İstedadlı gənclərin
yenilikçi ideyalarına özəl şirkətlərin dəstəyi
əhəmiyyətli vətənpərvərlik tərbiyəsi
üsuludur
İstedad elə bir nemətdir, elə bir vergidir ki,
onu Allah hər gəncə, hər insana qismət etmir. Azərbaycan gəncləri arasında kifayət qədər
istedadlı, bilikli, intellektli insanlar var ki, xalqımız,
dövlətimiz onlarla fəxr edir. Bilirik
ki, gənclər cəmiyyətdə də, dövlət
quruculuğunda da hər zaman aparıcı mövqe tutur.
Bu da müsbət bir haldır.
Bunu demək də yerinə
düşərdi ki, gənclər dövlətin əsas
aparıcı təbəqəsi olmaqla yanaşı, eyni
zamanda əmək qabiliyyətli əhalinin əsas hissəsini
təşkil edir. Məlumdur ki, onların sahib olduğu
enerjini, potensialı doğru istiqamətə yönəltmək
bu gün ən aktual məsələlərdən biridir.
Çünki günbəgün dəyişən
dünya reallıqları bunu tələb edir.
Tarixçi Ələddin Qələmçəlinin
dediyinə görə, çağdaş dünya ilə
ayaqlaşmağın bir sıra yolları var ki, onlardan biri gəncliyin
təhsil səviyyəsinin yüksəldilməsidirsə, digər
vacib olanı isə onların məşğulluğunun təmin
olunmasıdır": Gənclərin mükəmməl səviyyədə
formalaşmasında bu iki faktorun müstəsna rolu var. Məşğulluğun
təmin olunması həm də ölkənin dinamik olaraq
inkişaf etməsini şərtləndirir. Bu
istiqamətdə də gənclərin işlə təmin
olunması önəmli rola malikdir. Dünyəvi
əsaslara söykənən ölkələrdə məşğulluğun
təmin olunması iqtisadiyyatın müxtəlif sahələrinin
inkişaf etdirilməsinə əsaslanır. Məlum olduğu kimi, bazar iqtisadiyyatı sistemini
seçmiş ölkələrdə iqtisadiyyatın əsas
çəkisini özəl sektor təşkil edir. Azərbaycan da müstəqillik əldə etdikdən
sonra bazar iqtisadiyyatı yolunu seçib. Əmək
fəaliyyəti ilə məşğul olanların
böyük hissəsi özəl sektorda
çalışır. Azərbaycanda bu
gün əmək qabiliyyətli gənclərin böyük
hissəsi məhz xidmət sektorunda - ticarət, turizm, iaşə,
tikinti, buna bənzər sahələrdə
çalışır. İlbəil
özəl sektorda çalışan gənclərin sayı
artır. Ona görə də özəl sektorda əmək
fəaliyyəti ilə məşğul olan gənclərlə
iş aparmaq, onların milli mənlik şüurunun, vətənpərvərlik
hisslərinin inkişaf etdirilməsinə yardım etmək və
bununla bağlı işlək mexanizm tapmaq vacib məsələlərdən
biridir. Çünki dövlət sektorunda
çalışan gənclərlə bağlı lazımi
işlər görülür. Hökumət
gənclərin məşğulluq və təhsil probleminin həlli
istiqamətində bir sıra işlər görür. Aparılan dövlət siyasətinə uyğun
olaraq gənclərin bilik və bacarıqlarının
düzgün qiymətləndirilməsi və məşğulluq
imkanlarının artırılması istiqamətində atılan
addımlar onlara göstərilən diqqətin nəticəsidir".
O qeyd etdi ki, Azərbaycanın müstəqillik əldə
etdiyi dövrə baxsaq görərik ki, son bir neçə
ildə dövlət səviyyəsində gənclərin məşğulluğunun
təmin olunmasına, işsizlik probleminin həllinə
yönəlik bir sıra işlər görülüb:
"Dövlət sektorunda çalışan gənclərə
diqqət və qayğı hökumətin əsas fəaliyyət
istiqamətlərindən birinə çevrilib. Dövlətin gənclər siyasəti bu yöndə
bir sıra problemlərin həllinə hesablanıb. Yeni nəslin inkişafının əsas vasitəsi
onların dövlətin və cəmiyyətin sosial-iqtisadi,
ictimai-siyasi və mədəni həyatında
iştirakının təmin edilməsidir. İstedad elə bir məfhumdur ki, ona mütləq
qayğı olmalıdır. Xüsusi istedada malik şəxs
özünə qarşı diqqət hiss etməyəndə
bir qədər passivləşir, onun üçün növbəti
uğurlara imza atmaq çətinləşir. İnsanın
xüsusi istedada malik olması gənclik dövründə
üzə çıxır. Gənclik
dövrü isə insan həyatının ən həssas və
diqqətə meylli periodudur. Gəncliyin
istedadı istənilən sahədə üzə
çıxa bilər. Bu baxımdan da
istedadlı gəncləri həvəsləndirmək
üçün istər dövlət, istərsə də
hüquqi və fiziki şəxslər tərəfindən
xüsusi mükafatlar təsis edilərək belə
kateqoriyalı insanlara verilməlidir".
