Sağlamlıq mədəniyyəti
və ictimai təhlükəsizlik
maraqları...
Fiziki və mənəvi
sağlamlıq hər bir Azərbaycan vətəndaşını
düşündürməli olan məsələdir. Bir
çoxumuz sağlamlığımızın qeydinə
hansı şəkildə qalmalı olduğumuzu bilmirik. Bu da
onunla bağlıdır ki, ictimaiyyət arasında
sağlamlıq mədəniyyətilə bağlı maarifləndirici
tədbirlər qənaətbəxş deyil.
Azərbaycanda sağlamlıqla əlaqədar
QHT-lərin, səhiyyə qurumlarının, müstəqil
ekspert-həkimlərin sayının çox olmasına
baxmayaraq, sağlamlıq mədəniyyətinin təbliği
aşağı səviyyədədir. İctimaiyyəti hər
zaman düşündürməli olan sağlamlıq mədəniyyətinin
qanunları elə insanların özləri tərəfindən
pozulur. Ekoloji çirklənmədən, içməli suyun
keyfiyyətinin aşağı olmasından, qidalanmadan, geyimdən
tutmuş bir sıra hallara qədər hamısı
sağlamlıq mədəniyyətinə zərbə vuran
amillərdir.
Son illər ən çox dəbdə
olan xırda alver sahəsindən biri ucuz qiymətə alt və
üst geyimlərinin satılmasıdır. Hətta bəzi
paltarlar, xüsusən də uşaq geyimlərinin kiloqramla
satılması diqqəti cəlb edir. Metro
stansiyalarının ağzında, bazar və küçələrdə,
yol qıraqlarında, ictimai gəliş-gedişin gur
olduğu yerlərdə ucuz paltarlar, çətirlər, ətirlər
satılır. Maraqlı cəhət ondan ibarətdir ki, bu
geyimlər ucuz qiymətə satıldığı
üçün onun müştəriləri də həddən
artıq çox olur. Gənc və yeniyetmələrin
alıb geydiyi bu paltarların əslində xəstəlik mənbəyi
olduğundan o gənclər xəbərsizdir. Küçələrdə
satılan ucuz paltarlara belə ad qoyub satırlar ki, guya onlar
keçən ilin dəbinə uyğun olduğu
üçün qiyməti aşağı salınıb. Təbii
ki, deyilənlərin həqiqətlə heç bir əlaqəsi
yoxdur. Bu paltarlar müxtəlif kimyəvi məhsullardan,
xammaldan tikildiyi üçün qiyməti belə ucuzdur. Bu
paltarların xəstəlik mənbəyi olduğunu deyən
həkimlər hesab edir ki, ictimaiyyət paltar seçimində
diqqətli olmalıdır.
Qəzetimizin keçən
sayında ictimai maraqlar fonunda sağlamlıq mədəniyyətinin
hansı formada görünməsi məsələsindən
söhbət açdıq, bu dəfə də eyni mövzuda
fikrimizi davam etdirmək istəyirik. Müsahibimiz tanınan
sosioloq, şair, ictimai xadim, professor Əhməd Qəşəmoğlu
ötən dəfə zərərli qida məhsullarından,
geni dəyişdirilmiş məhsulların insan orqanizminə,
genlərinə vurduğu ziyandan danışdı.
Düzdür, bəzi genetiklər deyir ki, geni dəyişdirilən
tərəvəz və meyvələr insanların geninə mənfi
təsir göstərə bilməz. Onlar bunu insan geninin
mutasiyaya uğramaması ilə izah edir. Bu qənaətdə
olan genetiklərdən fərqli olaraq böyük bir alim ordusu
genetik modifikasiya olunmuş (GMO) məhsulların insan geninə
vurduğu zərbədən danışır. Ə.Qəşəmoğlu
da bu fikirdədir ki, GMO mənfi bir tapıntıdır və
bütün dünya ondan can qurtarmaq üçün tədbirlər
görməlidir. Bu dəfə geyimdən
danışacağıq. İnsan orqanizminə böyük
ziyan vuran, sağlamlıq mədəniyyətimizə xələl
gətirən, ictimaiyyətin xəstəliyə
düçar olmasına səbəb olan ucuz geyimlərdir
mövzumuz.
