Gənclər təşkilatları gəncliyin mənəvi-hüquqi formalaşmasını müdafiəsini təmin etmək iqtidarındadırmı?

 

 Azərbaycan dövlətində qəbul olunan qanunların xalqın, xüsusən cəmiyyətdə əsas qüvvə sayılan gənclərin maraqlarına uyğun olması nəzəri cəlb edir. Bu da bizə əsas verir ki, dövlətimizin qanunlarının daha mütərəqqi olduğunu qeyd edək. Məlum olduğu kimi, qanunların sivil dünya dövlətlərinin hüquqi dövlət quruculuğu ənənələrinə, beynəlxalq hüquq normalarına, Avropa Şurası dünya demokratik qanunvericilik təsisatları tələblərinə uyğun hazırlanması üçün Azərbaycan Respublikasının Prezidenti yanında 1996-cı ilin fevralında xüsusi hüquqi islahatlar komissiyası yaradılıb.

Bu islahatlar komissiyasının işini, onun gənclərin həyatında oynadığı rolu şərh edən Sumqayıt şəhərində hüquq məsləhətçisi işləyən Aydəmir Mircavadov bizimlə söhbətində bildirdi ki, əvvəllər mövcud olan partiya-sovet ideologiyası prinsipləri əsaslarında formalaşdırılan cəmiyyətin mənəvi mədəni həyatının inkişaf siyasəti qətiyyən indiki cəmiyyətimizin can atdığı ictimai həyata uyğun gələ bilməzdi: "Artıq cəmiyyətin hərtərəfli inkişafını, mənəvi mədəniyyətin əsl zənginlikləri sisteminin yaradılmasını tələb edən yeni baxışlar sistemi formalaşmaqda idi. Bütün bu əlamətdar hadisələrdən sonra respublikanın qarşısında öz milli mənafeyinə uyğun bir çox prioritet vəzifələr dururdu. Onlardan biri dövlət gənclər siyasəti ilə bağlı idi. Bu sahədə müstəqil suveren respublikamızın atdığı ilk addım "Dövlət Gənclər Siyasəti Haqqında" Azərbaycan Respublikası Qanununun qəbulu oldu. Bu dövrü xarakterizə edəndə görürük ki, ictimai-siyasi vəziyyətin mürəkkəb olduğu bir dövrdür. Hakimiyyətdə hansı siyasi qüvvənin olmasından asılı olmayaraq, Azərbaycan gəncləri istər ölkə qarşısında, istərsə öz şəxsi vicdanları qarşısında vəzifələrini yerinə yetirirdi. Kommunist rejimi dövründə mövcud olan gənclər təşkilatları onlar haqqındakı qanunlar artıq öz qüvvəsini itirmişdi".

A.Mircavadovun sözlərinə görə, zəngin potensial enerjiyə malik gəncləri vahid "Dövlət Gənclər Siyasəti Haqqında" Azərbaycan Respublikası Qanunu ətrafında birləşdirmək vacib idi. Bu Qanunun qəbul edilməsi mədəniyyət siyasətinin uğurla yürüdülməsinə güclü təkan vermiş oldu. Hüquq məsləhətçisi bildirdi ki, "Dövlət Gənclər Siyasəti Haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında isə "Dövlət Gənclər Siyasəti Haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi daşıyan 6 may 2002-ci il tarixli qərar verilib: "Əlbəttə Qanun dövlətin mədəni siyasətinin uğurlu başlanğıcı idi. Qanunda Azərbaycan Respublikasında bütün cəmiyyətin mənafeyi naminə gənclərin potensialından daha dolğun istifadə edilməsi üçün sosial-iqtisadi, siyasi-hüquqi, təşkilati şərait və təminatlar yaratmaq məqsədi güdülür. Burada gənclər siyasətinin prinsipləri və məqsədləri müəyyən edilərək, dövrün tələblərinə cavab verə biləcək müddəalar əlavə edilib".

