Paytaxtdakı abadlıq, tikinti işlərində ictimai maraqlar necə qorunur?

 

   Bakı tarixən yenidənqurma, tikinti və abadlıq işləri aparılan bir məkan olub. Müasir dövrümüzdə də həmin ənənə davam etdirilir. Şəhərdə bir tərəfdən yeni binalar tikilir, bir tərəfdən isə artıq yaşamaq üçün yararlılıq müddətini başa vuran tikililər sökülür. Bu abadlıq işlərinin aparılması ilə əlaqədar olaraq həm də paytaxt ərazisində söküntü işləri də aparılır.

   Demək olar ki, hər gün müşahidə edilən söküntü işləri paytaxt sakinlərinin ürəyincə deyil. Onları narazı salan söküntü nəticəsində yaranan toz-torpaq, palçıq və başqa məsələlərdir. Sakinlər bildirir ki, söküntü aparılan yerlərdən keçmək mümkünsüzdür. Çünki hər yer palçıqla, zir-zibillə doludur. İctimai maraqların pozulması kimi qiymətləndirilən bu halı tikinti-söküntü işlərilə məşğul olan təşkilatlar müvəqqəti bir çətinlik hesab edir. Amma bütün bu problemlərlə belə, tikinti işləri şəhərimizin həyatında böyük dönüşə səbəb olub. Paytaxtda aparılan abadlıq, söküntü işləri nəticəsində ictimai maraqların təmin edilib-edilməməsi son illərin ən çox müzakirə edilən məsələlərindən biridir. Şəhərimizin elə bir yeri yoxdur ki, orada bu hal müşahidə edilməsin. Hər yerdə söküntüvar, tikinti də. Axır illər şəhərimizin qədim məhəllələri sökülür, sökülən evlərin yerində isə yeni binalar inşa edilir. Təbii ki, sökülən məhəllələrdəki evlərin əksəriyyəti bir neçə kiçik otaqdan ibarət olan tikililərdir. Yaşı yüz ilə yaxın olan bu evlərin yerlə yeksan olması çoxlarını ağrıdır. Bu da onunla bağlıdır ki, insanların o yastı-yapalaq, kiçik evlərdə böyük xatirələri, əzizlərinin ruhu yaşayır. Amma köhnə evlərin sökülməsi, onların yerində yaraşıqlı binaların ucaldılması ictimaiyyətdə xoş əhval-ruhiyyə yaradır. Bakının sovet dövründən və ondan əvvəlki illərdən qalan köhnə evlərində yüzlərlə ictimaiyyət nümayəndəsi, şəhər sakini yaşayırdı. Onların öz evlərindən köçürülməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Bunu təqdir edənlər də, tənqid edənlər də oldu. Evlərin Bakı Şəhər İcra Hakimiyyəti və tikinti şirkətləri tərəfindən qiymətləndirilməsinə də münasibət eyni cür olmadı. Sakinlərin bəziləri evlərinə verilən qiymətdən razı olsa da, bundan narazı olanlar da tapıldı. Bakı Şəhər İcra Hakimiyyəti, öz növbəsində, mətbuata açıqlama verdi ki, sökülən yaşayış binalarının sakinlərinə təklif edilən, yaxud ödənilən məbləğ tam bazar qiymətlərilə uzlaşır. Yəni sakin sökülən evinin müqabilində aldığı vəsaitlə özünə şəhərin içində normal bir mənzil ala bilər. Axır vaxtlar ən çox saf-çürük edilən bu məsələ indinin özündə də çox aktualdır. Paytaxtda aparılan abadlıq, söküntü işləri nəticəsində ictimai maraqlar necə qorunur? Bu sahədə ictimaiyyətin maraqları hansı səviyyədə təmin olunur?

   Tikinti sektorunda araşdırma aparan mütəxəssislər, qeyri-hökumət təşkilatları belə qənaətə gəlib ki, bu sahədə görülən işlər ictimai maraqdan kənarda deyil. İctimaiyyətin bu məsələyə ciddi yanaşdığını deyən mütəxəssislər hesab edir ki, tikinti-söküntü işlərindən razı qalanlarla bərabər narazılar da yox deyil. Mütəxəssislərin sözlərinə görə, evləri sökülən və bunun müqabilində təzminat alan sakinlərin bir çoxu artıq yeni evlərə köçüb yaşayır.

