Gəncliyin tərbiyəsində kimin rolu daha çoxdur - ailə, məktəb, ya əmək kollektivi?

 

 Azərbaycan xalqının öz düşüncəsi, keçmişinə, gələcəyinə, gəncliyinə özünün xüsusi münasibəti var. Gənclik xalqımızın ləyaqətli insanlarından örnək götürməyi hər zaman bacarır. Bəllidir ki, özünəməxsusluğu olmayan xalq heç vaxt dəyərli, faydalı gənclik yetişdirə bilməz. Gənclərin sahib olduğu milli mənlik şüuru nəsillərdən nəsillərə ötürülə bilir. Milli mənlik hər bir xalqın özünəməxsus tarixi inkişaf prosesinin məhsuludur. Həmin proses dövründə baş verən bir sıra ictimai-siyasi, sosial-iqtisadi təbəddülatlar milli mənlik şüurunun məzmununa təsirsiz ötüşmür.

Tarixçi Həyat Məhərrəmova bildirdi ki, insanların həyat məişət tərzindən tutmuş, bir sıra faktorlar ümumilikdə gənclərin mənəvi tərbiyəsinin əsasını təşkil edir. Onun sözlərinə görə, gənclərin mənəvi tərbiyəsinə Vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək, təbii sərvətləri qorumaq s. buna bənzər dəyərlər daxildir: "Mənəvi tərbiyənin əsasını milli özünüdərk təşkil edir. Sadalanan keyfiyyətləri insan dünyagörüşünün formalaşdığı vaxtda əldə edir ki, bu da vətəndaşın gənclik dövrünə təsadüf edir. Danılmaz faktdır ki, insan ilk tərbiyəsini ailədə alır. Bu tərbiyəyə yalnız etika, estetikanı aid etmək olmaz. Təsadüfi deyil ki, çox vaxt ailəni dövlətin kiçik modeli adlandırırlar. Gənclərin ən mühüm tərbiyəsi sırasında onların vətənpərvər ruhda tərbiyə olunması əsas olmalıdır. Müasir dövrün sürətli informasiya, yeni kommunikasiyalar əsri olduğunu nəzərə alsaq, gənclərin zərərli ideologiyalarla zəhərlənməsinin qarşısı da düşünülmüş metodlarla alınmalıdır. Əhalinin artması, öz növbəsində, gənclərin cəmiyyətdə rolunu çəkisini artırır, onların sosial sferaya inteqrasiyasını sürətləndirir. Çünki əhali artımının yaxşı tərəflərindən biri odur ki, ölkə əhalisinin tərkibində gənclərin sayı əhəmiyyətli şəkildə artıb. Bu, dövlətin inkişafı, strateji hədəflər baxımından olduqca müsbət tendensiyadır. Hazırkı gənclərin dinamik bir təbəqə olduğunu nəzərə alsaq, bu olduqca müsbət təqdirəlayiq haldır. Gənc nəslin tərbiyələnməsində mənəviyyatın sağlam əsaslara söykənməsinin müstəsna rolu var. Mənəvi tərbiyənin formalaşmasında bir sıra faktorlar gəncliyin düşüncəsinə təsir göstərir. Məsələ ondadır ki, ailədə başlayan tərbiyə məktəbdə, ictimaiyyətdə bu ya digər formada davam edir. Heç şübhəsiz, bütün bunları şərtləndirən amillərdən biri əskikdirsə yaxud da natamamdırsa, mütləq bu özünü gənclərin həyat tərzində hansısa formada göstərir. Düzdür, burada digər faktorlar da var, amma öndə ailə tərbiyəsidir. Bu faktor həqiqətən mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir".

