Asudə vaxtın təşkili üzrə
dövlət tədbirləri və gəncliyin
formalaşması...
Dövlət gəncliyin tərbiyəsinə, onun əxlaqlı,
vətənpərvər, milli şüura bağlı
yetişməsinə böyük maraq göstərir. Söz yox ki, görülən bütün tədbirlərdən
gənclər faydalanır. Ölkədə
gənclərin sağlam ruhda inkişafı üçün
yaradılan şərait onların gələcək
yaşamına bir stimul verir. Azərbaycanda
dövlət səviyyəsində gənclərlə
bağlı bir sıra sənədlər, dövlət
proqramları qəbul edilib.
Onlardan biri də Prezident
İlham Əliyevin Sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Proqramıdır. Bilirik ki, gənclərin
dinamik fəaliyyətinin təmin edilməsi üçün
böyük tədbirlər görülür. Deyərdik
ki, Gənclər Fondunun yaradılması, gənclərin asudə
vaxtının təşkili, gənclərin məşğulluğunun
təmin edilməsi və s. işlərin görülməsi
sözügedən Dövlət Proqramında geniş əksini tapıb.
Sosioloq Təranə
Musalı hesab edir ki, bu proqram bir daha ölkə
başçısının gənclərə diqqət və
qayğısının bariz nümunəsi kimi
özünü göstərir. Onun dediyinə görə, gənclər
bu proqramın hər bəndində öz maraqlarının təmin
olunduğunu görə bilir: "Azərbaycan gəncliyinin
bir müddət diqqətdən kənar
qaldığını hər kəs bilir. Bilirsiz
ki, Sovetlər birliyi dağıldıqdan sonra uzun müddət
keçid dövrünü yaşamağa məhkum olunduq.
Bu illərdə gənclərin tərbiyə məsələsində,
eləcə də onların asudə vaxtlarının səmərəli
keçirilməsi sahəsində ciddi nöqsanlar oldu. Təəssüflər olsun ki, bu profildə olan
müəssisələrin çoxunun fəaliyyəti formal
xarakter daşıdı, bəzi təşkilatlar
qapadıldı. İdman kompleksləri,
yaradıcılıq dərnəklərinin işində
sönüklük əmələ gəldi. Bu da gənclərin vətənpərvərlik tərbiyəsində
müəyyən boşluqlar yaratdı. Gizlin
deyil ki, bu da bir qrup gəncin mənfi təmayüllərə,
pis vərdişlərə meyl etməsinə səbəb
oldu. Biz çox şey itirdik bu qısa
zaman ərzində. Ancaq şükürlər
olsun ki, bu prosesin qarşısı dövlət səviyyəsində
alındı. Bu gün gənclərin asudə
vaxının səmərəli şəkildə təşkili
sahəsində ciddi dönüş yaranıb və bu
onların inkişafına hesablanan tədbirlərdir. Bəllidir ki, "Azərbaycan
gəncliyi 2011-2015-ci illərdə" Dövlət
Proqramının icrasına dövlət büdcəsindən
80 milyon manat vəsaitin ayrılması nəzərdə
tutulub. Məsələ ondadır ki, 2005-2009-cu illər
üçün Azərbaycan Gəncliyi Dövlət
Proqramına büdcədən 8 milyon 385 min manat ayrılmışdısa,
yeni proqrama görə 80 milyon manat vəsait ayırmaq
planlaşdırılır. Bu da əvvəlki
proqrama nisbətən təxminən 10 dəfə artıq
göstəricidir. Bunun gənclərin
milli mənlik şüurunun dərkində və vətənpərvərlik
hisslərinin güclənməsində əhəmiyyəti
böyükdür. Ümumən dövlətin
gənclər siyasəti daha da gücləndirilib və gənclər
proqramının təsdiqlənməsi də gənclərə
dövlət qayğısının artdığını
göstərir. Digər vacib məqam gənclər
siyasətinin həyata keçirilməsi üçün
