Milli adlar və soyadlar sahəsində dövlət siyasəti və ictimai maraqların müdafiəsi...

 

   Ad insanın bəzəyi olduğu kimi, insan da adın yaraşığına çevrilməyi bacarmalıdır. Azərbaycan xalqı tarixən böyük bir ad mədəniyyətinə sahib olub. Tarixi gerçəklik onu göstərir ki, Azərbaycan xalqı islam dinini qəbul edənə qədər onun məişətində milli adlar üstünlük təşkil edib.

   İnsanlar ətraf mühitdə gördüklərini, şahidi olduqları təbii hadisələri bəzən çox mənalı bir milli ada çeviriblər. Respublikamızda milli adların qoyulması, onların qorunması, nəsildən-nəsilə ötürülməsi zaman-zaman böyük bir ənənəyə çevrilib. Düzdür, vaxt olub ki, milli adların qoyulması sahəsində müəyyən boşluqlar yaşanıb. Bu da onunla bağlıdır ki, beynəlxalq adlar, bolşevizm ideologiyasından doğulan isimlər cəmiyyətimizdə bir növ vətəndaşlıq statusu alıb. Bu da, istər-istəməz, milli adlarımızın sırasını seyrəldib.

   20 ildən artıqdır ki, Azərbaycan dövləti müstəqilliyini qazanıb. Artıq hər bir sahədə milliləşmə böyük sürətlə gedir. Bu həm dövlətimizin apardığı milli siyasətlə, həm də ictimaiyyətin özünün milli soykökünə, tarixə qayıdışı ilə bağlıdır. Dövlət müstəqilliyimiz ictimaiyyətin həyatında bir milliləşmə, özünüdərketmə rolunu oynadı. Bu illər ərzində milli keçmişimizə, milli ad və soyadlarımıza böyük bir ictimai maraq yarandı. İnsanlar sanki illərdən bəri qəlbində yığılıb qalan arzuları bu yolla reallaşdırdılar. Milli adların qorunması, təbliğ edilməsi, yeni doğulan uşaqlara verilməsi məsələsində artıq dövlətlə ictimaiyyətin fikirləri üst-üstə düşür, uzlaşır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən yeni doğulan uşaqlara milli adların verilməsi haqda qərar qəbul edilib. Nazirlik rəsmiləri dəfələrlə bəyan ediblər ki, valideynlər uşaqlarına ad verərkən burada milli ad seçiminə xüsusi önəm verməlidir. Bundan başqa, verilən adların mənası, tarixi də valideynlərin diqqətində olmalıdır. Bir neçə ay əvvəl Ədliyyə Nazirliyinin QeydiyyatNotariat Baş İdarəsinin rəisi Mehman Soltanov mətbuata açıqlamasında bildirib ki, valideynlər uşaqlara ad qoyan zaman Azərbaycan dilinin böyük izahlı onomastik lüğətindən istifadə edərək ad seçimi etməlidir. Onun sözlərinə görə, həmin lüğətdə hər bir adın mənası, hansı dildən götürülməsi, yeniya arxaik olması barədə məlumatlar qeyd olunub: "Yaxşı olar ki, valideynlər övladlarına ad qoyarkən bir lüğətdən istifadə etsinlər, milli adlarımıza üstünlük versinlər.

   Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov da mətbuata açıqlamasında milli ad və soyadların təbliğinə, yaşamasına tərəfdar olduğunu deyib. N.Cəfərov Ədliyyə Nazirliyinin qərarını dəstəkləyərək deyib ki, milli adlarsoyadlar referendum yolu ilə müəyyənləşməlidir: "Hazırda Ədliyyə Nazirliyində milli adlarsoyadlarla bağlı ətraflı təhlillər aparılır. Fikrimcə, adlarsoyadlarla bağlı xüsusi qanun qəbul oluna bilər. Müstəqilliyimizin 20 yaşının tamam olmasına baxmayaraq, bizim soyadlarımız milliləşməyib".

   Ədliyyə Nazirliyinin və N.Cəfərovun adların milliləşdirilməsi və milli adların ictimaiyyət tərəfindən qorunmasına dair mövqeyinə cəmiyyət də böyük dəstək verir. İctimaiyyət də hesab edir ki, Azərbaycanda milli adların uşaqlara qoyulması, bu adların geniş təbliğ edilməsi vacib məsələdir. Milli kökdən uzaq adlardan imtina etməyin zamanı gəldiyini deyən ictimaiyyət təmsilçiləri milli adların qorunmasında hər kəsin təşəbbüs göstərməli olduğunu bildirir.

