60 yaşı adlayıb keçə bilmədi Zərifə xanım Budaqova...

 

Aprelin 28-də 85 yaşı olacaqdı..., qucaq-qucaq gül-çiçəyin, adına layiq sözlərin şirinliyindən bəxtiyar olacaqdı...

Qədim türk yurdu, oğuz eli İrəvanda dünyaya gəlmişdi. Kimin ağlına gələrdi ki, sadə bir ailədə doğulan qaragözlü irəvanlı qız sonradan böyük zəka, işıqlı bir ürək sahibi olacaq. İrəvan torpağının havası, suyu, gözəl təbiəti onun ruhunda, mənəviyyatında dərin izlər buraxmışdı. Belə olmasaydı, o özünü bütövlükdə xalqımıza həsr etməzdi. Onu xalqa bağlayan isə içindəki sağlam niyyət və tükənməz sevgi idi.

Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, akademik, AMEA Dilçilik İnstitutunun ilk qadın direktoru olmuş, dilçilik elmimizin şöhrəti olan Zərifə xanım Budaqovanı xatirələrinizdə canlandıracağıq. Ziyalı sözü işıqla, nurla, aydınlıqla, qadın sözü zərifliklə, gözəlliklə, ana sözü paklıqla, ülviyyətlə, məhəbbətlə, alim sözü dəyanətlə, qeyrətlə, təəssübkeşliklə əlaqələndirilib hər zaman. Zərifə xanım bu keyfiyyətlərin hamısını ləyaqətlə daşıyan və yaşadan xanım olub. Nə yaxşı ki, elmimizdə zəriflik timsalı Zərifə xanımın da xidmətləri olub, nə xoş bizim halımıza, belə dəyanətli xanım dilçilik elmini tərəqqiyə doğru aparanlardan biri kimi yaddaşlarda iz qoyub.

1989-cu ildə gəldi ömrünün xəzanı Zərifə xanımın. Varlığında əsən acı rüzgar onu birdəfəlik həyatdan qoparıb torpağa çəkdi. Taleyi yaman amansız oldu Zərifə xanımın. 60 yaşidi ki, onu adlayıb keçə bilmədi Zərifə Budaqova. Ömrünün altmışında əzizlərinə vida dedi. Əcəl necə zalım imiş.

Torpaqmı anasız qalmasın deyə,

Torpağın qoynuna köçür analar?

Əlbəttə, ana ayrılığı çətindir. Bu hicrana dözə bilmir balalar, bu ayrılıq onları üzür. 25 illik bir ayrılıq var aralarında, ancaq hər gün şəkillərdən danışırlar, xatirələrin pıçıltısı ilə ovunurlar. Qara torpaq anaları öz qoynuna ona görə çəkir ki, analar əbədi olsun, analar torpağa da analıq etsin. Zərifə xanım Budaqovanın vaxtı ilə əlindən tutduğu, övlad kimi qayğısına qaldığı dilçi alimlər onu doğma bir ana kimi, müəllim kimi dəyərləndirir, bu möhtəşəm xanımı tanımalarının səadətini yaşayırlar.

Yaşasaydı, doğmaları ilə, elm aləmində dayaq durduğu insanların əhatəsində bu günlərdə 85 illik yubileyini qeyd edəcəkdi Zərifə xanım. Qucaq-qucaq gül-çiçəyin, adına, işinə layiq sözlərin şirinliyindən bəxtiyar olacaqdı... Ancaq qismət olmadı ona bu gün... 60-dan bu üzə keçə bilmədi...İndi 85 illik yubileyi aprelin 28-də əzizləri tərəfindən qeyd ediləcək, o güllər-çiçəklər məzarı üstünə səpiləcək zərif qadının, böyük alimin, unudulmaz insanın...

 

Həyatının cövhəri gənclik...