Ekspert dedi ki, gənclərin buna sahib olması bütövlükdə dövlətin ümummilli ideologiyasının qorunması baxımından müstəsna rola əhəmiyyətə malikdir. O hesab edir ki, bu indi belədir, bundan sonra da belə olacaq. Ekspert onu da bildirdi ki, eyni zamanda, milli-mənəvi dəyərlərin deqradasiyaya məruz qalmasının qarşısını alır: "Reallıq ondan ibarətdir ki, sadalanan dəyərlərin qorunmasının cəmiyyətə verdiyi fayda ölçüyəgəlməz dərəcədə böyükdür. Çünki bu həm milli kimlik məsələsini özündə ehtiva edir. Bunu bir sıra inkişaf etmiş ölkələrin zəngin tarixi təcrübəsi əyani olaraq sübut edib. O baxımdan, gənclərin mənəvi tərbiyəsində heç vaxt ailə amilini kiçiltmək olmaz. Təbii ki, ailələr müxtəlif olur. Məsələn, ailə var ki, orada tərəflərin hər ikisi - ata, ana ziyalıdır. İstər-istəməz, o cür ailədə böyüyüb tərbiyə alan uşaq daha mükəmməl sağlam təfəkkürə malik olur. O cür mühitdə böyüyən gənclər, gələcəkdə hansı peşə sahibi olmasından asılı olmayaraq, işlərində dürüst olur. Adicə sorğular göstərir ki, banklardan istehlak kreditləri götürən müəllimlər qaydalara maksimum yüksək səviyyədə əməl edir. Vaxtında faizləri ödəyir s. Ancaq bütün bu deyilənlər mütləq o anlama gəlmir ki, yalnız müəllim ziyalı ailələrində böyüyən gənclər yüksək tərbiyəyə sahib olur. Təbii ki, yox. O qədər zəhmətkeş ailədə böyüyən gənc var ki, onların davranışı həqiqətən nümunəvidir. Yəni baxır uşağın hansı yöndə tərbiyə edilməsinə. Valideyn uşağa erkən çağlardan zəhmət çəkməyi, halallığı aşılayırsa, bu, uşağın düzgün istiqamətdə tərbiyələnməsinə gətirib çıxarır. Ailə, məktəb tərbiyəsi ilə yanaşı, əmək kollektivləri gənclərin tərbiyəsinə öz təsirini göstərir. Bəzən görürsən ki, zəif iradəli gənc mənfi düşüncəyə malik əmək kollektivinin təsirinə məruz qalır. Ümumiyyətlə, bir yerdə uzun illər çalışdıqda o əmək kollektivindəki mühit, istər-istəməz, insanın dünyagörüşünə təsir edir. Burada başlıca əhəmiyyət kəsb edən məqamlardan biri gənclərin aldığı tərbiyəni, sahib olduğu dəyərləri düşüncəsində, həyat tərzində dərəcədə uzlaşdıra bilməsidir. Nəzərə alsaq ki, müasir dövrdə bu müəyyən mənada o qədər asan məsələ deyil, o zaman bunun qədər mürəkkəb bir məsələ olduğu aydın olar. Çünki müasir dövrdə bu sahədə bir sıra problemlər var".

Tarixçi hesab edir ki, gənclərin aşırı populyar mədəniyyət növlərinə önəm verməsi onları millilikdən uzaqlaşdırır. Onun sözlərinə görə, nəticədə onların öz milli kimliyini itirməsi təhlükəsi yaranır. Bura kosmopolit, postmodernist düşüncə tərzinin daxil olduğunu deyən tarixçi bildirdi ki, bunlar gənclərin sahib olduğu dəyərləri deqradasiyaya uğradır": Aydın məsələdir ki, gənclərin sağlam tərbiyələnməsində hərtərəfli mühit olmalıdır. Bunun üçün birinci növbədə ailədə, məktəbdə, ictimaiyyətdə, əmək kollektivində müvafiq mühit olmalıdır. Çünki bunların olması özünüdərk deməkdir. Hər bir gənc dərk etməlidir ki, hansı mentalitetə, yerli özünəməxsus adət-ənənələrə malikdir. Mənəvi baxımdan tərbiyənin formalaşmağında rol oynayan sözügedən faktorların bir vəhdəti olmalıdır. Bəzən Azərbaycan ailələrində belə fikirlər səslənir ki, uşağa bəlli bir yaşdan sonra tərbiyə vermək lazımdır, hələ balacadır s. Hər halda bu cür yanaşma yanlışdır".

Gəncliyin mənəvi tərbiyəsində əsas rolu ailə, məktəb, yoxsa əmək kollektivinin oynaması məsələsi tez-tez müzakirə olunur. Təbii ki, bu məsələdə hər kəs öz mövqeyindən çıxış edir. Ağıllı insanlar isə hesab edir ki, hər üç ünvan gənclərin tərbiyəsində, onların vətənpərvərlik hisslərinin formalaşmasında kompleks görməlidir. Yəni hər üç institut gəncliyin işilə xüsusi maraqlanmalıdır.

