviyyədə olmamasında günahkar tərəflərdən biridin xadimləridir ki, onlar müqəddəs Qurandan çıxış edib bu məsələ ilə bağlı camaatı maarifləndirməyib".

   Ə.Qəşəmoğlunun dediyinə görə, genetik modifikasiya olunmuş (GMO) məhsullar da əhalinin sağlamlıq mədəniyyətinə mənfi təsir göstərir. Ə.Qəşəmoğlu hesab edir ki, Azərbaycanda kənd təsərüffatı məhsullarının əkilib becərilməsinə təbii şəkildə də nail olmaq olar, təki GMO əhalinin qida sisteminə yol tapmasın: "Geni dəyişdirilən məhsullar əhalinin sağlamlığına ciddi problem yaradır. Tez-tez mətbuatda rast gəlirik ki, belə məhsullardan istifadə nəticəsində problemli uşaqlar doğulub. Elə götürək qardaş Türkiyəni, oradan da xəbərlər gəlir ki, doğulan hansısa uşağın başı heyvan başına oxşayır, əli heyvan pəncəsidir və sair. Bunların da hamısı genetik Modifikasiya olunmuş məhsullardan istifadə ilə bağlıdır. Elm özü də təsdiq edir ki, genləri dəyişdirilən məhsullardan, tərəvəzlərdən istifadə hamilə qadınlara da pis təsir edə bilər, başqa xəstəliklərin sağalmasının da qarşısını alar. O çox təhlükəlidir. Allah insanı yaradıb, ona təbii tənzimlənmə imkanı verib. Amma ora geni dəyişdirilən məhsulun müdaxiləsi olanda genlərdə dəyişiklik olur. Müəyyən dəyişiklikdən sonra artıq orqanizmin bərpa funksiyası zəifləyir... Bizim qida, sağlamlıq sahəsinə baxan məmurlarımızın sağlamlıq mədəniyyəti yüksək olsa, onlar imkan verməz ki, Azərbaycanda genləri dəyişdirilən məhsullar satılsın, əhali onlardan istifadə etsin. Azərbaycan elə bir məkandır ki, onun torpağı çox məhsuldardır. Burada təbii məhsullar yetişdirmək üçün hər cür şərait var. Düzdür, bəziləri deyə bilər ki, geni dəyişdirilən tərəvəzlər daha məhsuldardır, artımlıdır. Kəndlini GMO maraqlandırmır. Onu əkdiyi məhsuldan normal gəlir götürmək maraqlandırır. Buna görə də kənd təsərrüfatı sahəsində işləri qaydasında qurmaq olar. Bu, qeyri-adi bir hal deyil. Kəndliyə faizsiz kreditlər verilməlidir. Mexanizmi elə qurmaq olar ki, kəndlərdəki əkinə yararlı bütün torpaqlar əkilib becərilər. Biz dünyaya genləri dəyişdirilən məhsullar deyil, təbii, təmiz məhsullar ixrac edən böyük bir dövlət ola bilərik. Bizim o qədər böyük potensialımız var ki. Mən Almaniyadabaşqa ölkələrdə görmüşəm ki, təbii məhsullar satılan mağazalarda bahaçılıqdır. Bizdə kəndliyə faizsiz kredit verməklə yanaşı, tədarük anbarları yaradılmalıdır. Kəndliyə kreditlər məqsədyönlü şəkildə verilməlidir ki, sən həqiqətən bu pulla pomidor əkəcəksən, başqa birisi qarpız, o biri kartofs. əkəcəkdir. Sonra ölkədə konserv və meyvə qurutma sexləri də açıla bilər. Biz o malları əvvəlcədən bağlanan müqaviləyə əsasən xarici dövlətlərə ixrac edə bilərik. Mən bir dəfə hesablamışam, oradan gələn gəlir kreditdən gələn gəlirdən 7-10 dəfə çoxdur.Mən hətta xüsusi təkliflər paketi də hazırlamışdım, görünür, bu, mal ixrac edən bəzi adamların marağına uyğun gəlmədiyi üçün ona əhəmiyyət vermədilər. Təbii qidadan istifadə əhaliyə də müsbət təsir göstərir. Elə etmək lazımdır ki, əhali sağlam qidanı, dövlət isə böyük məbləğdə vəsaiti itirməsin..."

   Əhalinin sağlamlıq mədəniyyətinin pozulması hallarının orucluq ayında da yaşandığını deyən professorun sözlərinə görə, oruc tutanlar sağlamlığa ciddi fikir verməlidir, iftarı açarkən ilk olaraq qovurma, kabab, qızartma kimi qidalar deyil, sulu yeməklər qəbul etməlidir: "Orucluqda da sağlamlıq mədəniyyətini pozan insanlar olur. Toylarımızda isə hər addımbaşı bu halın şahidi oluruq. Bəzilərimiz toya pul salırıq deyə, əlinə nə gəldi yeyir, sonra oynayıb tərləyir, sonda da dondurma yeyib özünü soyuqladır. Bunlar kənardan adi görünə bilər. Amma bütövlükdə böyük problemdir..."

 

    Ardı var...

 

 

    İradə SARIYEVA

 

    Bakı Xəbər.-2013.-22 yanvar.-S.-15.