 

İrəvanda xal qalmadı, o xallar gənc Zərifə xanımın yanaqlarına deyil, ürəyinə düzüldü. 1929-cu ildə İrəvan şəhərinin Dəmirbulaq məhəlləsində anadan olan Zərifə İsmayıl qızı Budaqova (Əliyeva) gəncliyinin ilkin çağında erməni fitnəsilə doğma İrəvandan didərgin düşüb. Bilirik ki, ermənilərin mənfur siyasəti sayəsində yüzlərlə azərbaycanlı ailəsi öz doğma yurdundan perik salınıb. Sadə, lakin halal bir ocaqda doğulan Zərifə xanım öz istedadı və biliyi ilə 1946-cı ildə tələbə adı qazandı. O dövrdə qızların ali təhsil alması halları elə də geniş yayılmamışdı, ancaq Zərifə kimi qızlar bu sahədə nümunə olmağı bacarırdı. Görkəmli alim 1946-cı ildə İrəvan Pedaqoji Məktəbini bitirərək həmin ildə İrəvan Pedaqoji İnstitutunun azərbaycanlı bölməsinin filoloji fakültəsinə daxil olur. Lakin doğma İrəvanda təhsilini başa vurmaq irəvanlı qıza nəsib olmur. 1948-ci ildə Ermənistandan deportasiya olunan Zərifə xanım təhsilini Azərbaycan Pedaqoji İnstitutunda davam etdirərək 1950-ci ildə oranı bitirir. Azərbaycan EA Dilçilik İnstitutunun aspiranturasına daxil olan Zərifə Əliyeva (Budaqova) təhsilini Moskvada davam etdirir. O,1953-cü ildə Moskvada namizədlik, 1963-cü ildə doktorluq dissertasiyaları müdafiə edib. Onu da fəxrlə qeyd edə bilərik ki, Zərifə xanım azərbaycanlı qadınlar arasında ilk filologiya elmləri namizədi və doktoru olub. O buna öz savadı, işıqlı zəkası, xalqına, vətəninə bağlı olmaqla, qısa ömrünü fədakarlıqla elmə həsr etməklə nail olub.

 

Ucalığa aparan pillələr...

 

Öz zəhməti ilə elmin zirvəsinə doğru irəliləyən Zərifə xanımı hər zaman uğur təqib edirdi. Hər yeni açılan sabahda onun bir nailiyyət, uğur payı vardı. Onun biliyinə, zəhmətinə, xidmətlərinə dəyər verən Elmlər Akademiyası rəhbərliyi Zərifə xanıma etimad göstərərək onu 1955-ci ildə Dilçilik İnstitutunda Müasir Azərbaycan dilçiliyi şöbəsinin müdiri təyin edirömrünün sonunadək həmin şöbəyə rəhbərlik edir. 1980-ci ildə Zərifə xanım Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1987-ci ildə Dilçilik İnstitutunun direktoru seçilir. Z.Budaqova 150-dən artıq əsərin müəllifidir. Onun rəhbərliyi ilə 10 elmlər doktoru, 25 elmlər namizədi yetişib. Böyük alimin rus dilində yazdığı "Qrammatika azerbaydjanskoqo yazıka" monoqrafiyası bir sıra xarici dillərə tərcümə edilib.

 

İbrət götürüləsi alim...

 

