Teleradio efirimizdə milli tezliklərlə bağlı dövlət siyasəti ictimai maraqlara uyğun sayılır...

 

   Qulu Məhərrəmli: "Xarici kanalın dövlətin mənafeyi üçün törədə biləcək təhlükə anlayışını dəqiqləşdirmək lazımdır"

 

  "Səviyyəli verilişlər, proqramlar təqdim olunmalıdır ki, dinləyici yaranan boşluğu hiss etməsin"

 

   Dövlət siyasətinin təbliğində, təşviqində və ümumiyyətlə, ictimai maraqların qorunmasında yerli televiziyalar, radiolar müstəsna rola malikdir. Hər bir dövlətin telekanalları həmin dövlətin maraqlarına uyğun efir siyasəti yeridir. Bu, ən demokratik dövlətdə də, ən zəif demokratik quruluşa malik olan ölkələrdə də belədir. Bir çox dövlətlər ictimai və dövlət maraqlarından çıxış edərək yerli tezliklər məsələsində xüsusi həssaslıq nümayiş etdirir.

   Məsələ ondadır ki, dünya ölkələrində milli tezliklər yalnız milli qurumlara məxsusdur. Hansısa xarici telekanalın yerli tezliklərdə yayımlanmasında dövlətlər maraqlı olmur. Çünki xarici dövlətlərə məxsus olan telekanalların yerli tezliklərdə yayımlanması bir sıra hallarda ictimai və dövlət maraqlarına zərər vurur. Bu sahədə görülən işlərə kölgə salır. Bu baxımdan, hansısa inkişaf etmiş ölkə yerli tezliklərdə xarici kanalların yayımına nadir hallarda icazə verir. Belə bir şərait olsa belə, bu, çox məhdud çərçivədə həyata keçirilir.

   Ölkəmizdə bu sahədə dövlət siyasəti 2002-ci ilin iyununda "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun və həmin ilin oktyabrında ölkə Prezidenti tərəfindən təsdiq edilmiş "Milli Televiziya və Radio Şurası haqqında" Əsasnamənin tələblərinə uyğun yeridilir. Məlum olduğu kimi, bir neçə il əvvəl mərhələ-mərhələ xarici radio və telekanalların yerli tezliklərdə yayımlanması yığışdırıldı. İlk vaxtlar bəzi qüvvələr əsassız yerə səs-küy qaldıraraq bunu başqa istiqamətdə yozmağa cəhd etdi. Necə deyərlər, məsələnin mahiyyətini nəzərə almadan bu cür iddialar irəli sürdülər. Halbuki, xarici kanallar milli tezliklərdə deyil, dünyanın bütün sivil ölkələrində olduğu kimi, peyk, kabel şəbəkəsi və internet vasitəsilə yayımlanır. Təsadüfi deyil ki, inkişaf etmiş Avropa və Amerika dövlətlərində, hətta MDB məkanında xarici ölkələrə məxsus teleradio yayımçılarının milli tezliklərdə yayımı neçə illər əvvəl dayandırılıb. Məlumat üçün qeyd edək ki, 2007-ci ildə Azərbaycanda "Kanal-D", STV, ORT və RTR kanallarının milli tezliklərdə yayımı dayandırılıb. Azərbaycanın efir məkanında ilk olaraq Rusiyanın "Radio-Rossiya" və Fransanın "Radio Frans" stansiyalarının verilişlərinin yayımı dayandırılıb. Eyni zamanda, 2007-ci ilin sentyabrında "Azadlıq", "Amerikanın səsi" və "Bi-Bi-Si" radiostansiyalarına müvəqqəti olaraq FM dalğası verilib. Bununla yanaşı, elə o dövrdə sözügedən qurumlara bildirilib ki, onların FM dalğasında yayımı müvəqqəti xarakter daşıyır. Çünki dünya ölkələrində milli tezliklər yalnız milli qurumlara məxsusdur. Məlum olduğu kimi, sonradan növbəti mərhələdə hər üç radiostansiyanın efir tezliyi geri alınıb. 2009-cu ilin əvvəlindən Azərbaycan ərazisində "Azadlıq", "Amerikanın səsi" və "Bi-Bi-Si" radiostansiyalarının yayımı yalnız peyk, kabel şəbəkəsi və internet vasitəsilə həyata keçirilir. Bu yeniliyi istər ölkə daxilində, istərsə də xaricdə bəzi qüvvələr Milli Teleradio Şurasının azad sözə basqısı, Azərbaycanı Qərblə qarşı-qarşıya qoymaq cəhdi kimi qələmə verməyə çalışsalar da, bir şey alınmayıb. Onların bu istəkləri iflasa uğrayıb.

