"Sabunçu rayonunun sosial-iqtisadi
inkişafı: real vəziyyət və perspektivlər"
Haqqında söhbət açdığımız
bu rayon 1992-ci ilə qədər Lenin rayonu adını
daşıyıb. 29 aprel 1992-ci ildən
Lenin rayonunun adı dəyişdirilərək Sabunçu
rayonu adlandırılıb. Həmçinin
Sabunçu rayonunun mərkəzi olan Bakıxanov qəsəbəsi
1936-cı ildə qəsəbə statusu alıb. "Stepan Razin qəsəbəsi" adı
verilmiş qəsəbə 1992-ci ildə Azərbaycan
Respublikası Ali Sovetinin Milli Şurasının qərarı
ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi
adlandırılıb.
Sabunçu rayonu 10 qəsəbədən
ibarətdir.
Rayonda 5016 ailə olmaqla 20859 nəfər məcburi
köçkün və 1635 ailə olmaqla 8318 nəfər
qaçqın məskunlaşıb.
Rayonda 46 məktəb, 3
internat və 25 səhiyyə müəssisələri fəaliyyət
göstərir. Sabunçu rayonu ərazisində müxtəlif
mülkiyyət hüququna malik 75 sənaye, 53 tikinti, 9 nəqliyyat
müəssisəsi var. Əhalisi 01.10.2013-cu il
tarixə rəsmi qeydiyyatda 233763 nəfərdir.
Azərbaycan Prezidentinin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə
"2014-2016-cı illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı"nın təsdiqi ölkənin
sosial-iqtisadi siyasətində mühüm yer tutur.
Bu sahədə həyata keçirilən
məqsədyönlü tədbirlərin, o cümlədən
"Bakı şəhərinin qəsəbələrinin
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair Tədbirlər Proqramı"nın uğurlu icrası nəticəsində
Bakının bütün rayonlarında, həmçinin qəsəbələrində
infrastruktur təminatı daha da
yaxşılaşdırılıb, təhsil, səhiyyə,
mədəniyyət və idmanın inkişaf etdirilməsini
təmin edən tədbirlər həyata keçirilməyə
başlanıb, yeni məktəblər, xəstəxana,
poliklinika, ambulatoriya binaları tikilir,
mövcud binalar əsaslı təmir edilib, müasir tipli idman
kompleksləri istifadəyə verilib.
Dövlət
başçısının imzaladığı sərəncama
uyğun olaraq Sabunçu rayonunda da bütün sahələri
əhatə edən tədbirlərin həyata keçirilməsi
nəzərdə tutulub. Onu da vurğulayaq ki, ötən il
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri
Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında sərəncam
imzalayıb.
Prezidentin 4 may 2011-ci il tarixli sərəncamı
ilə təsdiqlənən "2011-2013-cü illərdə
Bakı şəhəri və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı"nın icrası çərçivəsində
Sabunçu rayonu ərazisində çox mühüm iqtisadi
və sosial əhəmiyyətə malik obyektlər tikilib,
yollar salınıb, əhalinin elektrik enerjisi, qaz, su və
istilik təchizatının
yaxşılaşdırılması, yeni kanalizasiya sistemlərinin
qurulması, ekoloji layihələrin həyata keçirilməsi,
mənzil fondunun təmir-bərpası, yaşayış məntəqələrinin,
küçə və meydanların, istirahət guşələrinin
abadlaşdırılması üzrə böyük işlər
görülüb.
Ancaq bütün bunlarla
yanaşı, rayonda aparılan abadlıq işlərinə
mane olan faktorlar da mövcuddur. Bu kimi halların
mövcudluğu isə Sabuncuda aparılan böyük
abadlıq işlərinə kölgə salmış olur.
Bu səbəbdən də bir qədər
mövcud olan problemlər istiqamətində araşdırma
aparmaq qərarına gəldik.
