Tarix elmimizə dövlət qayğısı gənclərin milli-mənəvi formalaşmasında təsirli faktor kimi...

 

Vaqif Arzumanlı: "Gənclərin tariximizin obyektiv səhifələri ilə tanış olması dövlətçiliyimizin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir"

"Azərbaycan tarixinin ölkəmizin elmi-tədqiqat ocaqlarının xətti ilə yenidən yazılması..."

 Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra, ötən illər ərzində ölkəmiz həyatın bütün sahələrində - ən əsası iqtisadiyyatda, daxili və xarici siyasətdə yüksək göstəricilər əldə edib. Ölkənin iqtisadi potensialı artdıqca, digər sahələr də dirçəlir, inkişaf mərhələsinə qədəm qoyur. Azərbaycanda elmə, təhsilə dövlət qayğısı hələ mərhum prezident Heydər Əliyevin vaxtından müşahidə olunurdu.

Bu xüsusda Heydər Əliyevin 15 may 2001-ci il tarixli Fərmanı Azərbaycanın elmi ictimaiyyəti üçün mühüm hadisə olub. Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası adının verilməsi Akademiyanın fundamental elmin inkişafında əldə etdiyi nailiyyətləri, Azərbaycan xalqının mədəni və mənəvi təşəkkülündə oynadığı rolu, respublika ictimaiyyətində olan nüfuzunu və akademik elmin ölkənin inkişafının əsas təminatçısı olduğunu bir daha təsdiqləyib.

Akademiyada çalışan işçilərin sosial müdafiəsini gücləndirmək, onların fəaliyyətinin səmərəsini artırmaq məqsədilə bir sıra mühüm qərarlar qəbul edilib. 1997-ci ildə Akademiyanın işçilərinin əməkhaqları 50%, 2002-ci ildə isə 2 dəfə, Akademiyanın həqiqi və müxbir üzvlərinin rütbə maaşları 1997-ci ildə 10 dəfə, 2002-ci ildə isə 3 dəfə artırılıb. Ümumilikdə Heydər Əliyevin müəyyən etdiyi uğurlu neft strategiyası nə vaxtsa öz bəhrəsini verməli idi və Azərbaycan xalqının bu gözləntiləri heç də əbəs yerə deyildi. Xalqımızın bu ümidlərini məhz İlham Əliyev doğrultdu. "Biz neft kapitalını insan kapitalına çevirəcəyik" söyləyən cənab İlham Əliyev əslində gənclərə bir mesaj verdi: "Oxuyun, elmimizi inkişaf etdirin, Azərbaycanı beynəlxalq konfranslarda, olimpiyadalarda layiqincə təmsil edin." Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin gənclərin təhsilinə, elminə göstərdiyi xüsusi diqqət və qayğı göz qabağındadır. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın "Yeniləşən Azərbaycana Yeni Məktəblər" layihəsi çərçivəsində inşa edilən yüzlərlə məktəb bu sahəyə xüsusi diqqət və qayğının bariz nümunəsidir. Prezident İlham Əliyev xalqın gələcəyinin elm və təhsillə bağlı olduğunu çıxışlarında dəfələrlə vurğulayıb. Eyni zamanda, cəmiyyətdə dünya təhsil sisteminə inteqrasiyanı vacib sayır. Bu diqqət və qayğının nəticəsi olaraq, Azərbaycan Milli Elmlər Akademiyası ötən illər ərzində özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Elmin, təhsilin inkişafı üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ildən-ilə artırılması, bu sahədə çalışan müəllimlərin əməkhaqlarında, tələbə, magistr və aspirantların təqaüdlərində özünü göstərən əsaslı artımlar bu əhəmiyyətli sahəyə dövlət başçısı tərəfindən göstərilən qayğının bariz ifadəsidir.

