Seçkili orqanlarda iştirak səviyyəsi və gəncliyin mənəvi formalaşma problemləri...

 

 Gənclərin müxtəlif sahələrdə gördüyü işlər, göstərdikləri fəaliyyət haqqında geniş araşdırmalar apararaq o materialları dərc etmişik. Sözsüz ki, gənclərin əhəmiyyətli sahələrdə təmsil olunması ürəkaçan, xoşagələn bir haldır. Azərbaycan gənclərinin milli oyanışına verdikləri töhfə, ümumi gəncliyin milli şüurunun və vətənpərvərlik hisslərinin artmasında oynadıqları rol barədə rəylər müsbətdir.

Bu gün gəncliyin qayğıları da yox deyil. Hesab edirik ki, gənclərin problemlərini gənclərin özləri daha yaxından hiss edir. Bu baxımdan da gənc nəslin nümayəndələrinin səlahiyyətli yerlərdə təmsil olunması ümumi gəncliyin problemlərinin lazımi instansiyalara çatdırılması baxımından çox əhəmiyyətlidir.

Sosioloq Aytəkin Kamranqızının sözlərinə görə, insanın normal bir fərd kimi formalaşması, dünyagörüşünün artması əsasən gənclik dövrünə təsadüf edir. O bildirir ki, gənclərin fəal olması, ictimai-siyasi proseslərdə yaxından iştirak etməsi onları yetkin insana çevirmiş olur: "Yalnız siyasi cəhətdən dinamik olan, ictimai proseslərdə yaxından iştirak edən gənclik Vətənin və dövlətin problemlərinə biganə qala bilməz. Sözsüz ki, belə gənclik öz dövlətinə yalnız yaxşı töhfələr verə bilər. Gənclik hər bir dövlətin əsas mayasını təşkil edir. Bu baxımdan da istənilən dövlətin məqsədidir ki, onun gəncliyi lazımi şəkildə tərbiyə olunsun və ümumi dövlət işinə, Vətənin inkişafına fayda versin. Hər bir ölkənin müstəqilliyinin daha da möhkəmləndirilməsi, gələcəyinin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edir. Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır. Ölkəmizdə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının qorunmasına, gənc kadrların yerləşdirilməsinə xüsusi qayğı ilə yanaşılır. Son vaxtlar Azərbaycan dövləti gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi bu təbəqəyə daim böyük diqqət və qayğı göstərir. Ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərin imkanlarından daha dolğun istifadə edilməsi, həmçinin bunun üçün əlverişli şəraitin yaradılması gənclər siyasətinin əsasını təşkil edir. Gənc nəslin fiziki, sosial və mənəvi inkişafını təmin edən fəaliyyət sahələrinin istiqamətləndirilməsi, gənc kadrlara lazım olan qayğının göstərilməsi qarşıda duran əsas vəzifələrdəndir".

Sosioloq hesab edir ki, müasir Azərbaycan gəncini 10 il əvvəlki dövrlə müqayisə etdikdə inkişafa doğru çox dəyişdiyini görürük. Onun dediyinə görə, bu gün gənclər daha çox informasiyaya malikdir":Bu da təsadüfi deyil. Çünki 20 il əvvəlki gənclə indiki gənc arasında ən böyük fərq odur ki, indiki gənclərin güclü, müstəqil dövləti var. Keçən əsrə baxanda indi gənclərin seçim imkanları daha rəngarəng və daha genişdir. Ötən dövr ərzində görülən bir sıra işlər gənclərin ictimai həyatdakı fəaliyyətinə bu və ya digər dərəcədə təsir göstərib. Bir sıra dövlət və özəl qurumlarda, Milli Məclisdə, bələdiyyələrdə onların fəal şəkildə təmsil olunmalarına hərtərəfli təkan verib. Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Dövlət gənclər siyasəti - gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir.