Azərbaycan Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, tanınan dilçi alim, professor Buludxan Xəlilov Z.Budaqova haqda xatirələrində yazır ki, o, ibrət götürüləsi bir alim xanım olub":Azərbaycanın görkəmli dilçi alimlərindən biri olmub. O, ömrünü Azərbaycan dilinin öyrənilməsinə və tədqiqinə həsr edib. Belə bir müqəddəs və nəcib onu filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (indiki AMEA-nın) kimi şərəfli adlara ucaldıb. O, yüzdən çox elmi əsərin müəllifi kimi tanınaraq, respublikada dilçi alimlərin yetişməsində səmərəli fəaliyyət göstərib. Zərifə xanım iyirmidən çox elmlər namizədi və doktoru yetişdirib. Alimin "Azərbaycan dilinin sintaksisi", "Azərbaycan dilinin morfologiyası", "Müasir Azərbaycan dilində söz birləşmələri", "Müasir Azərbaycan bədii dilinin üslubiyyatı", "Azərbaycan dilinin orfoqrafiya qaydaları", "Azərbaycan dilinin durğu işarələri", "Müasir Azərbaycan ədəbi dilində sadə cümlə", rus dilində yazılmış "Azərbaycan dilinin qrammatikası" (fonetika, morfologiya, sintaksis) kitabları mənbə, məxəz rolu oynayır və dilçilərimizin stolüstü kitablarından sayılır... Professor Zərifə Budaqovanın tədqiqatları hər zaman türkoloqların maraq dairəsində olub, onun qaldırdığı problemlər həmişə ciddi elmi dəyəri ilə seçilib. Ona görə də onun araşdırmalarına türkoloqlar xüsusi əhəmiyyət verir. Məsələn, professorlardan türkoloq Məhərrəm Ergin, Sadəttin Buluc, Zeynəb Qorxmaz və digərləri professor Zərifə Budaqovanın yaradıcılığına araşdırmalarına xüsusi ehtiyac olan tədqiqatlar kimi yanaşıblar. Onun əsərlərinin əhəmiyyətini dilçilərimiz həmişə dəyərləndirib və yüksək qiymət verib. Vaxtilə professorlardan Ağamusa Axundovun çap etdirdiyi "Vacib nitq mədəniyyəti məsələsi", Afad Qurbanovun "Zamanın tələblərindən doğan kitab", Mirəli Seyidovun "Türkoloqların IV konqresində", Məmməd Qasımovun "Yazımızın nöqtəsinə də, vergülünə də fikir verək" və s. məqalələri Zərifə xanımın tədqiqatlarına verilən yüksək qiymətdir. Zərifə xanım həmişə dövri mətbuatın diqqət mərkəzində olub, dilçinin özü və tədqiqatları barəsində yüzlərlə məqalələr çap edilib. Onun səmərəli elmi fəaliyyəti və elmi əsərlərinin əhəmiyyəti Azərbaycan qadınlarının müvəffəqiyyəti kimi qiymətləndirilib və təbliğ olunub.

Səyyahlar, alimlər, tədqiqatçılar arasında bir yaxınlıq var. Bu da odur ki, onların izləri bir çox hallarda unudulsa da, heç vaxt itib getmir. Bir balaca axtarışa başlasan, ipin ucu əlində olacaq. Bu günə danılsan da, sabaha gedib çıxacaqsan. Biz də Zərifə xanımın yaradıcılığının bəzi məqamlarına toxunmaqla, həm dünənimizə getdik, həm də bu günümüzə gəlib çıxdıq. Məhəmməd Peyğəmbərin(s.) belə bir kəlamı var: "Behişt anaların ayaqları altındadır". Peyğəmbərimizin başqa bir söz yadıgarı da vardır: "Bir adam anasının, atasının sözünə şəfqətlə baxarsa, Allah ona qəbul olunmuş həcc savabı yazar". Bu mənada bizim hər birimizin dəyərli insanlarımızın, xidməti olan alimlərimizi yada salmağımız həm savabdır, həm də keçmişə hörmət və gələcəyə olan inamdır... Professor Zərifə Budaqova cismən dilçilərin arasında olmasa da, ruhən dilçilərlə, məhz dilin keşiyində dayanan ən nüfuzlu dilçilərlə birgədir. Azərbaycan dilçiləri həmişə Zərifə xanım Budaqovanın xatirəsini əziz tutacaq, onun xidmətlərini unutmayacaqlar".

 

Türkologiyanın cığıraçanları sırasında...

 