Hüquqşünas dedi ki, qanun bu siyasətin həyata keçirilməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də əhalinin digər sosial qrupları ilə gənclərin əsl hüquq bərabərliyinin təmin olunmasına yönəldilmiş hüquq və vəzifələr sistemini müəyyən edir: " 5 fəsil və 21 maddədən ibarət olan Qanunda dövlət gənclər siyasətinin mahiyyəti və prinsipləri aşağıdakı kimi göstərilib:

- Xalqın gələcəyini müəyyən edən xüsusi ictimai qrup kimi gənclərin özünəməxsus mənafe və ehtiyacları olduğunun etiraf edilməsi;

- Cinsindən, milliyyətindən, dilindən, dini etiqadından, təhsilindən, sosial mənşəyindən və siyasi baxışlarından asılı olmayaraq gənclərin cəmiyyətdə hüquq bərabərliyinə təminat verən hüquqisosial statusunun müəyyənləşdirilməsi;

- Gənclərin hərtərəfli sosial, mənəvi və fiziki inkişafına, onların hüquq və azadlıqlarının həyata keçirilməsinə təminat verən şəraitin yaradılması; gənclərdə xalqın mənəvi irsinə və ənənələrinə, nəsillərin mənəvi əlaqəsinə qayğıkeş münasibətin tərbiyə edilməsi;

- Gənclərin azadlıq, hüquq və vəzifələrinin vəhdəti;

- Gənclərin sosial müdafiəsi üçün hüquqi və təşkilati təminatların yaradılması.

Dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Məhz buna görə də üzümüzə gələn yeni əsrdə xalqımızın problemlərini müasir dünya kontekstində həll edə bilmək üçün Azərbaycan gənclərinin yenidən təşkilatlanması vacib idi. Bu məqsədlə müstəqil Azərbaycan Respublikasında gənclər hərəkatını əlaqələndirmək üçün 1994-cü il iyulun 26-da Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Gənclər və İdman Nazirliyi yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirildi, nazirliyin yerli strukturları formalaşdı, gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi sahəsində lazımi tədbirlər görüldü, bir sıra dövlət proqramları hazırlandı".

Ekspertin sözlərinə görə, göründüyü kimi, gənclərlə bağlı qəbul olunan proqramların hamısında gənclərin sosial müdafiəsinə, onların hüquqlarının qorunmasına, problemlərinin həllinə və mənəvi tələbatlarının ödənməsinə xüsusi önəm verilir.

Onun sözlərinə görə, dövlətin bu istiqamətdə apardığı siyasətdən görünür ki, gənclərin qarşısında duran bütün problemlərin həlli istiqamətində mühüm işlər həyata keçirilir. O dedi ki, sosial problemlər içərisində yaşayan gəncdən çox şey tələb etmək olmur: "Dövlətin gənclərə mühüm sosial problemlərin həllində etdiyi kömək onların milli vətənpərvərlik ruhunda tərbiyə almasına təsir edən faktordur. Sözsüz ki, dövlət qayğısını hiss edən gənc mühüm dəyərlərə daha da bağlı olacaq. "Azərbaycan gəncliyi 2011- 2015-ci illərdə Dövlət Proqramının təsdiq edilməsi haqqında" Prezident Sərəncamında əksini tapan fikirlər gənclər siyasətini daha da inkişaf etdirməyə, gənclərin işlə təminatına, sosial-iqtisadi problemlərinin həllinə öz müsbət təsirini göstərən bir qanunvericilik aktıdır. Azərbaycan günbəgün yeniləşir, müasirləşir. Müasirləşmə dövlət siyasətinin düzgün qurulmasından və bununla bərabər gənclərin fəaliyyətindən asılıdır. Azərbaycan gəncləri müasir, Vətənə, millətə bağlı, dövlətçiliyə sadiq olmalı, eyni zamanda, bütün mütərəqqi təcrübələri öyrənməyə səy göstərməlidir. Azərbaycan gəncliyinin siyasi aktiv təbəqəsinin gənclər təşkilatlarında, siyasi partiyalarda və QHT-lərdə cəmləşdiyini nəzərə alsaq, daşıdığı ideologiyadan asılı olmayaraq, hər bir təşkilat gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların qarşısında duran problemlərin həlli, hüquqlarının müdafiəsi və vətənpərvərlik tərbiyəsinin formalaşması istiqamətində güclü təbliğat aparmalıdır. Yalnız bütün problemlərdən uzaq, öz üzərində dövlətin möhkəm qayğısını hiss edən gənclik milli hisslərə daha çox bağlı ola bilər. Gənc nəsildə milli mənlik şüurunun inkişaf etdirilməsi bu gün ən aktual məsələlərdən biri hesab olunur. Çünki dövlətin, dilin, adət-ənənələrin yaşadılma yollarından biri də gənclərin milli mənlik şüurunu dərk etməsindən keçir. Düzdür, burada digər faktorlar da var, amma öndə gələni milli mənlik şüurudur. Bu faktor həqiqətən də mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Gənclərin buna sahib olması bütövlükdə dövlətin ümummilli ideologiyasının qorunması baxımından müstəsna rola və əhəmiyyətə malikdir".