   Sosioloq Zümrüd Ələkbərlinin sözlərinə görə, paytaxtda aparılan abadlıq, söküntü işləri şəhər sakinlərinin həm ürəyincədir, həm də yox. Sosioloqun dediyinə görə, narazılığa səbəb söküntü nəticəsində yaranan toz-torpaqdır: "Bakının dəyişməsi hər birimizin ürəyincədir. Böyük bir tikinti meydanını xatırladan paytaxtımız öz abadlığı, yenidənqurma işlərilə diqqət mərkəzindədir. Sakinlər bunu çox yaxşı qarşılayır. Kim istəməz ki, yaşadığı şəhər abad və yaraşıqlı olsun. Bakıda yeni binaların tikintisi, quruculuq işləri nəticəsində əksər hallarda köhnə binalar sökülür. Bilirsinizmi, köhnə məhəllələr, köhnə evlər çoxdan inşa edildiyi üçün artıq evlərin çoxu qəza vəziyyətinə düşüb. Bu da sakinlərin orada yaşamasına görə təhlükə yaradırdı. Məlumdur ki, artıq on ilə yaxındır ki, şəhərin müxtəlif yerlərində istismar müddəti başa çatan binalar, evlər sakinlərdən satın alınaraq sökülür. Onların yerində yeni binalar inşa edilir. Köhnə binalar, yaşayış yerləri, məhəllələr sakinlərin babalarının, əzizlərinin bir vaxtlar yaşadığı yerlər olduğu üçün onlara o evləri tərk etmək ağır gəlir. Elə bu səbəbdən də bəzi sakinlər evlərini satmaq istəmir. Amma dədələrimiz "ellə gələn toy-bayramdır" deyib. Belə sakinlər qonşularına baxıb evlərini satırlar. Bir neçə il əvvəl sökülən binaların, məhəllələrin sakinləri onlara verilən məbləğdən heç bir narazılıq etməsələr də, son vaxtlar sökülən binalarda mənzili olan insanlar müəyyən qədər narazılıq edir. Bu da təbiidir, alan ucuz almaq istəyir, satan da baha satmaq istəyir. Bakıda köhnə binaların sökülməsi, onun yerində yeni binaların inşa edilməsi şəhərin abadlaşmasına xidmət edir. Düşünürəm ki, bu, ictimai rəydə təqdir olunan haldır. Amma yenə deyirəm, köhnə binalarda insanların xatirələri yaşadığı üçün onları nostalgiya ilə xatırlayırlar. Bir vaxtlar, daha doğrusu, keçən əsrin 60-70-ci illərində Bakıda çox güclü tikinti-abadlıq işi başladı. Bunun nəticəsində Bakının köhnə evləri, məhəllələri sökülməyə başladı. O vaxt da bunu narazılıqla qarşılayanlar vardı. Ancaq bu hal ictimaiyyət tərəfindən pis qarşılanmırdı. Ona görə ki, köhnə binaların yerini təzələri tuturdu. Heç kəsin xətrinə dəyməsin, istər indi, istərsə keçmişdə sökülən binalar, evlər elə yaraşıqlı, yaşamaq üçün yararlı deyildi. Sadəcə, o evlər atadan oğula yadigar qaldığı üçün insanlar onu qorumağa çalışırdılar. Bu bir yurdu, ocağı qorumaq təəssübkeşliyindən irəli gəlirdi. Söküntü işləri hər zaman ona görə narazılıq doğurub ki, bu ilk növbədə insanlar tərəfindən bir mənəvi itki sayılıb, digər tərəfdən , onun baş verməsi sayəsində ətrafda toz-torpaq, zir-zibil yığınları olub. Şəhərdə palçıq əlindən tərpənmək mümkün deyil. Bu da hər zaman ictimaiyyəti narazı salıb. Küçələrdə maşınlar, sakinlər normal qaydada hərəkət edə bilmir, söküntü hər yerdə problem yaradır. Son illər sosioloq psixoloqların apardığı araşdırmanın nəticələrinə görə, insanların stressə düşməsinin əsas səbəblərindən biri böyük şəhərlərdə aparılan söküntü tikinti işləridir. Tikinti söküntü nəticəsində insanlarda əsəb gərginliyi yaranır. Onlar hər addımda çətinliklə üzləşdikləri üçün bu stressə düşürlər. Bu bir həqiqətdir".

