İctimai maraqlar fonunda mədəni dəyərlərimiz necə görünür, hansı şəkildə təbliğ edilir?

 

   Hər bir xalq öz tarixi keçmişinə, yaratdığı mədəniyyətə və mənəvi dəyərlərə güvənərək dünya arenasına çıxır. Dəfələrlə qeyd etdiyimiz kimi, Azərbaycan xalqı zəngin mədəniyyətə sahib bir xalqdır. Milli mədəniyyətimiz deyəndə bura bizim qədimdən formalaşaraq bu günə qədər gəlib çıxan adət-ənənələrimiz, söz sərvətimiz, folklorumuz, rəqs və xalq mahnılarımız, xalçaçılıq sənətimiz və başqa sahələrimiz aiddir.

   Milli adət və ənənələrimizin öyrənilməsi və onların mənəvi- ictimai dəyərlər sistemində özünəməxsus yer tutması hər zaman diqqət mərkəzində olub. Bu, ardıcıllıqla tədqiq olunan böyük bir sahə kimi elmi ictimaiyyətin marağını cəlb edib. Azərbaycan ictimaiyyəti bütün dönəmlərdə milli adət və ənənələrimizi, tariximizin mədəniyyət, arxeologiya, etnoqrafiya, folklor səhifələrini yaşadıb. Bu sahə bütün mərhələlərdə ictimai-mədəni tərəqqinin göstəricisi kimi nəzərə çarpıb. Cəmiyyətimiz inkişaf etdikcə milli mədəni dəyərlərimizə insanların ehtiyacı artıb, onlar öz məişətlərinin, həyatlarının ayrılmaz hissəsi kimi bu qiymətli sərvəti təbliğ edib. İctimai marağın mərkəzində dayanan mədəni dəyərlər ictimai-siyasi quruluşlardan asılı olmayaraq xalqın sevgisi sayəsində irəliləyib, ictimaiyyətin şüurunda yerini möhkəmlədib.

   Fəlsəfə elmləri namizədi Səmayə Aslanlının sözlərinə görə, ictimai maraqlar fonunda milli-mənəvi dəyərlərimiz, tükənməz mədəniyyətimiz öz çoxşaxəliliyini və əbədiyaşarlığını qoruyub saxlaya bilib. S.Aslanlının dediyinə görə, Azərbaycan xalqı tarixdə özünə ad-san qazanan, böyük mədəniyyət və mənəviyyat sahibi olan bir xalqdır. Bu mədəniyyətin dövlət qayğısı ilə yanaşı, ictimaiyyət qayğısı ilə də əhatələndiyini deyən alimin bildirdiyinə görə, Qobustan, Gəmiqaya, Azıx, Avey dağ-Damcılı mağarası insanlığın ilk beşiyi kimi mədəniyyətimizin əsasını təşkil edir: "Azərbaycan xalqı qədimlərdən indiyə qədər böyük tarixi yol qət edib. Bu yolu əliboş gəlməyib xalqımız. Yaradıcısı olduğu böyük mədəniyyət xəzinəsini də özü ilə götürüb. Mədəniyyətimizin yer üzündə ən böyük himayəçisi elə xalqımızın, ictimaiyyətimizin özü olub. Hansı ictimai-siyasi quruluşun hökm sürməsinə baxmayaraq, xalq öz mədəniyyətinə, ali dəyərlərinə sahib çıxa bilib. Onu da danmaq olmaz ki, hər bir ictimai-siyasi formasiya, quruluş bütövlükdə adət və ənənələrimizə, mənəvi dəyərlərimizə öz möhürünü vurub. Yəni hər dövrdən mədəniyyətimizdə bir nişanə qalıb. Bu da təbii haldır. Cəmiyyət dəyişdikcə adət və ənənələr də təkmilləşib, xalqın yaradıcılıq nümunələri yaşayıb, nəsildən-nəsilə əmanət edilib. Maraqlıdır ki, yaradılan hər bir yeni mədəniyyət nümunəsi, mənəvi dəyər tarixi ənənələrimizin varisi kimi təşəkkül tapıb. Azərbaycan xalqının mədəniyyət tarixinin başlanğıcı əski dövrlərə gedib çıxdığı üçün müasir dövrdə də o köklər öz rüşeymlərini saxlaya bilir. Burada aparıcı qüvvə kimi ictimaiyyət çıxış edir. Bu mədəniyyətin qorunması sahəsində ictimaiyyətin üzərinə çox böyük yük düşür. İctimaiyyətlə yanaşı, elm də bu sahədə öz sözünü deməlidir. Bütün dövrlərin adət və ənənələrinin, mədəniyyətinin, musiqisinin, xalq tətbiqi sənətinin və sairin öyrənilməsinə, əldə olunan tarixi təcrübənin müasir sənətşünaslıq və kultrologiya elminə şamil edilməsinə böyük ehtiyac var. Bildiyimiz kimi, uzun illər ərzində dövlət müstəqilliyini itirən Azərbaycan xalqının çox milli-mənəvi dəyərləri deformasiyaya məruz qalıb, onların tarixi şifahi şəkildə yaddaşlarda yaşayıb. Bu yaddaşın da daşıyıcısı ictimaiyyət olub. Bilirsiniz ki, keçmiş sovetlərin kommunist ideoloji mühiti dini-milli adət-ənənələrin öyrənilməsinə və təbliğinə məhdudiyyət qoyurdu. Düzdür, ictimaiyyət, xalq bu məhdudiyyətə əhəmiyyət vermirdi. Onlar dəyərlərimizi yaşatmaq uğrunda böyük işlər görürdü. Azərbaycan ictimaiyyəti həm keçmişdə, həm də çağdaş dövrümüzdə bu sahədə misilsiz işlər görüb. O vaxt yeni adət-ənənələr adı altında əsasən sosialist həyat tərzinin mahiyyət və məzmununu ifadə edən ideoloji, siyasi xarakterli mənəvi cəhətlər diqqət mərkəzinə çıxarılırdı. Məsələ burasındadır ki, xalqımıza, onun milli xüsusiyyətlərinə və iradəsinə uyğun olmayan cəhətlər hakim zümrələr tərəfindən bədii sənət aləminə diqtə edilirdi. Sənət vasitəsilə isə xalqın şüuruna ona yad olan ünsürlər yeridilirdi. Xüsusilə, sovet məkanında Mədəniyyət və incəsənət kommunist əxlaqı prinsiplərinin emosional vasitələrinə çevrilirdi. Mədəni inkişafın sosializm realizmi metoduna, üslubuna uyğunlaşdırılmasına üstünlük verilirdi. Amma bu dövrdə Azərbaycanın ictimaiyyətini təmsil edən sənətkarları tarixi varislik prinsiplərindən heç cür imtina etməyib, milli-ənənəvi keyfiyyətləri müasirləşdirməyi, onları mənəvi stimula çevirməyi bacarıb. Yəni mədəniyyət və incəsənət ənənəvi olaraq bədii estetik mahiyyətini itirməyib, keçmiş irsimizin tarixi təcrübəsindən bəhrələnə bilib. Sözsüz ki, bu bəhrələnmə daha çox emprik anlayışlarda nəzərə çarpıb, rasional təfəkkürdə isə dini-milli olana qarşı cəmiyyətin siyasi, ideoloji baxışlarına uyğun olaraq yanaşılıb. Bilirsiz, bizim müasir dövrdə sahibi olduğumuz böyük mədəniyyət sərvətinin mühafizəsində təbii ki, ictimai marağın, ictimai qayğının da təsiri özünü göstərib".

