Sabunçu rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət
və perspektivlər
Bu il yanvarın 9-da Nazirlər Kabinetinin
iclasındakı nitqində ötən ildə ölkəmizin
sosial-iqtisadi inkişafını geniş təhlil edən Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev həm
də cari-sənaye ilində görüləcək işləri
müəyyənləşdirdi. Cənab Prezident qeyd etdi ki,
keçən il ölkəmiz
üçün uğurlu il olub. Ölkənin
dinamik inkişafı təmin edilib, böyük layihələr
həyata keçirilib, Azərbaycanın beynəlxalq
nüfuzu daha da artıb.
Hazırda ölkəmizin
valyuta ehtiyatları 50 milyard dollara çatıb ki, bu da
ümumdaxili məhsulun 70 faizini təşkil edir. 2013-cü ildə respublikada
110 min yeni iş yeri açılıb ki, onlardan 80 mini daimi
iş yerləridir.
Ölkə üzrə qazanılan bu
uğurlarda, şübhəsiz ki, ərazi inzibati vahidi kimi
Sabunçu rayonunun da xüsusi payı var. Ərazisi 244,3
kv.km, əhalisi 234387 nəfər olan Sabunçu rayonunda
2013-cü ildə istehsal edilən və yerinə yetirilən
işlərin ümumi həcmi 396,5 milyon manat olub. Keçən
ildə bir işçiyə düşən orta aylıq əməkhaqqı
əvvəlki il ilə müqayisədə 6,7 faiz artaraq 432
manat, sənaye sahəsində çalışanların əməkhaqqı
isə 7,8 faiz artaraq 560,4 manat olub. İl ərzində rayonda
2395 yeni iş yerləri açılıb ki, onların da
hamısı daimidir. Hazırda rayonun idarə və
müəssisələrində çalışanların
ümumi sayı 30350 nəfərdir.
Qeyd edək ki, AR Prezidentinin
müvafiq sərəncamı ilə təsdiq edilən
"2011-2013-cü illərdə Bakı şəhəri və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı" və həmin Proqrama
"Əlavə Tədbirlər Planı"nın icrası
müddəti 2013-cü ildə başa çatıb. Həmin Proqram və Plana uyğun olaraq rayon ərazisində
mühüm iqtisadi və sosial əhəmiyyətə malik
obyektlər tikilib, yollar salınıb, əhalinin enerji
daşıyıcılara olan ehtiyacı
yaxşılaşdırılıb, ekoloji layihələr həyata
keçirilib, mənzil fondunun təmir-bərpası, müxtəlif
abadlaşdırma və yaşıllaşdırma işləri
aparılıb. Bu Proqram və Əlavə Tədbirlər
Planına uyğun olaraq rayonda ötən dövr ərzində
1 məktəb və 5 tədris korpusu, 1 uşaq
bağçası, 1 səhiyyə müəssisəsi
tikilib, 18 orta və 3 peşə məktəbində, 12
uşaq bağçasında, 3 səhiyyə ocağında əsaslı
təmir işləri başa çatdırılıb. Onların hamısı müasir avadanlıqlarla təchiz
edilib. Hazırda 1 uşaq bağçası,
"Muğam evi" və "Gənclər evi"nin
tikintisi, 4 məktəb, 4 uşaq bağçası, 1 səhiyyə
müəssisəsi və 1 mədəniyyət evinin əsaslı
təmiri davam etdirilir.
Sabunçu RİH müharibə
və əmək əlillərinə xüsusi qayğı
göstərir. Belə ki, keçən ildə Bilgəh
qəsəbəsində Müharibə və Əmək
Əlilləri üçün Pansionatın (Qocalar evi) əsaslı
təmiri və yeni korpusunun tikintisi başa
çatdırılaraq, cənab Prezidentin iştirakı ilə
istifadəyə verilib. Yetkinlik yaşına
çatmayanlar üçün 50 yerlik
İxtisaslaşdırılmış Reabilitasiya Mərkəzi,
sosial sığınacağın və gözdən əlillər
üçün tədris bərpa mərkəzinin tikintisi isə
bu il başa çatdırılacaq.
Keçən il Maştağa-Nardaran və
Pirşağı-Kürdəxanı qəsəbələrinin
ərazisində tikilən 3 mini futbol və idman
meydançaları gənclərin istifadəsinə verilib.
