İrəvan xanlığının dövlət rəmzlərində milli mədəniyyət elementlərimiz...

 

 

Tariximiz ən böyük mədəniyyətimiz, sərvətimizdir. Tarixi araşdırmalar aparıb bizə aid olan dövlət və xanlıqların tarixini öyrənmək, orada qalan izlərimizi çağdaş oxucularımıza çatdırmaq gərəkli bir işdir. İrəvan Xanlığı xanlıqlar tariximizdə özünəməxsus yeri olanmilli mədəniyyətimizin, dövlətçilik ənənələrimizin yaşadıldığı bir xanlıq kimi tarixdə qalıb.

Mir Mehdi xan Ziyadlı-Qacar, Xəlil xan Ziyadlı-Qacar, Həsənəli xan Ziyadlı-Qacar, Hüseynəli xan Ziyadlı-Qacar, Qulaməli xan Ziyadlı-Qacar, Məhəmməd xan Ziyadlı-Qacar, Mehdiqulu xan-Dəvəli-Qacar, Əhməd xan Müqəddəm, Hüseynqulu xan Qovanlı-Qacar-bu şəxsiyyətlər müxtəlif illərdə İrəvan xanlığının rəhbərləri olub. İrəvan xanlığı Azərbaycan xanlıqları sırasında öz əhəmiyyətinə, milli mədəniyyətimizin, dilimizin, dinimizin formalaşmasındakı roluna görə seçilir. Düzdür, bizim xanlıqların hamısının yürütdüyü siyasət milli siyasət olub. İrəvan xanlığı da bu dəst-xətti sona qədər, yəni çar ordusu tərəfindən qəsb edilənə qədər yaşadıb. Qərbi Azərbaycanın başı sayılan İrəvan tarixlər boyu bir oğuz-türk yurdu, şəhəri kimi mövcud olub. İrəvan xanlığının Azərbaycanın dövlətçilik tarixinin formalaşmasına verdiyi töhfələr misilsizdir. İrəvan xanlığının beşiyi olan İrəvan şəhəri və İrəvan qalası, eyni zamanda da bütünlüklə Qərbi Azərbaycan erməni şovinistlərinin işğalı altındadır. İrəvan xanlığının dövründə bu yurdun milli tərkibi müxtəlif olsa da, üstünlük Azərbaycan türklərinə aid olub. Tarixçilər bildirir ki, bu gün ermənilər İrəvan şəhərindən İrəvan xanlığının izlərini silməkdə davam edir. Amma onlar nə qədər bu izləri ört-basdır etmək istəsələr də, həqiqəti inkar edə bilmirlər. Tarixdən bəllidir ki, İrəvan xanlığı 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra yaradılıb. Tarixçilər deyir ki, bu xanlığın əhatə dairəsinə müasir Ermənistan, habelə indiki Naxçıvan Muxtar Respublikasının Şərur, Sədərək, Türkiyənin İğdır eli daxil olub. 1828-ci ildə Rusiya İmperiyası ilə Qacarlar arasında imzalanan Türkmənçay müqaviləsinə əsasən xanlığın ərazisi Rusiyanın tərkibinə daxil edilib. Etnoqraf və tarixçilər bildirir ki, tarixşünaslıqda İrəvanın XVI əsrdə salındığı göstərilir. Tarixçilərin tədqiqatı göstərir ki, İrəvanın adı ilk dəfə VII əsr mənbələrində çəkilir.

Bu da onu deməyə əsas verir ki, Azərbaycanın bir çox qədim şəhərləri kimi İrəvanın da tarixi çox qədimdir. Tarixçilər hesab edir ki, bizim başısoyuqluğumuz ucbatından tarixi məmləkətimizin, şəhərlərimizin tarixi doğru şəkildə öyrənilməyib. Biz bu gün bu sahədə aparılan tədqiqatı yüksək qiymətləndiririk. İndiki nəsil yaxşı bilir ki, İrəvan ən qədim türk şəhərlərindən biridir.

