Dövlətin sağlam
qida siyasəti və ictimai
maraqların ödənməsi problemi...
Mehriban Zeynalova: "İctimai
maraqların qorunması baxımından bu istiqamətdə səyləri
bir qədər də artırmaq lazımdır"
"...tədbirlərin
görülməsi məhz QHT və səhiyyə
ocaqlarının qarşılıqlı əməkdaşlığı
çərçivəsində həyata keçirilir"
Bu gün Azərbaycan dövlətinin
ölkənin bir sıra sahələrində həyata
keçirdiyi siyasət əhalinin sosial vəziyyətinin
yaxşılaşdırılmasına hesablanıb. Bir
sıra infrastruktur obyektlərinin tikilməsi və bu işə
dövlətin xüsusi önəm verməsi deyilənlərə
əyani sübutdur. Məsələ ondadır ki, normal
infrastruktur olmadan sahibkarlar sərmayə qoymaqda maraqlı
olmur. İqtisadi aktivliyin təmin edilməsi üçün
sözügedən tələblərin təmin olunması
vacibdir.
Sosial infrastruktur sahələrini də
dövlət öz vəsaiti hesabına yaratmalıdır.
Çünki sahibkar gedib öz şəxsi vəsaiti
hesabına bunları tikən deyil. Ona görə ki, buna
görə onlar gəlir götürmür. Sahibkarlar tərəfindən
bu kimi işlər görüləndə belə, bu, çox
lokal xarakterli olur. Məsələn, hansısa sahibkar xeyriyyə
məqsədilə tibb məntəqəsi tikir.
Azərbaycan dövlətinin son illər
imkanları genişləndikcə, ölkəyə daxil olan
maliyyə vəsaitlərinin həcmi artdıqca, əhalinin
sosial vəziyyətinin yaxşılaşdırılmasına
daha çox diqqət artırılır. Belə ki, ilbəil
pensiyalar, dövlət büdcəsindən maliyyələşən
təşkilatlarda çalışan işçilərin məvacibləri,
əhalinin aztəminatlı təbəqəsi
üçün nəzərdə tutulan sosial yardımın
həcmi artırılır. Bütün bunlarla yanaşı,
son illər dövlətin əhalinin sağlamlığı
ilə bağlı yeritdiyi siyasət ictimai maraqların
müdafiəsini özündə ehtiva edir. Çünki
sağlam dövlətin təməlində dayanan faktorlardan
biri də sağlam insandır. Əhalinin
sağlamlığının qorunması ilə bağlı
görülən tədbirlər sağlam nəslin yetişməsinə
xidmət edir. Eyni zamanda, görülən bu kimi tədbirlər
genefondumuzun qorunmasına yardım edir. Son dövrlər
dövlətin ayırdığı vəsait hesabına bir
çox xəstəxanalar əsaslı təmir edilib, həmçinin,
yeni xəstəxanalar inşa olunub. Bununla yanaşı, xəstəxanalardakı
tibbi avadanlıq ən müasirləri ilə əvəzlənib.
Bütün bunların sayəsində əhaliyə göstərilən
tibbi xidmətin keyfiyyəti xeyli yüksəlib. Daha əvvəlki
kimi, müalicə məqsədilə xarici dövlətlərə
üz tutan ölkə vətəndaşlarının sayı
çox deyil. Bütün bunlar dövlətin əhalinin
sağlamlığına göstərdiyi qayğının nəticəsidir.
Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki,
böyük şəhərlərlə yanaşı, bölgələrdə
də səhiyyə xidmətlərinin
yaxşılaşdırılması istiqamətində ciddi
işlər görülür. Bir çox rayonlarda
bütün müasir tələblərə cavab verən
yüksək səviyyəli diaqnostika mərkəzləri
inşa olunub. Nəticədə rayon əhalisinin
sağlamlığının qorunması işində irəliyə
doğru bir sıra addımlar atılıb. Həmin müasir
səhiyyə ocaqları sayəsində rayonlardan min bir əziyyətlə
paytaxta müalicə olunmaq üçün gələnlərin
sayı azalıb. Əvvəllər bir sıra xəstəliklərin
müalicəsi ilə əlaqədar rayon sakinləri
Bakıya üz tutmalı olurdu ki, bu da onlara ucuz başa gəlmirdi.
Bütün bunlarla yanaşı, rayonlarda olimpiya kompleksləri
də inşa olunur. Sözügedən komplekslərdə
uşaqların müxtəlif idman növləri ilə məşğul
olması onların fiziki imkanlarının daha da
yaxşılaşmasına xidmət edir.