   Qeyd edək ki, milli adlara qayıdış prosesinə Sovet dövründə müəyyən qədər cəhdlər edilsə də, ictimaiyyətin bununla bağlı arzuları tam olaraq reallaşmadı. Beynəlmiləl, beynəlxalq, xarici isimlər, ideologiyanın təsirindən yaranan adlar milli adlardan bir pillə yüksəkdə idi. Amma indi vəziyyət milli adların xeyrinə dəyişib. Güman edirik ki, milli adlarımız tam gücü ilə cəmiyyətimizə, ailələrimizə hakim kəsiləcək.

   Ədəbiyyatşünas Sima Arifqızı (Səmədova) bizimlə söhbətində bildirdi ki, milli adlara qayıdış prosesinə Milli Azadlıq Hərəkatı böyük təkan verib. S.Arifqızının sözlərinə görə, bu illərdə ölkənin vətənpərvər, millətpərvər ziyalıları, qeyrətli oğul və qızları milli adların ictimaiyyət tərəfindən qəbul edilməsinə çalışırdılar. Bu sahədə ciddi təbliğat aparıldığını deyən S.Arifqızının bildirdiyinə görə, son 20-22 ildə ictimaiyyətin milli qız və oğlan adlarına marağı artıb. Daha çox "Dədə Qorqud" qəhrəmanlarının adlarına müraciət edildiyini qeyd edən S.Arifqızı bunun milli adların müdafiəsində böyük addım olduğunu bildirdi: "Son aylar Ədliyyə Nazirliyinin uşaqlara milli adların verilməsi, milli soyadların yaşadılması ilə bağlı verdiyi qərar ictimaiyyət tərəfindən yüksək səviyyədə qarşılandı. İctimai maraq milli adların yaşamasına tərəfdir. İctimaiyyət türk kökənli adları yaşadır. Bununla yanaşı, qeyri-milli, gülməli, bəzən insanı aşağılayan adlar da uşaqlara verilir. Bu da xoşagələn hal deyil. Son 20 ildə ictimaiyyətdə milli adların qoyulması ənənəsi yaranıb. Çox ailələr çalışır ki, yeni doğulan körpəyə milli ad versin. İctimaiyyət milli adları dəstəkləyir. Dini adların verilməsi də üstünlük təşkil edir. İctimaiyyət bu qəbildən olan adlara da biganə deyil. Amma milli adlar daha çox təqdir olunur. Azərbaycan türklərinin çoxlu sayda milli qız və oğlan adları olduğu halda, nə üçün ərəb, fars, rus, əcnəbi mənşəli adlara üz tutulub anlaya bilmirəm? Bizdə "Gün", "Gül", "Ay", "El" sözü ilə başlayan nə qədər milli adlar var. Mən bir dəfə saymışam, yalnız "gül" sözü ilə başlayan yüzə qədər milli qız adlarımız var. Eləcə də kökü "gün", "ay", "el" olan adlarımız da az deyil. Bu adlar bir tərəfdə qalıb, götürüb başqa adlar qoyublar. Hesab edirəm ki, Ədliyyə Nazirliyinin məlum qərarından sonra adların milliləşdirilməsi daha geniş vüsət alacaq. Sovet dövründə də, indiuşaqlara milli adlar verilərkən "Dədə Qorqud" qəhrəmanlarının adına müraciət edilib. Burada çoxlu milli adlar var ki, onun mənası ad mədəniyyətimizlə, məişətimizlə, qəhrəmanlığımızla yaxından bağlıdır. Bu adların yenidən bizə qayıtması təqdirəlayiq haldır. Yeri gəlmişkən, mərhum xalq şairimiz, azadlıq aşiqimiz, istiqlalçı Xəlil Rza Ulutürk milli adların ictimaiyyət arasında geniş yayılmasına tərəfdar kimi dəfələrlə çıxışlar edib. Xəlil bəy milli adların milli təfəkkürün formalaşmasına böyük təkan verəcəyini düşünürdü. O özünün məşhur "Soyumuz soyadımız" poemasında milli özünüdərk prosesindən danışır, insanlara milli adlara qayıtmağı tövsiyə edirdi. O burada qeyri-milli ad daşıyan sənətkarları, böyük şəxsiyyətləri adını dəyişib milli bir ad qoymağa çağırırdı. Maraqlı məqam burasındadır ki, Xəlil Rza bu poemada bütün milli adlarımızı sadalayır və onların bir növ poetik xəritəsini cızırdı. Bu, ictimai maraqdan doğan bir poetik hadisə olmaqla yanaşı, həm də adlarımızın təbliği idi. Bilirsiz, milli adların ictimaiyyət tərəfindən qəbul edilib yaşadılması çox müsbət haldır. Hər cəmiyyətdə milli adların qorunması bu səviyyədə həyata keçirilmir. Düşünürəm ki, milli adların kütləvi olaraq uşaqlara verilməsi halları ictimaiyyətin ürəyindən xəbər verir".

   Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, şairə Qiymət Məhərrəmli bizimlə söhbətində bildirdi ki, Akademiyada milli adlarla bağlı müvafiq komissiya yaranıb. Onun sözlərinə görə, bu komissiya ölkədə milli adların qoyulmasını, ictimaiyyətin buna marağını da araşdıracaq. Milli adların ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməli olduğunu deyən Q.Məhərrəmlinin bildirdiyinə görə, bu adlar xalqın soykökünün nişanəsidir: "Milli adlara qayıdış prosesini yüksək qiymətləndirirəm. Azərbaycan müstəqil dövlətdir. Təbii ki, onun adları da milli olmalıdır. Milli adlar ictimaiyyətdə nə qədər çox olsa, camaatın da milli dəyərlərə rəğbəti bir o qədər artar. Milli adların verilməsi məsələsinin xüsusi qanunla tənzimlənməli olduğunu deyənlər var. Amma məncə, belə şeylər ictimaiyyətin, cəmiyyətin iradəsilə həll olunsa, daha yaxşı olar. Hər şeyə ilk olaraq mənəvi qiymət, dəyər verilməlidir ki, o ictimaiyyətin rəyini əks etdirsin. Azərbaycan ictimaiyyəti son illər milli adların yayılmasına, qorunmasına böyük önəm verir. Baxırsan ki, ətrafında türk kökənli adlar qoyanların sayı artır. Bir vaxtlar ərəb-fars mənşəli adlar ailələrdə üstünlük təşkil edirdisə, bu gün türk adlarına maraq böyükdür. Bizim "gül" sözü ilə başlayan adlarımız nə çoxdur. Yeni doğulan qızlara Gülnar, Gülgün, Gülcan, Gülay, Gülşən, Gültacbaşqa adlar qoymaq olar. Bunlar sırf milli adlardır. Gül sözü olan yerdə gözəllik olar. "Ay" sözündən yaranan onlarla oğlan-qız adlarımız var. Aydın, Aynar, Aydəmir, Aytəkin, Aycan, Ayna, Aynur, Aygün-bu adların hamısı gözəldir. Başlıcası isə millidir. Bir vaxtlar belə adlar daha çox qoyulurdu. Çox istərəm ki, onlar yenidən ictimaiyyətə qayıdıb balalarımızın ömürlüyünü bəzəsin. Milli adların qoyulması prosesi kor-koranə aparılmalı deyil. Hər kəs övladına verdiyi adın mənasını verməlidir".

   Q.Məhərrəmlinin sözlərinə görə, bəzi törəmə adlar var ki, onların heç bir mənası yoxdur, yaxşı olar o adları valideynlər yaxına buraxmasın: "Bəzi hallarda heç bir məna kəsb etməyən törəmə, sonradan quraşdırılan adlara da rast gəlirik. O adların heç bir mənası yoxdur. Yaxşı olar ki, valideynlər mənalı, gözəl adlara üstünlük versinlər. Bu halda, milli adlarımız ictimaiyyətdə daha geniş yayılacaq. Milli adların qorunmasında ictimaiyyətin rolu danılmazdır. Amma bu, günü-gündən daha da artmalı, inkişaf etməlidir. İctimai maraq cəlb etməyən adlar sıradan çıxsa, daha məqsədəuyğun olar. Çünki millilikdən uzaq olan adların yerini milli adlar tutmalıdır. Bu, uşaqlarda milli soy-kökə bağlılıq hissi yarada bilir".

   Q.Məhərrəmli hesab edir ki, milli adların ictimaiyyət arasında geniş təbliğ edilməsində ziyalıların da rolu nəzərə çarpmalıdır. İctimai marağın kütləvi olaraq milli kökənli adlara yönəldilməli olduğunu deyən müsahibimizin qənaətinə görə, bu, müstəqil Azərbaycana yaraşan bir addım olardı: "Müstəqil Azərbaycanın özünün müstəqil, lakin ənənələrə söykənən ad siyasəti, ad yaradıcılığı olmalıdır. Artıq vətənimizin adına yaraşan milli adların yenidən həyata qaytarılması prosesinə başlanıb. Bu hər bir vətəndaşın, ictimaiyyət nümayəndəsinin ürəyindən olan bir məsələdir".

 

 

İradə SARIYEVA

 

Bakı Xəbər.-2013.-25-27 yanvar.-S.-12.