Sabunçu RİH mərkəzi
dövlət orqanları və təşkilatların
planlarına əsasən bir sıra sosial əhəmiyyətli
obyekt və inzibati binaların tikintisi və təmir-bərpa
işlərini də uğurla həyata keçirib. Belə ki, keçən
ilin sonunda Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti
ilə Ramana qəsəbəsindəki 200 yerlik Peşə
Reabilitasiya Mərkəzi yenidənqurma və əsaslı təmirdən
sonra Prezident İlham Əliyevin iştirakı ilə sakinlərin
istifadəsinə verilib. Heydər Əliyev Fondu
tərəfindən Pirşağı qəsəbəsində
112 saylı məktəbin köhnə binası sökülərək
yerində müasir tələblərə cavab verən 3 mərtəbəli
məktəb inşa edilib. Hazırda Fond tərəfindən
həmin qəsəbədə 226 saylı uşaq
bağçası üçün 3 mərtəbəli
binanın inşası yekunlaşmaq üzrədir. 2014-cü ildə rayonda fəaliyyət göstərəcək
"Asan Xidmət"in Bakıxanov qəsəbəsində
inşa edilən inzibati binası da istismara hazırdır.
Hazırda bu qəsəbədə Sabunçu Rayon Məhkəməsi
və 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi
üçün binalar, Heydər Əliyev adına
İstirahət Parkında xüsusi layihə əsasında
yenidənqurma ilə yanaşı, həm də orada Heydər
Əliyev Mərkəzinin inşası davam etdirilir.
AR Prezidentinin 18 iyun 2013-cü il tarixli sərəncamına əsasən
rayona ayrılan iki milyon manat hesabına İH-nin sifarişi ilə
Zabrat, Nardaran, Maştağa qəsəbələrində yol
tikintisi və asfalt örtüklərin salınması tam
yerinə yetirilib, ətraf sahələr
abadlaşdırılıb, yaşıllıqlar
salınıb.
Gəzib
gördüklərim
Rayonun köhnə neft-mədən
ərazilərini gəzərkən gözümüzə
inanmadıq. Burada rekultivasiya işləri aparılıb,
çirkli gölməçələrin təmizlənməsi
və doldurulması işləri davam etdirilib. Yeni Ramana və Sabunçu qəsəbələri
arasında köhnə yod zavodu sökülərək zərərli
tullantılardan təmizləndikdən sonra həmin yerdə
Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni park
salınıb. 2013-cü il ərzində
qəsəbə nümayəndəlikləri və kommunal
istismar sahələri tərəfindən məişət
tullantıları mütəmadi daşınıb, abadlıq,
yaşıllaşdırma işləri aparılıb. Ərazidə olarkən biz bu işin davamlı
olmasının şahidi olduq.
Sabunçu rayonunun sosial-iqtisadi
inkişafı ilə əyani tanış
olarkən Bakıxanov qəsəbəsindəki müasir bir
şəhərcikdə də olduq. Qəsəbə
daxilində göz oxşayan şəhərcik. Bu,
"Akkord" Şirkətlər Qrupu tərəfindən
inşa edilən və 4-5 il bundan əvvəl
istifadəyə verilən çoxmərtəbəli
yaşayış binalarıdır. 20 mərtəbəli
8 binadan ibarət bu massivdə hər cür şərait var.
Şəhərciyin ərazisində gəzərkən sakinlərdən
Rafael Həsənov, Könül İsmayılova və
başqaları ilə söhbətləşdim. Onlar
massivin baş komendantı Şahin Mahmudov, komendant Rəvan
Mirzəliyev və texnik-nəzarəti Zabil İsmayılovdan
razılıq edib dedilər ki, buradakı səliqə-sahman,
təmizlik və asayişdə onların xüsusi rolu var.
Şəhərcikdə 3 supermarket, 1
"1001 xırdavat" mağazası, 2 meyvə-tərəvəz
və 2 tikinti materialları mağazası, internet klub,
qarışıq mallar mağazası, kafe, çayxana,
sosial-iaşə obyektləri, uşaq-əyləncə
meydançası, aptek, dəftərxana və dərsliklər
mağazası 1824 ailə və yaxın ətrafa xidmət
edir. Yaşayış massivi qaz, su, elektrik enerjisi,
kanalizasiya xətti ilə tam təmin edilib. Massiv telefonlaşdırılıb,
yaşıllıqlar salınıb, ağaclar əkilib. Burada təmizliyə, səliqə-sahmana xüsusi
diqqət yetirilir. Söhbət əsnasında
o da məlum oldu ki, şəhərciyin mərkəz və ətraf
qəsəbələr ilə əlaqəsində heç bir
nəqliyyat problemi yoxdur. Ciddi qrafiklə
işləyən avtobuslar 10-15 dəqiqəyə sakinlərin
mərkəzlə əlaqəsinə şərait yaradır.
Arzumuz budur ki, belə gözəl
yaşayış massivində qəzet köşkləri də
olsun.
Bakıxanov qəsəbəsinin
Y.Əliyev, M.Fətəliyev, S.Mehmandarov, Sülh, R.Qəmbərov
və digər küçələrinin genişləndirilməsi,
aparılan abadlıq və yaşıllaşdırma işləri,
xüsusi layihələr üzrə yaşayış
binalarının fasadlarının üzlənməsi və
digər işlərin uğurla davam etdirilməsinin şahidi
oldum. Qəsəbənin dəmir yolu stansiyası
ətrafında ötən əsrin sonunda plansız inşa
edilmiş çoxlu ticarət, iaşə və digər
obyektlərin sahiblərinə kompensasiya ödənilmiş və
hazırda orada müasir tələblərə cavab verəcək
3 mərtəbəli yeni ticarət mərkəzinin tikintisinə
hazırlıq işləri görülür.