Yaradılan bu cür münbit şəraitdən Azərbaycan gəncliyi də çox səmərəli istifadə edir. Göstərdikləri ictimai-siyasi fəallıqla onlar cəmiyyətdə gəncliyin varlığını ortaya qoyur. Müstəqillik qazandıqdan sonra seçkili orqanlara keçirilən seçkilər zamanı gəncliyin fallığının artan dinamika üzrə getdiyini müşahidə edirik. Keçirilən son parlament və bələdiyyə seçkilərində kənclərin göstərdiyi fəallığın nəticəsi olaraq, onların həmin qurumlarda təmsilçilikləri də artmış oldu. Hazırda ölkə parlamentində və bələdiyyə qurumlarında təmsil olunan gənclərin sayı heç də az deyil. Gənclərin seçkili orqanlara keçirilən seçkilərdə göstərdiyi fəallıq və həmin qurumlarda təmsilçilik qazanmaları ilə nəticələnən fəaliyyət digər gəncləri də fəal olmağa sövq edir".

A.Kamranqızı bir məqamı da qeyd etdi ki, keçən parlament və bələdiyyə seçkilərində gənclərin sözügedən qurumlarda təmsilçilik faizi əhəmiyyətli şəkildə artıb. Onun dediyinə görə, bu il keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərində də gənclərin qələbə qazanacağı şübhəsizdir. O bildirdi ki, gənclərin seçkili orqanlarda iştirak etməsi onların öz yaşıdlarının problemlərinin həll edilməsinə çalışmasına əsas verir. Bələdiyyə seçkilərində gənclərin iştirak statistikasına nəzər salan ekspert bildirdi ki, 2004-cü il bələdiyyə seçkilərində gənclər bələdiyyələrin tərkibində 2-2,5 faiz təmsil olunurdusa, 2009-cu il seçkilərində onların təmsilçilik faizləri 27 faizə çatdırılıb: "Gənclərin bələdiyyələrdə iştirak səviyyəsi bələdiyyə təcrübəsi əsasında 10 dəfə artıb. Bu, gənclərimizin ictimai fəallığının artmasından irəli gəlir. Bələdiyyələrlə yanaşı, Milli Məclisdə də əvvəlkindən daha çox gənc millət vəkili təmsil olunur. Azərbaycan qanunvericiliyi gənclərin parlamentdə və bələdiyyələrdə təmsil olunmalarına, onların həmin istiqamətdə fəal olmalarına heç bir maneə yaratmır, əksinə, buna gözəl imkan verir. Bu faktın özü Azərbaycan gəncliyinin ictimai-siyasi proseslərdə fəal olduğuna bir işarədir. Ölkənin ictimai-siyasi həyatında gəncləri fəal olmağa sövq edən əsas amil onların Vətənə olan bağlılığı və milli şüuru dərk etmələridir. Çünki istənilən ictimai-siyasi fəaliyyətin məqsədi vətənpərvərliyə, milli şüurun inkişafına, dövlətin çiçəklənməsinə verilə biləcək faydaya bağlanır. Danılmaz faktdır ki, gənc nəslin nümayəndələri daha enerjili, təşəbbüskar olur. Bu da onların seçkili orqanlarda təmsilçiliklə bağlı işlərinin öhdəsindən yaxşı gəlməsi ilə nəticələnir. Bir sözlə, hansısa gəncin seçkili orqanda təmsilçilik qazanması çox böyük uğurdur. Gəncliyin prinsipial olduğunu nəzərə alsaq, belə uğurlar digər gəncləri sağlam rəqabətə, öz müasirlərinin nailiyyətlərini təkrarlamağa vadar edir. Sağlam estafet isə gəncləri pis vərdişlərdən uzaqlaşdıraraq milli hisslərə bağlı edir, onlarda olan vətənpərvərlik hisslərini artırır".

A.Kamranqızının dediyinə görə, ölkənin seçkili orqanlarında: parlamentdə və bələdiyyələrdə gənclərin təmsil olunmasının digər gənclərin milli şüurunun formalaşmasına və vətənpərvərlik hisslərinin artırılmasına olan təsiri böyükdür.

