Mədəniyyət elementlərimizin
təbliğində əcnəbi sənətçilərin
iştirakı...
Azərbaycan xalqının ənənəvi musiqisi əsrlərdir yaranıb və onu dinləyənlərin qəlbinə hakim kəsilib. Aşıq sənəti, muğam xalqımızın ənənəvi musiqisi olmaqla yanaşı, həm də bəşəri mahiyyət daşıyır. Sözsüz ki, aşıq musiqisində də, muğamda da millilik, Azərbaycan ruhu hər zaman qabarıq şəkildə özünü göstərib. Azərbaycan mədəniyyətinin formalaşmasında milli musiqinin və musiqi alətlərinin rolu az deyil.
Dünya Azərbaycanı həm də milli musiqisinə, dövlətimizin musiqiyə, incəsənətə bəslədiyi qayğıya görə tanıyır. Azərbaycan muğamlarını, aşıq musiqisini təbliğ edən sənətkarların bir çoxunun dövlətə, onun təməl prinsiplərinə bağlı olduğu bəllidir. Onlar musiqimizi, onun daxilində dilimizi, mənəviyyatımızı o qədər yüksək səviyyədə təbliğ edib ki, əcnəbilərin milli musiqimizə, milli alətlərimizdə ifa etməyə marağı artıb. Bu gün Azərbaycandan kənarda, genetik baxımdan Azərbayan xalqı ilə heç bir əlaqəsi olmayan şəxslər var ki, saz, tar, kamança, zurna çalır, muğam oxuyur. İllər əvvələ təsadüf edir, Amerika vətəndaşı Ceferson (Cefri) tarda və kamançada etdiyi ifalarla diqqəti cəlb edirdi. Hətta SSRİ xalq artisti, dünya şöhrətli müğənnimiz Zeynəb Xanlarova Cefersonun bu addımını alqışlayırdı. Zeynəb xanım deyirdi ki, bəlkə də onun türk genləri var və onu məhəbbətlə "Cəfər" adlandırırdı. Cefersonun milli alətlərimizi dilə gətirməsi nəinki Azərbaycanda, hətta bütün dünyada böyük bir sensasiya yaratdı, hadisəyə çevrildi. Ceferson keçən əsrin 90-cı illərinin əvvəllərindən Azərbaycan misiqi alətlərində muğam, xalq və bəstəkar mahnılarını ifa edir. Cefrinin özünü Azərbaycan xalqının, Azərbaycan musiqisinin və Azərbaycan dövlətinin dostu sayması təbiidir. O, dünyanın hər yerində Azərbaycan musiqisini təbliğ edir. Ümumiyyətlə, milli musiqi alətlərimizdə ifalar edən, muğam oxuyan əcnəbilər bununla bizim mədəniyyətimizin dünyada təbliğinə böyük dəstək verir. Onların bu sahəyə marağı mədəniyyətimizə böyük bir xidmətdir. Musiqi mədəniyyətimizin ana xətlərindən birini aşıq sənəti və muğamlar təşkil edir. Sözsüz ki, bunu əcnəbilər muğamı öyrənərkən dərk edir. Aşıq Gülarə Azaflının yaponiyalı şəyirdi Tomoka da sazımızı ifa edir. Yadınızdadırsa, o, böyük şairimiz Səməd Vurğunun "Azərbaycan" şeirini sazda ifa edərək, bununla Azərbaycan sevgisini göylərə qaldırmağa müvəffəq oldu. Aşıq Gülarə müsahibələrindən birində Tomokanın ifasından bəhs edərək bildirir ki, Azərbaycan sazının qüdrəti yaponiyalı qızı bu sənətə bağlayıb. Gülarə xanım hesab edir ki, Azərbaycan musiqisini öyrənən əcnəbilər milli-ənənəvi musiqimizi təbliğ etməklə həm də aşıq musiqimizin, mədəniyyətimizin yayılmasına xidmət göstərir: "Mənim bir şəyirdim var, yapon qızıdır, Tomoka İmura, sazda əməlli-başlı çalıb-oxuyur. Yapon qızı o boyda məsafəni gəlib burada saz sənətini öyrənirsə, demək o, Azərbaycanı və Azərbaycan musiqisini sevir. Əcnəbilərin milli musiqimizə marağı get-gedə geniş miqyas alır. Onlar xaricdə bizim milli musiqimizi təbliğ edir. Musiqimizin içində isə azərbaycançılığı yayırlar. Onların bu sahədə rolu böyükdür".