infrastrukturun inkişafı ilə bağlıdır. Belə ki, sözügedən proqram çərçivəsində
Bakıda Gənclər Mərkəzinin və 10-dan artıq
rayonda gənclər evlərinin tikintisi həyata keçirilib
və yeni tikintilər də nəzərdə tutulur. Təsadüfi deyil ki, görülən bu işlər
çərçivəsində artıq 12 rayonda gənclər
evləri fəaliyyət göstərir. 2012-ci ildən başlayaraq,
ölkənin bir rayon və ya şəhəri "Gənclər
paytaxtı" elan edilir. Deyim ki, bu il Quba
"Gənclər paytaxtı" statusu qazandı. Onu da deyim
ki, hansısa bir rayonun, şəhərin "Gənclər
paytaxtı" seçilməsi üçün gənclərin istəkləri
nəzərə alınmaqla, müsabiqə, səsvermə
keçirilir, paytaxtda gənclərlə bağlı tədbirlər
inkişaf etdirilir. Həmin rayon
gəncləri iş sahəsində təcrübə əldə
edir. Digər tərəfdən, Azərbaycan
dövləti "qara qızılın insan kapitalına
çevrilməsi" kontekstində geniş biliklərə və
dünyagörüşə malik yeni kreativ nəsil gənclərin
formalaşmasına xüsusi önəm verir".
T.Musalı bildirdi ki, Azərbaycanda bu
gün uğurlu gənclər siyasəti həyata
keçirilir və sözügedən siyasət, eyni zamanda,
müasir dövrün tələblərinə və
reallıqlarına uyğun olaraq keyfiyyətcə yeni bir mərhələyə
qədəm qoyub desək, yanılmarıq: "Məsələ
ondadır ki, son dövrlər dövlət gənclərə
sosial dəstək, gənclərin asudə vaxtını səmərəli
keçirməsi ilə bağlı layihələrə
xüsusi önəm verir. Sözügedən dəstəyin
mühüm istiqamətlərindən biri gənclərə
dövlət dəstəyinin gücləndirilməsindən,
onlara hərtərəfli diqqət göstərilməsindən
ibarətdir. Son illər ölkəmizdə
gənclərlə bağlı görülən bir sıra
işlər və bu çərçivədə həyata
keçirilən layihələr gənclərin hərtərəfli
inkişafının təmin olunması üçün
sosial-iqtisadi, təşkilati təminatların
yaradılmasını sürətləndirib. Bununla yanaşı, onların ictimai həyatda fəallığının
artmasına kömək edib. Təsadüfi
deyil ki, bu gün ölkəmizdə gənclər siyasəti
dövlət siyasətinin mühüm tərkib hissəsinə
çevrilib. Azərbaycan gəncliyi ictimai
həyatın bütün sektorlarında aktiv fəaliyyəti
ilə seçilir. İqtisadi, humanitar,
sosial tədbirlərin həyata keçirilməsində
mühüm rol oynayır. Eyni zamanda, son bir neçə
il ərzində bilavasitə gənclərlə bağlı
xeyli sayda normativ sənədin qəbul olunması ölkəmizdə
gənclərlə iş sahəsində, gənclərin
sosial-iqtisadi inkişafına, onların asudə
vaxtının səmərəli təşkilinə yönəldilmiş mükəmməl
qanunvericilik bazasının formalaşdırılmasından xəbər
verir. Prezident İlham Əliyev tərəfindən
ölkədə həyata keçirilən gənclər siyasəti
gənclərin bütün təbəqələrinin hərtərəfli
inkişafını təmin etməkdədir. Göstərilən bu cür dəstəklə
yanaşı, gənclərin asudə vaxtının səmərəli
təşkil olunması da dövləti ciddi
düşündürən bir məsələdir. Bəllidir ki, gənclərin asudə vaxtı
çox olur. Bu vaxtdan səmərəli
istifadə edilməməsi müxtəlif mənfi fəsadlara
gətirib çıxara bilər. Bəzən
asudə vaxtın çoxluğu gənclərin zərərli
vərdişlərə qurşanmasına səbəb
olur".