Tarixi mənbələrin bizə verdiyi bilgiyə görə, İrəvan bir yaşayış, mədəniyyət mərkəzi kimi hələ VII yüzillikdə mövcud olub. Burada diqqətçəkən məqamlardan biri odur ki, İrəvanın tarixi, xanlıqların dövlət atributları olub. İrəvan sözünün mənşəyini, kökünü öyrənən bəzi etimoloqlar hesab edir ki, sözün kökü Rəvan sözü ilə bağlıdır. Bəziləri isə hesab edir ki, İrəvan qədim türk dilində "igid" mənasında işlənən ər sözünün fonetik variantı olan "ir" sözü ilə Urartu dilində ölkə mənasını verən "evan" sözünün dəyişdirilən forması olan "əvan" sözündən yaranıb. Belə anlamaq olar ki, İrəvan igidlər ölkəsi, igidlər diyarı mənasını dayışır. İrəvan xanlığının əsası Mir Mehdi xan tərəfindən qoyulub. İrəvan xanlığı Naxçıvan və Maku xanlıqları, Osmanlı İmperiyası, Kartli-Kaxetiya çarlığı, Borçalı, Qazax Sultanlıqları və Qarabağ xanlığı ilə həmsərhəd olub. Xanlığın mərkəzi İrəvan şəhəri idi. Bəzi mənbələrə görə, İrəvan şəhərinin əsasını səfəvi sərkərdəsi Rəvanqulu xan qoyub. Yarandığı ilk illərdə gürcülərin qarətçi hücumlarına məruz qalan xanlığın köməyinə milli birlik gəlib. Belə ki, İrəvan xanlığı digər Azərbaycan xanlıqları ilə isti münasibətlər quraraq, qardaşcasına əl-ələ verərək gürcülərin hücumundan özünü qoruya bilib. Sonralar gürcülərin əli ilə iki dəfə dövlət çevrilişi edən Çar Rusiyası ermənilərlə bağlı planlarını Osmanlı İmperiyası ilə başladığı müharibəyə görə təxirə salıb. Görürsünüzmü, bu xanlığın yerli əhalisinin çoxu azəri türkləri olub. Ermənilər isə Çar Rusiyası tərəfindən bizim torpaqlara son əsrlər köçürülüb. Amma bəzi erməni tarixçiləri saxtakarlığı rəhbər tutaraq XX əsrin 50-ci illərində şəhərin adını dəyişdirdilər. Guya ki, bu şəhər çox qədimdən məhz erməni şəhəri olan Erebunidir. Ona görə də şəhəri Yerevan adlandırdılar. Bu yaxınlarda bir mənbədə maraqlı bir məlumata rast gəldik. Həmin mənbənin yazdığına görə, 1817-ci və 1819-cu illərdə İrəvanda olan ingilis arxeoloqu və səyyahı Robert Kerr Ports yazıb ki, İrəvan xanlığı ərazisinin uzunluğu 200 mil, eni isə 100 mildir. Müasir erməni tarixçisi Akopyan isə İrəvan xanlığının ərazisinin 24 min kvadratmetr olduğunu yazırdı. Bizim tarixçilər qeyd edir ki, İrəvan şəhəri inzibati cəhətdən üç məhəlləyə bölünür. Şəhər məhəlləsi, Topbaşı məhəlləsi və Dəmirbulaq məhəlləsindən ibarət olan şəhərin inzibati mənzərəsi bizə çox ciddi əsas verir ki, buranın bir türk məskəni olduğunu vurğulayaq. İrəvan xanlığında türkdilli azərbaycanlıların yerli xalq olması danılmazdır. Bunu Qafqazın ali baş komandanı general Paskeviçöz rəsmi məlumatında təsdiqləyir. Məlumdur ki, İrəvan qalasını Paskeviç çox çətinliklə alıb. Qəhrəman babalarımız bu qəsbkar, işğalçı generala əməlli-başlı müqavimət göstərib. Paskeviçin İrəvan xanlığının əhalisinin milli tərkibi haqda verdiyi məlumatda bildirilir ki, burada 10 min azərbaycanlı, 3 min erməni ailəsi yaşayır. Amerika Birləşmiş Ştatlarından olan professor Castin Makkarti də 1828-ci ilə-Rusiya işğalına qədərki dövrdə İrəvan xanlığının əhalisinin 80 faizinin azərbaycanlı olduğunu göstərib. Tarixçi Şopen də 1828-1832-ci illərə qədər İrəvan xanlığının əhalisinin mütləq çoxluğunu müsəlmanların, yəni azərbaycanlıların təşkil etdiyini yazıb. Onun hesablamalarına görə, İrəvan əyalətində 16.075 ailə (81.749 nəfər) müsəlman, 4.428 ailə (25.151 nəfər) isə erməni idi.