   Onu da qeyd edək ki, Azərbaycanda son illər mühüm texnoloji yeniliklər baş verib. İndi faktiki olaraq kabel televiziyaları ölkənin bütün regionlarını əhatə edir. İnternetin sürəti də xeyli artıb. Deməli, yaranan texniki şərait bu kanalların daha intensiv yayımlanmasına kömək edir.

   İctimai və dövlət maraqlarının qorunması məsələsində qarşıda duran ən mühüm vəzifələrdən biri yayımçıların dövlət dilindən istifadə ilə bağlı qanunvericiliyin tələblərinə necə əməl etməsinə nəzarəti gücləndirməkdir. Bununla bağlı bir sıra problemlər mövcud olsa da, onların həlli istiqamətində işlərin görülməsi davam etdirilir. İş ondadır ki, ilk vaxtlar dövlət dilində olan verilişlər telekanalların ümumi efir vaxtının təqribən 35-40 faizini təşkil edirdi. Bunu nəzərə alaraq 2003-cü ilin iyununda Milli Teleradio Şurası tərəfindən "Azərbaycan Respublikası ərazisində teleradio yayımı sahəsində dövlət dilindən istifadənin təmin edilməsi ilə bağlı xüsusi Qaydalar" tətbiq olunub. Bu qaydalara görə, teleradio yayımçıları öz verilişlərinin minimum 75 faizini dövlət dilində yayımlamalı idi. İlk vaxtlar bəzi telekanallar bu vəzifənin öhdəsindən gəlməkdə çətinlik çəksə də, tədricən sözügedən işlər yoluna qoyularaq tənzimləndi. Qanun pozuntusuna yol verənlər inzibati qaydada cəzalandırıldı və s. Eyni zamanda, MTRŞ-nin 11 yanvar 2008-ci il tarixli qərarı ilə bəzi istisnalar nəzərə alınmaqla, proqramların tam həcmdə dövlət dilində verilməsi vəzifəsi qarşıya qoyuldu. Şuranın bu qərarından sonra rusdilli verilişlər, demək olar ki, tamamilə efirdən yığışdırıldı. Hər bir ölkə tamaşaçısı xarici telekanallara baxmaq imkanına malikdir və seçimdə sərbəstdir. Ancaq Azərbaycanın efir məkanında dövlət dili dominantlıq etməlidir. O da məlumdur ki, bir neçə il əvvəl ölkənin efir məkanında həddən çox xarici teleserialın nümayiş olunması müəyyən problemlər yaradırdı. Elə olurdu ki, bir həftə ərzində Azərbaycan telekanallarında 17 teleserial göstərilirdi. Teleradio Şurası məsələni yoluna qoymaq üçün sözügedən teleserialların yayımını qadağan etdi. Bu da öz növbəsində yerli teleserialların çəkilişinə təkan verib. Son vaxtlar bu istiqamətdə irəliləyiş nəzərə çarpır. Düzdür, görüləsi işlər çoxdur, ancaq hər halda görünən odur ki, bu sahədə təşəbbüslər artır. Nəzərə almaq lazımdır ki, Azərbaycan dünyaya açıq ölkədir. Biz beynəlxalq aləmə sürətlə inteqrasiya edirik. Baş verən dəyişikliklərin yaxşılarının qəbul edilməsi inkişafımıza əsl köməkdir. Lakin elə məsələlər, problemlər var ki, onların təbliği, yayımlanması Azərbaycan üçün qətiyyən məqbul sayılmır. Təəssüf ki, bəzi hallarda milli mentalitetimizə uyğun gəlməyən proqramlar efirə verilir. Halbuki, sözügedən məsələdə milli maraqların qorunması prioritet təşkil etməlidir.

   Ümumilikdə milli tezliklərlə bağlı yeridilən dövlət siyasəti ictimaiyyətin böyük əksəriyyəti tərəfindən rəğbətlə qarşılanır. Çünki bu sahədə görülən işlər dövlət və ictimai maraqlarının qorunması ilə yanaşı, dövlətin dayanıqlı inkişafına kömək edən faktorlardan biridir. Sözügedən məsələ ilə bağlı görülən işlərdən biri də telekanalların yayım keyfiyyətinin artırılması ilə bağlı həyata keçirilən tədbirlərdir. Söhbət ondan gedir ki, kanalların daha keyfiyyətli səviyyədə tamaşaçıya çatdırılması üçün müasir texniki imkanlardan istifadə olunur. Məlum olduğu kimi, kanalların analoq yayımı keyfiyyət baxımından bir sıra tələblərə cavab vermir. O üzdən, ilin sonuna qədər bütün yerli kanalların rəqəmsal yayım vasitəsilə yayımlanacağı gözlənir. Bu zaman ən ucqar kəndlərdə yaşayan vətəndaşlarımız belə, çox rahatlıqla yerli telekanalları izləmək imkanı əldə edə biləcək. Beləcə, kanalların analoq yayımı tarix olacaq. Bütövlükdə tezliklərlə bağlı yeridilən siyasət dövlət və ictimai maraqlara cavab verir.

