Xətai
yaradıcılığı dövlətimizin, tarix və mədəniyyətimizin
yaşadıcısıdır...
Azərbaycan tarixində elə şəxsiyyətlərin izləri var ki, onların adı çox böyük bir dövrü əhatə edir. Bu şəxsiyyətlər olmasaydı, bəlkə də onların yaşayıb-yaratdığı mühit həddən artıq kasıb görünərdi. Orta əsrlər Azərbaycan ədəbiyyatı tarixinə Şah İsmayıl Xətai kimi nəhəng şəxsiyyətin, söz-sənət adamının adı da həkk olunub. O bir şair kimi Azərbaycan xalqının mənəviyyatının zənginləşməsində müstəsna rol oynayıb.
Milli ədəbiyyatımızın formalaşmasına, poeziya nümunələrinin ana dilimizdə yaranmasına Şah İsmayıl Xətai çox böyük dəstək verib. O, dilimizi xalq içindən çıxarıb yüksəklərə - saraya gətirib. Doğma Azərbaycan türkcəsini dövlət dili elan etdi. Şah İsmayıl əsrlər uzunu dövlət dili kimi gözləmə mövqeyində dayanan ana dilimizi öz layiq olduğu mərtəbəyə qaldırdı. Azərbaycan dili, tariximizin yaşaması kimi məsələlər Şah İsmayıl Xətai poeziyasının əsasını təşkil etdi. Xətainin özü ana dilimizdə şeir yazmaqla yanaşı, başqa şairləri də ana dilində yazıb-yaratmağa çağırırdı. Artıq onun dövründə Azərbaycan türkcəsində danışmaq, ədəbiyyat-poeziya nümunələri yaratmaq bir ənənəyə çevrildi. Xətai anadilli poeziyamızın bayraqdarlarından bir kimi dilimizin yaşaması, gələcək nəsillərə ötürülməsi üçün böyük işlər görüb. Onun poeziyası çiyinlərində müqəddəs dilimizin şəhdi-şirəsini, gözəlliyini, əbədiliyini daşıyıb. Xətai poeziyasının mayası xalqımızın tarixi ilə, ana dilimizlə, aşıq yaradıcılığı ilə, sazla tutulub. Xətaişünaslar deyir ki, Şah İsmayıl Xətai anadilli poeziyanın beşiyi başında durmaqla böyük bir tarixi dünəndən bu günə ötürə bilib. Şah İsmayıl Xətai hakimiyyətə gəldikdən sonra tariximizin, mədəniyyətimizin, milli təhsilimizin yeni səhifələri işlənib hazırlanıb. Bəllidir ki, onun dövründə anadilli mədrəsələr, təhsil müəssisələri fəaliyyətə başlayıb, yüzlərlə həmvətənimiz onun açdığı məktəblərdə təhsil alıb. Şah İsmayıl ana dilimizi, söz sənətimizi, sözün türk mənəviyyatında oynadığı rolu özünün məşhur "Söz " rədifli gəraylısında (aşıq poeziyasında şeir janrı-İ.S) ifadə edib.
Sözünü bir söyləyənin
Sözünü edər sağ bir söz.
Pir nəfəsin dinləyənin
Yüzünü edər ağ bir söz.
Söz vardır kəsdirər başı,
Söz vardır kəsdirər savaşı.
Söz vardır ağulu aşı
Bal ilə edər yağ bir söz.
Tərtəmiz Azərbaycan türkcəsində yazılan şeirdə ana dilimizin bütün gözəllikləri özünü göstərir. Xətai poeziyasının əsasını aşıq şeirinə bağlılıq təşkil edir. Şairin həm klassik qəzəl janrında, həm də aşıq şeiri formasında onlarla poeziya nümunəsi var. Xətainin çoxlu bayatısı, gəraylısı, varsağıları var. Bu şeirlərin hamısı aşıq şeiri şəklinə sığışır.