"Tolkuçka" problemi
Azərbaycanda
"Tolkuçka" sözü sovet quruluşu
dağılandan sonra dəbə minməyə başladı. Bağlanan
zavod və fabriklərin işçiləri ailələrini
dolandırmaq səbəbindən alver etməyə məcbur
oldu. Elə həmin dövrdən də el arasında
"Tolkuçka"lar kimi tanınan
bazarlar yarandı. Yeni formada olan bazar estafetinin
ilk qaranquşlarından biri də Bakıxanov qəsəbəsində
yerləşən "Razin tolkuçkası" oldu. İndi bu bazarla "həmyaşıd" olan ticarət
obyektlərindən yalnız xatirələr qalıb. Çünki ölkə inkişaf etdikcə, belə
bazarlar paytaxtda infrastruktur layihələrin gerçəkləşməsinə
mane olurdu. Misal kimi aereport
yaxınlığında yerləşən "Sədərək"
və "Binə" bazarlarını göstərə bilərik.
Hər iki bazar, demək olar ki, şəhərdən
kənar əraziyə çıxarılıb və
uğurla işləyir. Ancaq
maraqlıdır ki, şəhərin ən əlverişsiz ərazisində
yerləşən və mövcudluğu ilə bir sıra
ciddi problemlər yaradan "Razin tolkuçkası" hələ
də sökülməyib. Adamın ağlına
avtomatik olaraq bir sual gəlir: bu bazarı şəhərin
düz ortasında saxlayan kim və
hansı səbəbdir?
Araşdırmamız nəticəsində
məlum oldu ki, Bakıxanov qəsəbəsi ərazisində
yerləşən və el arasında "Razin
tolkuçkası" kimi tanınan bu bazar 1995-ci ildən
"Azəribiznes" adlanan bir qurumun tərkibində fəaliyyət
göstərir. 4 hektarlıq ərazini əhatə edən
bazarın sahibi Hacı Fərhad adlı şəxsdir. Bazarda 1200-dən artıq şəxsin
dükanının olduğu bildirilir. Bazarın
bağlanması ilə bağlı dəfələrlə
söz-söhbətlər qalxsa da, sonradan hansısa qüvvə
bunun qarşısını almağa nail ola
bilib. Ticarət obyektinin sahibi Hacı Fərhadın isə gətirdiyi
arqument həmişə bundan ibarət olub: "Mənim
bazarımda alver edənlərin böyük əksəriyyəti
qaçqınlardır. Onların hüququnu heç kim tapdalaya bilməz".
Son vaxtlar bir sıra səbəblər
ucbatından paytaxtın əksər, hətta ən iri
küçələrində belə tıxaclar yaranır. Bu problemin
aradan qaldırılması istiqamətində dövlət tərəfindən
bütün təxirəsalınmaz tədbirlərə əl
atılır. Dəfələrlə yol kənarında
olan və tıxacların yaranmasına şərait yaradan iri
obyektlərin söküldüyünün şahidi
olmuşuq. Bizi də bu araşdırmanı aparmağa
vadar edən səbəb Bakıxanov qəsəbəsində
yaşayan vətəndaşların "Razin
tolkuçkası"nın
mövcudluğunun onlara yaratdığı problemlərlə
bağlı narahatlığıdır. Sakinlər
sözügedən bazarın qalmasına heç bir lüzum
görmür. Onların dediyinə görə,
bazar ətrafında baş alıb gedən antisanitariya,
işdən evə gedərkən məhz bazarın
mövcudluğu səbəbindən saatlarla tıxacda
qalmaları bu şikayəti etməyə əsas verir.
Sakinlər nə
fikirləşir?
Şikayətçilər tərəfindən
toxunulan problemləri aydınlaşdırmaq üçün
"Razin tolkuçkası"nın
özündə araşdırma aparmaq qərarına gəldik.