Ə.Qəşəmoğlunun
sözlərinə görə, Azərbaycan bazarında
Çin istehsalı olan sintetik malların, geyimlərin
geniş bazarı açılıb. Çinin xəstəlik
mənbəyi olan keyfiyyətsiz geyim məhsullarının
bizim bazarda "at çapması"nı mənfi hal adlandıran
Ə.Qəşəmoğlu deyir ki, bu, ictimaiyyətimizin
sağlamlıq haqda maraqlarına xidmət etmir: "Bu hal məni
çox narahat edir. Bir dəfə Almaniyadan uşaq
paltarları alıb gətirdim. Gəlib Bakıda baxdım ki,
onların içində bir-ikisi Çin istehsalıdır, bərk
dilxor oldum. Amma sonra məlum oldu ki, Çinin də keyfiyyətli
geyim məhsulları var. Almaniya bazarına yalnız o geyimi
buraxırlar ki, onun alman xalqının
sağlamlığına heç bir zərəri dəyməsin,
keyfiyyətli olsun. Bizdə isə əksinədir, bura daha
çox əhalinin sağlamlığına zərbə vuran
mallar gəlir. Bizim camaat, xüsusən də gənclər
arasında belə bir hal yaranıb. Ucuz qiymətə alt
paltarları alırlar ki, onun baha, yaxud ucuz olmasını
heç kəs görmür. Amma onlar bilmir ki, o alt
paltarları plastik-sintetik məhsullardan hazırlanıb və
onların sağlamlığı üçün
böyük təhlükə yaradır. Bu məsələdə
diqqətli olmaq lazımdır. Çin istehsalı olan ucuz
ayaqqabılarla da əlaqədar problemlər var. Bu
ayaqqabılar insanların başına elə oyunlar
açır ki, hələ onun nəticələri bir
neçə ildən sonra bilinəcək. İctimaiyyət
özü bu ucuz məhsullardan imtina etməlidir. Onlar bunu
sağlam gələcək naminə etməyi
qarşılarına məqsəd qoymalıdır. Bilməlidirlər
ki, ucuz məhsulların arxasında onları böyük bir təhlükə
gözləyir. İctimai maraq kəsb edən bu məsələnin
həlli vacibdir. Düşünürəm ki, bu sahədə
ciddi maarifləndirmə işləri aparılsa, ictimaiyyətin
gözü açılacaq. Onlar gedib yol kənarından ucuz
geyim almayacaq, mağazalara üz tutub öz
sağlamlığı üçün problem yaratmayan geyimlər
alacaqlar. Uşaq geyimləri seçərkən mümkün
qədər ehtiyatlı olmaq lazımdır. Hər satılan
paltarı uşaqlara geydirmək olmaz".
Ə.Qəşəmoğlunun
sözlərinə görə, sağlamlıq mədəniyyətimizə
mənfi təsir göstərən amillərdən biri də
uşaq və böyüklərin bir qisminin dişlərini təmizləməməsidir.
Bundan əlavə, metro qarşısında, yol kənarında,
açıq havada satılan diş məcunlarının,
sabunların və digər məhsulların da insan
sağlamlığına mənfi təsir göstərdiyini
deyən Ə.Qəşəmoğlunun fikrincə, ictimaiyyət
onun maraqlarına zidd olan hallardan qaçmalıdır:
"Acınacaqlı haldır ki, insanlar bu kimi hallara əhəmiyyət
vermir. Bir tərəfdən ekologiyanın vəziyyəti
pisdir, digər tərəfdən başqa problemlər var. Azərbaycan
milli müstəqil ölkədir. Bu dövlətin
bütövlüyü, müstəqilliyi hər birimiz
üçün əzizdir, belə də olmalıdır.
Hesab edirəm ki, dövlətimizi ən çox
düşündürən məsələlərdən biri
ölkə əhalisinin sağlamlığı, onun
sağlamlıq mədəniyyətinə sahib
olmasıdır. Bununla bağlı ciddi tədbirlər
görülməlidir. Şükür Allaha, ölkə
iqtisadiyyatında yüksəliş var, bir sıra sahələr
inkişaf edir. Küçələrimizi,
parklarımızı abadlaşdırdıq, körpülər
tikdik, indi də əhalimizin sağlamlıq keyfiyyətinin
yüksəldilməsi haqqında düşünməliyik.
Çünki ölkəyə gələn istənilən
qonaq əhalinin davranışlarındakı, sağlamlıq
mədəniyyətindəki istənilən nöqsanlı
nüansları gördükdə onda əhali haqqında
müəyyən fikir yaranır. Mən xarici ölkələrdə
tez-tez oluram. Görürəm ki, hər ölkəyə
hörmət onun əhalisinin sağlamlıq mədəniyyətinə
münasibətindən çox asılıdır. Ad çəkmək
istəmirəm, elə ölkələr var ki, məni ora məcburən
olsa, göndərsələr getmərəm, heç onlar
haqda düşünmək istəmirəm. Bizdə ictimai nəqliyyat
sahəsində təmizliklə bağlı ciddi problem
mövcuddur. Avtobusların salonlarının
vaxtlı-vaxtında təmizlənməməsi əhalini ciddi
narahat edir. Bundan başqa, rayonlara gedən avtobusların
dayanacağı olan bəzi yerlərdə də gigiyenik
qaydalar nəzərə alınmır. Buradakı yeməkxanalarda
natəmizlik baş alıb gedir. Bundan əlavə, o yeməkxanalara
aid ayaqyolular da pis vəziyyətdədir. Burada istifadə edilən
sular aylarla bir yerdə durub canına mikrob, infeksiya
yığıb. O sular xəstəlik mənbəyidir. Natəmizlik
aradan qaldırılmalıdır. Onlar bilməlidir ki, bu yolla
ölkədə ciddi xəstəliklər yayıla bilər.