Ekspert dedi ki, son vaxtlar gənclərlə
bağlı yürüdülən siyasət çərçivəsində
bölgələrdə inşa edilən olimpiya idman kompleksləri
məhz bu məqsədlər üçündür. Onun dediyinə görə, yalnız fiziki cəhətdən
sağlam gəncliklə dövlətin irəliləyişinə
nail olmaq mümkündür. Gənclərin
asudə vaxtının səmərəli keçirilməsi
baxımından onların idmanla məşğul
olmasının rolu əvəzsizdir. O bildirdi ki, bədənin
sağlamlığını qorumaq üçün isə
insan bu prosesə gənc yaşlarından start verməlidir:
"Ölkə əhalisinin sayında gənclərin
xüsusi çəkisini nəzərə alsaq, fərdi təşəbbüslərin
gənclərin ümumi sağlamlığındakı roluna
təsirini məqbul saymaq olmaz. Yəni hansısa gəncin fərdi
idmanla məşğul olması bəyəniləndir, ancaq
bunun daha çox fərd kimi onun özünə xeyri ola bilər. Gənclərin fiziki
inkişafına nail olmaq bütün dövlətlərin
yürütdüyü siyasətdə prioritet faktor olaraq
qalır. Fiziki inkişaf, sağlamlaşma ilə
yanaşı, həm də gənclərin mənən
formalaşmasına xidmət edir. Milli gəncliyimizin
həm sağlam böyüməsi, həm də mənəvi
inkişafı cəmiyyətin bütün təbəqələrini
ciddi düşündürməlidir. Bu sahəyə
dövlət qayğısının nə dərəcədə
olduğunu araşdırdıqda məlum olur ki, Azərbaycan
dövləti gənclərin fiziki inkişafına nail olmaqla
onların mənəvi formalaşması ilə bağlı
mühüm dövlət tədbirləri həyata
keçirir. Məlumdur ki, bütün bu tədbirlər
gənclərin asudə vaxtının səmərəli təşkil
olunması proqramı əsasında baş tutur. Gənclərin
asudə vaxtının səmərəli keçirilməsi
ilə bağlı dövlət, onlara yaradılan idman şəraiti
ilə yanaşı, digər tədbirlərin də həyata keçirilməsinə
xüsusi dəstək verir".
Onun sözlərinə
görə, gənclərin yay tətillərini səmərəli
keçirməsi üçün yaradılan "Yay Məktəbləri"
layihəsi çərçivəsində gənclər həm
gözəl istirahət edir, həm də onların digər gənclərlə
sağlam ünsiyyəti yaranır. Ekspert hesab edir ki, dövlət tərəfindən
gənclərin asudə vaxtının səmərəli
keçirilməsi ilə bağlı həyata keçirilən
tədbirlərin və gənclərə verilən dəstəyin
onların milli şüurunun inkişafına və vətənpərvərlik
hisslərinin artmasına böyük təsiri var: "Asudə
vaxtın səmərəli keçirilməsi
baxımından "Gənclər ev"nin
inşa edilməsi haqqında Prezident Sərəncamını
da bu istiqamətdə olan əlamətdar hadisələrdən
saymaq olar. Bu, gənclərin asudə
vaxtlarının səmərəli keçirilməsinə, gənclərlə
işin yeni müstəvidə qurulmasına, onların ictimai
həyatın bütün sahələrində fəal
iştirak etməsinə və yeni inkişafın əsas
qüvvəsinə çevrilməsinə imkan verəcək.
