Korifey bəstəkarlarımızın musiqi
yaradıcılığında dövlətimizin və mədəniyyətimizin
təbliğatı...
Milli mədəniyyəti olmayan xalqın keçmişindən, indisindən və gələcəyindən danışmağa dəyməz. Çünki yaranma tarixi, mədəniyyəti olmayan xalq dünya üçün hibrit meyvə kimi bir şeydir. Mədəniyyəti, tarixi kökü olan xalqlar isə dünya səhnəsində öz layiqli yerini tutur. Azərbaycan xalqı tarixi neçə minilliklərlə ölçülən, musiqisi, mədəniyyəti, folkloru, ədəbiyyatı yüz illər əvvəl formalaşan bir millətdir.
Mədəniyyətimiz, milli dəyərlərimiz dünyanı mat qoyur. Bizim nəfəsimizdən qopan sədalar, haraylar dünyanı özünə cəlb edir. Azərbaycanın milli dəyərləri sırasında klassik musiqimiz və bəstəkarlarımızın yaradıcılığı məxsusi yer tutur. Azərbaycan bəstəkarlarının əsərlərinin mayası milli ideologiyamızla tutulub. Tariximizə bağlılıq, mədəniyyətimizin çalarları musiqi əsərlərinin kökünü təşkil edir. Elə bir sanballı əsər tapılmaz ki, onun nəfəsi milli olmasın. Tariximiz klassik bəstəkar musiqisinin əsasını təşkil etməklə yanaşı, həm də müəlliflərin özünü milli ruh üstə kökləyir. Azərbaycan klassik musiqisinin çox görkəmli nümayəndələri var. Bu şəxsiyyətlərin hər biri musiqi tariximizin xəzinəsinə qiymətli incilər bəxş edib. Klassik bəstəkarlıq məktəbimizin tarixi az qala yüz ildir. Bu yüz ildə onlarla bəstəkar dövlətimizə, çoxşaxəli mədəniyyətimizə xidmət edən əsərlər yazıb. O əsərlər dünən də aktual olub, indi də maraq cəlb etmək gücündədir. Azərbaycanın görkəmli bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Səid Rüstəmov, Qəmbər Hüseynli, Rauf Hacıyev, Şəfiqə Axundova, Ağabacı Rzayeva, Ədilə Hüseynzadə, Vasif Adıgözəlov təməlində dövlət sevgisi olan yüzlərlə əsər meydana çıxarıb. Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Qara Qarayev haqda danışan həmkarları onu bir Azərbaycansevər kimi təqdim edir. Q.Qarayev yaradıcılığını tədqiq edən musiqişünasların bildirdiyinə görə, o həm bir bəstəkar, həm də bir şəxsiyyət kimi Azərbaycana, onun mədəniyyətinə bağlı olub. Tədqiqatçılardan biri yazır ki, Qara Qarayevin bir bəstəkar və vətəndaş kimi formalaşmasında milli-mənəvi dəyərlərimiz, vətənpərvərlik ruhu əsas rol oynayıb. Məlum olduğu kimi, Qara Qarayev böyük Üzeyir musiqisindən dərs alıb, sonralar mütərəqqi dünya və zəngin rus musiqisinin, o cümlədən, böyük Dmitri Şostakoviç sənətinin incəliklərinə yiyələnərək, xalqımızın ən görkəmli, kamil bəstəkarlarından biri səviyyəsinə yüksəlib. Qara Qarayev məqalələrindən birində etiraf edib ki, Azərbaycan bəstəkarlarının yaşlı nəslini təmsil edən bəstəkarların hamısı xalq musiqi yaradıcılığını Üzeyir Hacıbəyovdan öyrənib. Qara Qarayev yazır ki, Üzeyir bəy tərbiyə etdiyi tələbələrin hər birinə ayrıca yanaşmaqda xüsusi həssaslığa malik insan olub. Bu istedadlı pedaqoqun sinfində Azərbaycan bəstəkarlarının əksəriyyəti lirik xalq mahnılarının məlahətliliyini, muğamların incəliyini öyrənib, dərk edib. Qara Qarayev daha sonra qeyd edir: "Elə onda müəllimimizin dərin və müdrik mülahizələrinin təsiri altında, həmçinin, Hacıbəyovun öz yaradıcılığının timsalında xüsusilə aydın gördük ki, folklor milli bəstəkarlıq üslubunun qaynağı olmaq etibarilə nəhayətsiz, tükənməz imkanlara