Qarabağ probleminin həlli prosesinə gənclərin dəstəyi
vətənpərvərlik nümunəsidir
Gənclərin Vətənin
müdafiəsi uğrunda
apardıqları iş, mücadilə
hər zaman öz müsbət bəhrəsini verir.
Azərbaycan xalqının taleyüklü
problemi hazırda Dağlıq Qarabağ problemidir ki, gənclər də öz maraqlarını bu məsələ ətrafında birləşdirib.
Bu gün hər
bir Azərbaycan gənci istəyir ki, Dağlıq Qarabağ problemi ölkəmizin maraqlarına
uyğun şəkildə
həll olunsun. Gənclər hesab edir ki, gec-tez bu
yaramızın da sağaldığı gün
gələcək.
Əlbəttə, gənclər dövlətimizin
Dağlıq Qarabağla
bağlı mütərəqqi
siyasətini bəyənir
və onu dəstəkləməkdə davam
edir. Siyasi icmalçıların dediyinə görə, artıq Qarabağ problemi, bu münaqişə
lokal konflikt halından çıxaraq
qlobal fazaya daxil olduğundan, onun həlli istiqamətində Azərbaycan
dövlətinin atdığı
bütün addımlar
heç bir nəticə vermir.
Əməkdaşımızın bu yöndə apardığı
araşdırmadan bəlli
olur ki, bu məsələyə dünyanın aparıcı
dövlətlərinin ikili
prinsiplərlə yanaşması
konfliktin ömrünün
xeyli dərəcədə
uzanmasına səbəb
olub: "Ancaq biz bir şeyi dərk
etməliyik ki, işğal olunan bizim ata-baba torpağımızdır və
onun düşməndən
azad olunması üçün əlimizdən
gələni etməliyik.
Artıq
konfliktin yarandığı
gündən 20 ildən
çox bir vaxt keçib. Heç də az olmayan
bu müddət ərzində Azərbaycanda
yeni bir nəslin formalaşması
prosesi gedir. Xüsusilə bu istiqamətdə gənclərin
üzərinə böyük
iş düşür.
Onların tam vətənpərvər hisslərlə, milli şüura bağlı şəkildə tərbiyə
olunması, Dağlıq
Qarabağ probleminin əsl mahiyyəti ilə yaxından tanış olmaları olduqca zəruri bir məsələdir".
Tarixçi Həyat
Məhərrəmovanın sözlərinə görə,
vətənpərvərliyin mahiyyəti Vətənə
məhəbbət və
öz şəxsi maraqlarını Vətən
yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdan
ibarətdir: "Bu bağlılıq
həm də mənsub olduğu millətin etik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan
milli hissiyyat və milli qürur
kimi hallanır. Burada Vətənin xarakteri, mədəni incilərini qorumaq da vətənpərvərlik
keyfiyyətinə aiddir.
Bu hissin tarixi
kökündə min illər
boyu yaşamış,
möhkəmlənmiş, öz
ana torpağına, dininə və adət-ənənələrinə bağlanmış dövlətçilik
durur. Millətin və dövlətçiliyin
formalaşması şəraitində
vətənpərvərlik onun inkişafının ümummilli anlarını
əks etdirən ictimai düşüncənin
tərkib hissəsinə
çevrilir.
Milli dövlətin qarşısında
duran ən başlıca işlərdən
biri əhaliyə düzgün, sağlam vətəndaşlıq və
vətənpərvərlik hisslərini aşılamaqdır. Qloballaşan dünyada sağlam milli-mənəvi dəyərləri
qorumaq çox çətindir. Hazırkı dövrün sürətli
informasiya, yeni kommunikasiyalar əsri olduğunu nəzərə
alsaq, o zaman gənclərin beyninin zərərli ideologiyalarla
zəhərlənməsinin qarşısı da düşünülmüş metodlarla alınmalıdır.
Sözsüz ki, hər bir ölkədə vətənpərvərlik əhval-ruhiyyəsinin
səviyyəsi həmin
dövlətdə aparılan
təbliğatın miqyasından
asılıdır. İnsanların mənəvi kamillik, özünüdərk dərəcəsinin
yüksəldilməsi istiqamətində
işlərin görülməsi
milli ideologiyanın tərkib komponenti olmalıdır. Təbii ki,
söhbət zorakı
metodlardan getmir. Gənclərin maraq göstərdiyi
texnologiyaların tərkibində
dövlətin gənclərlə
bağlı siyasətinə
cavab verən alternativ təbliğat sistemi qurulmalı və bu təbliğatın
aparılmasına dövlətin
bütün mümkün
resursları cəm olunmalıdır".