Məsələyə sosioloq Zümrüd Bayramova belə münasibət bildirdi. Onun sözlərinə görə, tarix boyu nəsillərarası fikir ayrılıqları olub, lakin sonda gənclik təcrübəli insanların göstərdiyi yolu seçib və istəyinə nail olub: "Zaman-zaman gənc nəsil özündən əvvəlki nəsli qəbul etməyib. Ancaq bütün bunlara baxmayaraq, gənclərin mənəvi tərbiyəsində ailədəki mühit mühüm rol oynayıb. Konkret demək çətindir ki, məhz filan tərbiyə olsa daha yaxşıdır. Ancaq hər halda, yaxşı olardı ki, ailədə, məktəbdə, cəmiyyətdə, əmək kollektivində olan mənəvi tərbiyə məzmunca bir-birini tamamlasın. Hesab edirəm ki, bu cür uzlaşmaharmoniya gənclərin mənəvi tərbiyəsi baxımından daha səmərəlidir. Yəni sadalananlar arasında ortaq məxrəcin tapılması prinsip etibarilə daha dinamik təsir bağışlayır. Müasir dövrdə nə qədər qəribə görünsə də, gənclərin mənəvi tərbiyəsində internet, digər informasiya vasitələri daha çox rol oynayır. Bu gün ideoloji baxımdan dövlətin siyasətində müəyyən korrektələr olmalıdır ki, gənclərin tərbiyəsində mühüm rol oynayan internet vasitələrinə diqqət artırılsın. Çünki bu sahədə hansısa diqqətsizlik, qeyri-ciddi yanaşma son nəticədə xoşagəlməz fəsadların yaranmasına yol açır".

Z.Bayramovanın dediyinə görə, əsas odur ki, uşağı ailədə tərbiyələndirərkən onu düzgün istiqamətə yönəldə biləsən. O bildirdi ki, mənəvi tərbiyədə bu amilin mühüm rolu var. Bir sıra hallarda uşağın düzgün yola düşməməsində valideynlərin də günahı az olmur: "Zamanında uşağın təlim-tərbiyəsi ilə məşğul olmamaq, lazımi qayğını göstərməmək sonda mənfi nəticələrə gətirib çıxarır. Ona görə də gəncliyin mənəvi tərbiyəsi məsələsinə kompleks yanaşmaq lazımdır".

Z.Bayramovanın açıqlamasından o da məlum oldu ki, mənəvi keyfiyyətlər, milli-mənəvi dəyərlər sistemi mental şüurumuzdan gələn əxlaq məfhumudur.

Ekspert dedi ki, bəzən pis bir ailədə yaşayan uşaq cəmiyyətdən, mühitdən, məktəbdən yaxşı keyfiyyətlər əxz edib onu özündə formalaşdırır: "Sözümün canı odur ki, tərbiyə məsələsinə birtərəfli yanaşmaq mümkün deyil. Hər şeyə kompleks yanaşılmalıdır. Uşağın tərbiyəsinə hər yerdə xüsusi diqqət ayrılmalıdır. Elə mexanizm tapılmalıdır ki, uşaqların tərbiyəsinə kənardan təsir edən vasitələrə qarşı gənclərdə bir immunitet olsun. Hesab edirəm ki, ümumiyyətlə, dünyada və Azərbaycanda baş verən bir çox mənəvi-əxlaqi aşınmalar gənclərdə yetərincə immunitetin olmamasından irəli gəlir. Yəni evin içində sən uşağını yüksək dəyərlərlə tərbiyə etmək istəyirsən, amma həyat tamam başqa şey diqtə edir. O üzdən, mənəvi tarazlığın pozulması, disbalansın yaranması böyük faciələrə gətirib çıxarır. Çox təəssüf ki, bu gün həyat cəngəllik qanunları ilə idarə olunur. Bütün bunlara baxmayaraq, uşaqların tərbiyəsini ənənəvi və mental şüurumuzdan, milli-mənəvi dəyərlər sistemindən çıxış edərək həyata keçiririk".

İradə SARIYEVA

 

Bakı xəbər.-2014.-18-20 aprel.-S.15.