Dağlıq Qarabağ probleminin həlli sahəsində dövlət və ictimai maraqların uzlaşdırılması...

 

Azərbaycan torpağı öz zənginliyi, yeraltı və yerüstü sərvətləri, gözəl təbiətilə hər zaman diqqət mərkəzində olub. Torpağımızın qeyri-adiliyi, füsünkarlığı düşmənlərin nəzərindən qaçmayıb. Elə bu səbəbdən də zaman-zaman Vətənimiz yadelli qəsbkarların işğalına məruz qalıb.

 

   Azərbaycanın sərhədləri nə qədər qorunsa da, düşmənlərimiz fürsət tapan kimi torpaqlarımıza soxulub. Azərbaycan xalqının tarixən ən çox pislik gördüyü xalqlardan biri ermənilərdir. Heç zaman öz vətəni olmayan ermənilər Azərbaycan xalqının torpaqları hesabına özlərinə dövlət yaradıb. Bu azmış kimi, ermənilər bizim digər ərazilərimizə də göz dikib. Onlar yalnız Azərbaycandan deyil, qonşu Türkiyə və Gürcüstandan da torpaq, ərazi iddia edir.

   İyirmi ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizdən çoxu erməni qəsbkarları tərəfindən işğala məruz qalıb. Erməni separatçılarının torpaqlarımıza sahib olmaq iddiasına düşməsi sayəsində Dağlıq Qarabağ adlı münaqişə yaranıb. Yüzlərlə azərbaycanlı öz dədə-baba torpağından didərgin salınıb. Çoxlu sayda Azərbaycan türkü isə ermənilər tərəfindən əsir götürülüb. Hələ onların çoxunun taleyi qaranlıq olaraq qalır.

   Dağlıq Qarabağ probleminin yaranmasında günahkar olan ermənilər və onların havadarları yalnız Azərbaycanda deyil, bütün regionda sabitliyi pozmağa müvəffəq olub. Müstəqil Azərbaycan dövlətinin bu münaqişənin həllilə bağlı hər zaman mövqeyi qəti və dəyişməz olub. Dövlətimizin Dağlıq Qarabağ probleminin aradan qaldırılmasında fikri bu olub ki, işğal altında olan torpaqlarımız erməni tapdağından azad olunsun, qaçqın və köçkünlər öz yurdlarına qovuşsun, əsirlikdə olan insanlarımız öz əzizlərinin yanına qayıtsın, başlıcası Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Azərbaycanın dövlət maraqlarına uyğun olan ən ümdə məsələ Dağlıq Qarabağın azad edilməsidir. Məlumdur ki, dövlət səviyyəsində münaqişənin həlli istiqamətində böyük tədbirlər, işlər görülür, görüşlər keçirilir. Azərbaycan dövlətinin hazırda ən böyük problemi Dağlıq Qarabağın işğal faktıdır. Azərbaycan Respublikasının sabiq Prezidenti mərhum Heydər Əliyev də, hazırkı dövlət başçımız cənab İlham Əliyev də Dağlıq Qarabağı ermənilərin caynağından qoparmaq uğrunda böyük cəhdlər edib, işlər görüblər. Dövlətimizin rəhbəri, Ali Baş Komandanımız dəfələrlə Azərbaycan dövləti adından bəyan edib ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində gərək olan hər bir addım atılacaq, təki işğal altında inildəyən torpaqlarımızı yenidən geri qaytaraq. Azərbaycan dövləti dədə yurdu erməni nəfəsinə bələnən soydaşlarımızın halal haqqını özünə qaytarmaq üçün çalışır. Hesab edirik ki, dövlətimizin Dağlıq Qarabağ uğrunda apardığı mübarizə nə zamansa öz uğurlu nəticəsini verəcək. Çünki bu mübarizə məqsədyönlüdür. Tarixçilərin bildirdiyinə görə, Dağlıq Qarabağ probleminin həlli Azərbaycanın dövlət maraqlarına tam uyğundur. Tarixçilərin bildirdiyinə görə, dövlətimizin apardığı siyasətin əsasında Dağlıq Qarabağın işğaldan azad edilməsi məsələsi durur.