   Z.Ələkbərlinin sözlərinə görə, ictimai maraqların müdafiəsi hər bir şirkət, təşkilat tərəfindən birmənalı olaraq qorunmalıdır. Sosioloqun dediyinə görə, onlar elə etməlidir ki, həyata keçirdikləri tikinti, söküntü işlərindən ictimaiyyət zərər çəkməsin. Başqa tərəfdən isə, satın alınan mənzillərə görə sakinlərə normal pul ödənilməli olduğunu deyən Z.Ələkbərli bəzi tikinti şirkətlərinin sakinləri aldatdığı qənaətindədir: "Bakıda sökülməsi nəzərdə tutulan binalar, məhəllələr çoxdur. Sakinlərdən bu evləri tikinti şirkətləri, müvafiq qurumlar satın alır. Sakinlərin çoxunun maraqları qorunsa da, onların evlərinə bazar qiymətlərinə uyğun vəsait verilsə , aldadılanlar da olur. Bəzi tikinti şirkətləri ictimai maraqlara zidd addım ataraq sakinlərin mənzillərini ucuz qiymətə alır. Bunun da nəticəsində sakin evsiz qalır. Görürsünüz ki, son aylar aldadıldığını iddia edən bəzi sakinlər tikinti şirkətlərinə qarşı məhkəmə iddiası irəli sürür. Bu artıq bizim cəmiyyətdə bir problemə çevrilib. Hesab edirəm ki, müvafiq qurumlar işə qarışmalı problemin həllini həyata keçirməlidir. Amma bununla belə, söküntü işləri ictimai maraqlara söykənərək aparılır. Hər bir sakin yeniliyə, təzəliyə maraq göstərir. Hər bir qurum addım atarkən ictimai maraqların müdafiəsinə xidmət etməlidir. Bilməlidirlər ki, ictimai marağa zidd olan, ictimai rəydə mənfi qarşılanan hallara yol vermək olmaz".

   Z.Ələkbərlinin bildirdiyinə görə, bəzi QHT-lər, bəzi şəxslər belə rəy yaratmaq istəyir ki, aparılan tikinti, abadlıq işləri sakinlərin ürəyincə deyil. Sosioloq bunun ictimai maraqlara zidd olduğunu deyir: "Bəzi QHT-lər iddia edir ki, aparılan tikinti-abadlıq işləri sakinlərin maraqlarına ziddir. Guya bu onları narazı salır. Sakinləri abadlıq işləri üçün narazı salmalıdır ki? Sadəcə, hər birimizi söküntü işlərinin yaratdığı məlum problemlər narahat edir. Bildiyim qədər evləri söküntüyə gedən sakinlərin böyük bir qismi köhnə evlərin sökülməsini razılıqla qarşılayır. Ailələr tanıyıram ki, onların yaşadığı ünvanların söküləcəyi barədə söz-söhbət dolaşır. Onlar da köhnə binalardan köçüb yeni mənzillərdə yaşamaq istəyir. Əlbəttə, tədricən köhnə binalar söküləcək. Düşünürəm ki, Azərbaycan dövlətinin qayğısı nəticəsində heç bir sakin mənzilsiz qalmayacaq. Çünki dövlət səviyyəsində bu məsələyə nəzarət edilir. Bu gün evi söküntüyə gedən sakinlərin böyük əksəriyyəti evlə təmin olunub. Azərbaycan dövləti hər zaman öz vətəndaşının maraqlarını müdafiə edib, edəcək . Çünki bizim ölkədə dövlətin ictimaiyyətin maraqları üst-üstə düşür. Onlar bir-birinə dayaq olaraq inkişaf edir".

   Sosioloq hesab edir ki, axır zamanlar aparılan tikinti, söküntü işlərilə əlaqədar olaraq cəmiyyətdə, ictimaiyyət arasında rəy sorğusu aparan təşkilatlar demək olar ki, yoxdur. Ortaya müəyyən hesabatlar çıxaran özəl qurumların da əksəriyyətinin təqdim etdiyi rəqəmlər, göstəricilər həqiqəti əks etdirmir: "Mənim Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya Hüquq İnstitutunda da çoxlu həmkarlarım var, QHT-lərdə onlarla sosioloq işləyir. Amma nədənsə onlar son illər paytaxtda aparılan tikinti, söküntü işlərinin ictimaiyyətin maraqlarına uyğun gəlib-gəlməməsi, sökülən mənzillərin sahiblərinin mənzillə hansı səviyyədə təmin olunub-olunmaması, eləcə bu sahədə olan bir sıra hallarla bağlı sosioloji sorğular aparmayıb. Əslində onların buna daha çox imkanları var.

   Mən ali məktəb müəllimiyəm, mənim geniş sorğu aparmaq imkanım məhduddur, amma sorğu aparmaq üçün onların şəraiti , səlahiyyətləri genişdir. Mən sizə bu faktları müşahidələrim nəticəsində söylədim. İndi onların qədər ictimai maraqların müdafiəsi sahəsində görülən işlər olub-olmadığı geniş araşdırma tələb edən məsələdir.

   Ola bilsin ki, mənim müsbət hal kimi qiymətləndirdiyim hallara kimlərsə əks reaksiya versin. Ancaq hər kəsin öz fikri var. Hesab edirəm ki, paytaxtda aparılan abadlıq, söküntü işləri ictimai maraqlara zidd deyil. Bəzi problemləri nəzərə almasaq, hər şey ictimaiyyətin ürəyincədir".

 

  

   İradə SARIYEVA

 

   Bakı Xəbər.-2013.-30 yanvar.-S.-15.