malik imiş. Bizim bir çoxumuzun qarşısında yeni aləm - cəsarətli axtarışlar, gələcək novator kəşflər aləmi açıldı...". Qara Qarayev yaşadığı, yaradıcılıqla məşğul olduğu dövrdə Azərbaycan dövlətinin, tarixinin ruhunu yaşadan əsərlər yazıb. Qara Qarayevdən danışanda ilk yada düşən onun məşhur "Yeddi gözəl" və "İldırımlı yollarla" baletləridir. Azərbaycan klassik musiqisinin inciləri sırasında olan bu baletlər, yarandığı dövrdə olduğu kimi, indi də aktualdır. Məlumatlara görə, Akademik Opera və Balet Teatrında hər iki balet səhnəyə qoyulub. Böyük bəstəkar Fikrət Əmirov yazır ki, Qara Qarayevin bu baletləri Azərbaycan musiqisinin ən gözəl nümunələrindəndir. Qara Qarayevin milli ruhlu bir bəstəkar olduğunu yazan həmkarı onun Azərbaycan ədəbiyyatının ölməz klassiki Nizaminin "Yeddi gözəl" poemasına müraciət etməsini yüksək qiymətləndirib.
Qara Qarayev musiqisinin zənginliyi, onun özəyini təşkil edən milli ruh bəstəkarı əbədi yaşadan amildir. Qara Qarayev sənətinin mənbəyi xalq ədəbiyyatı, klassik poeziyaya dayanmasaydı, sözsüz ki, o, "Yeddi gözəl" kimi sənət incisi yarada bilməzdi. Bəllidir ki, klassik ədəbiyyatı, Nizami Gəncəvi yaradıcılığını, xalqın tarixini mükəmməl bilən bir bəstəkar - Qara Qarayev yarada bilərdi belə əsəri. Qara Qarayev musiqisi öz möhtəşəmliyilə əzəmətli sarayları tamaşaçı ilə doldurmağa qadir olan, kütləvi tamaşaçı marağını özünə cəlb etmək gücünə malik musiqidir. Qara Qarayev rusdilli olsa da, onun mənəviyyatında, musiqi duyumunda, yaradıcılığında, əsərlərinin mayasında bir azərbaycançılıq yaşayıb. O bir mədəniyyət təəssübkeşi kimi Azərbaycan milli musiqisinin, milli dayaqlar üzərində pərvəriş tapan bəstəkarlıq sənətinin təbliğatçısı olub. Hara gedibsə, orada Azərbaycan musiqisinin uğurları, milli muğamlarımız, folklorumuz əsas mövzu olub. O, Azərbaycan Bəstəkarlar İttifaqının sədri olarkən də bəstəkarların milli ruhda əsərlər yazmasını istəyirdi. Qara Qarayev Azərbaycana bağlı insan idi. Bir ayağı Moskvada olsa da, ürəyi Azərbaycanda, Bakıda idi. "Yeddi gözəl" baletinin özü mədəniyyətimizə, tariximizə xidmət etməyin bariz nümunəsidir. Onu da bildirim ki, 1953-cü ildə Leninqrad (Sankt-Peterburq) Dövlət Kiçik ("Malıy") Opera Teatrında "Yeddi gözəl" baletinin ilk tamaşası qoyulub. Baletin tamaşası burada böyük maraqla qarşılanıb. Deyim ki, o bir bəstəkar kimi yaradıcılığında sovet ideologiyasının təbliğinə yer ayırırdı. Onunla yanaşı, bizim milli ənənələri də əsərlərinin canına hopdurub. Bunu elə ustalıqla edib ki, ilk baxışdan nəzərə çarpmayıb. Bu gün Qara Qarayev yaradıcılığını araşdıran musiqişünaslar həmin məqamları üzə çıxarıb təbliğ edir. Qara Qarayev böyük mədəniyyət xadimi idi. Onun o dövrdə yazdığı əsərlərin böyük əksəriyyəti günümüz üçün də maraqlıdır. Qara Qarayev çoxlu tamaşaya, kinofilmə musiqi yazıb. "Onun böyük ürəyi", "Uzaq sahillərdə", "Bir məhlədən iki nəfər", "Dənizi fəth edənlər", "Leyli və Məcnun", "İnsan məskən salır" və başqa bədii filmlərin musiqi müəllifi olan bəstəkar öz ecazkar musiqisilə filmlərə böyük şöhrət gətirib. Qara Qarayevin xalqın tarixini gözəl bilməsi əsərlərində özünü göstərir. Onun bəstələrinə diqqətlə qulaq assaq burada milli çalarlar görəcəyik.