Gənc folklorşünas Günay Ağamalıyeva bizimlə söhbətində bildirdi ki, Şah İsmayıl Xətai Azərbaycan dilini dövlət və poeziya dilinə çevirməklə böyük bir ana dili hadisəsinə rəhbərlik edib: "Şah İsmayıl Xətainin ana dilinə müsbət münasibəti müasir azərbaycanlıların bir qürur, fəxr yeridir. Ədəbiyyatımızda, klassik poeziyamızın inkişafında, ana dilimizin şeir dilinə çevrilməsində Xətainin rolu misilsizdir. Azərbaycanda ana dilinin yüksək mərtəbəyə qaldırılması hərəkatı bir neçə dəfə baş verib. Xətainin qurucusu olduğu Səfəvilər dövlətindən də əvvəlki milli dövlətlər ana dilimizin inkişafına xüsusi fikir verib. Bu proses Xətainin zamanından xeyli əvvəl başa çatıb. Ədəbiyyatımız, söz sənətimiz ərəb, farsdilli şeirlə, nümunələrlə zənginləşdirilib. Şairlər ana dilimizdə də yazıb, amma o şeirlərin sayı o qədər də çox olmayıb. İzzəddin Həsənoğludan başlayaraq Şah İsmayıl Xətaiyə qədərki dövrdə ana dili şeir dili kimi işlək idi. Amma meydanı dar olduğu üçün onun təsir imkanları elə də böyük deyildi. Şah İsmayıl hakimiyyətə gəldikdən sonra dilimizlə bağlı mövcud olan məhdudiyyətləri aradan qaldırıb. Azərbaycanda Xətai irsinin öyrənilməsinə sovet hakimiyyəti illərində başlanıb. Azərbaycanın tarixçi və ədəbiyyatşünas alimləri Salman Mümtaz, Həmin Araslı, Mirzağa Quluzadə, Oqtay Əfəndiyev və başqa mütəxəssislər bu istiqamətdə tədqiqatlar aparıb. Şah İsmayıl Xətainin az yaşaması məlumdur. Buna baxmayaraq, o, zəngin və çoxşaxəli bir irs qoyub gedib. Bayaq dediyimiz kimi, o həm əruz vəznində, həm də heca vəznində həm epik, həm də lirik janrda şeirlər yaradıb. O bu şeirləri ana dilində yaradıb. Onun səmimi, ürəkdən qopub gələn şeirləri indi də maraqla qarşılanır. Bizdən əvvəlki tədqiqatçılar yazır ki, onun poeziyası gah qılıncla bərabər döyüş meydanlarına gedib, gah müdrik el ağsaqqallarının, təriqət şeyxlərinin öyüdünə çevrilib, gah da dünyaya və insanlara məhəbbət dolu bir qəlbin tərcümanı olub. Bu poeziya ana dilimizin gözəlliyini, qəhrəmanlığı, mənəvi saflığı, əsl məhəbbəti yaşadır. Xətai poeziyasını əbədi edən də elə bu keyfiyyətlərdir".
G.Ağamalıyeva bildirdi ki, Xətai yaradıcılığında xüsusi dəyərə malik olan bayatılar onun xalq ədəbiyyatının, aşıq şeirinin bulağı gözündən su içdiyini təsdiqləyən bir amildir. Folklorşünasın sözlərinə görə, Şah İsmayıl Xətai folklorumuzdan bəhrələnərək çox məzmunlu bayatılar yaradıb: "Ana dilinin qayğısına qalıb onu poeziya mərtəbəsinə yüksəldən Şah İsmayıl çoxlu bayatılar yazıb. Həmin bayatılar o qədər unikaldır ki, onu oxuyan bu bayatılardan ayrılmaq istəmir. Xətainin bir neçə bayatısını demək istərdim:
Xətai, can arxına,
Əhli-ürfan arxına,
Mərifətdən su gəlib,
Tökülür can arxına.
Xətaiyəm, xəttaram,
Həq sirrinə səttaram,
Həkimlərin dərmanı,
Təbiblərə əttaram.
Xətai, işin düşər
Gedib-gəlişin düşər,
Dişləmə çiy löqməni,
Yerinə dişin düşər.
Xətaiyəm bir halam,
Əlif üstündə dalam.
Sufiyəm təriqətdə,
Həqiqətdə abdalam.
Görürsünüzmü, bu bayatılar neçə əsr əvvəl yazılıb, amma formaca, məzmunca, dildən istifadə baxımından çox maraqlıdır. Bayatıların ən böyük missiyası az sözdən istifadə etməklə böyük fikirləri lakonik şəkildə ifadə etməkdir. Dili yaşatmaq, onun qeydinə qalmaq da bayatının üzərinə düşən bir yükdür. Şah İsmayıl Xətainin sarayı şairlər, aşıqlar, musiqiçilərlə zəngin olub. O dövrün çox maraqlı sənət hadisələri Xətainin sarayında yaranıb. Onun şah sarayında aşıq Qurbani, Miskin Abdal, Həbibi kimi yaradıcı insanlar yaşayırdı. Təbii, milli poeziyaya bağlı şairlərlə Şah İsmayılın münasibətləri çox yaxşı olub. Xətainin yaratdığı şərait onların yaradıcılığını daha da zənginləşdirib. Xətai poeziyasının inkişafına aşıq şeiri çox böyük təsir edib. Bu dahi sərkərdə, şair, dövlət xadimi haqda yazılan bədii ədəbiyyat nümunələrində onun şeir yazmaqla yanaşı, mahir saz çaldığı da bildirilir. Hətta bəzi yazıçılar və tarixçilər yazır ki, onun dayəsi əslən Borçalıdan olub və ona saz çalmağı da dayə öyrədib. Səhv etmirəmsə, dayəsinin adı Səkinə xala olub. Şah İsmayılın gəraylılarını Azərbaycan aşıqları oxumaqla dilə-ağıza salıblar. Təəssüflər olsun ki, bu gün Xətainin aşıq şeiri üslubunda yazdığı poeziya nümunələri müasir aşıqların repertuarında az-az olur. Əslinə qalsa, aşıqlar onun şeirlərini oxumalıdır. Gəraylı janrında Xətai olduqca çox şeir yazıb. O şeirlərin əksəriyyəti çap olunub. Xətainin "Gəldim" rədifli bir şeiri var, o mənim çox xoşuma gəlir. Şah İsmayıl yazır:
Bir nəfəscik söyləyəyim,
Dinləməzsən neyləyəyim?
