Müstəqil Azərbaycanın gəncləri sovet gəncliyindən daha vətənpərvər və mənəviyyatlıdır

 

 Gənclik bütün insanların həsəd apardığı, bitməsini istəmədiyi bir dövr kimi xarakterizə olunur. Gənclik həm də bütün dövrlərdə mübarizliyi, cəsarəti, cəsurluğu və daha çox qəhrəman olmağa meyl göstərməsilə seçilir. Azərbaycan gəncliyi öz qaynarlığı, vətənpərvərliyi, milli düşüncəyə sahiblənmək bacarığı ilə diqqəti çəkir. Bəzən müxtəlif dövrün gənclərini bir-biri ilə müqayisə edirlər.

Əslində hər dövrün gəncliyi özünəməxsusdur və hərəsinin də özünə görə üstünlükləri var. Bununla belə, müasir gəncliyimizlə əvvəlki gəncliyi fərqləndirən daha çox milli mənlik şüuruna sahib olmaq məsələsidir.

Ekspertlər bildirir ki, insan bir tərəfdən xarici mühitlə əlaqə xüsusiyyətləri, digər tərəfdən özünəməxsus daxili xüsusiyyətləri ilə səciyyələnir. Sözsüz ki, hər bir insan bioloji varlıq olaraq lap yaranışdan daşıyıcısı olduğu genlərdə kodlaşdırılmış olur.

Psixoloq Nərgiz Allahverdiyevanın sözlərinə görə, genlərdə onun fiziki-cismani imkanlarının, sağlamlıq dərəcəsinin, hətta intellektual və bir sıra mənəvi-psixoloji xüsusiyyətlərinin əsası qoyulmuş olur: " Sonrakı həyatı boyu insanın sağlamlığı, cismani-bioloji varlığı xarici təbii mühitdən, orqanizmin daxil olduğu fiziki və bioloji əlaqələrdən asılı olaraq dəyişir. Bu mənada insan orqanizmi hər bir mərhələdə ilkin genetik imkanlarla xarici təbii mühitin əlaqəsi və hətta mübarizəsi şəraitində formalaşır.

Lakin insan sadəcə cismani-bioloji varlıq deyil və onu əhatə edən mühit də sadəcə təbii mühit deyil. İnsan həm də sosial varlıq olaraq digər insanlarla və ümumən cəmiyyətlə qarşılıqlı əlaqəyə girir və bu əlaqələr onun formalaşmasına ciddi təsir göstərir. İnsanın mənəviyyatı bir tərəfdən genetik əsaslara malik olsa da, əsasən sosial-mənəvi mühitin təsiri ilə formalaşır. Burada cəmiyyətin mədəni-mənəvi həyatı, insanın yetişdiyi mühitin kulturoloji aspektləri mühüm rol oynayır. İnsanın formalaşdığı ictimai mühit mövcud dəyərlər sistemi, sosial və hüquqi normalar, mövcud dövlət quruluşu, iqtisadi münasibətlər, ailə münasibətləri, təhsil sistemi və s. bu kimi elementlərin sintezindən ibarətdir. Bütün bunlar insanların bir mütəxəssis və bir vətəndaş kimi yetişməsində mühüm rol oynayır. Bayağı mədəniyyətin ayaq açıb yeridiyi, xarici ölkələrdən milli-mənəvi mühitimizə yabançı təsirlərin gücləndiyi bir vaxtda sosial-mənəvi ekologiyanın problemlərini öyrənmək və lazım gəldikdə həyəcan təbili çalmaq lazımdır".

Bəllidir ki, bu gün mədəni-mənəvi köklərimizə qayıdış istiqamətində milli mənsubiyyətimizin təkcə formal surətdə deyil, həm də məzmun baxımından təsbit olunması uğrunda aparılan mübarizə həm də elmi-nəzəri əsaslara malik olmalıdır. Ekspertlər deyir ki, xüsusən televiziyanın, mətbuatın milli mənəviyyata yad elementlərlə dolduğu bir vaxtda mənəvi mühitin qorunması problemi çox aktualdır. Burada milli özünüdərk prosesi ilə özünüqoruma instinktinin vəhdətindən çıxış etmək lazımdır.

Qəzetimizin əməkdaşının araşdırmasına görə, son minillik Azərbaycanda etnik-milli baxımdan türk təfəkkürü və türk həyat tərzi ilə; dini müstəvidə yanaşdıqda isə islam mənəviyyatı və islam düşüncə tərzi ilə səciyyələnir.

