Koreyalı gənc Bakıda əla
muğam oxuyur
Muğam
sənətinə dövlət qayğısı ictimai
maraqların müdafiəsinin mühüm əlamətidir
Azərbaycanda muğam sənətinin
geniş şəkildə təbliği zaman-zaman öz
müsbət bəhrəsini verib. Xalqımızın qədim
və zəngin sənəti olan muğam öz
qaynağını lap əski çağlardan
götürüb. Milli muğamlarımızın
qorunmasında, şifahi bir el sənəti kimi
yaddaşlardan-yaddaşlara ötürülməsində xanəndələrlə
yanaşı ictimaiyyətin də əməyi olub.
Xanəndələrin ifa etdiyi bu
unikal sənətə ictimaiyyətin sevgisi və tükənməz
marağı olmasaydı yəqin ki, onun da günümüzə
yalnız xatirə olaraq adı qalardı. Xalqın tələbatını
ödəməyən, xalqın diqqətini çəkməyən
sənət yaşaya bilməz. Muğam sənəti isə
xalq, ictimaiyyət sevgisilə, xanəndələrimizin
ifası ilə, dövlət qayğısı nəticəsində
hazırkı mərtəbəsinə qovuşub. Muğam sənətinə
dövlət qayğısı o qədər çox göstərilir
ki, bu diqqət bütün muğam ictimaiyyətini əhatə
edir. Muğamlarımızın YUNESKO-nun ümumbəşəri
mədəni irs siyahısına salınması onun beynəlxalq
aləmdə şöhrətini birə-beş artırıb.
Muğamın dövlət, Heydər Əliyev Fondu və
ictimaiyyət tərəfindən geniş təbliği,
inkişaf etdirilməsi göz önündədir. Bu sənətin
tədrisi, öyrədilməsi müvafiq musiqi məktəblərində,
ali və orta ixtisas təhsil ocaqlarında yüksək səviyyədə
həyata keçirilir. Azərbaycanın adlı-sanlı
pedaqoq-xanəndələri muğamlarımızın incəliklərini
tələbələrə öyrədir. Azərbaycanın
milli musiqi sənəti öz gözəlliyi, möhtəşəmliyilə
nəinki ölkə gənclərinin, eləcə də əcnəbilərin
marağını özünə cəlb edib. Muğam, milli
musiqi tədrisi tarixində bir neçə dəfə əcnəbilərin
Azərbaycanın xalq musiqisinə marağı
özünü göstərib. Bir məqamı da nəzərinizə
çatdıraq ki, milli musiqimizə dövlət
qayğısı sayəsində onun səsi çox uzaq
ölkələrdən gəlir. Xaricdə təhsil alan azərbaycanlı
tələbələr, eləcə də Azərbaycanın
müxtəlif ali məktəblərində oxuyan əcnəbi
tələbələr muğam və aşıq sənətinə
ciddi maraq göstərir.
Qeyd edək ki, bu sahədə
ABŞ, Cənubi Koreya, Türkiyə dövlətlərindən
olan tələbələr xüsusilə fərqlənir. Bizim
o dövlətlərin ali təhsil müəssisələrində
təhsil alan tələbələr də Azərbaycanın
xalq musiqisini təbliğ etməkdən yorulmur.