Digər tərəfdən,
qanunvericilik nöqteyi-nəzərdən də əhalinin
sağlamlığının qorunmasına xidmət edən
mütərəqqi qanunvericilik bazası
formalaşdırılıb. Çünki hüquqi dövlətdə
sağlamlığın qorunması ən vacib elementlərdən
biri hesab olunur. Müşahidələr göstərir ki, bu
istiqamətdə görülən işlər müasir
dövrün tələbləri ilə
uzlaşdırılmış formada həyata keçirilir.
Belə ki, "Əhalinin sağlamlığının
qorunması haqqında" Azərbaycan Respublikası Qanununun
1-ci maddəsində əhalinin sağlamlığının
qorunmasının əsas prinsipləri bunu bir daha sübut
edir. Sözügedən qanunda əsas prinsiplər
aşağıdakılardır: əhalinin
sağlamlığının qorunması sahəsində insan
və vətəndaş hüquqlarına dövlət təminatı
və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin
məsuliyyəti; əhalinin sağlamlığının
qorunması sahəsində profilaktik tədbirlərin həyata
keçirilməsi; tibbi-sosial yardımın hamı
üçün mümkünlüyü;
sağlamlığın itirilməsi zamanı vətəndaşların
sosial müdafiəsi.
Bundan başqa, əhalinin
sağlamlığının qorunması sahəsində
dövlətin vəzifələri
aşağıdakılardır:
- əhalinin
sağlamlığının qorunması sahəsində
dövlət siyasətinin əsaslarının müəyyən
edilməsi, insan və vətəndaş hüquq və
azadlıqlarının müdafiəsi;
-
sağlamlığın qorunması sahəsində dövlət
proqramlarının hazırlanması və həyata
keçirilməsi;
- səhiyyə sisteminin təşkili
qaydalarının və fəaliyyətinin müəyyənləşdirilməsi;
- dövlət səhiyyə
sisteminin maliyyələşdirilməsi;
- ətraf mühitin qorunmasının,
ekoloji təhlükəsizliyin təmin edilməsi;
- məcburi sığorta üzrə
sığorta məbləğinin və sığorta
haqqının ödənilməsi qaydasının müəyyənləşdirilməsi;
- əhalinin xüsusi qrupları
üçün tibbi, sosial yardım göstərilməsinə
təminat verilməsi;
- dövlət və qeyri-dövlət
səhiyyə sistemi müəssisələri arasında
sağlam rəqabətə təminat verilməsi;
- ailənin, valideynlərin və
uşaqların mühafizəsi;
- səhiyyə sahəsində beynəlxalq
əməkdaşlığın həyata keçirilməsi.
Dövlət səhiyyə sisteminə
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı, dövlət tabeçiliyindəki müalicə-profilaktika,
elmi-tədqiqat, tədris, əczaçılıq,
sanitariya-profilaktika müəssisələri, eləcə də
səhiyyənin maddi-texniki təchizatı ilə məşğul
olan, tibbi texnika və dərman vasitələri istehsal edən
müəssisələr, sanitariya-epidemiologiya xidməti, məhkəmə-tibb
ekspertizası daxildir.
Vətəndaşların, əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin
sağlamlığının qorunması, tibbi yardım almaq
hüququ vardır.
Dövlət tibb müəssisələrində
tibbi xidmət pulsuzdur, yalnız bu qanunda nəzərdə
tutulan hallar istisna olmaqla, pullu
ixtisaslaşdırılmış tibbi yardımın növləri
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Dövlət ətraf mühitin
qorunmasına, vətəndaşların əmək və
istirahəti üçün əlverişli şərait
yaradılmasına, eləcə də tibbi-sanitariya və
tibbi-sosial yardıma təminat verir.
Xaricdə olan Azərbaycan
Respublikası vətəndaşlarının
sağlamlığının qorunması Azərbaycan
Respublikasının beynəlxalq müqavilələrinə
uyğun olaraq həyata keçirilir.
Bununla yanaşı, ölkədə
daimi yaşayan, vətəndaşlığı olmayan şəxslərin
əhalinin sağlamlığının qorunması sahəsində
Azərbaycan Respublikasının vətəndaşları ilə
bərabər hüquqları vardır. Dövlət ailə
üzvlərinin sağlamlığını qorumaq
qayğısını öz öhdəsinə
götürür. Hər bir vətəndaş ailənin
planlaşdırılması, ətrafdakılar
üçün təhlükə törədən xəstəliklərin
mövcudluğu məsələlərinə və ailə-nikah
münasibətlərinin tibbi-psixoloji cəhətlərinə
dair, habelə nəsildə mümkün olan irsi xəstəliklərə
yol verməmək məqsədilə dövlət səhiyyə
sisteminin müəssisələrində pulsuz məsləhətlər
almaq və müayinədən keçmək hüququna
malikdir. Uşaqlı ailələrin (ilk növbədə, əlil
uşaqları və valideyn himayəsindən məhrum
uşaqları böyüdən natamam ailələrin) əhalinin
sağlamlığının qorunması sahəsində
qanunvericilikdə müəyyən edilmiş güzəştlərdən
istifadə etmək hüququ vardır. 14 yaşına
çatmayan xəstə uşağa qulluq edilməsinə
görə istər ambulator, istərsə də stasionar
müalicə zamanı uşağın qulluğa ehtiyacı
olan müddətədək valideynlərdən birinə və
ya ailənin başqa bir üzvünə qanunvericilikdə
müəyyən edilmiş müavinət verilir.