Mətbuatda tədqiqatçı Akif Quliyevin "Qara Qarayev və azərbaycançılıq" mövzusunda yazısına rast gəldik. Müəllif Q.Qarayevin Azərbaycan musiqi folkloru ilə, o cümlədən, azərbaycançılıqla bağlı olduğuna işarə edərək göstərir ki, musiqi folkloru Q.Qarayevin bir bəstəkar kimi formalaşmasında və inkişafında xüsusi keyfiyyət və məna kəsb edib: "Xalq musiqisindən inamla istifadə etməyi bacarması onun musiqi təfəkkürünün ən mühüm xüsusiyyətlərindən birini müəyyənləşdirib. Onu cəsarətlə özünün yaradıcılıq fikrinə, niyyətinə tabe edir, əsərlərinin əsasına, məğzinə elə daxil edir ki, o tamamilə bəstəkarın xüsusi, fərdi musiqi fikri kimi mənimsənir. Buna görə də bəstəkarın musiqi folkloruna münasibəti və ondan istifadə prinsipi həmişə ciddi maraq doğurur. Qara Qarayev hələ gənc yaşlarından xalqının musiqi sərvətini mümkün qədər ətraflı mənisəməyə böyük həvəs göstərib. Təsadüfi deyil ki, bu həvəs onu 1937-ci ildə Azərbaycan rayonlarına gedən folklor ekspedisiyasının rəhbəri səviyyəsinə yüksəldib. Ekspedisiya zamanı Qara Qarayev xalq musiqisinin ona aydın olmayan bir çox sahələri ilə tanış olur. Bu musiqinin bəzi nümunələrini nota köçürür. Səfərdən qayıtdıqdan sonra musiqi folklorunu necə mənimsədiyini sınamaq üçün "Şur" dəstgahını bütünlüklə nota salır, altı xalq mahnısı və üç təsnifi səs və fortepiano üçün işləyir. Bununla yanaşı, o Üzeyir Hacıbəyovun rəhbərlik etdiyi sinifdə xalq musiqisinin nəzəri əsaslarını öyrənməsi, dahi bəstəkarın yaradıcılıq irsini folklordan istifadə etməyin əvəzsiz örnəyi kimi qəbul etməsi onun folklora münasibətini və sənət meyarını müəyyənləşdirib. Bəstəkarın istedadının milli təbiəti əsərlərinin melodik dilində daha qabarıq şəkildə özünü göstərir. Bu, hər şeydən əvvəl, onunla əlaqədardır ki, bəstəkarın yaradıcılığında obrazlı melodik təfəkkürün mənbəyini əsasən klassik Azərbaycan muğamları təşkil edir. Muğamlar isə xalqımızın mənəvi xəzinəsinin ən mühüm və qiymətli hissəsidir. Muğamlarda xalq qəlbinin genişliyi və təmizliyi, xalq idrakının hüdudsuz üfüqləri, xalqın düşüncə tərzi, intellektual-mədəni səviyyəsi və s. yüksək məziyyətləri son dərəcə zəngin və orijinal ahəngdə əks etdirilib. Muğamların fəlsəfi əzəmətini, ülvi gözəlliyini, şairanə nəfəsini duyub varlığına hopdurduğundan, Qara Qarayev onu müdrik sənət adlandırıb. Musiqisinin potensial qüdrətini genişləndirmək üçün o, muğamları əsərlərinin milli dayaq sütunu edib. Bəstəkar muğamların ən səciyyəvi intonasiyaları və spesifik ifadə vasitələrindən böyük bədii cəsarət və yüksək zövqlə istifadə etmək nəticəsində fəlsəfi fikirlə zəngin hisslərin parlaq ifadəsi olan yeni keyfiyyətli dövri melodiyalar yaradıb".
