Azərbaycan tarixinin araşdırılması problemləri...

 

Azərbaycan tarixi, mədəniyyəti, elmi dövlətimiz XX əsrdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra yeni müstəvidə inkişaf istiqaməti götürüb. Bu da müstəqil Azərbaycan dövlətinin keçmişimüasir tarixinin dövlətimizin maraqlarına uyğun şəkildə öyrənilməsinə gətirib çıxarıb. Görkəmli tarixçilər, ictimai-siyasi xadimlər, ölkə ziyalıları da bu qənaətə şərikdir. Səsi tarixin hər dövründən gələn ulu babalarımız öz şücaəti, cəsurluğu ilə gələcək nəsillər üçün bir örnək olub.

Azərbaycan tarixşünaslığı babalarımızın tarixdə qoyduğu şərəfli izləri zaman-zaman tədqiq edib. Azərbaycanın görkəmli tarixçi və mütəfəkkirləri Mirzə Mehdi, Abbasqulu ağa Bakıxanov, Mirzə Camal, Mirzə Adgözəl bəy Qarabaği, Məhəmmədəli Tərbiyət, Mirzə Bala Məmmədzadə və başqaları Azərbaycan dövlətlərinin, xanlıqlarının tarixini qərəzsiz, obyektiv şəkildə qələmə alıb. Onlardan yadigar qalan bu salnamələr, materiallar, xatiratlar müasir tarixçilərin Azərbaycan tarixini öyrənməsi, tədqiq etməsi baxımından istinad etməli olduğuetdiyi çox qiymətli mənbələrdir. Azərbaycan tarixinin vaxtilə geniş və məzmunlu şəkildə öyrənilməməsinin səbəbi sovet ideologiyasının inkarçılıq mövqeyində dayanması ilə bağlı idi. Sovet dövründə belə bir fikir təlqin edilirdi ki, Azərbaycan xalqının ən yaxşı, xoş günləri bolşevizmlə bağlıdır. Amma bu gün görürük ki, beynimizə yeridilən fikirlərin nə elmi, nə də mənəvi əsası olub. Sadəcə, bir siyasi quruluş özünün çürük və mənasız ideyalarını beyinlərimizə həkk etmək istəyib.

Azərbaycan tarixinin hələ öyrənilməyən, tədqiqi vacib olan sahələri, dövrləri çoxdur. Bunu Azərbaycan tarixinin araşdırılması problemləri mövzusu çərçivəsində öyrəndik.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun direktor müavini, dosent Tofiq Nəcəfli "Bakı-Xəbər"ə bildirdi ki, Azərbaycanın dövlətçilik rəmzləri haqda tədqiqat işlərinin səviyyəsi aşağıdır. Alimin sözlərinə görə, mənbələrdə bayraqların, gerblərin təsvirləri var, amma onlar haqda tam məlumat yoxdur: "İndi gərək onlar arxivlərdə araşdırılsın ki, görək onların mənası, daşıdığı ideyasair nədən ibarət olub. Bu sahə bizdə hələ tam öyrənilməyib, hesab edirəm ki, dövlət rəmzlərimiz dövlətçilik mədəniyyətimizin yaşadığı vacib bir sahə kimi əhatəli şəkildə öyrənilməlidir. Arxivlərdə materiallar çoxdur. Azərbaycan torpağında, tarixində mövcud olan dövlətlərin, xanlıqların, sultanlıqların hər birinin bayrağının, gerbinin, rəmzlərinin öyrənilməsi lazımdır. Hesab edirəm ki, bu, tariximizin qədim izlərinin yenidən gün işığına çıxarılması demək olardı. Yadımdan çıxmamış, bir fikri yada salım. Bizim qədim dövlətlərin, xanlıqların bayraqları var. Səfəvi dövlətinin bayraqları üzərində səkkizguşəli ulduzumuz, ayparamız həkk olunub. Görürsüz, bu, türkçülüklə bağlıdır. Cavad xanın bayrağında da səkkizguşəli ulduz olub. Bunlar dövrün qaynaqlarında var". Alimin sözlərinə görə, Azərbaycanın dövlətçilik rəmzləri arasında ciddi əlaqələr mövcuddur. Bu da ondan irəli gəlir ki, biz ənənəviliyə sadiqik: "Bu əlaqənin olması təbiidir. Çünki torpaqlarımız üzərində qurulan dövlətlərin hamısı milli məfkurəyə xidmət edən dövlətlər olub. Onlar bir-birinin milli ənənəsini davam etdirib".

