Sabunçu rayonunun sosial-iqtisadi inkişafı:
real vəziyyət və
perspektivlər
Uzun illər Sabunçu rayonunda yaşamışam,
tələbəliyim burada
keçib, bir sözlə, bu rayon həmişə mənə
doğma olub. Bu rayonun inkişafı
gözlərim qarşısında
baş verib. Onun inkişafdan geri qaldığı dövrləri
də, küçə
və parklarının,
məhəllələrinin miskin kökdə olduğu zamanları da unutmamışam. Ancaq bu keçmişdə qalıb. Bu gün
rayon ərazisində tamam
başqa bir ab-hava, atmosfer müşahidə olunur.
Sabunçu rayonunun hər qarışı inkişaf
yolu tutub. Düşünürük ki, rayon yaxın illərdə ən qabaqcıl, abad bir yaşayış məntəqəsi kimi özünü göstərə
biləcək. Bunu deməyə
rayonda həyata keçirilən genişmiqyaslı
layihələr, indiyə
qədər əldə
olunan nailiyyətlər,
başa çatmış
abadlıq işləri
əsas verir. Sabunçu Bakının elə bir rayonudur ki,
burada günü-gündən
dəyişiklik, yenilik
baş verir. Bildirək ki, bu rayon ərazisində
yenidənqurma işlərinin
həyata keçirilməsi
üçün dövlət
büdcəsindən lazımi
vəsait ayrılıb.
Bu da məlumdur ki, "2011-2013-cü illərdə
Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı"nın qəbul edilməsi Bakıda, onun kənd və qəsəbələrində
əsaslı işlər
görülməsinə rəvac
verib. Dövlətin sosial-iqtisadi cəhətdən
apardığı bu siyasət ictimai maraqların müdafiəsi
sahəsində böyük
addımdır. Sabunçu rayonu
Bakının keçmişdə
bir sıra problemləri olan rayonlarından biri kimi diqqəti cəlb edib.
Araşdırmalarımız göstərir ki, bu rayon ərazisində müəyyən problemlər
olub ki, onlar rayon ictimaiyyətini həmişə ciddi narahat edib. Ancaq hazırda
o qayğılar öz
ömrünü başa
vurmaqdadır. Rayonun
Bakıxanov qəsəbəsində
reallaşan yenidənqurma
işləri, təhsil
müəssisələrində, uşaq bağçalarında,
poliklinikalarda həyata
keçirilən əsaslı
təmir "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı"na uyğun aparılıb. Bildiyiniz kimi, Azərbaycan Respublikası
Prezidentinin 1490 nömrəli,
4 may 2011-ci il tarixli Sərəncamı ilə
təsdiq olunan
"2011-2013-cü illərdə Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı"
və sonradan həmin proqrama əlavədə ümumən
16 sahəni əhatə
edən 171 bəndin tələblərinin Sabunçu
rayonunun qəsəbələrində
həyata keçirilməsi
nəzərdə tutulmuşdu
ki, bunlardan da 82 bənd, yəni 48 faizi təhsil sahəsinə
aid olub. Ümumiyyətlə, proqramda 2011-2013-cü illər ərzində rayonda cəmi 3472 şagird yerlik 4 yeni məktəb binasının tikintisi həyata keçirilib.
Bundan əlavə, Heydər Əliyev Fondunun "Yeniləşən
Azərbaycanda yeni məktəb" layihəsi
çərçivəsində Pirşağı qəsəbəsindəki
112 saylı məktəbin
köhnə binası
sökülərək yerində
yeni 3 mərtəbəli,
650 şagird yerlik binanın tikintisi başa çatdırılıb.
Proqramda nəzərdə
tutulan 5 səhiyyə
obyektindən də ikisində əsaslı təmir işləri başa çatdırılaraq
istifadəyə verilib,
Prezidentin Ehtiyat Fondundan ayrılmış
maliyyə vəsaiti hesabına Sabunçu qəsəbəsindəki 12 saylı
şəhər poliklinikasının
köhnə binası
sökülərək yerində
müasir tipli 3 mərtəbəli poliklinikanın
tikintisi başa çatdırılıb. Rayonun inkişafı,
onun tərəqqi yolunda irəliləməsi
bizə bu yaşayış məntəqəsinin
daha böyük uğurlara qovuşacağından
xəbər verir.