Bəllidir ki, İrəvan xanlığı yarandığı gündən öz azadlığını, istiqlalını qorumaq uğrunda mübarizə aparıb. Tarixi mənbələrdə təəssüflə qeyd edilir ki, mübarizə apardığı xanlıqlar, dövlətlər arasında Türkiyə və Azərbaycan xanlıqları da olub. Xanlıqlarımızın fəaliyyət dəst-xəttini milli birliyə nail olmaq cəhdləri təşkil etsə də, bəzən onlar öz aralarında aramsız müharibələr də aparıb. Məsələn, o dövrdə İrəvan xanlığı Kartli-Kaxetiya çarlığı ilə yanaşı, Osmanlı Türkiyəsi və Azərbaycan ərazisində mövcud olan xanlıqlarla da müharibə aparırdı. Bu qətiyyən xoşagələn hal deyil. Tarix içində xanlıqlarımızın ortaq məxrəcə gəlib düşmənə qarşı birgə müharibə aparması halları da olub, bunun əksi də. Xanlıqlarımız birləşib bir yerdə düşmənə qarşı mübarizə aparsaydılar, yəqin ki, Çar Rusiyası torpaqlarımızı istədiyi kimi pay-püş edə bilməzdi. Xanlıqlarımızın birliyinin aradabir zəifləməsi bu halların yaranmasına gətirib çıxarıb. Amma bununla belə, başda İrəvan xanlığı olmaqla, xanlıqlarımız düşmənin hücumlarını çox böyük mərdliklə, qəhrəmanlıqla dəf edib, ona qarşı vuruşmaqdan yorulmayıb. Lakin düşmənin gücü məkr və hiylədə olduğu üçün onların birliyinə zərbə vura bilib. İrəvan xanlığı öz bayraqları, rəsmi atributları olan xanlıqlardan biri idi. Xanlığın bayrağı düşmən üzərinə təşkil edilən yürüşlərdə qalibiyyət və zəfər simvolu kimi götürülürdü.

