Bakının müasirlik
inciləri tariximizin və mədəniyyətimizin
təbliğində əvəzsiz vasitələr kimi...
Bakı qədimdən tarixi-arxeoloji abidələr məskəni olub. Şəhərimizdəki çoxəsrlik binalar, tikililər bu şəhərin yaranışdan mədəniyyət mərkəzi olduğunu təsdiqləyir. Paytaxtımız və onun ətraf qəsəbələri tarixi abidələrlə zəngindir. Burada arxada qoyduğumuz minilliklərin hansı dövrünə aid abidə axtarsan tapa bilərsən. Maraqlı hal bundadır ki, şəhərimizdə müasirliklə qədimlik vəhdət təşkil edir. Keçmişlə indi bir-birini inkar etmir. Əksinə, təbii bir ahəngdarlıq yaradır.
İçərişəhər, Şirvanşahlar Sarayı, Karvansara, "Atəşgah", "Bibiheybət" Məscid Kompleksi və digər abidələr tarixdən yeni nəslə qalan müqəddəs bir yadigardır. Azərbaycan xalqı keçmişə bağlı olduğu üçün hər zaman ona böyük dəyər verib yaşadır. Tariximizin, mədəniyyətimizin zaman-zaman inkişaf etməsində tarixi abidələr də az rol oynamayıb. Bu abidələr böyük memarlıq incisi olmaqla yanaşı, həm də dövlətimizin mədəniyyət simvoludur. Xalqımızın hər dövrdə istedadlı, Tanrı vergili övladları olub. Onlar öz istedadlarını sənət nümunələrində təcəssüm etdirib. Hər zamanın öz sənətkarı, memarı, heykəltəraşı olur. Axır illər Bakıda onlarla yeni sənət abidəsi yaradılıb. Bu abidələr milli maraqlarımızı, xalqımızın dünyagörüşünü özündə saxlayır. Bakı müasirləşdikcə onun abidələrinin sırasına yeni sənət inciləri daxil olur.
Bakı şəhərinin son 25-30 ildə simasını dəyişən, onun gözəlliyini onqat artıran çoxlu abidə, tikili mövcuddur. Bu tikililər üslub və forma baxımından bir-birilə doğmalıq təşkil edir. Müasir memarlıq abidələri yalnız göz oxşayıb, könül açmır, eyni zamanda da bir milli memarlıq dəyəri, mədəniyyət nümunəsi kimi maraq kəsb edir.
Sənətşünas Rafiq Əliyev Bakının müasir abidələrinin çox olduğunu bildirməklə yanaşı, həm də onların daşıdığı əhəmiyyəti qeyd etdi. Sənətşünas deyir ki, XX əsrdə ən çox tarixi dəyər daşıyan abidə Bakıda ucaldılıb, inşa edilib. O bildirdi ki, son 25-30 ilin maraq doğuran və mədəniyyətimizin inkişafında danılmaz rolu olan abidələrindən biri "Gülüstan" Sarayıdır. Sənətşünas dedi ki, bu saray 1979-1980-ci illərdə Heydər Əliyevin göstərişilə tikilib: "Bakı şəhəri ta qədimdən abidələrlə zəngin olub. Bura həm tikililər, binalar, həm də heykəllər daxildir. Paytaxtımızda Azərbaycan xalqının həyatında, ictimai-mədəni şüurunun formalaşmasında, milli ideologiyaya bağlanmasında əməyi olan şəxsiyyətlərə, tariximiz, dövlətçiliyimiz üçün əhəmiyyət kəsb edən hadisələrə abidələr qoyulub. Müasir abidələr şəhərimizə xüsusi gözəllik, əzəmət verir. Bakıda bir möhtəşəm saray var. O da artıq müasir abidələr silsiləsinə daxil olub. Bilməyənlər üçün məlumat verim ki, bu saray 1979-1980-ci illərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda böyük dövlət mərasimlərinin keçirilməsi üçün tikilib. Dəqiq həndəsi siluetli, orijinal, yaxşı yaddaqalan, funksionallıqla estetik təsirliliyi özündə birləşdirən bu bina Azərbaycan SSR-in əməkdar memarı Nazim Hacıbəyov və Azərbaycan Memarlar İttifaqının sabiq vitse-prezidenti, memar Hafiz Əmirxanov və başqalarının layihəsi əsasında inşa olunub. Bu binanın inşasına görə müəlliflər Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb. Bu bina öz möhtəşəmliyilə fərqlənir. Azərbaycan memarlıq ənənələrinə xas olan cəhətlər bu binanın simasında özünü əsaslı şəkildə göstərir. "Gülüstan" Sarayı müasir tariximizin abidələrindən biri kimi böyük dəyərə malikdir. Bu binada Azərbaycan