Qeyd edək ki, deyilən bazara bitişik bir
neçə ticarət obyekti də tikilib ki, onların da
Hacı Fərhada məxsus olduğu deyilir. Həmin ticarət mərkəzlərinə aid olan
dükanların əksəriyyətinin qapısı magistral
yola açılır. Bu da, demek olar ki,
onzuz da ensiz olan yolu bir qədər də
darlaşdırıb. "Tolkuçka" nın yanından keçən yolla əsasən
Bakıxanov, Qaraçuxur qəsəbələrinə gedən
avtobuslar hərəkət edir. Bazar ətrafında
olan yolun dükanlar səbəbindən darlaşması və
üstəlik də bazarda işləyən və ora alver etməyə
gələn vətəndaşların yol kənarında
saxladıqları avtomobillər hətta "pik"
saatları olmayanda da tıxacın yaranmasına səbəb
olur.
Bazarın içərisinə
daxil oluruq və təəccüb bizi bürüyür. Adam gözünə
satıcılardan başqa heç kim dəymir.
Tək-tük alıcı görmək olar.
Satıcılardan bunun səbəbini
soruşuruq. Deyirlər ki, heç yer
pulunu ödəyə bilmirlər. Onların
bildirdiyinə görə, bazar rəhbərliyi bunları nəzərə
alıb yer pullarında heç bir endirim etmir. Dükanların icarə haqqı 250-800 manat
arasında dəyişir. Bir faktı da
qeyd edək ki, satıcı kontingentini heç də Hacı
Fərhadın dediyi kimi qaçqınlar təşkil etmir.
Araşdırmamız nəticəsində məlum
oldu ki, bazarda sahibkarlıqla məşğul olanların
böyük əksəriyyəti Borçalıdan olan
soydaşlarımızdır.
Adının çəkilməsini
istəməyən parfümeriya məhsulları satan cavan bir satıcı bizimlə söhbətində
belə durumdan bezdiyini dedi. Onun sözlərinə
görə, iki gündür bir dənə də olsun ətir
sata bilməyib. O deyir ki, uzun illərdir bazar rəhbərliyinə
icarə haqqı verirlər: "Ziyan da olsa dözürük
ki, bəlkə bazar sökülə, hökumətdən bir
qədər kompensasiya ala bilək. Belə olsa,
başımıza bir çarə taparıq".
Bazarda diqqətimizi cəlb
edən digər fakt isə ticarət obyektinin ətrafında
baş alıb gedən antisanitariya və səs-küy oldu. Bunu
gördükdən sonra ətrafdakı binalarda yaşayan
sakinlərin nə çəkdiyini təsəvvür etmək
o qədər də çətin deyil. Bazara
ən yaxın binalardan birində yaşayan Vaqif Əliyev
adlı bir sakinlə söhbət etdik. İxtisasca
müəllim olan həmsöhbətimiz "tolkuçka"nın onların həyat ritmini pozduğunu
deyir: "Ay balam, "tolkuçka" dövrü bitdi. Düz yolun ortasında tikilib. Burada
yaranan sıxlıq ucbatından evimizə gəlib-gedə
bilmirik. Gündüz səsdən, gecə
isə iydən əziyyət çəkirik. Hara şikayət ediriksə, xeyri yoxdur. Bura sökülsəydi canımız
qurtarardı".
Göründüyü kimi, öz
dövrünü başa vurmuş "Razin
tolkuçkası"nın
mövcudluğunu həm tarixi, iqtisadi reallıq, həm də
sadə vətəndaşlar qəbul etmək istəmir.
İcra Hakimiyyəti də bazarın
köçürülməsini istəyir
Sözügedən ticarət
obyektinin yerləşdiyi Sabunçu Rayon İcra Hakimiyyətinin
bu məsələyə münasibətini öyrənmək
qərarına gəldik. Görək hazırda rayonda geniş
abadlıq-təmir işləri aparan icra hakimiyyəti əhali
üçün narahatlıq və problemlər mənbəyinə
çevrilmiş "Razin tolkuçkasının" taleyi
barədə nə düşünür?