Azərbaycanda ictimai marağı
özünə cəlb edən əslən Cənubi Koreyadan
olan, bir muğam sahəsində təhsil alan tələbə
var. Onu hər kəs Minseoq Kim olaraq tanıyır. Azərbaycan
mədəniyyətinin yaxın dostu olan cənab Kim bizdən
həm bir xalq kimi xoşu gəlir, həm də
muğamımızı sevir. Kimin gözəl muğam dəsgahları
oxuması muğam ictimaiyyətinin diqqətini özünə
cəlb edib. Elə Azərbaycan ictimaiyyəti də bu cənubi
koreyalı oğlanın səsinə heyran kəsilib. Azərbaycan
muğamına tükənməz sevgisinin Azərbaycanda olan
koreyalı dostunun ona verdiyi muğam diskindən
başladığını deyən Minseoq Kim bu ilahi musiqinin
ardınca Bakıya gəldiyini deyir. Kimin ifası Azərbaycan
televiziyalarında az-az səslənsə də, qonşu
ölkələrin telekanallarında geniş şəkildə
təbliğ edilir. Hətta Türkiyənin TRT 1 kanalı Kim
haqqında çox maraqlı bir veriliş çəkərək
efirə təqdim edib. Minseoqun Azərbaycan dilində
danışması, milli musiqimizi ürəkdən sevməsi
hər bir ictimaiyyət nümayəndəsinin ürəyindən
xəbər verir. Milli Konservatoriyanın tələbəsi
olan Minseoq Kim "Bayatı kürd", "Mahur hindi" və
"Rast" muğamlarını öyrəndiyini deməklə
yanaşı onları qüsursuz oxumaqda maraqlı olduğunu
da deyib. Kimin timsalında Azərbaycan milli musiqisinin belə
alovlu təəssübkeşinin yerli televiziyalarda tez-tez
göstərilməsi yaxşı olmazdımı? Axı o,
birbaşa bizim dövlət qayğısı və ictimaiyyət
marağı ilə əhatə edilən muğam sənətimizə,
milli mədəniyyətimizə xidmət edir. Yaxşı
olmazdımı ki, televiziyalar Minseoq Kimin konsertlərini versin,
çıxışlarına şərait yaratsın. Hesab
edirik ki, hansısa bir şou-biznesçinin şit hərəkətlərini,
yüngül əməllərini efirə
çıxarmaqdansa, Azərbaycanın milli musiqi siyasətinin
təbliğinə daha geniş yer verilməlidir. Bizim musiqinin
əcnəbilərin dilindən səslənməsinin
faydası böyükdür.
Folklorşünas Sevinc Yəhyayevanın
sözlərinə görə, muğam sənətinə
tükənməz dövlət qayğısı nəticəsində
xalqımızın bu ulu sənəti dünyanın qədim
musiqi xəzinəsinə daxil olub. Muğam sənətinin
YUNESKO-ya düşməsinin böyük faydasının
olduğunu düşünən S.Yəhyayevanın sözlərinə
görə, bunun nəticəsində muğam beynəlxalq aləmdə
də diqqət mərkəzindədir. Əcnəbi tələbənin
muğam sənətinə sevgisinin muğamın təbliğində
mühüm rol oynadığını deyən S.Yəhyayeva
hesab edir ki, Minseoq Kimin ifası ictimai maraqlarımıza xidmət
edir: "Azərbaycan xalqının ənənəvi musiqisi əsrlərdir
ki, yaranıb və onu dinləyənlərin qəlbinə
hakim kəsilib. Aşıq sənəti, muğam sənəti
ənənəvi milli musiqi olmaqla yanaşı, həm də
bəşəri mahiyyət daşıyır. Bu gün Azərbaycanda
milli musiqiyə dövlət qayğısı çox
yüksək səviyyədədir. Heydər Əliyev Fondu da
bu sahədə az iş görmür. Azərbaycanda muğam sənətinin
inkişafı, dövlət qayğısı ilə əhatələnməsi,
xaricilərin milli muğamımıza maraq göstərməsi,
bütün bunlar ictimai maraqların müdafiəsinə xidmət
edir. Kim də bir əcnəbi kimi bizim musiqimizə
bağlıdır. O baxıb görür ki, Azərbaycan
dövləti bu zəngin xəzinəyə xüsusi diqqət
yetirir, onun qayğısına qalır. Bu halda, bir əcnəbi
kimi, onun muğamımıza diqqət və marağı daha
da artır. Bir xarici üçün Azərbaycan dilini öyrənmək,
onun klassik, ənənəvi musiqisini mənimsəmək, əxz
etmək çox çətindir. Amma bizim mədəniyyətimizə,
musiqimizə, ana dilimizə, vətənimizə olan
böyük məhəbbət Kimi vadar edib ki, bütün bu
şeyləri öyrənsin. İctimaiyyət də yeri
düşəndə milli musiqimizi, onun daxilində dilimizi, mənəviyyatımızı
o qədər yüksək səviyyədə təbliğ
edib ki, əcnəbilərin milli musiqimizə marağı
artıb. Dövlətin və Heydər Əliyev Fondunun
qayğısı sayəsində muğam sənəti Azərbaycandan
kənarda da o qədər təbliğ olunub ki, bu musiqini dinləyənlər
ona vurğun olurlar".