   Tarixçi Təzəgül Yusifovanın sözlərinə görə, 20 ildən artıqdır ki, Azərbaycan dövləti Dağlıq Qarabağın geri alınması istiqamətində nəzərəçarpan işlər görür. T.Yusifova bildirdi ki, dövlətimizin maraqlarının müdafiəsi haqqında danışanda bura Dağlıq Qarabağ probleminin aradan qaldırılması və ərazi bütövlüyümüzün təmin edilməsi məsələlərini aid etməliyik: "Dağlıq Qarabağ münaqişəsinin yaranmasında günahkar ermənilərdir. Onlar öz havadarlarına arxayın olaraq onların hərbi yardımı ilə torpaqlarımızı işğal edib. Ermənilərin torpaqlarımıza hücumu Sovetlər Birliyinin dağıldığı dövrə təsadüf etdiyi üçün ermənilər bizim zəif yerimizi tapıb torpağımıza hücum edib. Bu o dövrdə baş verib ki, Azərbaycan Respublikasının daxilində böyük ziddiyyətlər yaşanırdı. Torpaqlarımızı itirsək də, onları geri qaytarmaq ümidimiz hələ ölməyib. Çünki artıq Azərbaycan dünənki kimi zəif, büdrək addımlarla yeriməyə başlayan respublika deyil. O, bölgədə lider olan, güclü nizami orduya sahib, iqtisadi cəhətdən inkişaf edən, siyasi baxımdan dünyada söz sahibi olan möhtəşəm bir dövlətdir. Bu dövlətin öz torpaqlarını geri qaytarmaq üçün istənilən sahədə kifayət qədər gücü, potensialı var. Dağlıq Qarabağ probleminin həlli uzun illərdir ki, danışıq stollarında, beynəlxalq tədbirlərdə, görüşlərdə və sairdə çözülür. Ancaq hələ də biz torpaqlarımızın işğaldan azad edilməsinə nail olmamışıq. Azərbaycan dövlətinin Dağlıq Qarabağla bağlı yürütdüyü siyasət hər kəsə məlumdur. Dövlətimizin marağı odur ki, hansı yolla olursa-olsun, torpaqlarımız erməni işğalından azad edilməlidir. Dəfələrlə ölkə başçımız cənab İlham Əliyev də, digər dövlət rəsmiləri də görüşlərdə, xarici səfərlərdə, çıxışlarda bəyan edirlər ki, Dağlıq Qarabağ torpaqlarının azad olunması Azərbaycan dövlətinin bir nömrəli görəcəyi işdir. Hesab edirəm ki, dövlət maraqlarımızla uyğunluq təşkil edən, onun əsas xəttinə çevrilən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi tezliklə baş verəcək. Dövlət gecə-gündüz bu işlə məşğul olur. Xaricdəki səfirliklərimizin Dağlıq Qarabağ probleminin aradan qaldırılması istiqamətində gördüyü işlər dövlət maraqlarımıza xidmət edir".

   Qeyd edək ki, Azərbaycan parlamentinin vitse-spikeri Bahar Muradova mətbuata açıqlamasında bildirib ki, 2013-cü ildə Dağlıq Qarabağ probleminin həllində səylər artırılacaq. B.Muradovanın sözlərinə görə, problemin birdəfəlik həlli Azərbaycanın dövlət maraqlarına uyğundur: "...2013-cü ildə mən bu istiqamətdə səylərin artacağına ümid edirəm. Çünki həm həmsədrlər, həm bu prosesə cəlb olunmuş ölkələr və eləcə də Azərbaycan dövlətinin rəsmi siyasəti qarşıdakı ildə bu istiqamətdə daha fəal səylər olacağını göstərir".

   B.Muradova onu da deyib ki, bu fəallıq daha çox Azərbaycan dövləti tərəfindən olacaq və Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzvlüyünün verdiyi imkanlardan istifadə edərək bu problemin daha aktiv müzakirəsinə və status-kvonun dəyişməsinə yönələn addımlar atacaq. Vitse-spikerin dediyinə görə, o, münaqişənin həllinə və torpaqlarımızın ərazi bütövlüyünün təmin ediləcəyinə ümid edir.