Eşq dəryasın boylayayım,
Ümmana dalmağa gəldim.
Eşq xərmənində sovruldum,
Həm ələndim, həm yoğruldum.
Qazana girdim, qovruldum,
Meydana yenməgə gəldim.
Mən haqqa oldum aşina,
Qalmadı könlümdə nəsnə,
Pərvanəyəm ataşına,
Şəminə yanmağa gəldim.
Şah Xətaidir özümdə,
Heç xilaf yoxdur sözümdə,
Əskiklik kəndi özümdə,
Darına durmağa gəldim.
Xətai poeziyasında belə maraqlı, yaddaqalan nümunələr çoxdur. O bir şair kimi milli poeziyamıza ana dilini, ondan istifadə qaydalarını gətirib. Xətainin ana dilinə münasibəti ulu türk babalarımızın "dilini, belini, elini qoru" vəsiyyətinə əməl etmək istəyindən irəli gəlib".
Folklorşünas bildirdi ki, Xətai poeziyasında Azərbaycan dilinin inkişafı ilə yaşaşı, sufizm xətti də özünü göstərir. Onun dediyinə görə, şair şeirlərində sufi olmasını dəfələrlə vurğulayıb: "Şah İsmayıl Xətainin sufi olması onun poeziyasına humanist ruh verib. Amma bu, Xətainin yaradıcılığını çoxşaxəlilikdən çıxarıb təriqət poeziyasına çevirə bilməyib. O bütün məqamlarda real həyat və real insan haqqında düşünüb, real insana müraciətlə yazıb, yaradıb, real insandan və onun hisslərindən, qayğılarından söhbət açıb.
Sufi isən, alıb-satma,
Halalına haram qatma.
Yolun əyrisinə getmə,
Doğru yola nəzər eylə.
Qeyd edim ki, hələ
XII əsrdə Nizami Gəncəvi sufizmə rəğbətlə yanaşıb
və sufiləri ürəkdən xəbərdar
adam kimi
təqdim edib. Nizamilə yanaşı, Xətainin də yaradıcılığında göstərilir ki, həqiqi sufi
əsl insandır. Onda alıb-satmaq, harama meyl etmək,
əyri yola getmək kimi hərəkətlər, sifətlər
ola bilməz.
Hər hansı bir sufi
bu sifətlərə
malik deyilsə, o, sufilikdən də, insanlıqdan da uzaq bir adamdır.
Xətai
belə sufiləri rədd edir. Şair ana dilini sufizm
meylli şeirlərində
də aparıcı qüvvə olaraq seçir. Xətai poeziyası azərbaycançılıq,
onun mədəniyyəti,
mənəviyyatı üzərində
qurulduğundan, dəyəri
çox böyükdür".
Xətai özünün bir neçə şeirində
böyük bir yolun yolçusu olduğunu ifadə edir.
Haqqın
qapısından girdim,
Kəndi vücudumu gördüm.
Sevgi haqqın sevgisiymiş,
Ərənlər nə der buraya?
Xətai
der ixtiyarsız:
Neyləyim dünyanı yarsız.
Oldu aləmdən xəbərsiz,
Duz tökmək
istər yaraya.
Bu gəraylı təsəvvüf
ədəbiyyatının təsirilə
yazılan poetik nümunədir.
Folklorşünas Günay Ağamalıyevanın
dediyinə görə,
Xətai poeziyasının
tarixi irsimizə bağlılığı o qədər
qabarıq görsənir
ki, hətta bunu sovet mətnşünasları
və ədəbiyyat
tənqidçiləri açıq
şəkildə görüb. Onun şeirləri
Azərbaycan türkcəsində
yaradılıb. Burada başqa
dilin iştirakını
görmürəm. Ana
dilimiz Xətai yaradıcılığının ana xəttini təşkil etdiyindən,
şairin yaradıcılığı
tarixi mədəniyyətimiz
üzərindən ayağa
qalxıb".
Əlbəttə, milli poeziyamızın, dövlətçilik tariximizin
yeni qızıl səhifələrinin yazılmasında
Şah İsmayıl Xətainin əməyi danılmazdır. Ana dilim-Xətainin
şeir dili, divan dili, fərman dili! Ana dilim-milyonların danışdığı böyük
bir dil! Xətai yaradıcılığı, poeziyası
ana dilimizdə yazılan qiymətli sənət inciləri kimi min illər sonra da yaşayacaq.
Şah İsmayıl Xətai bütöv Azərbaycan dövlətinin qurucusudur,
o bizim üçün
həm şanlı bir tarix yaradıb,
həm də əbədi bir ədəbiyyat xəzinəsi,
söz irsi yadigar qoyub.
İradə SARIYEVA
Bakı xəbər.-2014.- 7 avqust.- S.15.