Bu gün Gülarə Azaflının "Çeşmə" qrupunda olan qızların sırasında amerikalı bir tələbə qız da var. Gülarə xanımın yetirmələri sırasında özünə yer tutan Marti Lauri bizim mədəniyyəti, aşıq sənətini ürəkdən sevir. Martinin hər bir çıxışı doğrudan da onu dinləyənlərdə böyük maraq oyadır. Bildiyim qədər, Martini aşıq sənətinə doğmalaşdıran gənc aşıq, "Çeşmə" qrupunun istedadlı üzvlərindən biri, gözəl səsi və səhnə görünüşü olan Məhsəti Cabbarlı olub.
Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Jalə xanım Məhərrəmova "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, qeyri-millətlərin milli musiqimizə geniş marağı 19 əsrin əvvəllərindən başlayıb: "Azərbaycan musiqisinin ən önəmli cəhətlərindən biri burada tariximizin əks olunmasıdır. Bu məsələdə Üzeyir Hacıbəyovun rolu böyükdür. O, muğamı tam Azərbaycanlaşdıraraq özünün ilk musiqi tendensiyasını - muğam operasını yaradıb. Üzeyir bəy muğamlar üzərində işlədi, uzun-uzadı oxumaları ləğv edərək, muğam oxuyan xanəndələrə konkret yol göstərdi. Azərbaycanda ilk dəfə Fikrət Əmirov tərəfindən "Şur" və "Kürd ovşarı" simfonik muğamları yarandı. Burada Qərb və milli musiqinin vəhdəti əks olundu. Tarixi mədəniyyətimizin təbliği bu musiqinin içində özünə yer tapdı. Mədəniyyət tariximizin təşəkkülündən danışırıqsa, aşıq musiqisini də yada salmalıyıq. Üzeyir bəy sazdan bəhrələnərək "Koroğlu" operasını yaratdı. Digər tərəfdən, saz havalarının nota salınması məsələsi də meydana çıxdı. Bu çox müsbət haldır. Aşıq musiqisinin nota salınması bu sahəyə əcnəbi tələbələrin marağını artırdı. Bizim milli musiqini öyrənən əcnəbilərin sırası genişlənir. Xoş bir haldır. Mən onların arasında birinin-koreyalı muğam oxuyan, Azərbaycan Milli Konservatoriyasının tələbəsi Kim Minseoqun adını qeyd etmək istəyirəm. Onun Azərbaycan muğamlarına sevgisi çox böyükdür. Bu gəncin ifası diqqətçəkəndir. Bildiyim qədər, onun həyat yoldaşı da kamança ilə maraqlanır. Biz xarici tələbələrə yalnız musiqini öyrətmirik, həm də milli xüsusiyyətlərimizi təlqin edirik. Onlar buradan gedəndən sonra dünyada Azərbaycan mədəniyyətini, milli musiqimizi təbliğ edəcək. Milli musiqimiz tarixi qaynağa söykənərək inkişaf edir. Azərbaycanın xalq musiqisi sistemli şəkildə formalaşıb. Musiqimiz şifahi ənənəli professional musiqidir".
Musiqişünaslar bildirir ki, yapon qızının saz təhsili alması, lap bu yaxınlarda koreyalı oğlanın əldə qaval muğam oxuması və ölkəsinə qayıtdıqdan sonra orada muğam məktəbi açmaq istəyi onu göstərir ki, Amerikanın və bir çox Avropa dövlətlərinin şəhərlərində yaxın gələcəkdə muğam məktəbləri açılmasının şahidi olacağıq. Bayaq Jalə xanımın barəsində danışdığı Kim Minseoq Azərbaycanla cəmi 6 ildir ki, tanışdır, amma koreyalı tələbə ana dilimizdə bir çox azərbaycanlıdan daha yaxşı danışır, üstəlik, mənəvi varlığımız olan muğamı da ustalıqla ifa edir. Azərbaycan muğamını məharətlə ifa edən Cənubi Koreya vətəndaşı Kim Minseoq 6 il bundan əvvəl Bakıya turist kimi gəlib və elə həmin ərəfədə Azərbaycan muğamı ilə tanış olub və onu sevib.