   Sözügedən məsələni dəyərləndirən məşhur teleaparıcı Qulu Məhərrəmli məsələyə bir neçə prizmadan yanaşaraq şərh etdi. Onun fikrincə, sözügedən məsələdə milli maraqların qorunması önəmlidir: "Xarici kanalların yerli tezliklərdə yayımlanmasının arxasında hansısa xüsusi məqsədlər varsa, hər bir dövlət özünün televiziya, radio və ümumiyyətlə, efir məkanının təhlükəsizliyinin qayğısına qalmalıdır. Başlıca olaraq təhlükə deyəndə nəyi nəzərdə tuturuqsa, onu müəyyən etmək lazımdır. Bir vaxtlar "Azadlıq", "Amerikanın səsi" və "Bi-Bi-Si" radiostansiyaları SSRİ məkanına güclü dalğalar vasitəsilə yayılanda, bütün sərhəd boyu həmin dalğaları vuran qurğular yerləşdirilmişdi. Ancaq sonra qərara gəldilər ki, həmin dalğaların ölkə ərazisinə daxil olmasının qarşısını almaqla heç nəyə nail olmaq mümkün deyil. Ona görə də o vaxtkı SSRİ rabitə naziri çox maraqlı təkliflə çıxış etdi. Təklifin mahiyyəti ondan ibarət idi ki, həmin kanallar kimi, Rusiyada da analoji radio kanallar yaradılsın. Məhz 1964-cü ildə "Mayak" radio kanalının yaradılması həmin təkliflə bağlı idi. Həmçinin, bizdə "Araz" radiosunun yaranması onunla bağlı idis. İndi tutaq ki, hər hansı bir normal xarici kanal Azərbaycanda yayımlanırsa, o zaman bunu milli mənafe üçün təhlükə hesab etmək doğru olmaz. Yox, əgər Rusiyanın və yaxud da başqa bir ölkə olan İranın Azərbaycanda ideoloji təxribat törədən kanalı yayımlanırsa, təbii ki, buna qarşı tədbir görülməlidir. Ona görə də sözügedən məsələdə xarici kanalın dövlətin mənafeyi üçün törədə biləcək təhlükə anlayışını dəqiqləşdirmək lazımdır. Qeyd edim ki, "Bi-Bi-Si", "SNN" kanalları bütün dünyaya peyk və kabellə yayımlanır. Eyni zamanda, həmin kanallar bir sıra ölkələrlə müqavilə bağlayaraq, həmin dövlətlərin milli tezliyində yayımlanır. Ona görə yayımlanır ki, adıçəkilən kanallar dünyanın böyük transmilli xəbər kanallarıdır".

   Q.Məhərrəmlinin fikrincə, Azərbaycanda bir sıra xarici radioların FM dalğasında yayımlanmasının dayandırılmasını hökumət müəyyən arqumentlərlə əsaslandırıb: "Verilən qərara hörmətlə yanaşılmalıdır, bu öz yerində. Ancaq onu da nəzərə almaq lazımdır ki, sözügedən məsələdən sonra radio məkanında müəyyən bir boşluq yaranıb. Həmin boşluq da daha çox informasiya ilə bağlıdır. Ona görə də bu məsələ ilə bağlı çox ciddi düşünmək lazımdır. Yəni bizim elə radio və televiziya kanallarımız olmalıdır ki, yaranan boşluğu doldura bilsin.

   Səviyyəli verilişlər, proqramlar təqdim olunmalıdır ki, dinləyici yaranan boşluğu hiss etməsin. Strateji olaraq yerli kanalların gücləndirilməsi qarşıya məqsəd qoyulmalıdır. Onu da qeyd edim ki, xarici dövlətlərdə yerli tezliklərdə yayımlanan kanallar elə də çox deyil. Bu məsələdə daha çox ictimai kanallar mühüm rol oynayır. Məsələn, ABŞ maraqlıdır ki, "Amerikanın səsi" radiosu daha çox ölkədə yayımlansın. Çünki həmin kanalda ABŞ həyat tərzi və demokratik dəyərlər təbliğ olunur".

 

     

Vidadi ORDAHALLI

 

Bakı  Xəbər.-2013.-28 yanvar.-S.-11.