xalqının həyatı, yaşam tərzi, mədəniyyəti, mənəviyyatı, dövlətçiliyimizlə bağlı çox mühüm tədbirlər, yığıncaqlar təşkil olunur. Milli memarlığımızın çağdaş abidəsi olan "Gülüstan" həm adına, həm də daşıdığı ideyaya görə millidir. Bilirsiz ki, Gülüstan sözünün mənası cənnət, güllü-çiçəkli, abad məkan, gözəllik deməkdir. Bizim abidələrin, demək olar ki, hamısında milli memarlıq gözlənir. Avropa memarlığı üslubunda tikilən binalarda da, müəyyən qədər də olsa, milli çalar verilir. "Gülüstan" Sarayı inşa ediləndə bu, erməniləri dəhşətli dərəcədə narahat edirdi. Yaxşı bilirdilər ki, üzü Xəzər dənizinə sarı Dağüstü Parkda tikilən bu Sarayın milli əhəmiyyəti böyükdür. Bizdə belə abidə tipli binalar çoxdur. Elə götürək Milli Elmlər Akademiyasının Hüseyn Cavid prospektindəki əsas binasını. Bu bina sovet dövründə inşa olunub. O vaxt onun layihəsi sırf milli memarlıq üzərində qurulub. Lakin oradan müəyyən şeylər çıxarılıb. Amma iki il əvvəl bina əsaslı təmir və bərpa edildi. Burada köhnə layihədən istifadə edildi. Bizim memarlarımız həmişə milli düşüncəli olub. Hətta kosmopolit düşüncəyə malik insanların da daxilində, yaradıcılığında ciddi bir millilik olub. Onlar bunu həyat verdikləri abidələrdə ifadə edib".
Müasir memarlıq abidələrindən danışarkən ilk növbədə yada düşənlərdən biri də "28 May" metrostansiyası yaxınlığında yerləşən Heydər Əliyev Sarayıdır. 1972-ci il dekabrın 14-də açılışı olan bu saray tikildiyi gündən indiyə qədər öz möhtəşəmliyini və əhəmiyyətini qoruyub saxlayır. Həmin gündən indiyə kimi milli mahiyyət daşıyan bu Sarayda minlərlə konsert proqramı, tədbirlər keçirilib. Artıq 30 ildən çoxdur ki, ən mühüm beynəlxalq tədbirlər, respublika miqyaslı, dövlət səviyyəli ictimai-siyasi, mədəni-kütləvi tədbirlər Heydər Əliyev Sarayında keçirilir. Bu Saray 2004-cü ildən Heydər Əliyevin adını daşıyır. Bu Sarayın quruluşu, avadanlığı, siması nə qədər müasir, dünya standartları ilə ayaqlaşsa da, milliliyini itirmir. Bura da bir mədəniyyət ünvanı kimi hər zaman yada düşür. Bakıda böyük tikililərdən olan bu abidənin gələcək nəsil üçün də dəyərli olacağına qətiyyən şübhə etmirəm. Babalarımızın "tikdim ki, izim qala" tərzi hər bir vicdanlı, mənəviyyatlı azərbaycanlıya xas xüsusiyyət olmalıdır. Siz fikir versəniz görərsiniz ki, sovet dövründən miras qalan tarixi binaların restavrasiyası zamanı birmənalı olaraq milli memarlığımızdan istifadə edilir. Müasir abidələr sırasında Bəhram Gurun heykəlinin xüsusi əhəmiyyəti var. Qeyri-adi heykəltəraşlıq üslubunda milli çalarların köməyilə ərsəyə gətirilən bu abidə Sasanilər sülaləsinin beşinci hökmdarı Bəhram Gurun (V Bəhram-R.Ə) görünüşüdür. Bakı şəhərinin "Azneft" meydanının yaxınlığında qurulan bu heykəl onu Azərbaycan oxucusuna tanıdan Nizami Gəncəvini və qəhrəmanı olduğu ölməz "Yeddi gözəl" poemasını yada salır. Bu əsərdə Bəhram xalqın əzmkarlıq, qəhrəmanlıq, igidlik simvolu kimi xarakterizə edilib. Bu heykələ baxan gənc, istər-istəməz, qəhrəmanlıq haqda düşünəcək. Bu heykəlin üç müəllifi var. Heykəl Albert Mustafayev, Qorxmaz Sücəddinov və Aslan Rüstəmov tərəfindən tuncdan hazırlanıb. Yadınıza gəlirsə, Bəhram Gurun heykəli 2007-ci ildə yerindən götürülərək Rəssamlar İttifaqı Bədii Fondunun tunc sexində bərpa olunduqdan sonra yerinə qaytarılıb. Bildirim ki, Bəhram Gurun bu heykəli 49 il əvvəl hazırlanıb və Bakıda ilk heykəlli fəvvarədir. Heykəlin hündürlüyü 3,5 metrdir. Belə heykəllər xalqın ruhunu sevindirən abidələrdir.