   Tarixçi Şeyda Yusiflinin sözlərinə görə, Azərbaycanın dövlət maraqlarında Dağlıq Qarabağ probleminin həlli ilk yeri tutur. Tarixçi deyir ki, dövlətin Dağlıq Qarabağ probleminin həllində atdığı addımları təhlil edərkən qarşıya çıxan məsələ odur ki, Prezident İlham Əliyev bu sahədə əlindən gələni edir. O hesab edir ki, dövlət başçısı Dağlıq Qarabağ danışıqlarında uğur qazanacaq: "Dağlıq Qarabağ problemi dövlətimizin ən çox həllinə çalışdığı bir münaqişədir. Ermənilərin acgözlüyü və tamahkarlığı nəticəsində yaranan bu problem bizə həm maddi, həm də mənəvi cəhətdən böyük zərər vurub. Ola bisin ki, torpaqlar qaytarılandan sonra bizə dəyən maddi ziyan ödənilsin, amma mənəvi yaraların sağalması üçün xalqımıza illər gərəkdir. Uzun illərdir ki, Azərbaycanda dövlət səviyyəsində Dağlıq Qarabağ probleminin həlli istiqamətində səylər göstərilir. Müstəqil Azərbaycan dövləti Dağlıq Qarabağ problemini həll edib öz ərazisinin bütövlüyünə nail olmaq istəyir. Azərbaycanda hazırda həm güclü ordu var, həm xalqımızın milli birliyi mövcuddur, həm də torpaqlarımız uğrunda açıq mübarizəyə hazır olan, yüksək siyasi hazırlığı ilə seçilən oğul-qızlarımız var. Ölkə başçımızın bu sahədə atdığı addımlar çox uğurludur. Bütün dünya bilir ki, ermənilərin Dağlıq Qarabağ probleminin həllində marağı yoxdur. Onlar bir işğalçı kimi öz saxta dövlətlərinə arxayın olub separatçılıq fəaliyyətlərini davam etdirir. Bilirik ki, Azərbaycan dövləti onların bu özbaşnalığı, işğalçılığı, torpaqlarımızı 20 ildən yuxarı bir müddət ərzində işğal altında saxlaması faktı ilə barışmır. Onlar sülh istəmir. Əslində onların sülhdən yayınmasını təbii qəbul etmək lazımdır. Məlumdur ki, Ermənstan rəhbərliyi Azərbaycanın günahsız vətəndaşlarının, bizim ata-analarımızın, qardaş-bacılarımızın qatilidir. Onlar törətdikləri əməllərdən qorxaraq, bir gün buna görə cavab verməli olduqlarını anlayıb münaqişənin həllindən yayınırlar. Onların bu hərəkətləri üzündən sülh danışıqları da uzanır. Amma hesab edirəm ki, Azərbaycan dövlətinin səyi nəticəsində nəhayət ki, ermənilər öz işğalçılıq siyasətlərindən əl çəkib torpaqlarımızı qaytaracaq. Bir məqamı nəzərinizə çatdırım ki, artıq dünyanın nüfuzlu siyasət adamları, tarixçilər Dağlıq Qarabağ probleminin həllilə bağlı öz fikirlərini bildirib. Onlar da hesab edir ki, Dağlıq Qarabağ problemi Azərbaycanın dövlət maraqları çərçivəsində həll edilməlidir. Bu münaqişənin aradan qaldırılmasında bizim dövlət maraqlarımız birmənalı olaraq qorunmalıdır. Dövlət başçımız da bunu bəyan edir, siyasətçilərimiz də bunu deyir. Təbii ki, bunlar Dağlıq Qarabağda öz yurdlarını itirən, bunun nəticəsində qaçqın-köçkün düşən, erməni zülmünə düçar olan vətəndaşlarımızın ürəyincə olan məsələdir. Ermənistan saxta, qondarma bir dövlətdir. Burada şovinizm, başqa xalqlara nifrət kampaniyası baş alıb gedir. Beynəlxalq qurumlar da onların hansı yuvanın quşu olduğunu yaxşı bilir".

   Ş.Yusiflinin sözlərinə görə, müasir Azərbaycan tarixşünaslığında Dağlıq Qarabağ münaqişəsinə, bu problemə xüsusi bölmə ayrılıb. Tarixçi alim dedi ki, tarixşünaslığımızda da Qarabağla bağlı əsas xətt odur ki, bu problemin həlli Azərbaycanın dövlət maraqlarına uyğun şəkildə həyata keçirilməlidir: "Dağlıq Qarabağ probleminin həlli və digər taleyüklü qayğılarımız Azərbaycanın dövlət maraqlarından irəli gələn formada həll edilməlidir. Bu gün Azərbaycanda müasir tarixşünaslıq elmi formalaşır. Tarix kitablarında Dağlıq Qarabağ probleminin həlli bu münaqişənin Vətənimizə və vətəndaşlarımıza vurduğu ağır zərbələrlə bağlı geniş fəsillər yer alıb. Tarix dərsliklərində də birmənalı olaraq yazılır ki, ermənilər işğalçıdır, bu münaqişədən Azərbaycan türkləri böyük əziyyətlər çəkib. Azərbaycan dövlətinin məqsədi ilk olaraq sülh yolu ilə torpaqlarımızı qaytarmaqdır, bu baş verməsə, müharibə qaçılmazdır. Bu, dövlətimiz tərəfindən dəfələrlə bəyan edilən və vətəndaşlarımızın ürəyincə olan bir səslənişdir. Bir alim kimi, bir vətəndaş kimi əminəm ki, tezliklə Dağlıq Qarabağ problemi Azərbaycan dövlətinin dövlət maraqları çərçivəsində öz həllini tapacaq.

 

 

    İradə SARIYEVA

 

    Bakı Xəbər.-2013.-31 yanvar.-S.-15.