   Alimin sözlərinə görə, milli mədəni dəyərlər sistemimizin sarsıdılmasında sovet quruluşu ağılasığmaz işlər görsə də, xalqın yaddaşını zədələyə bilmədi. S.Aslanlının dediyinə görə, ictimaiyyətin maraqları çərçivəsində mədəniyyət və incəsənətimiz yaşaya bilib. O hesab edir ki, Azərbaycan mədəniyyəti hələ qədim daş dövründən başlayaraq indiyə qədər bəşər tarixinin bütün ictimai-siyasi, bədii-estetik xüsusiyyətlərini özündə əks etdirir: "Pedaqoq-kultroloq alim Ələkbər Məmmədovun bir fikrini yada salmaq istəyirəm. O deyir ki, milli adət və ənənələr, mərasimlər xalqımızın milli sərvətidir. Onları öyrənmək, öz əməli fəaliyyətində ləyaqətlə yaşatmaq hər bir tədris müəssisəsinin, azərbaycanlının və ictimaiyyət nümayəndələrinin müqəddəs borcudur. Azərbaycan mədəniyyətinin ictimaiyyət arasında yaşamasının başlıca səbəbi xalq sənətkarları olub. Xalçaçılıq sənəti, dulusçuluq, miskərlik, ipəkçilik milli bir xalq tətbiqi sənəti kimi yaşayıb. Xalçalarımız tarixdən-tarixə yadigar qalaraq özündə böyük bir yaddaş-mənəvi mədəniyyəti yaşadıb. Azərbaycan ictimaiyyəti hər zaman mədəniyyətimizin ən böyük qolu olan xalq tətbiqi sənətini təbliğ edib. İctimaiyyət arasında yaşayan xalçaçı qızlarımızın, qadınlarımızın yaratdığı xalça əfsanələri nəsildən-nəsilə bir əmanət olub. Müasir Azərbaycan cəmiyyətində, ictimaiyyətində milli mədəniyyətimizin həm keçmişi, həm də indisi bir-birilə vəhdət təşkil edir. Bu da ondan qaynaqlanır ki, bu ənənə Azərbaycanda ictimai marağın hədəfindədir. Bayaq xalçaçılıqdan danışdıq. Xalçaçılıq bir mədəniyyət sahəsi kimi hazırda çox inkişaf edib. Ona həm dövlətin, həm də ictimaiyyətin böyük marağı var. Xalçalarımız bir milli sərvət kimi Azərbaycanı dünyada təmsil edir. Paytaxtımızda böyük bir xalça muzeyi inşa olunub. Onun tikintisinə ictimaiyyət də böyük dəstək verdi. Xalça sənətimiz milli mədəniyyətimizin simvollarından biri kimi YUNESKO-ya salınıb. Bu həm ictimaiyyətin, həm də dövlətin maraqlarına uyğundur. Bizim elə maddi-mənəvi dəyərlərimiz var ki, onların yaşamasında ictimaiyyət birbaşa rol oynayır. Götürək folklor örnəklərimizi, görün xalqın yaddaşında nə qədər nümunə yaşayır. Amma təəssüflər olsun ki, ictimaiyyətin böyük səy və məsuliyyətlə, qədirbilənliklə qoruduğu folklor sərvətinin toplanmasında folklorçular elə də fəal deyil. Hamı kabinetində oturub folklordan yazır. Lap şəhərin özündə də, kənddə də minlərlə öyrənilməyən folklor materialları qorunur. Şəhər mədəniyyəti amansızlıqla folklor yaddaşını sıradan çıxarmağa başlayıb. Bunu mühafizə etmək işi ictimaiyyətlə yanaşı, elmin də üzərinə düşür. Nə qədər elmin ayrı-ayrı sahələri ictimaiyyətin müvafiq maraqlarına uyğun işlər görməyəcək? Bəzən görürsən ki, ictimai maraq cəlb edən, ictimai maraq sayəsində yaşayan, təbliğ edilən bir dəyər elmin diqqətindən kənarda qalır. Xalçaçı rəssamlarımız çoxdur, onlar xalça sənətini təbliğ edir, amma digər xalq tətbiqi sənət növlərimiz təbliğatdan kənarda qalır. Bu gün Azərbaycanda kəlağayı istehsalına başlanıb. Görək onu nə qədər təbliğ edənlər var? İctimaiyyət milli sənət növlərimizlə maraqlanır. Hər bir vətəndaş istəyir ki, evində milli nə isə bir atribut olsun".