Ekspertin fikrincə, bu sahədə
Azərbaycan dövləti çox mühüm işlər
görüb və görməkdədir. Onun sözlərinə
görə, ancaq bu işi yalnız dövlətin həyata
keçirməsi ilə kifayətlənmək olmaz. O
hesab edir ki, gərək imkanlı şirkətlər, bəzi
fiziki şəxslər də belə məsələlərdə
fəal olsun": Çünki qayğı ilə
yanaşılan gəncin istənilən sahədə
qazanacağı uğura, onun özü ilə yanaşı,
həm də Azərbaycan dövləti şərikdir. Bir sözlə, bu həm də bizim uğurumuz
sayılır. Müasir dövrdə
artıq mübahisəsiz təsdiq olunub ki, dövlətin gələcəyinin
etibarlı təminatı intellektual səviyyəli potensial
kadrların yetişdirilməsindən keçir. Yəni elmin inkişafı dövlətin gələcəyi
deməkdir. Bu gün Azərbaycan gəncləri
ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə
fəal iştirak edir. Gənclərlə iş sahəsində
görülən tədbirlər onların inkişafına təkan
verir, cəmiyyətdə özlərini təsdiq etməsində
böyük rol oynayır. Ölkəmizdə gənc
nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların
sağlamlığının qorunmasına xüsusi
qayğı ilə yanaşılır. Azərbaycanın
aparıcı dövlətə çevrilməsi naminə gənclərin
imkanlarından daha səmərəli istifadə edilməsi, həmçinin,
bunun üçün əlverişli şəraitin
yaradılması gənclər siyasətinin əsasını
təşkil edir. Bundan əlavə, gənclərlə
bağlı dövlət siyasətinin uğurla həyata
keçirilməsi məqsədilə zəruri qanunvericilik
bazasının formalaşdırılması da təmin edilib.
Bunlardan biri də Azərbaycanın təhsil,
elm, texnika, mədəniyyət sahəsində xüsusi
istedada malik gənclərlə bağlı yeridilən
dövlət qayğısı siyasətidir".
Gənc idman müəlliməsi
Elnarə Qurbanqızının dediyinə görə də
dövlətin istedadlı gənclərlə bağlı
siyasəti qənaətbəxşdir. E.Qurbanqızının sözlərinə
görə, 1996-2002-ci illərdə qəbul olunan "Bədən
tərbiyəsi və idman haqqında", "Gənc
istedadlar üçün xüsusi təqaüdlərin təsis
edilməsi haqqında", "Azərbaycanın gənc
istedadlarına dövlət qayğısı haqqında",
"Dövlət gənclər siyasəti haqqında"
qanun, fərman və sərəncamlar, habelə "Gənc
ailə" proqramı, "Gənclərdə vətənpərvərlik
və vətəndaşlıq hisslərinin yüksəldilməsi
haqqında", "İstedadlı yeniyetmələrin və
yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin
həllinə yönəlmiş, onların öz qabiliyyətlərini
inkişaf etdirməsinə kömək edən Dövlət
Proqramı", "Ordudan tərxis olunmuş gənclərin
məşğulluğu" Dövlət Proqramı bu qəbildəndir.
Qanunlar, fərman, sərəncam və dövlət
proqramları gənc nəslin mütəşəkkil qüvvə
kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən
tam yetkinləşməsinə, sosial problemlərinin həllinə,
faydalı məşğulluğunun təmin olunmasına təsir
göstərdi: "Dövlətlə yanaşı, bəzi
fiziki və hüquqi şəxslərin də istedadlı gəncləri
həvəsləndirmək üçün xüsusi
mükafatlar təsis etməsinin şahidi oluruq. Təkcə bir faktı yada salmaq kifayət edər
ki, Azərbaycan cəmiyyətinin bütövlükdə
öz gənc istedadlarına necə yanaşdığına
qiymət verəsən. Olimpiadada yüksək
nəticələr qazanan gənclərimizə dövlət tərəfindən
çoxsaylı hədiyyələr, xüsusi pul
mükafatları təqdim olundu. Həmin vaxt
Azərbaycanın ayrı-ayrı tanınmış şirkətləri
tərəfindən də gənc idmançılara müxtəlif
bahalı mükafatlar verildi. Bu hədiyyələrin
sırasında şirkətlər tərəfindən
idmançılara təqdim olunan mənzilləri, bahalı
avtomobilləri göstərmək olar. Dövlətin
qayğısı ilə yanaşı, həm də fiziki və
hüquqi şəxslərin diqqətini hiss edən istənilən
istedadlı gənc bununla qürur duyur və yalnız növbəti
nailiyyətlər barədə düşünməyə
başlayır. İdmanla yanaşı, bəzi
şirkətlərin elmdə nailiyyətlərə imza
atmış gənclərə xüsusi mükafatlarının
təsis edilməsi hallarına da çox rast gəlirik.