İcra Hakimiyyəti
başçısının 1-ci müavini Qəzənfər
Həsənov "Bakı-Xəbər"ə
açıqlamasında bildirdi ki, sözügedən bazarla
bağlı yaranmış vəziyyət onları hamıdan
çox narahat edir: "Biz bu istiqamətdə əlimizdən
gələni edirik. Yadınızdadırsa, hələ
2000-ci illərin əvvəlində Bakı şəhərində
küçə ticarətinin
yığışdırılması ilə bağlı tədbirlər
görülürdü. Həmin dövrdə
"Tolkuçka"nın ətrafını
təmizləmək qərarına gəldik. Bazarın
yan-yörəsi çox biabırçı vəziyyətdə
idi. Mal-heyvanı kəsib zibilləri elə
ora da atırdılar. Ətrafı üfunət
bürüyürdü. Sizi
inandırım ki, ətrafda yaşayan sakinlərə cavab verə
bilmirdik. Biz hələ bazarın ətrafında
təmizlik işləri aparanda "Tolkuçka" rəhbərliyinin
aqressiv münasibətilə qarşılaşdıq. Sonradan bəlli oldu ki, bazarın tikildiyi yerin düz
altından kanalizasiya, su xətləri keçir. Məcbur olub həmin xətləri kənara
köçürdük".
Qəzənfər Həsənov daha
sonra bildirdi ki, "Razin tolkuçkası" ilə
bağlı hazırda onlara çoxlu sayda şikayət
ünvanlanır: "Bazara fikir versəniz görərsiniz ki,
ticarət obyektlərinin tikintisi çox primitiv formada
aparılıb və heç bir müasir tələbə
cavab vermir. Mən həm də rayonun Fövqəladə
Hallar Komissiyasının sədriyəm. Oradakı
vəziyyət bizi təhlükəsizlik baxımından da
ciddi narahat edir. Yadınızdadırsa, bu
yaxınlarda Sumqayıtda ticarət obyektlərindən birində
baş verən yanğın bütün ərazini əhatə
etdi. "Razin tolkuçkası"nda isə
bu sarıdan vəziyyət daha acınacaqlıdır. Allah eləməsin, hansısa bir
qığılcım olsa, yanğının
qarşısını almaq qeyri-mümkün olacaq. Bizim fikrimiz bundan ibarətdir ki, sözügedən
ticarət obyekti heç bir müasir və təhlükəsizlik
tələblərinə cavab vermir. Çox
əlverişsiz yerdə olması səbəbindən yersiz
tıxacların yaranmasına şərait yaradır. Ətrafda yaşayan sakinlər səsdən, antisanitariyadan
əziyyət çəkdikləri ilə bağlı
çoxlu sayda şikayətlər edir. Mənə
elə gəlir ki, bütün bunlar bazarla bağlı məsələyə
yenidən baxılması üçün tam əsas verir.
Digər bir tərəfdən isə, həmin
bazar rayonda aparılan abadlıq işlərinin ümumi
ansamblına xələl gətirir".
İcra Hakimiyyətinin mövqeyini ifadə edən Qəzənfər Həsənov vəziyyətdən çıxış yolunu da göstərdi":Bazar rəhbərliyi də vəziyyəti anlayıb bir qədər güzəşt yolunu tutmalıdır. Ya bazar başqa yerə köçürülməlidir, ya da sökülüb yerində müasir tələblərə cavab verən yeni ticarət obyekti inşa edilməlidir. Belə olarsa, yolun genişlənməsinə, tıxacların aradan qaldırılmasına nail olmaqla yanaşı, həmin ərazidə yaşayan sakinlərin istirahətini təmin etmək üçün parklar da salına bilər. Rayonun abadlaşması planına uyğun olaraq biz deyilən işləri həyata keçirə bilərik".
Biz bu araşdırmamız çərçivəsində maksimum obyektiv olmağa çalışdıq. Hər rayonda görülən böyük abadlıq işlərindən, həm də mövcud problemlərdən yazdıq.
Məhəmmədəli QƏRİBLİ
Bakı xəbər.-2014.-11-13
aprel .-S.15.