   S.Aslanlının dediyinə görə, milli mədəni dəyərlərimizin ictimaiyyət tərəfindən qorunması həm də onu göstərir ki, xalqımız özünün milli ideologiyasına bağlıdır. Milli ideologiyamız və milli dəyərlərimizin, eləcə də ictimai marağın bir-birilə uyğunluq təşkil etməsini yüksək qiymətləndirən alim xanımın fikrincə, mədəniyyət sahəsi üzrə ixtisaslaşan QHT-lər də bu məsələyə dəstək verməlidir. Milli mədəni dəyərlərimizin ictimai maraqlar fonunda qorunması və təbliğ olunmasının QHT-lər tərəfindən diqqət mərkəzində saxlanmasına ehtiyac olduğunu deyən S.Aslanlı hesab edir ki, bu sahədə QHT-lərin fəaliyyəti çox zəifdir: " İctimaiyyət ona aid olan dəyərlərə sayğı göstərir. Amma ona kənardan QHT-lər heç bir dəstək vermir. Milli-mənəvi dəyərlərin qorunması, ictimai rəydə yüksək yer tutması məsələsində QHT-lər rol oynamalıdır. QHT-lər və ictimaiyyət mədəniyyətimizin müxtəlif sahələrinin inkişafında maraqlı olmalıdır. Məsələn, keçmiş zamanlarda olduğu kimi, özfəaliyyət dərnəklərinin yenidən formalaşdırılmasında, yaxud folklor örnəklərinin toplanmasında, eləcə də mədəniyyətimizin bütün sahələrinin təbliğində QHT-lərin təsiri hiss edilməlidir. Amma bizdə belə deyil. Hər kəs öz şəxsi maraqları ilə məşğul olur. İctimaiyyət arasında daha ciddi təbliğat, maarifçilik işləri aparılmalıdır ki, onlar bu gün qoruyucusu olduğu mədəni dəyərlərə ömürlük sahib dura bilsin. Azərbaycanda ictimai maraqlar fonunda mədəni dəyərlərimizin qorunması, yayılması, yaşaması arzuolunan haldır. Bu, ictimaiyyət tərəfindən yerinə yetirilən bir missiyadır".

 

  

    İradə SARIYEVA

 

    Bakı Xəbər.-2013.-28 yanvar.-S.-12.