Digər tərəfdən, qida məhsulları
ilə bağlı da qanun var. Sözügedən qanun Azərbaycan
Respublikasında yeyinti məhsullarının keyfiyyətinin
idarə edilməsinin, istehsalının və bazarının
təşkilinin, əhalinin ərzaq təhlükəsizliyinin
təmin edilməsinin hüquqi əsaslarını müəyyən
edir. Belə ki, 60 maddədən ibarət olan qanun həm də
ictimai maraqların müdafiəsini özündə ehtiva
edir. Yeyinti məhsullarının istehsalı, ticarəti, tədarükü,
saxlanması, idxalı, ixracı və daşınması
zamanı onun keyfiyyətinə və təhlükəsizliyinə
dövlət nəzarəti funksiyalarını öz səlahiyyətləri
daxilində müvafiq icra hakimiyyəti orqanları həyata
keçirir.
Bir sözlə, dövlətin
sağlamlıq sahəsində yeritdiyi siyasət həm də
ictimai maraqların müdafiəsini özündə əks
etdirir.
Sözügedən məsələni
dəyərləndirən "Təmiz Dünya"
İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın sözlərinə
görə, dövlətin əhalinin
sağlamlığının qorunmasına yönəlik tədbirləri
ictimai maraqların müdafiəsinin bir növüdür:
"Bu istiqamətdə ötən illər ərzində bir
sıra işlər görülüb. Eyni zamanda, indinin
özündə də bu yöndə iş gedir və bunu
danmaq olmaz. Bütün bu və digər işlərin
özü də ictimai maraqların müdafiəsinə
yönəlik addımlardır. Digər tərəfdən, ictimai
səhiyyə deyilən bir anlam var. Adıçəkilən
səhiyyə ictimai maraqların qorunmasına xidmət edir. Bu
baxımdan bizim təşkilat HİV ADİS-lə
bağlı Səhiyyə Nazirliyi ilə bərabər fəaliyyət
göstərir. Onu da qeyd edim ki, Ümumdünya Səhiyyə
Təşkilatının yenilikləri ictimai səhiyyə
proqramlarında özünü daha çox əks etdirir. Məsələn,
HİV ADİS-lə bağlı qeyri-hökumət təşkilatlarının
hədəf qruplarına çıxması, problemlərin
öyrənilməsi, onların sağlamlıq məsələləri
ilə bağlı digər tədbirlərin görülməsi
məhz QHT və səhiyyə ocaqlarının
qarşılıqlı əməkdaşlığı
çərçivəsində həyata keçirilir. Bizim həyata
keçirdiyimiz proqramların bir sıra müsbət tərəfləri
var. Ən azından, hədəf qrupu əlçatandır,
problemləri öyrənir və HİV-ə yoluxma
ehtimalının qarşısını almaq üçün
lazımi tədbirlər görür. Ümumiyyətlə,
hesab edirəm ki, Azərbaycanda səhiyyə ocaqlarına son məqamda
müraciət etmək problemi var. Məsələ ondadır
ki, vətəndaşlar vaxtında profilaktik tədbirlərin
görülməsi ilə bağlı həkimə müraciət
etmir. Məsələyə səhlənkar yanaşır.
İş-işdən keçəndən sonra həkimə
üz tüturlar ki, bəzən bunun bir səmərəsi
olmur. Yəni bizdə o ənənə yoxdur ki, vətəndaşlar
daimi profilaktik tədbirlərlə bağlı həkimə
müraciət etsin. Fikrimcə, ictimai maraqların qorunması
baxımından bu istiqamətdə səyləri bir qədər
də artırmaq lazımdır. Bu cür problemləri aradan
qaldırmaq üçün müəyyən proqramlar qəbul
olunmalı və əhalinin maarifləndirilməsi istiqamətində
sistemli tədbirlər görülməlidir. Bu sahəyə
diqqət bir qədər də
artırılmalıdır".
Vidadi
ORDAHALLI
Bakı
Xəbər.-2013.-24 yanvar.-S.-15.