Kim Minseoq mətbuata müsahibəsində Azərbaycan muğamına, xalqımızın mənəviyyatına, dövlətin milli musiqiyə göstərdiyi qayğıya heyran qaldığını deyib: "Mənə dostum bir disk verdi, o diskə qulaq asdım və bu diskə qulaq asdıqca məndə muğama qarşı həvəs baş qaldırdı. Gözəl səslər var idi burada. Bunu eşitdikdən sonra muğam öyrənmək üçün Bakıya gəlmək qərarına gəldim. Hələ Koreyaya getmək planım yoxdur, burada musiqi məktəbi açmaq istəyirəm. Azərbaycan musiqisi ilə Koreya xalq mahnılarını uşaqlara öyrətmək istəyirəm. Planımda Koreyada, eləcə də Azərbaycanda muğam üzrə musiqi məktəbi açmaq ideyası var. Koreyada çoxsaylı Azərbaycan tələbəsi var ki, muğam öyrənmək istəyir, eynilə də Bakıda. Bunu etməklə çoxsaylı insanın arzularını reallaşdırmaq istəyirəm. Eyni zamanda, burada da Koreya milli musiqilərini gənclərə öyrətmək niyyətim var. Koreyada Azərbaycan muğamını inkişaf etdirəcəyəm. Orada da, burada da konsertlər təşkil etmək istəyirəm. Əhsən müəllimin ifasını çox sevirəm...Sözsüz, Koreya üçün darıxdığım zamanlar da olur. Amma muğama olan sevgim hər şeyə üstün gəlir. Azərbaycan mətbəxini də çox sevirəm. Çox gözəl mətbəxiniz var. Ən çox sevdiyim isə yarpaq dolmasıdır. Azərbaycan bu gün çox sürətlə inkişaf edən ölkədir. Azərbaycan dövləti hazırda çox bahalı dövlət hesab edilir. Bakı da çox gözəl şəhərdir. Düşünürəm ki, hazırda Azərbaycan gəncliyi muğamı oxumur və özlərini bu dünyadan uzaq tutmağa çalışır. Bu situasiya hazırda Koreyada da var və gənclik milli musiqini dinləmir. Gənclik indi daha çox yeniliyi, digər ölkələrdən gələn musiqiləri sevir. Amma muğama köhnəlik kimi baxmaq çox səhvdir, bu hal məni təəssüfləndirir. Muğamı məhz Azərbaycan gəncliyi qorumalıdır".
Kim Dağlıq Qarabağın işğal altında olmasından da təəssüfləndiyini deyib. Bir əcnəbinin muğamlarımız, milli mədəniyyətimiz, tarixi torpaqlarımız haqda bilgiyə malik olması və bildiklərini dünyaya yayması təqdirəlayiq haldır: "Bilirəm ki, muğamın kökü Qarabağdan gəlib. Dağlıq Qarabağ probleminiz barədə də məlumatlıyam və prosesləri izləyirəm. Bilirsinizmi, erməni dilində heç Qarabağ sözü yoxdur, axı necə ola bilər ki, Qarabağ onların olsun? Qarabağ sözü də, özü də Azərbaycana məxsusdur. Soruşmaq istəyirəm, axı bu günə kimi niyə Qarabağ alınmayıb? Bilirəm ki, Azərbaycanın ən tanınmış muğam ifaçıları məhz Qarabağdan çıxıb. Azərbaycanın insanlarını çox sevirəm, olduqca qonaqpərvərdirlər. Koreyada belə bir şey yoxdur. Orada qonşumuzun kimliyindən belə xəbərsizik, yəni tanımırıq. Ona görə də bu ölkəni hər şeyi ilə çox sevirəm. Xan Şuşinskinin, Cabbar Qaryağdıoğlunun ifasını tez-tez dinləyirəm... Çox istəyərdim Azərbaycan vətəndaşı olum, amma icazə verilmir. Koreyada ikili vətəndaşlığa icazə verilir, Azərbaycanda isə belə bir şey yoxdur. Əgər buna layiq olsam, niyə də olmasın".