Məlumat üçün qeyd edək ki, elmin inkişafına yönəldilən xərclər 2003-cü ildə 16,6 milyon manat təşkil edirdisə, 2011-ci ildə bu rəqəm 108,6 milyon manata yüksəlib. Bu rəqəm 2010-cu illə müqayisədə 5,6 faiz və ya 5,8 milyon manat çoxdur. 2011-ci ildə büdcədən elmə ayrılan xərclər ümumi büdcənin 0,9 faizini təşkil edib. Elm xərclərində elmi-tədqiqat layihələrinin Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondu vasitəsilə həyata keçirilməsi üçün 7 milyon manat, latın qrafikalı kitabların çap edilməsinə 5 milyon manat, elmi obyektlərin yenidən qurulması və əsaslı təmirinə 3 milyon manat, elmi-tədqiqat müəssisələrinin maddi-texniki təminatının möhkəmləndirilməsinə 3 milyon manat, Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarına müasir tələblərə cavab verən laboratoriya avadanlıqlarının alınması xərclərinə 2 milyon manat vəsait nəzərdə tutulub.

Prezident İlham Əliyev elmin inkişafı istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirib. Dövlət başçısının "Alimlik dərəcələrinə görə vəzifə maaşlarına əlavələrin artırılması haqqında" 16 aprel 2004-cü il tarixli Sərəncamına uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyası sistemində, elmi-tədqiqat və təhsil müəssisələrində, habelə digər sahələrdə çalışan işçilərin elmlər doktoru və elmlər namizədi alimlik dərəcələrinə görə vahid tarif cədvəli üzrə vəzifə maaşlarına müəyyən edilmiş əlavələrin məbləği 2004-cü ilin iyulundan artırılıb. 2004-cü il 19 aprel tarixli "Aspirantlara, ali, orta ixtisas və peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" Sərəncam isə yetişməkdə olan gənc nəslin intellektual potensialını yüksəltmək, onların elmə olan marağını daha da gücləndirmək məqsədi daşıyıb.

Milli Elmlər Akademiyasının 60 illik yubileyi ilə əlaqədar dövlət başçısının 2005-ci ildə xüsusi sərəncamlar imzalaması, görkəmli elm xadimlərini yüksək dövlət mükafatları ilə təltif etməsi, bir sıra alimlərə elmi adların, Prezident təqaüdünün və mənzillərin verilməsi cənab İlham Əliyevin bu sahəyə yüksək qayğısının əyani təzahürüdür. Akademiyanın 60 illik yubiley mərasimində çıxış edən Prezident İlham Əliyev deyib: "Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi işində əlavə addımlar atılacaqdır. Biz gərək bu maddi-texniki bazanı möhkəmləndirək. Akademiyanın nəzdində fəaliyyət göstərən institutlara daha böyük həcmdə kömək göstərək. Çalışacağam ki, Akademiyanın inkişafında bundan sonra da öz əməyimi əsirgəməyim. Mən bir daha demək istəyirəm, bu qəti fikrimdir ki, hər bir ölkənin normal inkişafı üçün, ilk növbədə, bilik, savad, elmin inkişafı lazımdır".

Elmin inkişafına dövlət səviyyəsində qayğı, əslində, dövlətçiliyin möhkəmləndirilməsi və xalqın milli-mədəni tərəqqisinə xidmət edən siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Qloballaşma prosesinin bütün dünyanı əhatə etdiyi və elmi-texniki tərəqqinin kifayət qədər yüksək sürətlə həyata keçirildiyi müasir dövrdə müstəqil Azərbaycan dövlətinin inkişafı məhz elmin səviyyəsindən əhəmiyyətli dərəcədə asılıdır. Xüsusən də tarix elminin inkişafına göstərilən dövlət qayğısı gənclərin milli mənlik şüurunun inkişafına, onlarda vətənpərvərlik hisslərinin formalaşmasına öz müsbət təsirini göstərir. Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi Prezident İlham Əliyevin "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" və "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamlarının icrası ilə bağlı qarşıda duran vəzifələrin məsuliyyətini dərk edir. Bu vəzifələrin yerinə yetirilməsi üçün bütün potensialını səfərbər edib. Prezidentin sentyabrın 15-ni "Bilik günü" kimi təsis etməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında Fərmanı və 2005-2007-ci illər üçün ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramını təsdiq etməsi, şübhəsiz ki, ölkəmizdə elmin və təhsilin səviyyəsinin artmasına xidmət edəcək. Azərbaycanda elmi təhlilə əsaslanan, müasir tarixi şəraitin reallıqlarını nəzərə almaqla həyata keçirilən daxili və xarici siyasət ölkəmizə, digər sahələrdə olduğu kimi, elm sferasında da uğurlar qazandırıb. Alimlərimiz dövlətimizin müstəqilliyinin qorunmasını, ölkədə ictimai-siyasi sabitliyin möhkəmləndirilməsini, demokratiyanın və iqtisadiyyatın inkişafını ümdə məqsəd kimi qəbul edərək, bütün səylərini bu vəzifələrin yerinə yetirilməsi üçün səfərbər edirlər. Elmi tədqiqatların üstün istiqamətlərini müəyyən edərkən alimlərimiz milli maraqları ön plana çəkirlər. Müstəqil dövlət quruculuğunda, sosial-iqtisadi və mənəvi inkişafda elm ölkənin mühüm ehtiyat mənbəyidir. Azərbaycan alimləri respublikanın ən ağır vaxtlarında dövlətimizə, ölkə Prezidentinə sadiqlik nümayiş etdirmiş və ona dayaq olmuşlar.