Tarixən Azərbaycan ərazisinin geniş olduğunu deyən alim bildirir ki, keçmiş torpaqlarımızın hər qarışı tədqiqata cəlb edilməlidir: "Azərbaycan ərazisi tarixən çox böyük olub. Bu ərazi təkcə üçdə birinə sığışdığımız Şimali Azərbaycan olmayıb. Onun sərhədləri 4 min kvadrat kilometr olub. Biz geniş bir ərazinin tarixindən danışırıq ki, onlar tədqiq olunmalıdır. Bu ərazilərin müəyyən hissəsi vaxtilə tədqiqatdan kənarda qalıb. Bu məsələlər ətraflı şəkildə öyrənilməlidir. Düzdür, Şərqi Anadolunun özünü 1555-ci ildə itirdik. Amma həmişə o, Azərbaycan dövlətlərinin tərkibində olub. Bu o demək deyil ki, hansısa dövlətdən torpaq iddia edirik. Sadəcə, bu, tariximizin bir parçası olduğu üçün onu xatırlayırıq. Eyni proses Cənubi Azərbaycanla, Borçalı, Dərbəndlə bağlıdır. Bu tarixi bölgələrimiz başqa dövlətlərin tərkibindədir. Biz onların tarixini bu gün geniş şəkildə öyrənməliyik".

T.Nəcəflinin dediyinə görə, Tarix İnstitutu bu mövzuların hamısını dövlətimizin maraqları istiqamətində araşdırır. İnstitutda Azərbaycanın tarixi həqiqətlərini özündə ehtiva edən 400-dən çox xəritənin olduğunu deyən alimin sözlərinə görə, bu xəritələr çox qaranlıq məqamlara işıq saçır: "Bu xəritələr çox mötəbər mənbələrdir. Bizim "Azərbaycan tarixi tarixi xəritələrdə" adlı bir layihəmiz vardı. Həmin xəritələrdən birini artıq cildlədik. Bu xəritələrin arasında eramızdan əvvələ aid olanlar da var, burada Azərbaycanın o dövrü öz əksini tapıb. Bu xəritə 18-si əsrə qədər gəlib çıxır. Biz onları dövrlər üzrə təsnifatlandırıb çap etmək istəyirik. Bu materialları topladıq, onlar üzərində gedir. Sadəcə, biz bunları hələ geniş ictimaiyyətə açıqlamırıq. Qədim və orta əsrlər dövründəki Azərbaycanda etnik proseslər-bunlar ayrıca bir cild olacaq. Sonra Azərbaycanın siyasi tarixilə bağlı xaricdə çap olunan xəritələr ayrı nəşr ediləcək. Yaxın gələcəkdə onların işıq üzü görəcəyi gözlənir. Vaxtilə Gövhər xanım Baxşəliyeva da Elm Fondunun dəstəyilə Azərbaycana bir neçə xəritə gətirib. Bizim öz institutumuzun əldə etdiyi xəritələr isə alman, ingilis, fransız, qədim ərəb dilindədir. Vaxtilə "Topqapı" Sarayından xeyli xəritə gətirdik. Avropadaçap olunubsa, hamısını əldə edirik. Orada Solomeydən də əvvəl mövcud olan coğrafiyaçıların çəkdiyi bütün xəritələrdə Azərbaycan var. Biz Xəzər dənizilə bağlı ayrıca bir cild hazırlamalıyıq, materiallar əlimizdədir. Qədim və orta əsrlər, sonrakı dövr xəritələrində Xəzər dənizi və Xəzərətrafı ərazi hansı şəkildə verilib? Xəritə çəkənlərin bir çoxu Azərbaycan ərazisinə ədalətlə yanaşıb, həqiqəti təsvir edib. Bəzən görürsən ki, hansısa xəritənin hazırlanmasında ermənilərin iştirakı olub, onda obyektivlik gözlənilmir. Yəni onlar bizim ərazilərimizə qondarma Böyük Ermənistan ərazisini salıb, onu Xəzərə qədər uzadıb gətiriblər. Obyektiv xəritələrdə isə bizim qədim tayfalarımızın hamısı var. Onların hamısı işlənməlidir".