Hüquq məsləhətçisinin dediyinə görə, dövlət gənclərin hüquqlarının qorunması, onların sosial problemlərinin həlli və mənəvi tələbatlarının ödənməsi ilə bağlı möhkəm qanunvericilik bazası yaradıb.

Ekspert dedi ki, bu halda gənclər təşkilatları üzərinə düşən missiya da böyükdür. Onun sözlərinə görə, QHT-lər bu istiqamətdə fəaliyyətini geniş qurmalıdır.

Qeyd edək ki, "Gənc Hüquqşünas Qadınlar Hüquqi İslahatlar Uğrunda" İctimai Birliyinin rəhbəri Şəfa Camalzadənin sözlərinə görə, gənclərin problemləri ilə bağlı lazımi qanunvericilik bazası olsa da, bəzən onların hüquqi maarifləndirilməsinə böyük ehtiyac yaranır: "Gənclərlə bağlı problemlərin çoxu adətən onların öz hüquqlarını bilməməsi səbəbindən meydana çıxır. Bir QHT olaraq biz əsasən cəzaçəkmə müəssisələrindən azad edilən gənclərin hüquqi maarifləndirilməsi istiqamətində aparırıq. Onlara öz hüquqlarını başa salırıq, qarşılarına çıxan problemlərin həllinə köməklik edirik. Bu istiqamətdə bir neçə layihə həyata keçirmişik. Bundan əlavə, biz gənc hüquqşünaslarla da çox işləyirik. Həmin gənclərin püxtələşmiş bir kadr kimi yetişdirilməsi üçün seminarlar təşkil edərək lazımi maarifləndirmə işlərini aparırıq. Eyni zamanda, həmin gənc kadrların işə düzəlməsi probleminin həllinə də çalışırıq. Bizim fəaliyyətimiz yalnız paytaxtla yekunlaşmır, əsasən regionlarda aparmağa üstünlük veririk. Mövzularımızın əsas aspekti hüquqi maarifləndirmə ilə bağlı olur. Məlumdur ki, yaranmış problemdən gənclər yalnız öz hüquqlarını yaxşı bilməklə çıxa bilər. Apardığımız fəaliyyətin gözəl nəticələri olur. Bu yaxınlarda biz Şirvan şəhərində gənclərlə bağlı böyük bir tədbir keçirdik. Tədbir məhz gənclərin problemlərinin həllinə və onların hüquqi maarifləndirilməsinə həsr olunmuşdu. Bir sözlə, gənclərin problemlərinin həlli istiqamətində əlimizdən gələni edirik".

Gənc hüquqşünas Aysel Kəlbalıyeva isə bildirdi ki, gənclərin problemlərinin həlli, onların hüquqlarının qorunması ilə bağlı çoxlu layihələr hazırlanıb həyata keçirilir. Gənclər təşkilatlarının gənclərin problemini həll etmək iqtidarında olmadığını deyən Aysel xanımın sözlərinə görə, onlar yalnız təkliflər hazırlaya bilir, layihələr işləyir: "Bu qurumlar yalnız onları maarifləndirə, yol göstərə bilər. Bu istiqamətdə region gəncləri ilə də aktiv işləmək lazımdır. Gənclərin rastlaşdığı ən böyük problemlərdən biri də istədikləri işi tapa bilməmələridir. Bəzən ixtisasın düzgün seçilməməsi, ali məktəbdə yaxşı təhsilin alınmaması gənclərin işlə təmin olunmasında problemlər yaradır. Hazırda savadlı kadrlara hər yerdə ehtiyac duyulur. Ancaq təəssüflər olsun ki, bu ölkənin gənclərinin çoxu ya həkim, ya da hüquqşünas olmaq istəyir. Bu da bəzən tapmaqla bağlı problemlərin yaranmasına gətirib çıxarır. Gənclərin fərqli ixtisaslar seçməsi üçün də təbliğat aparırıq. Hesab edirəm ki, valideynlər də gənclərə bu istiqamətdə doğru yol göstərməlidir".

 

 

İradə SARIYEVA

 

Bakı xəbər.-2014.- 9 aprel.-S.11.