Azərbaycan Milli Konservatoriyasının müəllimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin doktorantı Əhsən Əhmədov Kim Minseoqun müəllimidir. Əhsən müəllim bizimlə söhbətində bildirdi ki, bu gün Azərbaycan milli muğamlarını öyrənənlər arasında xarici vətəndaşlar çoxdur. Onların sırasında Kimin də olduğunu deyən Ə.Əhmədovun sözlərinə görə, Azərbaycan musiqisinə olan maraq Kim Minseoqu Bakıya çəkib gətirib: "O, Konservatoriyaya qəbul olundu. Əvvəllər çətinliyi görüb qaçmaq istəyirdi, amma imkan vermədim. Gördüm ki, onda oxumaq istedadı var. Beləliklə, uzun müddət onun üzərində işlədim. Kimə əvvəlcə qəzəllərimizi öyrətdim, sonra isə muğamı öyrətdim. Bu gün o, beş dəsgah bilir. Kim Minseoq "Rast", "Şur", "Bayatı kürd", "Mahur hindi", "Bayatı-Şiraz" muğamlarını oxuyur. Əvvəl onun səsini muğamlara uyğunlaşdırmaq çox çətin idi. Çünki dil problemi vardı. Muğamın xüsusi zənguləsi var axı. Onu öyrənmək çətindir. Ona görə çox işlədim üzərində. Azərbaycan dilini bilir artıq. Bir də görürsən ki, dərsdə hansısa tələbə düz oxumadı. Həmin dəqiqə Kim ona "saxla, filan yeri belə oxuma, düz oxumursan" deyə irad tutur tələbəyə. Deyir ki, burada muğamları öyrəndikdən sonra gedib Cənubi Koreyada muğam məktəbi açacaq. Əcnəbi tələbələrin milli musiqimizə marağı böyükdür. Bu gün xaricdən bura muğam öyrənməyə gələnlər çoxdur".
Ə.Əhmədovun sözlərinə görə, əcnəbi tələbələrin xalq musiqimizi kütləvi öyrənməsi olduqca sevindirici haldır. Bu tələbələrin azərbaycançılıq ideologiyasının yayılmasında rolunun əvəzsiz olduğunu deyən Ə.Əhmədov hesab edir ki, onların timsalında bütün dünya Azərbaycanı bir daha öyrənmək istəyəcək: "Əcnəbi tələbələrə yalnız musiqi öyrətmirik, həm də tariximizi, ədəbiyyatımızı, fəlsəfi fikrimizi öyrədirik. Bu da onların azərbaycançılığı dərk etməsinə gətirib çıxarır. Bilirsiz ki, Azərbaycan musiqisi dünyanın ən inkişaf etmiş musiqilərindən biridir. Musiqimizin gücü əcnəbiləri özünə çəkir. Azərbaycançılıq tarixən musiqimizin əsasını təşkil edib.
Üzeyir bəy, Cabbar Qaryağdıoğlu bu sahədə böyük işlər görüb. Cabbar Qaryağdıoğlu muğamları Azərbaycanlaşdırdı. Bu mənada ki, muğamlar fars dilində yazılan qəzəllər üstə oxunardı. Cabbar Qaryağdıoğlu Füzulinin, Nəsiminin qəzəllərini oxumaqla onu bir daha yaddaşımıza qaytardı. Bu gün muğamımızı öz adına çıxmaq istəyənlər çoxdur. Amma onun Azərbaycan xalqına mənsub olduğunu dünyaya bir tərəfdən də əcnəbi tələbələr, əcnəbi gənclər çatdıracaq".
İradə
SARIYEVA
Bakı xəbər.-2014.- 6 avqust.- S.15.