Akif Quliyevin qeyd etdiyinə görə, bəstəkarın yaradıcılığında xalq mahnı və rəqsləri də böyük əhəmiyyətə malik qaynaqlardandır. O, populyar xalq rəqslərinin ayrı-ayrı nümunələrindən çox maraqla istifadə edir: "Belə ki, o, "Yeddi gözəl" baletindəki "Təlxəklərin rəqsi"ndən, "Brilyant" xalq rəqsindən istifadə edib... Bəstəkar təsirlənib bəhrələndiyi qaynaqlardan biri kimi aşıq musiqisinə də çox meyl göstərib. İlk böyük həcmli əsəri olan "Ürək nəğməsi" kantatasından sonuncu əsəri olan III simfoniyasınadək Qara Qarayevin bütün əsərlərində aşıq musiqisi intonasiyaları özünü aydın göstərir. Onun harmonik dili sekunda, kvarta və kvinta ardıcıllığı ilə zəngin olan aşıq harmoniyası ilə sıx əlaqədardır. Bu təsir bəstəkarın musiqisinin milli koloritində fərdi xüsusiyyət kəsb etməsinə imkan verib. Bəstəkar aşıq musiqisinə xas olan cəhətlərə daim dövrün yeni tələbləri ilə yanaşıb və həmin tələblər səviyyəsində inkişaf etdirib, zənginləşdirib, cilalayıb. Bu cəhəti simfonik janrda yazdığı əsərlərdə də aydın görmək olar. Məsələn, II simfoniyanın ikinci hissəsindəki aşıq musiqisindən istifadə ilə müqayisə etdikdə, bəstəkarın bu sahədə sürətli və səmərəli inkişafının şahidi oluruq. Qara Qarayev balet musiqisində də aşıq musiqisindən çox fəal, təsirli, obrazlı ifadə vasitəsi kimi geniş istifadə edib. Q.Qarayev yaradıcılığında aşıq musiqisinin vokal və instrumental ifadə vasitələrindən istifadə etməsə də, baletlərində bu musiqinin instrumental ifaçılıq ənənələrindən gələn təsir xüsusilə güclü və dərindir. Məlum həqiqətdir ki, hər hansı bəstəkarın musiqisinin milli təbiəti, hər şeydən əvvəl, onun melodiyasından - musiqi tematizminin əsasında təzahür edir. Əsərlərin təhlili göstərir ki, Qarayevin melodiyasında musiqi folklorunu xarakterizə edən çox fərqləndirici, tanıdığı işarələr - lad və ölçü dəyişkənliyi, variantlı inkişaf prinsipi var. Azərbaycan musiqi folkloru ilə möhkəm əlaqə bir tərəfdən bəzi melodik frazaların uyğunluğunda, digər tərəfdən isə "ümumiləşmiş milli intonasiyalar" ilə doldurulmasındadır. Buna görə də Qara Qarayevin melodiyasının sintetikliyi haqqında danışarkən burada mahnı və rəqs, muğam və aşıq musiqisi elementlərinin üzvi vəhdətdə birləşdiyini qeyd edə bilərik. Fikrimizi açıqlamaq üçün "Yeddi gözəl" baletində "Buynuzla rəqs"ə müraciət etsək, xalq rəqs musiqisinin təsiri, "Rast" muğamının "Hüseyni" rənginə yaxınlıq, müşayiətdə isə aşıq harmoniyasından əsas ifadə vasitəsi kimi istifadəetmə aydın nəzərə çarpır".
Musiqişünas qeyd edir ki, Qara Qarayev yaradıcılığına, şəxsiyyətinə dərin hörmət bəsləyən Azərbaycanın mərhum prezidenti Heydər Əliyev hələ sovet dövründə sağlığında dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevə qayğı göstərib, onun yubileylərini keçirib, bəstəkara Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilməsində xüsusi rol oynayıb. Azərbaycançılıq ideologiyasına şəxsiyyəti və yaradıcılığı ilə xidmət göstərən böyük bəstəkarımız Qara Qarayev özündən sonra aşıq, muğam, folklor musiqisinin təsirindən yoğrulan ölməz əsərləri qoyub gedib".
İradə
SARIYEVA
Bakı xəbər.-2014.- 4 avqust.- S.15.