Məlumdur ki, 2015-ci ildən
Avropa Olimpiya Oyunlarının keçirilməsi barədə
qərar verilib. Fəxrlə deyə bilərik ki, ilk dəfə
bu oyunlar Bakıda keçiriləcək. Bununla
əlaqədar Sabunçu qəsəbəsinin
Böyükşor adlanan sahəsində 65 min nəfərlik
Olimpiya Stadionu tikilir. Stadionun ətrafında
və oraya çəkiləcək yeni yol
qovşaqlarının layihəsi üzrə tikinti altına
düşən 700-ə yaxın fərdi yaşayış
evləri və müxtəlif təyinatlı obyektlərin
sahiblərinə kompensasiyalar verilməklə, əlaqədar
qurumlarla birgə onların sökülməsi təmin edilib.
Eyni zamanda Bilgəh-Sumqayıt,
Sabunçu-Zabrat-Maştağa və Zabrat-Pirşağı
avtomobil yollarının tikintisi ilə əlaqədar
podratçı təşkilatlara İcra Hakimiyyəti tərəfindən
bütün zəruri dəstək verilir.
Rayonda gənclərin hərbi
vətənpərvərlik və təlim-tərbiyəsi
işi İcra Hakimiyyətinin prioritet məsələlərindən
birinə çevrilib. Burada ordu sıralarına
çağırışdan yayınma halları olmayıb.
Təhsil sahəsində də yüksək
göstəricilər əldə edilib.
Belə ki, 2012-2013-cü tədris
ilində rayon üzrə ümumtəhsil məktəblərini
bitirən 2298 nəfər məzunun 1961 nəfəri müxtəlif
ali məktəblərə sənəd
vermiş və onlardan 1043 nəfəri institut və
universitetlərə daxil olub.
Rayon ərazisində 50-dək müxtəlif binalarda məskunlaşan 2100 məcburi köçkün ailəsi İH-nin diqqət mərkəzindədir. Belə ki, bu ailələrin məişət-kommunal şəraitlərinin yaxşılaşdırılması istiqamətində təmir-bərpa işləri aparılıb, onlara su, elektrik enerjisi, qaz və digər kommunal xidmətlərin göstərilməsi nəzarətdə saxlanıb. 2013-2014-cü tədris ilinin başlanması ilə əlaqədar şəhid, məcburi köçkün və digər aztəminatlı ailələrin uşaqlarına 100 dəst məktəbli forması hədiyyə edilib. RİH əlaqədar təşkilatlarla 20 Yanvar-hüzn günü, Xocalı faciəsinin ildönümü, 31 Mart Azərbaycanlıların Soyqırım Günü, Novruz, Qurban bayramları, eləcə də Beynəlxalq Qadınlar, Gənclər, Müəllimlər günləri və müxtəlif peşə bayramları münasibətilə hər il olduğu kimi keçən il də silsilə tədbirlər keçirib.
Sabunçu RİH, həmişə olduğu kimi, keçən ildə də sakinlərin müxtəlif səpkili ərizə, tövsiyə və təkliflərinə həssaslıqla yanaşıb. Belə ki, 2013-cü il ərzində İH aparatına 5395 ərizə və 2533 məktub daxil olub. İcra hakimiyyəti başçısı tərəfindən İH-də 181 nəfər qəbul edilib, 43 səyyar görüşdə isə 10500 nəfər sakinin müraciətinə baxılıb. Bu tədbirlərdə 241 müxtəlif məsələ qaldırılıb və qaldırılan problemlərin 222-si öz həllini tapıb.
Göründüyü kimi, Sabunçu Rayon İcra Hakimiyyəti paytaxt və onun rayonlarının sosial-iqtisadi inkişafı ilə əlaqədar dövlət proqramlarını uğurla həyata keçirir. Bu vəzifələrin reallaşması rayon əhalisinin sosial-iqtisadi vəziyyətini, həyat şəraitini yaxşılaşdırmaqla yanaşı, şübhəsiz ki, həm də ölkəmizin iqtisadi qüdrətinə, beynəlxalq aləmdə nüfuzunun artmasına stimul verir. Rayonda görülən işlərlə əyani tanışlığımız, gördüklərimiz, oxuduqlarımız jurnalist olaraq bizi əmin edir ki, hərtərəfli bu inkişaf tempi 2014-cü ildə də artan xətlə gedəcək.
Sabunçu RİH-nin cari ildə qazanacağı uğuru respublika ictimaiyyətinə çatdırmaq arzusu ilə.
Vaqif CƏLİLOĞLU
Bakı xəbər.-2014.-9
aprel.-S.15.