Ekspert dedi ki, gənc nəsildə
milli mənlik şüurunun inkişaf etdirilməsi bu gün ən aktual məsələlərdən
biri hesab olunur. Onun dediyinə
görə, dövlətin,
dilin, adət-ənənələrin
yaşadılmasını şərtləndirən
faktorlardan biri də gənclərin milli mənlik şüurunu dərk etməsindən keçir:
"Milli mənlik şüuru özünüdərk
deməkdir. Milli özünüdərk deyəndə ilk növbədə
insan bağlı olduğu tarixi kökü, milli mənsubiyyətini, Vətəninin
tarixini bilməli və dərindən təhlil etməyi bacarmalıdır. Hər bir
gənc, vətəndaş
dərk etməlidir ki, hansı Vətəni, milləti, milli xüsusiyyətləri
təmsil edir. Eyni zamanda, milli dəyərlərin tarixin
hansı mərhələlərindən
keçdiyini bilməlidir.
Bir daha xatırladaq ki, dünyada gedən qloballaşma prosesinin sürətlənməsinin
bu məsələyə
də mühüm təsiri var. Gənclərimizin
əksəriyyəti Avropa
dəyərlərini mənimsəməyə
çalışır. Düzdür,
Avropa dövlətləri
böyük inkişaf
mərhələsi keçib
və hazırda bu coğrafiyada olan ölkələr dünyanın ən inkişaf etmiş dövlətləri sırasındadır.
Bu baxımdan da gənclərimizin Avropadan öyrənməli
olduğu çox zəruri məsələlər
var. Ancaq bəzən Avropa dəyərləri altında gənclərimiz
elə təbliğatın
təsirinə düşür
ki, bu həm
bizim milli, mental, həm də dini dəyərlərimizlə
kəskin ziddiyyət təşkil edir. Gənclərimizlə bağlı
təbliğatın aparılmasında
bir az
mühafizəkar olmaq
lazımdır. Milli şüuru
deqradasiyaya uğradan,
vətənpərvərlik hisslərini öldürən,
adət-ənənələrimizlə tamamilə ziddiyyət təşkil edən təbliğatın qarşısı
kəskin şəkildə
alınmalıdır.
Bu gün Azərbaycanda gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən biridir. Torpaqlarımızın bir qisminin işğal altında olduğu bir şəraitdə bu yöndə təbliğatın gücləndirilməsi vacib əhəmiyyət kəsb edir. Çünki dövlətin qarşısında duran başlıca vəzifələrdən biri də gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdir". Tarixçi bildirdi ki, gənclərin aparıcı qüvvə olaraq gələcəkdə dövlətin yükünü öz üzərində daşımalı olacağını nəzərə alanda, sözügedən məsələyə son dərəcə həssas yanaşmaq reallığı ortaya çıxır. Müsahibimiz onu da qeyd edək ki, sözügedən məsələdə milli mənlik şüuru ilə vətənpərvərlik hissi bir-biri ilə sıx bağlıdır: "Bir şeyi unutmaq olmaz ki, gənclərin vətənpərvərlik ruhunun yüksək olması hər mənada dövlətin xeyrinədir. Fərqi yoxdur, həmin gənc hərbçidir, yoxsa fəhlə. Hansı peşə üzrə əmək fəaliyyəti ilə məşğul olmasından asılı olmayaraq, gənc nəsildə vətənpərvərlik, torpağa, dövlətə sədaqət hissləri yüksək olmalıdır. Azərbaycan dövləti tərəfindən son illər bu istiqamətdə bir sıra addımlar atılır, sistemli işlər görülür, müəyyən layihələr həyata keçirilir. Bütün bunlarla yanaşı, gənclərdə vətənpərvərlik hisslərinin yüksək olması ilk növbədə onların milli-mənəvi özünüdərkindən keçir. Hər bir gənc, vətəndaş dərk etməlidir ki, hansı Vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. Xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycan müharibə vəziyyətində olan dövlətdir. Ərazilərimizin 20 faizi işğal altındadır. Belə bir situasiyada gənclərin milli-mənəvi dəyərlərə bağlılığı çox önəmli və vacib əhəmiyyət kəsb edir. Milli mənlik şüurunun inkişaf etdirilməsi üçün bir sıra parametrlərin nəzərə alınması vacibdir. Başlıca olaraq bu məsələdə müasir dövrün tələblərinin nəzərə alınması və ona uyğun olaraq işin qurulması önəmli məsələdir. Ölkəmizin dövlət müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpa olunması ilə bağlı Azərbaycan gəncliyinin qarşısında çox böyük vəzifələr var.