Kim Minseoq bir müddət əvvəl
mətbuata verdiyi müsahibəsində bildirib ki, o, Azərbaycan
dövlətinin, Heydər Əliyev Fondunun muğam sənətinə,
xalqımızın mənəviyyatına göstərdiyi
qayğıya heyran qalıb: "Hələ Koreyaya getmək
planım yoxdur, burada musiqi məktəbi açmaq istəyirəm.
Azərbaycan musiqisi ilə Koreya xalq mahnılarını
uşaqlara öyrətmək istəyirəm. Koreyada
çoxsaylı Azərbaycan tələbələri var ki,
muğam öyrənmək istəyir, eyni ilə də
Bakıda. Bunu etməklə çoxsaylı insanın
arzularını reallaşdırmaq istəyirəm. Eyni zamanda,
burada da Koreya milli musiqilərini gənclərə öyrətmək
niyyətim var. Koreyada Azərbaycan muğamını
inkişaf etdirəcəyəm. Orada da, burada da konsertlər təşkil
etmək istəyirəm. Əhsən müəllimin
ifasını çox sevirəm... Sözsüz, Koreya
üçün darıxdığım zamanlar da olur. Amma
muğama olan sevgim hər şeyə üstün gəlir. Azərbaycan
bu gün çox sürətlə inkişaf edən ölkədir.
Azərbaycan dövləti hazırda çox bahalı dövlət
hesab edilir. Bakı da çox gözəl şəhərdir.
Düşünürəm ki, hazırda Azərbaycan gəncliyi
muğamı oxumur və özlərini bu dünyadan uzaq
tutmağa çalışır. Bu situasiya hazırda Koreyada
da var və gənclik milli musiqini dinləmir. Gənclik indi
daha çox yeniliyi, digər ölkələrdən gələn
musiqiləri sevir. Amma muğama köhnəlik kimi baxmaq
çox səhvdir, bu hal məni təəssüfləndirir.
Muğamı məhz Azərbaycan gəncliyi
qorumalıdır".
Azərbaycan Milli
Konservatoriyasının müəllimi, Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin
doktorantı Əhsən Əhmədov Kim Minseoqun müəllimidir.
Əhsən müəllim bizimlə söhbətində
bildirdi ki, bu gün Azərbaycan milli muğamlarını
öyrənənlər arasında xeyli xarici vətəndaş
var. Onların sırasında Kimin də olduğunu deyən Ə.Əhmədovun
sözlərinə görə, Azərbaycan musiqisinə olan
maraq Kim Minseoqu Bakıya çəkib gətirib: "O,
Konservatoriyaya qəbul olundu. Əvvəllər çətinliyi
görüb qaçmaq istəyirdi, amma imkan vermədim.
Gördüm ki, onda oxumaq istedadı var. Beləliklə, uzun
müddət onun üzərində işlədim. Kimə əvvəlcə
qəzəllərimizi öyrətdim, sonra isə
muğamı öyrətdim. Bu gün o, beş dəsgah bilir.
Kim Minseoq "Rast", "Şur", "Bayatı
kürd", "Mahur hindi", "Bayatı-Şiraz"
muğamlarını oxuyur. Əvvəl onun səsini
muğamlara uyğunlaşdırmaq çox çətin idi.