Bu, hər kəsi narahat etməlidir. Bu gün bizdə
geniş yayılan mənfi hallardan biri kafelərdə xidmətlə
bağlıdır. Siz məni Bakıda orta səviyyəli elə
bir kafeyə apara bilərsinizmi ki, orada başqasının
qabağından qayıdan xörəyi isidib adamın
qarşısına qoymasınlar. Hara gedirsən orada belə
problem var. Bir vaxtlar ictimaiyyət, camaat Allahdan qorxub belə
vicdansızlıqlar etmirdilər. Sovet dövründə isə
yeməkxanalara xüsusi nəzarət edildiyindən orada belə
hallara yol verilmirdi. İndi insanların qəlbində Allah xofu
azalıb. İnzibati nəzarət elə də yüksək
deyil. Ona görə də bir müştərinin
qabağından qayıdan yeməyi isidib başqa bir
müştəriyə verirlər. Yaxud bir müştərinin
içmədiyi çayı başqasına içirirlər.
O qədər belə neqativ hallar var ki, adamın əti
ürpəşir. Bu kimi mənfi hallara nəzarət edən
yoxdur".
Ə.Qəşəmoğlu deyir
ki, belə halları inzibati yolla deyil, bir növ ictimai nəzarət
prinsipilə aradan qaldırmaq olar: "Mən hesab edirəm
ki, ilk növbədə elmi təhlillərlə bir fəaliyyət
proqramı hazırlanmalıdır. Bu proqramda aydın şəkildə
göstərilməlidir ki, bu məsələdə hökumət
orqanlarının, qanunvericilik orqanlarının, ictimai təşkilatların,
KİV-lərin üzərinə nə düşür. Ondan
sonra ictimai qınaqdan, nəzarətdən danışa bilərik.
Bizdə hər şeyi kənardan müşahidə edib tənqid
etmək var. Amma elə etmək lazımdır ki, hər bir fərdin
bu sahədə özünün məlumatı, biliyi olsun.
İnsanın özünün bu sahədə mədəniyyəti
aşağıdırsa, onu nə qədər inzibati yolla cəzalandırsan
da, ona qarşı qınaq kampaniyası aparsan da, o yenə
bildiyini edəcək. Ancaq biz maarifləndirmə işini elə
aparmalıyıq ki, insanların, ictimaiyyətin
özünün daxilində bu sahədə bir mexanizm
yaransın. Bu tərbiyə isə beşikdən
başlayır. Bir uşaq beş yaşına qədər natəmizlik
içində böyüsə, beş yaşdan sonra nə
edirsənsə et, o yenə natəmiz olaraq qalacaq. Amma körpə
uşağa beşikdə bir sıra vərdişləri var
ki, onu mənimsətsən, o axıra qədər təmizliyə
riayət edəcək. Bu vacib məsələdir. Hər bir
dövlətin vəzifəsi əhalisinin qeydinə qalmaq və
onun keyfiyyətini qaldırmaqdır. Düşünürəm
ki, böyük maarifçilik işləri aparıldıqdan
sonra Azərbaycan ictimaiyyəti də bir sıra zərərli
vərdişlərdən əl çəkəcək. O özünün
sağlamlıq mədəniyyətinin
formalaşmasının qeydinə qalacaq".
Ə.Qəşəmoğlunun
dediyinə görə, əhalinin sağlamlıq mədəniyyətinin
yüksəldilməsində QHT və mütəxəssislərin
də böyük rolu hiss edilməlidir. Professorun sözlərinə
görə, ictimaiyyətin özü də sağlamlıq mədəniyyətinin
geniş yayılmasında maraqlı olmalıdır.
Çünki bu, ictimaiyyəti düşündürməli
olan bir nömrəli məsələdir: "İctimaiyyət
özü ayıq olmalıdır ki, onun sağlamlıq mədəniyyətini
pozan hallar aradan qaldırılsın. O harada bir nöqsan
görsə, mütləq onu ictimailəşdirib, onun aradan
qaldırılmasına nail olmalıdır. Sağlamlıq mədəniyyəti
hər birimizin sahib olmalı olduğu keyfiyyətdir. Hesab edirəm
ki, dövlətimiz də, əlaqədar qurumlar da, QHT-lər
də, mütəxəssislər də sağlamlıq mədəniyyəti
haqda ciddi düşünəcək. Azərbaycan ictimaiyyəti
bütün neqativlərə son qoyub, sağlamlıq mədəniyyətinə
sahib bir xalq kimi öz sözünü deyəcək".
İradə
SARIYEVA
Bakı
Xəbər.-2013.-23 yanvar.-S.-15.