Sabunçu qəsəbə sakini dövlətin qəsəbələrin sosial-iqtisadi
vəziyyətinin yaxşılaşdırılması
ilə bağlı bütün qərarlarını
müsbət qarşılayıb.
Sabunçu rayon ictimaiyyəti
dövlət səviyyəsində
görülən işlərdən
razılıq edir və bütün
işlər rayon ictimaiyyətinin
diqqət mərkəzindədir.
Qeyd edək ki, icrası keçən il
başa çatan Dövlət Proqramında
elektrik enerjisi, qaz, su, istilik
təchizatı və
rabitə sahələri
üzrə nəzərdə
tutulan tədbirlərin
əksəriyyəti başa
çatdırılıb. Nəticədə bu sahələrdə mövcud olmuş əsas problemlər aradan qaldırılıb.
Qaz və istilik təchizatındakı mövcud
bir sıra çətinliklərin də
aradan qaldırılması
üzrə əlavə
tədbirlər görülüb.
Rəsmi məlumatlara
görə, Bakıxanov
qəsəbəsinin mərkəzi
sayılan Y.Əliyev,
M.Fətəliyev və
Mehmandarov küçələrində
yenidənqurma və abadlıq işləri ilə bağlı onlarla yöndəmsiz obyekt, hasar və
çəpərlər sökülüb,
bir sıra çoxmərtəbəli yaşayış
binalarının yastı
dam örtükləri metal örtüklərlə əvəz
olunmaqla, fasadlarının
bərpası, onların
təbii üzlük daşlarla müasir üslubda üzlənməsi
həyata keçirilib.
Artıq
bu işlər 30-a yaxın binada həyata keçirilib.
Ümumiyyətlə, 2013-cü ilin sonuna kimi
Bakıxanov qəsəbəsindəki
mərkəzi küçə
boyu Qaraçuxur qəsəbəsinə və
İcra Hakimiyyətinin
yanından 8-ci km qəsəbəsinə
qədər gedən yol imkan daxilində
genişləndirilməklə, mövcud tikililərin və ticarət obyektlərinin MKTB-nin qarşısındakı boş
əraziyə köçürülməsi,
eyni zamanda, 15-dək müasir çoxmərtəbəli
ictimai yaşayış
binalarının tikintisi
və köhnə binaların fasadlarının
bərpası və abadlaşdırılması həyata
keçirilib. Bütün bu
işlər qeyd olunan küçələrin
yenidən qurulması
üçün razılaşdırılmış
perspektiv plan-layihələr
əsasında həyata
keçirilib. Eyni zamanda,
Bakıxanov dəmir yolu stansiyasının ətrafındakı onlarla
primitiv ticarət obyektinin sökülərək
yerində modern tipli yeni ticarət mərkəzinin də tikintisi üçün layihə hazırlanıb və bu barədə
həm obyekt sahibləri ilə, həm də həmin işləri yerinə yetirəcək təşkilatla ilkin razılaşma əldə
edilib. Məqsəd birinci mərhələdə
qəsəbənin həmin
mərkəzi küçələrini
zövqlə, tələb
olunan müasir səviyyəyə, görkəmə
salmaqdır. Bakıxanov
qəsəbəsindəki 96, 252 və 271 nömrəli məktəblərin əsaslı
təmirdən sonra istifadəyə verilməsi
ilə əlaqədar
həmin məktəblərə
gedən yollarda və ətraf sahələrində də
geniş abadlıq işləri aparılıb,
yeni asfalt örtükləri vurularaq
binaların fasadları
təmizlənib və
rənglənib, oradakı
bir çox yöndəmsiz tikililər
sökülərək Rayon İcra Hakimiyyəti tərəfindən nümunəvi
layihə əsasında
bir cərgə üzrə yenidən tikilib. Sakinlərin müraciətləri nəzərə
alınaraq İcra Hakimiyyətinin daxili imkanları hesabına 271 nömrəli məktəbin
yaxınlığındakı Hacınski küçəsində
ümumi sahəsi 300 kv. m-ə
yaxın xeyir-şər
evi tikilib və hazırda bura sakinlərin ixtiyarına verilib. Rayonun digər iri qəsəbələrindən
biri olan Zabrat qəsəbəsi ərazisində Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ əlilləri və şəhid ailələri
üçün ikinci
yeni 9 mərtəbli,
81 mənzilli yaşayış
binası istifadəyə
verilib ki, buradan da Sabunçu
rayonundan həmin kateqoriyadan olan şəxslərə verilmək
üçün 61 mənzil
ayrılıb. Bundan başqa,
Zabrat qəsəbəsində
307 saylı məktəb
inşa edilib. Qəsəbədə müasir tipli
Müalicə-Diaqnostika Mərkəzinin
fəaliyyətə başlaması
da Zabrat ictimaiyyətinin ürəyincə
olub. Bundan başqa, qəsəbə
ərazisində təmir-bərpa
işləri aparılır,
məhəllədaxili yollar
təmir edilir. Rayonda mərkəzi dövlət
orqanlarının və
təşkilatların planlarına
əsasən də bir sıra sosial
əhəmiyyətli obyektlərin
və inzibati binaların inşa olunub. Onu da deyək ki,
2013-cü il dekabr ayının 14-də Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Ramana qəsəbəsindəki 200 yerlik
Peşə Reabilitasiya
Mərkəzi yenidənqurma
və əsaslı təmirdən sonra dövlət başçısının
iştirakı ilə
istifadəyə verilib.