Tarixçi Təzəgül Yusifova bizimlə söhbətində bildirdi ki, İrəvan xanlığı Paskeviçə ciddi müqavimət göstərməsinə baxmayaraq, İrəvan qalası 1827-ci il oktyabrın 1-də rusların əlinə keçib: "Rus qoşunları böyük çətinliklər hesabına İrəvan qalasını işğal etdikdən sonra özlərilə geriyə əsir və qənimətlərlə yanaşı, xanlığa məxsus dörd bayrağı da aparıb. Qafqaz Hərbi Tarix Muzeyinin bələdçi kitabında göstərilir ki, həmin bayraqlar bu muzeyin fondunda saxlanır. Bu bayraqlardan biri İrəvan xanlığının sərdarı Hüseyn xana məxsus, 1827-ci il oktyabrın 1-də işğal zamanı ələ keçirilən tuğdur. Kədərli hal ondan ibarətdir ki, sənin tarixinə aid olan bir nümunəni öz ölkənə gətirə bilmirsən. İrəvan xanlığının bayraqlarından yalnız ikisini 1924-cü ildə indiki Milli Azərbaycan Tarixi Muzeyinə gətirmək mümkün olub. İrəvan sərdarına aid bayraq hazırda bu Muzeydə 461 saylı inventar altında saxlanır. Bayraq tünd qırmızı mahuddan hazırlanıb və düzbucaqlı üçbucaq formasındadır. Bayrağın yuxarı enli hissəsində şir və günəş (şiri-xurşid) təsvirləri milli qurama üsulu ilə tikilib. Sarıya çalan açıq-qəhvəyi (bej) quramadan hazırlanan şir yandan təsvir olunub, quyruğu belinə qatlanıb, sağ qabaq pəncəsi qaldırılıb. Şirin gözləri qara və sarı, dişləri, dili və caynaqları sarı saplarla tikilib. Şirin arxasında yarımdairə formasında çıxan insan sifətli günəş sarı mahud parçadan hazırlanıb. Günəşin burnu və qaşları qara, gözləri isə qara, sarı saplarla tikilib. Mavi parçadan olan günəşin şüaları açıq qəhvəyi ipək saplarla bayrağın qumaşına tikilib. Şir və günəşin təsvirindən yuxarıda, ona paralel olaraq, bir-birinin yanında açıq qəhvəyi mahud parçadan iki altıguşəli kartuş salınıb. Şir əlində qılınc tutub. Şirin başı üzərindəki damcıvari sarı kartuşda "Əs sultan ben əs-sultan Şah Fətəli Qacar, 1239" sözləri yazılıb. Bayraq qumaşının zoğalı hissəsində əmələ gələn üçbucaqların hər birində yerləşdirilən yerliyi qara olan dörd kartuşun içərisində sarı rəngli hərflərlə "Quran" ayələri yazılıb. Aşağıda sağda- "Möminlərə müjdə", solda "Kömək Allahdandır və yaxın qələbə" , yuxarıda sağda "Həqiqətən biz sənə açıq-aşkar bir qələbə bəxş etdik", solda "Mərhəmətli, rəhmli Allahın adı ilə" sözləri həkk edilib. Bayrağın üzastar üzlərindəki təsvirlər bir-birini təkrarlayır". Tarixçi bildirdi ki, digər xanlıqların bayrağında olduğu kimi, İrəvan xanlığının bayrağında da türkçülük və islamçılıq ənənələri bir-birilə vəhdət təşkil edir. T.Yusifova bildirdi ki, türk mifologiyasında şir güc-hakimiyyət simvolu, qılınc mübarizə simvolu, günəş isə məhsuldarlıq, bərəkət, işıqlı həyat, xoş gələcək simvolu kimi xarakterizə edilir: "Bəllidir ki, şir hökmranlıq simvoludur. Günəşin isə ta qədimdən türk mifologiyasında səcdə, bərəkət, məhsuldarlıq kultu olması barədə məlumatlar var. Türk abidələrində, o cümlədən də Səfəvilərin bayrağında günəş təsviri əsas yerlərdən birini tutur. İrəvan xanlığının bayrağının simvolik mənaları da birbaşa türkçülüklə, islamla, milli-mənəvi sistemimizlə bağlıdır. Dövlətçiliyimizin ocaqlarından biri olan İrəvan şəhəri keçmişdə də bizim olub, bu günbizimdir. İşğal altında olmasına baxmayaraq, orada oğuz-türk babalarımızın ruhu gəzir. Bizi o yerlərə səsləyir".

İrəvan qədim Azərbaycan məmləkəti kimi tarixdə öz yerini alıb. Bu gün o məmləkətimiz əlimizdən müvəqqəti çıxsa belə, onu heç kəs bizim tariximizdən qopara bilməz. İrəvan mədəniyyətimizin, elm və təhsilimizin, tariximizin yaşadığı, yarandığı, inkişaf etdiyi bir ərazidir. Vaxtlar olub ki, bu ərazidə yaşayan bütün xalqlar bizim ana dilimizdə danışıb, mədəniyyətimizdən bəhrələnib. İrəvanda yaranan zəngin folklor yatağı, tükənməz sənət inciləri unudulmazdır. Bilirik ki, böyük xanəndəmiz, Azərbaycan muğam sənətinin baş tacı Cabbar Qaryağdıoğlu İrəvanda toyda olarkən "İrəvanda xal qalmadı" mahnısını yaradıb. O mahnı bu gün də yaşayır, sabah da yaşayacaq, İrəvanın Azərbaycan torpağı olduğunu hər yerdə təsdiqləyəcək.

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 8-10 avqust.- S.15.