Ötən ilin aprelində Prezident gənclərlə
görüşündə bu istiqamətdə fəaliyyətin
gücləndirilməsini və gənclərə dövlət
qayğısının artırılmasını əsas vəzifə
kimi qeyd edib.
Gənclərin asudə
vaxtının səmərəli təşkilinin onların həyatında
oynadığı müsbət rolla bağlı fikirlərini
bizimlə bölüşən idman müəllimi Qurban
Əliyevin fikrincə, gələcək nəslin sağlam
yetişməsi, onların milli şüura bağlı vətənpərvər
olması baxımından bu məsələ olduqca əhəmiyyətlidir. Onun qeyd etdiyinə
görə, gənclər təşkilatlarının həyata
keçirdiyi layihələr əsasən bu istiqamətdə
olur.
Gənclər təkkilatlarından
birinin rəhbəri Nəsimi Zeynalovun fikrincə də təşkilatlar
böyük iş görür. O, əməkdaşımızla
söhbət zamanı deyib ki, rəhbərlik etdiyi təşkilatın
əsas məqsəd və məramı yeniyetmələrin
asudə vaxtını səmərəli təşkil etməkdən
ibarətdir: "Hesab edirəm ki, asudə vaxtın vətənpərvərliklə
əlaqəsini təhlil etdikdə ortaya bir amil
çıxır. O da idmandır. Çünki
ruhən sağlam olmayan gəncin vətənpərvərliyi
də zəif olacaq. Deyilən müsbət nəticəni
əldə etmək üçün biz gənclərin asudə
vaxtının səmərəli təşkilinə nail
olmalıyıq. Bizim təşkilata belə
layihələrin həyata keçirilməsində dövlət
tərəfindən böyük dəstək olur. Bu məsələdə Gənclər və
İdman Nazirliyinin adını xüsusilə vurğulamaq istərdim.
Bəzi idman federasiyaları ilə də əməkdaşlıq
edirik. Qeyd etməliyəm ki, hər şey
maddiyyata bağlı olanda bəzən müxtəlif problemlər
ortaya çıxa bilir. Məsələn,
hansısa gənc ağıllıdır və asudə
vaxtını səmərəli keçirmək istəyir.
Ola bilər ki, onun maddi imkanı hansısa zala
aylıq pul ödəməyə çatmasın. Bütün bunları nəzərə alaraq biz
yeniyetmələr üçün "Pəhləvan"
idman klubunda pulsuz məşğələlər
keçiririk. Təşkilatımızın
əsas şüarı gənclərin zərərli vərdişlərdən
uzaqlaşdırılmasından ibarətdir. Dərindən araşdırdıqda məlum olur ki,
çox insanlar həyatını məhz bu amilə görə
qurban verir. Gənclik insanın ən həssas
dövrüdür. Yəni həmin periodda
insanın təməli necə qoyuldusa, elə də gedəcək.
Bütün zərərli vərdişlərə
olan meyl isə boş vaxtın çoxluğundan irəli gəlir".
O bildirib ki, asudə vaxt
baxımından hərbi xidmətə qədər gənclərin
idmana cəlb olunmasının və onların əsgərlərlə
görüşməsinin yeniyetmələrin milli
şüuruna və vətənpərvərlik hisslərinə
çox müsbət təsiri olur. "Çalışırıq
ki, asudə vaxtın təşkili çərçivəsində
apardığımız təbliğat,
gördüyümüz işlər gənclərin Vətənə
bağlılığına, onların milli şüurunun
inkişafına yönəlsin. Son vaxtlar gənclərin
daha çox şou-biznesə meylləndiyini
görürük. Bu da bizi ciddi narahat edir.
Çünki müharibə şəraitində
olan ölkədə çalışıb Vətəninə
bağlı olan, igid döyüşçülər
yetişdirməliyik" - deyə təşkilat rəhbəri
bildirib.
İradə
SARIYEVA
Bakı xəbər.-2014.-4-6
aprel.-S.15.