Milli tariximizin tarixi qaynaqlar əsasında öyrənildiyini deyən alimin sözlərinə görə, Azərbaycan tarixinin əsaslı şəkildə öyrənilməsi tariximizin qələbəsidir: "Azərbaycan tarixinin ictimaiyyətə çatdırılmasında nə qədər qaranlıq məqamlar varsa, onların hamısının araşdırılmasını nəzərdə tuturuq. İstəyirik ki, heç nə kənarda qalmasın, həqiqət öz yerini tutsun, tədqiqat mövzuları hamının ürəyincə olsun. Məsələn, 2011-ci ildə tarix üzrə doktoranturaya 27, 2012-ci ildə isə 21 nəfər qəbul olunub. Onlara verilən mövzularda da tariximizlə bağlı qaranlıq məqamların araşdırılması nəzərə alınır. Qaranlıq məqamları gənc tədqiqatçıların vasitəsilə araşdırmağa çalışırıq. Vaxtilə qəzet materallarını verib kimlərəsə elmi yazdırırdılar. Təəssüf ki, keçmişdə belə hallar olub. Bu da ən mühüm hadisələrin tədqiqatdan kənarda qalmasına səbəb olub. Bu mənada nə gərəkirsə, hamısı ediləcək. Təki tariximizin bütün qatları, dövrləri araşdırılsın".

Tarixçi Həyat Məhərrəmova da Tofiq Nəcəflinin fikirlərini dəstəkləyir. Tarixçinin sözlərinə görə, qaranlıq məqamların işıqlandırılması üçün böyük işlər görülməlidir. Onun bildirdiyinə görə, xarici muzey və arxivlərdə Azərbaycan tarixilə bağlı elə məqamlar var ki, onlar öyrənilməyib: "Hesab edirəm ki, bizim alimlərimiz Avropa, Qərb ölkələrilə yanaşı, ərəb ölkələrinə, Monqolustana və digər yerlərə ezam edilməlidir. Yadınıza gəlirsə, bir neçə il əvvəl elə sizin qəzetinizə müsahibə verən mərhum professor Azad Nəbiyev bildirirdi ki, Azərbaycan tarixinə, ədəbiyyatına aid böyük bir külliyyat Monqolustanda saxlanılır. O qeyd edirdi ki, Monqolustanda dövlətlərimizə məxsus çoxlu tarixi sənədlər var. Bu sənədlərin izinə düşən olmadı. Dedilər ki, bizim orada heç nəyimiz ola bilməz. Düşünürəm ki, Tarix İnstitutu bu sahədə addım atmalıdır. Bəlkə də doğrudan da orada Azərbaycan tarixinə aid hansısa mötəbər bir əlyazma saxlanır. Bəzi tarixçilər güman edir ki, Azərbaycan tarixinə, dövlətlərinə, xanlıqlarına mənsub materialları İran arxivlərində, kitabxanalarında axtarmaq daha düzgün olardı. Bu ölkədə bizim tariximizə aid məxfi məlumatlar ola bilər. Belə informasiyalar Rusiya arxivlərində də çoxdur. Ərəb ölkələrinin arxiv və muzeylərində də tariximizin həqiqətləri saxlana bilər. Ərəb istilası zamanı bizim nə qədər maddi-mədəniyyət abidələrimiz, əlyazmalarımız, tarixi kitablarımız aparıldı. İndi onlar yəqin ki, arxivlərdə qorunub saxlanır. Ərəb mənbələrinə də müraciət etmək lazımdır. Bunun üçün bizə ərəb dilini mükəmməl bilən tarixçilər lazımdır. Mənbələr üzərində işləməyi bacaran həmin tarixçiləri yetişdirmək gərəkdir. Mənə belə gəlir ki, artıq tariximizin dərin qatlarının öyrənilməsini özünə aparıcı məqsəd seçən Tarix İnstitutu xarici dillər üzrə mütəxəssislər hazırlamağa da qadirdir. Kadrsız heç bir görmək olmaz. Bu gün ciddi dil problemi var. Bizə bir neçə xarici dili mükəmməl bilən tarixçilər lazımdır ki, onlar orijinal dilin köməyi ilə bu işləri görsün".