Bu gün, siyasi mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan gəncliyi Dağlıq Qarabağla bağlı məsələlərdə vahid mövqedən çıxış edir. Bu çox sevindirici haldır. Müharibə şəraitində yaşamağımıza baxmayaraq, Azərbaycan gəncliyinin hərbi xidmətə olan münasibəti çox yüksəkdir. Son vaxtlar orduda, demək olar ki, fərarilik hallarına rast gəlinməməsi gənclərin Qarabağla bağlı istənilən vaxt başlaya biləcək hərbi əməliyyatlarda iştirak etmək üçün hazır olmalarından xəbər verir. Bunlarla yanaşı, Azərbaycan gəncliyi Dağlıq Qarabağla bağlı aparılan və dövlətimizin ümumi mövqeyini əks etdirən bütün siyasi tədbirlərdə olduqca fəal iştirak edir. Beynəlxalq səviyyədə Dağlıq Qarabağla bağlı aparılan təbliğatda Azərbaycan gəncliyinin göstərdiyi fədakarlığı xüsusilə vurğulamaq lazımdır".
Tarixçi qeyd etdi ki, biz müharibə görmüş dövlətik. Ona görə də televiziyalarda, mətbuat orqanlarında, küçə və meydanlardakı böyük reklam lövhələrində vətənpərvərlik hisslərinin gücləndirilməsinə xidmət edən materialların yerləşdirilməsinə önəm vermək lazımdır: "Təkcə mifikləşmiş tarixi qəhrəmanlarımızı təbliğ etməklə kifayətlənmək doğru deyil. Gördüyümüz kimi, Azərbaycan gəncliyi bu istiqamətdə olduqca fəallıq nümayiş etdirir. Ancaq bu o demək deyil ki, bu yöndə olan təbliğat tamamilə unudulmalıdır. Bir sözlə, Dağlıq Qarabağla bağlı gənclər arasında təbliğatın daimi aparılmasına böyük ehtiyac var".
Müasir Azərbaycan gəncliyinin Dağlıq Qarabağ probleminin həllində rolu barədə fikirlərini əməkdaşımızla bölüşən gənc, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi təmsilçisi Aytac Əliyevanın fikrincə, hazırkı Azərbaycan gəncliyinin əksəriyyəti dövlətimizin taleyinə yazılmış bu acı konfliktin tarixi ilə həmyaşıddır: "Biz bu müharibənin tarixi ilə birgə böyüyərək, onun doğurduğu acıları içimizdə çəkərək gənc olmuşuq. Mən də başda olmaqla, bugünkü Azərbaycan gəncliyi torpaqlarımızın bir qarışını da düşmənə güzəştə getmək fikrində deyil. Biz Dağlıq Qarabağla bağlı dövlətimizin qəbul edəcəyi bütün qərarları canla-başla həyata keçirməyə hazırıq. Ölkə başçısı dəfələrlə vurğulayıb ki, Ermənistan tərəfi konstruktiv mövqe tutmayacaqsa, digər vasitələrə əl atacağıq. Mən əminəm ki, siyasi əqidəsindən asılı olmayaraq, özünü Azərbaycan Respublikasının vətəndaşı bilən hər bir gənc torpaqlarımızın geri qaytarılmasında əlindən gələni əsirgəməyəcək".
Gənclərin siyasi və beynəlxalq müstəvidə də Dağlıq Qarabağla bağlı aktiv təbliğat apardığını bildirən gənc ədəbiyyatşünas Kəmalə Əmirxanovanın dediyinə görə isə, gənclərimiz təmsil olunduqları bütün beynəlxalq tədbirlərdə haqlı tələbimizi səsləndirirlər. Onun dediyinə görə, dövlətimiz müharibə etməyə hazır olsa da, o bu bu problemin ilk əvvəl sülh yolu ilə nizama salınmasını istəyir: "Gənclərimizin iştirak etdiyi beynəlxalq simpoziumlarda Azərbaycanın sülh tərəfdarı olduğunu bəyan edirlər. Eyni zamanda, torpaqlarımızı silah yolu ilə azad etmək gücündə və ruhunda olduğumuzu da dünyaya bəyan edirlər. Gənclərimizin Dağlıq Qarabağ problemi ətrafında istənilən yöndə apardığı fəaliyyəti qənaətbəxş hesab etmək olar. Beynəlxalq tədbirlərdə siyasi fikir ayrılığı olan gənclərin bu mövzu ətrafında eyni mövqedən çıxış etməsi bizi çox sevindirir".
İradə SARIYEVA
Bakı xəbər.-2014.-3
aprel.-S.15.