Çünki dil problemi vardı. Muğamın xüsusi zənguləsi
var axı. Onu öyrənmək çətindir. Ona görə
çox işlədim üzərində. Azərbaycan dilini
bilir artıq. Bir də görürsən ki, dərsdə
hansısa tələbə düz oxumadı. Həmin dəqiqə
Kim ona "saxla, filan yeri belə oxuma, düz oxumursan" deyə
irad tutur tələbəyə. Deyir ki, burada muğamları
öyrəndikdən sonra gedib Cənubi Koreyada muğam məktəbi
açacaq. Əcnəbi tələbələrin milli musiqimizə
marağı böyükdür. Bu gün xaricdən bura
muğam öyrənməyə gələnlər
çoxdur".
Ə.Əhmədovun sözlərinə
görə, Azərbaycan dövlətinin və Heydər Əliyev
Fondunun muğama bəslədiyi böyük qayğı
musiqimizin təbliğilə yanaşı, həm də ictimai
maraqların müdafiəsinə xidmət edir. O hesab edir ki, əcnəbilərin
milli musiqimizə marağı da elə bu amala xidmət edir:
"Əcnəbi tələbələrin xalq musiqimizi
kütləvi öyrənməsi olduqca sevindirici haldır. Bu,
tələbələrin Azərbaycana sevgisinin təzahürüdür.
Bu ifaçılara ictimai maraq da çox güclüdür.
İctimai maraq cəlb edən əcnəbi tələbələrə
bizim efirlər yer ayırmalıdır ki, onlar mahnılar ifa
etsin, Azərbaycan dilində necə
danışdıqlarını nümayiş etdirsinlər.
Onlardan sonra başqa əcnəbilər də dilimizi, mədəniyyətimizi
öyrənmək istəyəcək. Bu da onların azərbaycançılığı
dərk etməsinə gətirib çıxarır. Bilirsiz
ki, Azərbaycan musiqisi dünyanın ən inkişaf etmiş
musiqilərindən biridir. Musiqimizin gücü əcnəbiləri
özünə çəkir. Üzeyir bəy, Cabbar
Qaryağdıoğlu muğamın təbliğində, onun
yaşamasında, bu sənətin ictimai marağın
müdafiəsinə xidmət etməsi sahəsində
böyük işlər görüb. Bu gün
muğamımızı öz adına çıxmaq istəyənlər
çoxdur. Amma onun Azərbaycan xalqına mənsub olduğunu
dünyaya bir tərəfdən də əcnəbi tələbələr
çatdıracaq. Gürcüstandan, Latviyadan, İrandan tələbələrimiz
çoxdur. Onların çoxu genetik baxımdan Azərbaycana
bağlıdır. Ancaq muğam öyrənən xarici vətəndaşlar
arasında Kim yeganə tələbədir ki, o sırf əcnəbidir
və onun Azərbaycanla heç bir əlaqəsi yoxdur. Mən
istəyirəm ki, Kim bizim muğamlarımızı incəliyinə
qədər öyrənərək dünya səviyyəsində
onu təbliğ etsin. Onun dünya miqyasında tanınan bir əcnəbi
xanəndə olmasına çalışıram.
Muğamımızın, milli musiqimizin, milli
ideologiyamızın xaricdə tanınması və
yayılması üçün bu işə əcnəbilərin
qoşulması sevindirici haldır. Mən Kimə muğam
öyrədirəm, bu, bəzilərinin xoşuna gəlmir.
Buna mane olan qüvvələr var. Amma biz öz işimizdəyik.
Bu yaxınlarda Heydər Əliyev Sarayında Kim də ifa etdi.
Çox yaxşı qarşılandı. "Qarabağ"
mahnısını oxudu. Kim həm də burada vokal dərsləri
alır. Bütövlükdə o, musiqimizlə
maraqlanır".
İradə
SARIYEVA
Bakı
Xəbər.-2013.-29 yanvar.-S.-15.