Yeni Azərbaycan Partiyası Kənclər Birliyi Ofisinin rəhbəri Sərraf Hüseynov qəzetimizin əməkdaşı ilə söhbətində deyib ki, ilk baxışdan seçkili orqanlarda təmsilçiliklə milli şüur və vətənpərvərlik hissləri bir-birindən fərqli görünsə də, həqiqətdə ən yaxın anlamı daşıyan məsələlərdir: "Mən bu ofisə rəhbərlik etməklə yanaşı, həm də YAP Nəsimi Rayon Gənclər Təşkilatının sədriyəm. Bu vəzifəyə mənim özüm də seçki yolu ilə, gənclərin dəstəyi ilə seçilmişəm. Belə bir etimadın göstərilməsi mənə əlavə stimul verir. Həmçinin məndə olan milli vətənpərvərlik hisslərinin artmasına səbəb olur. Vətənə, millətə xidmət üçün ruhlandırır. Parlamentdə və bələdiyyələrdə təmsil olunan gənclərə gəldikdə isə, bu fakt bizi sevindirir. Bir tərəfdən də bizi həmin şəxslərdən örnək götürməyə vadar edir. Avtomatik olaraq insan düşünür ki, həmin gənc hansı xidmətlərinə görə önə çəkilib? Gənclərin çoxu həmin yolu təkrarlamağı düşünür və hesab edir ki, millətə, Vətənə gərək olan zaman onlar da önə çəkiləcək. Bütün belə göstəricilərə malik olmaq isə insanı milli şüura bağlı olan vətənpərvər edir".

Konkret olaraq parlamentdə və bələdiyyələrdə təmsil olunan gənclərə münasibət bildirən Sərraf Hüseynov qeyd edib ki, birbaşa yanlarında olmasaq da, belə gənclərlə fəxr edirik: "Ən azı qərar qəbul edilməsi dərəcəsində olan yerlərə gənclərin irəli çəkilməsi onlara olan etimadın dərəcəsini göstərir.

Seçkili orqanlarda təmsil olunmaq xalqın etimadını qazanmaq deməkdir. Bu, insanda fəxrlə yanaşı, həm də əlavə məsuliyyət yaradır. Xalqın etimadını qazanmaq insanı millətə, Vətənə daha da sıx bağlayır. Keçən əsrin əvvəlində Azərbaycanda nəşr olunan "Fyüzat" jurnalında belə bir fikir qeyd olunub: "Öz vaxtını milləti və Vətəni üçün dəyərləndirən gənc yüksək missiyalar daşıyan bir xalq qəhrəmanıdır". Bu kəlamı əsas tutsaq, onda görün ictimai-siyasi cəhətdən fəal olan gənclərə hansı qiymət verilir? Bizim partiyanın gəncləri keçirilən bütün seçkilərdə çox fəal iştirak edir. YAP-dan olan gənc millət vəkillərindən Sevinc Hüseynovanı, Sevinc Fətəliyevanı və başqalarını göstərə bilərəm. Dəqiq bildiyim üçün deyə bilərəm ki, Nəsimi Rayon Bələdiyyəsində YAP-dan seçilmiş çoxlu sayda gənc çalışır. Dəqiq deyə bilərəm ki, YAP-dən seçkili orqanlara seçilən şəxslərin sayı digər partiyaların hamısından çoxdur".

Bu məsələdə dövlətin verdiyi dəstəyə münasibət bildirən partiya təmsilçisi deyib ki, gənclər üçün münbit zəmin olmasa, onlar fəallaşa bilməz: "Hesab edirəm ki, dövlətin yürütdüyü gənclər siyasətini çox uğurlu saymaq olar. Seçkili orqanlarla yanaşı, dövlət digər sahələrdə də gənclərin irəli çəkilməsinə xüsusi önəm verilir. Qəbul edilmiş gözəl qanunvericiliklə yanaşı, dövlət qulluğuna gənclərin irəli çəkilməsini, yaradılan şəffaflığı da bu uğurlu siyasətin davamı saymaq olar. Son vaxtlar mühüm postların tutulması baxımından aparılan siyasətdə gənclərə böyük üstünlüklər verildiyinin şahidi oluruq".

 

 

Leyla QARAXANLI

 

Bakı xəbər.-2014.-10 aprel.-S.12.