Son illər Azərbaycanda müşahidə olunan tendensiyalardan biri də gənclərin elmə xüsusi marağının olmasıdır. Bu da gənclərin simasında milli mənlik şüurunun inkişafını özündə ehtiva edir. Artıq ölkəmizdə gənc fəlsəfə doktorlarına rast gəlmək mümkündür. Gənc alimlərimiz dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda Azərbaycanı layiqincə təmsil edir, elmi yenilikləri ilə dünya elminə öz töhfələrini verirlər. Bütün bu uğurlar ölkədə aparılan islahatlar və elmə, təhsilə göstərilən xüsusi diqqət və qayğının nəticəsidir.

Sözügedən məsələni dəyərləndirən professor Vaqif Arzumanlının sözlərinə görə, Azərbaycan xalqının tarixinin obyektiv şəkildə öyrənilməsi günümüzün ən aktual problemlərindən biridir: "Azərbaycan öz müstəqilliyini bərpa edənə qədər ölkə tarixi ilə bağlı yazılmış əsərlərin çoxunda subyektiv səhifələr, qeyri-elmi faktlar, təmayüllük və digər xoşagəlməz hallar mövcud olub. Bu da səbəbsiz deyil. Tariximiz daha çox qeyri-azərbaycanlılar tərəfindən yazılıb. Onlar da istədikləri şəkildə yazıblar. Üstəgəl, sovet totalitar rejiminin də Azərbaycan xalqının tarixi səhifələrinə kölgə salması öz işini görüb. Azərbaycan tarixinin ölkəmizin elmi-tədqiqat ocaqlarının xətti ilə yenidən yazılması çox vacib əhəmiyyət kəsb edir. Bu istiqamətdə görülən işlər təqdirəlayiqdir, xüsusən də gənclər üçün. Gənclər üçün ona görə vacibdir ki, onlar ölkə tarixini obyektivcəsinə öyrənmiş olacaqlar. İndiki gənclik üçün vacibdir ki, Azərbaycan xalqının keçmişini, tarixini bilsinlər. Gənclərin milli qəhrəmanlarımızın tarixi keçmişi ilə tanış olması vacib əhəmiyyət kəsb edir. Ümumən bu kimi tarixi proseslərin öyrənilməsi bugünkü gəncliyə çox şey verir. Azərbaycan xalqının, dövlətçilik ənənələrinin gələcəkdə daha da güclənməsi üçün çox vacib sayılan amillərdəndir. Bugünkü gənclər tariximizin obyektiv səhifələri ilə tanış olsalar, öz xalqımızın nəhəngliyini, müxtəlif əsrlərdə keçdiyi dövlətçilik ənənələrini öyrənmiş olacaqlar. Bütövlükdə tarix elminin gənc nəslin milli mənlik şüurunun öyrənilməsində oynadığı rol əvəzsizdir. Ona görə də dövlətin bu sahəyə göstərdiyi qayğıdan maksimum səmərəli istifadə etmək lazımdır".

 

 

Vidadi ORDAHALLI

 

Bakı xəbər.-2014.-11-13 aprel.-S.12.