Tarixçi Həyat Məhərrəmova bildirir ki, yola saldığımız minillikdə Azərbaycan xalqının mentaliteti türkçülük və islamçılığın üzvi vəhdəti, sintezi şəraitində formalaşıb. Lakin bu böyük əsas prosesə ayrı-ayrı dövrlərdə kənar amillər də təsir göstərib: "Bu faktdır ki, axırıncı yüzillik daha çox Rusiya amilinin əlavə olunması ilə səciyyələnir. Rusiya amili isə, öz növbəsində, iki istiqamətə ayrıla bilər. Birincisi, imperiya siyasətindən gələn neqativ təsir; antimilli, antitürk siyasəti. İkincisi, ümumbəşəri dəyərlərlə əlaqə baxımından pozitiv məqamlar, Qərbə açılan pəncərə, Qərb sivilizasiyası ilə tanışlıq. Bu amil axırıncı yüzilliyin həm inqilaba qədərki dövrünə, həm də sovet perioduna aiddir. Sovet periodunun əvvəlki rus təsirindən əsas fərqləri isə buraya həm də anti-islam və ümumiyyətlə, ateizm siyasətinin əlavə olunması, şüurların ideologiya çərçivəsinə salınması, digər tərəfdən isə əhalinin savadlılıq dərəcəsinin artması ilə əlamətdardır. Son yüzilliyin axırıncı on ili isə milli şüurun intibahı və milli özünüdərk istiqamətində axtarışlarla əlamətdardır. Belə ki, yeni yüzilliyə biz milli özünüdərk və milli dövlət quruculuğu əzmi ilə, dövlətçilik təfəkkürünün intibahı şansı ilə qədəm qoyduq və bu axtarışlar indi də davam etməkdədir".

Ölkəmizin müstəqillik qazanmasından sonra yeni milli-mənəvi prinsiplərin formalaşmağa başladığını deyən tarixçi bildirdi ki, bunun gənclərin milli mənlik şüuruna sahib olmasında, vətənpərvərlik hissinin formalaşmasında rolu əvəzsizdir. Onun sözlərinə görə, gənclik artıq özünü tanıyır və milli düşüncəyə sahiblənmək baxımından imperiya ideologiyası ab-havasında böyüyən gənclikdən köklü surətdə fərqlənir. İndiki gənclik daha çox milli düşüncəyə, vətənpərvərlik hissinə sahibdir. Əlbəttə, insanlar nə qədər mənəviyyatca kamil olsalar və kənardan hər hansı mənəvi müdaxiləyə hazır olsalar, kənar təsirlərə qarşı fərdi daxili müqavimət qüvvələri böyük olar. Lakin hətta tək-tək adamlar öz mənəvi varlığını qorumaq gücündə və səviyyəsində olsa da, əksəriyyət bunu bacara bilməz. Çünki bütün insanlar eyni dərəcədə kamil və iradəli deyil. Ona görə də, milli varlığı qoruyub saxlamaq funksiyasını dövlət öz üzərinə götürməlidir".

Ekspert dedi ki, müasir gəncliyin üzünə yeni qapılar açılıb və gənclər daha çox dünyaya meyl edir. Onun sözlərinə görə, indi biz demokratik cəmiyyətdə yaşayırıq və dünyaya açılan qapıları bağlaya bilmərik: "Qapıların açılması bir tərəfdən yaxşıdır, amma bu açıq qapılardan yaxşı informasiya ilə bərabər pis informasiyalar, insanların mənəviyyatına zərərli olan televiziya verilişləri, mətbuat orqanları da daxil olur. Şübhəsiz, sadalanan bu faktorların hamısının gənclərin milli şüurunun formalaşmasına mühüm təsiri danılmazdır. Fərqli iqtisadi-siyasi formasiyada yaşayan gənclərin özünüdərkində, milli oyanışında quruluşlara uyğun komplekslər toplusu yaranır. 20 ildən artıq bir zamandır ki, Azərbaycan öz müstəqilliyini əldə edib. Sovet imperiyasının əsarətindən qurtulan Azərbaycanda milli dövlətçiliyin qurulmasında, gənclərin milli dövlətçiliyə möhkəm tellərlə bağlanması istiqamətində əsaslı işlər görülməkdədir.

Bu gün Azərbaycan əhalisinin böyük əksəriyyətinin taleyinə həm Sovet Azərbaycanında, həm də müstəqil Azərbaycanda yaşamaq payı düşüb".