Yuxarıda dövlətin bu
istiqamətdə gördüyü işlər barəsində
ətraflı məlumat verdik".
Bu kimi qayğının istedadlı gənclərə müsbət təsir etdiyini deyən Gənc Alimlər, Aspirantlar və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov da hesab edir ki, istedadlı gənclərə, dövlətin qayğısı ilə yanaşı, özəl sektorun da diqqəti böyük olmalıdır. Onun sözlərinə görə, onun rəhbərlik etdiyi təşkilat öz ətrafında xüsusi istedada malik gəncləri cəmləşdirir: "Bu baxımdan da biz istedadlı gənclərə dəstəyin hansı səviyyədə olmasından xəbərdarıq. Biz özəl qurumların, biznes strukturlarının istedadlı gənclərlə sıx təmasda olmaları üçün əlimizdən gələni edirik. Gələcəkdə də bu istiqamətdə həyata keçirmək istədiyimiz layihələr var. Xüsusi istedada malik gənclərin fəaliyyətinin stimullaşdırılması, onların innovativ ideyalarının, səmərəliləşdirici təkliflərinin dəstəklənməsi baxımından biznes strukturları xüsusilə maraqlı olmalıdır. Məsələyə dövlətin dəstəyilə özəl qurumların dəstəyinin səviyyəsinin müqayisəsi kontekstindən yanaşsaq, özəl qurumların geridə olduğunun şahidi olarıq. Düzdür, bu o demək deyil ki, ümumiyyətlə belə dəstək yoxdur. Məsələn, mən BP şirkətinin gənc alimlərə göstərdiyi dəstəyi göstərə bilərəm. Bu şirkətin əməkdaşlığından, gənclərlə yanaşı, BP-nin özü də mənfəət əldə edir. Gənclərin yaradıcılığına verdikləri dəstəyin fonunda meydana çıxan ixtiranı onlar öz şirkətlərində innovativ ideya kimi tətbiq edir və bunun xeyrini görmüş olur. Özəl sektorun istedadlı gənclərlə bağlı həyata keçirdiyi layihələrin çox olması, bu istiqamətdə fəaliyyətin gücləndirilməsi ilə bağlı yaxın vaxtlarda geniş bir tədbir keçirməyi planlaşdırırıq. Bir dəfə belə bir tədbirin keçirilməsi ilə yaxşı nəticələr əldə etdik. 2010-cu ildə gənc alimlərin innovativ ili yarmarkasını keçirdik və 100-ə qədər gənc alimin ixtirasını nümayiş etdirdik. Bütün nüfuzlu elm adamları sərgini və alimlərin işlərini bəyəndi, bütün işlərdə yeniliyin olduğunu təsdiqlədilər. Belə yarmarkalar dünyanın inkişaf etmiş ölkələrində də keçirilir. İstedadlı gənclərin meydana çıxardığı ideyalara özəl qurumlar dəstək verməlidir ki, həmin ixtiraların tətbiqinə nail olunsun. Təşkilatımız Elmin İnkişaf Fondu ilə birlikdə yay aylarında buna bənzər bir tədbir keçirir".
O deyib ki, iki il əvvəl keçirilən yarmarkanın budəfəki formatı bir qədər fərqli olub və daha geniş spektri əhatə edib.
Onun qeydlərinə görə, xüsusi istedada malik gənclərə özəl qurumların diqqətinin daha çox olması zəruridir. O hesab edir ki, bununla da istedadlı gənclərlə onlar arasında möhkəm bir körpü yaratmaq mümkündür: "Bizim verdiyimiz bir sıra təkliflər qəbul edilən gənclərlə bağlı Dövlət Proqramında da yer alıb. Verdiyimiz təkliflərdə daim istedadlı gənclərə diqqətin artırılmasına toxunuruq. Özəl qurumlar da bu işdə xüsusilə maraqlı olmalıdır. Belə olduqda istedadlı elm adamı olan gənc öz arxasında gücün olduğunu duyacaq və daha böyük uğurlara imza atacaq. Göstərilən qayğının nəticəsində gənclər daha da vətənpərvər olur. Xüsusi istedadlı gənc deyəndə biz cəmiyyətə lazım olan bir fərd başa düşürük. Bəli, onlara dünyanın hər yerində böyük ehtiyac var. Elə etməliyik ki, həmin gənclər bizdən küsməsin, xarici dövlətlərə üz tutmasın. Mən dövlətin bu istiqamətdə atdığı addımları dəstəkləyirəm".
Əlbəttə, bu qayğının gənclərin vətənpərvərlik tərbiyəsində rolu əvəzsizdir. Hesab edirik ki, sahibkarlar, özəl şirkətlər dövlətlə bərabər gənc istedadlara dəstək versələr, bunun onlara çox müsbət təsiri olacaq.
İradə SARIYEVA
Bakı xəbər.-2014.-7
aprel.-S.12.