Hazırda Heydər Əliyev
Fondu tərəfindən
Pirşağı qəsəbəsindəki
226 nömrəli uşaq
bağçası üçün
üçmərtəbəli yeni bina inşa
olunur və onun tikintisi başa çatmaq üzrədir. Gələn ay rayonda fəaliyyətə
başlayacaq "ASAN xidmət"in
Bakıxanov qəsəbəsində
inşa edilmiş binası artıq istismara hazırdır.
Rayon ərazisində olduğumuz zaman onu da müşahidə etdik ki, Sabunçu qəsəbəsindəki Elşən Mehdiyev küçəsi boyu Bakıxanov körpüsünə qədər olan yolun hər iki tərəfində hasar və tikililər aqlay daşlarla üzlənib, ərazidə yaşıllaşdırma və abadlıq işləri aparılıb. Rəsmi xəbərlərə görə, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində rayon ərazisində görülən işlərdən biri də köhnə neft-mədən ərazilərində rekultivasiyası, çirkli gölməçələrin doldurulmasıdır. Belə ki, Yeni Ramana və Sabunçu qəsəbələri arasında köhnə yod zavodunun tikililəri sökülərək oradakı zərərli tullantılar təmizlənib, 6,5 hektar sahədə Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni park salınıb. Həmin istiqamətdə Yeni Ramanadan keçən yolun hər iki tərəfində geniş abadlıq və təmir işləri aparılaraq, asfalt örtüyünün salınması həyata keçirilib. Rayonda digər tədbirlərin də həyata keçirildiyini qeyd edə bilərik. Məlumatlara görə, indiyədək bir sıra daxili və mərkəzi yolların kənarlarında 8500 kvadratmetrə yaxın sahəyə həmişəyaşıl örtük, 3 minə yaxın müxtəlif növ ağac və kol əkilib, Zabrat-Maştağa, Zabrat-Pirşağı yollarının istifadəyə verilməsi ilə bağlı həmin ərazilərdə böyük həcmli abadlıq işləri aparılıb. Qeyd edək ki, Sabunçu rayon rəhbərliyi bildirib ki, ümumiyyətlə, 2014-cü ilin sonuna kimi bir sıra mərkəzi küçələrin, yolların genişləndirilməsi, yeni səkilərin salınması, yaşayış binalarının aqlayla üzlənməsi, dam örtüklərinin, qapı və pəncərələrin dəyişdirilməsi, müasir küçə işıqlarının quraşdırılması, yaşıllıq zolaqlarının salınması, habelə digər abadlıq işlərinin aparılması nəticəsində Bakıxanov qəsəbəsinin siması əsaslı surətdə dəyişəcək. "2004-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın əhəmiyyəti də görülən işlərə təsir edib.
Bildirək ki, sayca üçüncü olan bu Dövlət Proqramında da rayon rəhbərliyinin təklifləri əsasında rayon üzrə bütün sahələri əhatə edən 68 bənddən ibarət tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub ki, onların da icrası nəticəsində əksər məsələlər öz həllini tapacaq.
Hesab edirik ki, şəhərimizin inkişaf yolunda olan rayonlarından biri kimi Sabunçu öz yeni siması və tərəqqiyə hesablanan perspektivi ilə hər zaman özünü göstərə biləcək.
İradə SARIYEVA
Bakı xəbər.-2014.-1
aprel.-S.11.