Bu baxımdan maraqlıdır, görəsən müstəqillikdən bəri Azərbaycan gəncliyi ilə sovet gəncliyi arasında hansı mənəvi-əxlaqi fərqlər yaranıb?

Samir Adıgözəlli hesab edir ki, sovet gəncliyi ilə bugünkü gənclik arasında fərq çox böyükdür. Sovet gəncliyi konkret olaraq bir ideologiya, vahid xətt üzrə formalaşırdı. Onun sözlərinə görə, həmin gənclik oxumağı, böyüklərə hörmət qoymağı öyrənib: " Yad ideologiyaların təsirindən daha uzaq idi. Sovet dövründə baxılan filmlər daha çox böyüyə hörməti, Vətəni və əməyi sevməyi təbliğ edirdi. Bugünkü gənclik isə qəddarlığı, porno filmləri seyr etməyi daha üstün sayır.

Sadə bir misalı deyim ki, hazırda ictimai nəqliyyatda böyüklərə yer verən gənclərin sayı 20 il bundan qabaqkı dövrdən çox azdır. Köhnə gənclik Koroğlunu, Babəki bir qəhrəman kimi qəbul edirdisə, hazırkılar onlara iftiralar atır. Qəhrəmanlarımıza hansı adı gəldi verirlər.

Sovet dövründə ən ucqar kəndlərdə belə kitabxanalar olub. O dövr gənclərdə kitab oxumağa böyük maraq olub, ancaq bugünkü gənclik kitab oxumaq istəmir. Bir sözlə, sovet gəncliyi elm dalınca gedirdisə, indiki gənclik daha çox şou dalınca qaçır. Burada təbliğatın da rolu böyükdür. Televiziyaları izləyəndə görürük ki, şou proqramlara digər verilişlərlə müqayisədə daha çox yer ayrılır. Şou aləminin bürüdüyü telekanallar gənclərə nə verə bilər? Mən düşünürəm ki, sovet gəncliyi imperiyanın təsirində yaşasa da, məhz bu amil onları mübariz etdi. Həmin gənclik qalxıb Azərbaycanı müstəqil etdi, Vətən uğrunda necə ölməyi də nümayiş etdirdi. Bütün bunlara baxmayaraq, bu istiqamətdə səylərimizi artırmalıyıq. Müstəqil Azərbaycan gəncliyini proqram əsasında tərbiyə etməliyik. Belə faktorları nəzərdən qaçırsaq, bizi daha böyük fəlakətlər gözləyə bilər".

Sosioloq Təranə Musalının sözlərinə görə, sovet dövründə gənclik daha çox standart modellər əsasında tərbiyə alaraq idarə olunurdu. Onun dediyinə görə, müstəqillik dövründə daha sərbəst gənclik formalaşıb: "Azərbaycanın sovet gəncliyinə əxlaq norması kimi təbliğ edirdilər ki, böyüklərin yanında danışmaq, onlarla mübahisəyə girmək olmaz. Bunu mənəvi-əxlaqi dəyər kimi qəymətləndirmək olmaz. Bu sadəcə, böyüklərə sərf edən bir davranış modeli idi. İndi biz böyüklərlə mübahisə edir, onlarla açıq polemikalara girişə bilirik. Bu iki gənclik arasında fərq ondadır ki, qarşımızda dünyaya açıq olan Azərbaycan gəncliyi ilə qapalı sovet gəncliyinin mənzərəsi durur. Ancaq sovet gəncliyinin elm sahəsində əldə etdiyi uğurları bugünkü gənclərimiz təkrarlaya bilmir. Elm-təhsil səviyyəsi baxımından sovet gəncliyi müstəqil Azərbaycan gəncliyindən çox irəlidə olub. Sovetlər dövründə planlı bir sistem gənclərdə bəzi sahələrə xüsusi maraq yaradırdı. həmin sahələrdə qazanılan uğurlar heç də sovet gənclərinin milli-mənəvi dəyərlərinin hazırkılardan üstün olmasına dəlalət etmir. Başqa sahələrdə isə sovet dövrü ilə müqayisədə Azərbaycan gəncliyində bir irəliləyiş var. Gəncliyimiz çox sürətlə inkişaf edib".

Əlbəttə, müasir gənclərin inkişafı onların Vətənə, xalqa, dövlətə bağlı bir gənclik olduğunu şərtləndirir. Vətənpərvərlik hissinə sahib olan gənclik dövlətimizin işıqlı gələcəyinə böyük töhfələr verir.

 

 

İradə SARIYEVA

 

Bakı xəbər.-2014.-1 aprel.-S.15.