Son illər Bakıda bir-birinin ardınca yeni abidə tipli binalar inşa edilərək istifadəyə verilir. Hər dövrün tikinti hadisəsi onun memarlıq sənətinin inkişafı deməkdir. Azərbaycanın hər yerində müasir tarixi abidələr mövcuddur. Bilirik ki, son illər tikilən ən möhtəşəm binalar Bakının payına düşür. Bakıda bir-birinin ardınca çox böyük binalar tikilir. O binaların da əksəriyyəti dövlət başçısının sərəncamı ilə inşa olunur. Bu da o deməkdir ki, dövlətin özü müasir memarlıq abidələrinin yaradılmasında maraqlıdır. Dövlətimizin ana xəttini tarixi irsə bağlılıq təşkil etdiyi üçün dövlət memarlıq sənətimizdə də milliliyin hökm etməsini, üstün olmasını istəyir. Bu da təbiidir. Milli siyasət yürüdən dövlətin memarlıqı, abidələri də milli çərçivədə olmalıdır. Şəhərimizdə tikilən Heydər Əliyev Mərkəzi müasir olsa da, özündə milliliyi daşıyan bir abidədir. Bu abidənin memarı dünya şöhrətli memar Zaha Hadidir. Burada da Şərq və Qərb memarlığı çox incəliklə bir-birini tamamlayır. Heydər Əliyev Mərkəzi bir məkanda yerləşən və bir-birilə bağlı olan üç əsas strukturdan ibarətdir. Məlumdur ki, binanın inşasında məqsəd Heydər Əliyevin də bağlı olduğu memarlıq irsini geniş səviyyədə təbliğ etmək olub. Bu binanı müasir dövrümüzdə bir azərbaycançılıq abidəsi saymaq olar. Çünki ora bir tarix, dövlətçilik, mədəniyyət institutu kimi böyük işlər görür. Bu binada artıq beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinə başlanıb. Hesab edirəm ki, bu Mərkəzdə görülən və gələcəkdə görüləcək işlərin misli olmayacaq. Gələcəkdə Heydər Əliyev Mərkəzi də, digər müasir abidələr də böyük yaddaş incisi, milli dəyər kimi qorunacaq, müqəddəs bilinəcək. Dövlət Bayrağı Meydanı da müasir abidə kimi diqqəti cəlb edir. Burada ucaldılan bayraq dünyanın ən böyük bayrağı kimi artıq Ginnesin Rekordlar Kitabına düşüb. Milli bayrağımızın şərəfinə inşa edilən bu möhtəşəm meydan Azərbaycan xalqının qürur yeridir. Bura bir azərbaycançılıq abidəsi kimi böyük maraq doğurur. Müasir abidələrdən olan Bayraq Meydanı dövlət başçımızın müvafiq sərəncamı ilə inşa olunub. Bayraq Meydanı həm memorial abidədir, həm də istirahət parkı. Bu baxımdan onun əhəmiyyəti daha böyükdür. Xalçaçılıq Azərbaycan xalqının tarixi bir el sənətidir ki, burada bizim milli mədəniyyətimiz, düşüncəmiz özünü tam ifadə edir. Məlumdur ki, uzun illər Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi binasızlıq şəraitində fəaliyyət göstərib. O Muzey Mərkəzinin kiçik otaqlarında məskunlaşıb. Artıq Azərbaycan xalçası YUNESKO-nun ümumdünya mədəni irs siyahısına düşüb. Bu da muzeyin öz binasının olmasını zəruri edib. Bildiyimiz kimi, muzeyin təməli 2008-ci ildə Dənizkənarı Milli Parkda qoyulub. Muzeyin bükülmüş xalça formasını əks etdirən binası Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və YUNESKO-nun birgə layihəsi əsasında inşa edilib. Xalça Muzeyi də, Dənizkənarı Milli Parkda inşa edilib istifadəyə verilən möhtəşəm Muğam Mərkəzi də, başqa abidələr də bir tarix-mədəniyyət abidəsi kimi gələcəkdə də maraqla qarşılanacaq. Müasir abidələrimiz azərbaycançılıq ideologiyasının təbliğində önəmli rola malikdir. Ümid edirik ki, bundan sonra tikiləcək müasir abidələr də xalqımızın milli ideologiyasının yaşamasında, yayılmasında ənənəvi yolu davam etdirəcək.
İradə
SARIYEVA
Bakı xəbər.-2014.- 5 avqust.-
S.15.