Zərifə xanım Budaqovanın XX əsrdə türkologiya elminin ən parlaq simalarından biri kimi görünməsi sözün həqiqi mənasında böyük bir işdir. 60 illik ömrünün böyük bir hissəsini həsr etdiyi türkologiya elmi çox cəfalı, çox çətin bir sahə kimi görkəmli alimin zərif, mərhəmətli qəlbinin işığında özünün yeni simasını təsdiqləyib. Ən yüksək yerlərdən hər zaman səsi gələrdi onun. Araşdırmamız nəticəsində məlum oldu ki, Z.Budaqovanın Azərbaycan dilçiliyinin və türkologiyanın aktual problemlərinə dair ümumittifaqrespublika nəşrlərində saysız-hesabsız elmi əsəri çap olunub. Azərbaycan dilinin qrammatikasının bir çox mühüm nəzəri-elmi problemləri ilk dəfə Z.Budaqova tərəfindən tədqiq olunaraq həll edilib. Onu da öyrəndik ki, o, həmçinin, 3 cildlik "Azərbaycan dilinin qrammatikası" fundamental əsərinin aparıcı müəlliflərindən və redaktorlarından biridir. Zərifə Budaqovanın elmi yaradıcılığında həmçinin türk dilləri qrammatikasının morfologiya, sintaksisüslubiyyat kimi sahələrinə aid bir sıra məsələlər də öz obyektiv elmi şərhini tapıb. Bu böyük alimin çoxşaxəli elmi irsinin müəyyən bir qismi Azərbaycan dilçiliyinin dil tarixi, dialektologiya, dil əlaqələri (xüsusən də Azərbaycan və erməni dillərinin qarşılıqlı əlaqəsi), həmçinin ümumtürkoloji problemlər kimi sahələrini əhatə edir. Onun tədqiqatlarının Azərbaycan dilçiliyinin inkişafına önəmli təsiri olub. Bu elmi araşdırmalardakı məsələlərin qoyuluşu aktuallığı, elmi yeniliyi, problematikası, elmi mühakimələrinin dərinliyi ilə, yüksək dilçi professionallığı ilə diqqəti çəkir. Alimin monoqrafiyaları, kitab və dərslikləri, başqa elmi əsərləri onlar barəsində yazılmış bir çox resenziya və rəylərdə özünün yüksək, obyektivlayiqli qiymətini alıb. Bütün bunlar bir daha göstərir ki, onun zəngin elmi irsi Azərbaycan dilçiliyinin müvafiq sahələrində yeni-yeni istiqamətli araşdırmaların yaranmasına, dilçiliyimizdə tam öyrənilməmiş mövzuların mahiyyətinin aşkarlanmasına elmi stimul olacaq.

O, bir çox beynəlxalq, ümumittifaq miqyaslı, respublika səviyyəsində simpozium, konfrans, müşavirə və elmi sessiyalarda Azərbaycan Elmlər Akademiyasını təmsil edib, həmin yığıncaqlarda maraqlı məruzə və məlumatları ilə ölkənin və eyni zamanda dünyanın türkoloji ictimaiyyətinin böyük nüfuzunu qazanıb.

O hər şeyi öz zəhməti, istedadı ilə qazandı, elmi adlarını, saysız kitab və məqalələrini özü yaratdı. Təkcə o zamanın dövlətindən, hökumətindən haqq etdiyi, layiq olduğu fəxri adları, mükafatları ala bilmədi. Ancaq bunlarsız da Zərifə xanım Zərifə xanımdır. Məhsuldar elmi-pedaqoji fəaliyyəti formaca yarımçıq qalsa da, onun böyük irsini ocağında davam etdirən var, qızı Sevinc xanım Budaqovanın Bakının təhsil sistemindəki peşəkar və ictimai fəaliyyəti əslində Zərifə xanımının yaşayan irsinin bariz nümunəsi sayıla bilər.

 

Qayğılar hər zaman onunla birgə olardı...

 

Qayğıkeş elm adamı, həm qayğıkeş həyat yoldaşı ana olub Zərifə xanım. Azərbaycan coğrafiya elminin sütunlarından olan akademik Budaq Budaqovun həyat yoldaşı olan Zərifə xanım elmin keşiyində ləyaqətlə durmağı bacardığı kimi, ailəsinin keşiyində durub...Övladlar böyüdərək hərəsini doğma ocaqdan bir yerə pərvazlandırıb. Adını yüksəklikdə saxlayır, xatirəsini əziz tutur övladları Zərifə xanımın.

85 yaşınızı Sizsiz xatırladıq Zərifə xanım, torpağınız yumşaq, məkanınız cənnət, ruhunuz şad olsun!!!

 

 

İradə SARIYEVA

    

Bakı xəbər.-2014.-18-20 aprel.-S.12.