Gənc tarixçi Azərbaycan xalqının həyatında böyük izlər buraxan dövrlərlə yanaşı, Azərbaycanın sovet dövrü tarixinin də yenidən araşdırılmasına ehtiyac duyur: "Azərbaycan tarixi çoxşaxəlidir. Onun mühüm qollarından birinisovet dövrü tutur. 70 ilə yaxın bir dövrdə yaşadığımız sovet dönəminə yeni baxışlar sistemi formalaşdırılmalıdır. Bu dövrün tarixi obyektiv şəkildə öyrənilsə, daha yaxşı olar. Bu illərdə Azərbaycanda çox mühüm hadisələr baş verib. Bu dövrdə xalqımızın tarixinin qara ləkələri də çoxdur, işıqlı səhifələri də. Bu illərdə bizim çox nəhəng alimlərimiz yaşayıb, Azərbaycan əhəmiyyətli mühüm hadisələr baş verib. Mədəniyyətimiz, ədəbiyyatımız formalaşıb. Bolşevik ideologiyasına xidmət edən Azərbaycan şəxsiyyətlərinin də həyat və fəaaliyyəti yenidən öyrənilməlidir. Onların hamısına xalq düşməni kimi baxmaq olmaz. Bu insanlar Azərbaycan xalqının rifahı naminə çalışıb. Məşədi Əzizbəyov, Nəriman Nərimanov, Ayna və Həmid Sultanovlar, Qəzənfər Musabəyov və başqalarına yeni gözlə baxılmalıdır. Bəzi müasir tarixçilər onları xalq düşməni adlandırır. Belə deyil. Onların fəaliyyəti yenidən tədqiq olunmalıdır. Bu insanların xidmətləri də az deyil. Azərbaycan tarixinin öyrənilməsi sahəsində indən sonra da böyük işlər görülməlidir. Bu məsələlər öyrənildikdən sonra tariximizi daha dərindən biləcəyik. Bu gün bəzi məsələlərə münasibətdə çaşqınlıq yaradan amillər var".

Tarixçi həmçinin qeyd etdi ki, müasir gənclər tarix elmini seçərkən fədakarlıq göstərməlidir. Onlar tarixçi olmağı qarşıya məqsəd qoyurlarsa, mütləq hansısa bir xarici dili də öyrənməlidir. Gürcüstan arxivlərində saxlanan Azərbaycan həqiqətlərini öyrənmək istəyənlərin gürcü dilini bilməsinin vacib olduğunu deyən tarixçi hesab edir ki, bu zaman nailiyyət əldə etmək olar":Bilirsiz ki, arxivlərdə işləyən tarixçilərimiz əsasən rus dilini bilir. Bəziləri isə ingilis dilində danışmağı bacarır. Qalanları arxivlərdə işləyərkən tərcüməçilərin köməyindən istifadə edir. Bu həm artıq xərcdir, həm də ola bilsin ki, tərcüməçi hansısa bir ciddi məqamın üstündən bilərəkdən keçir. Odur ki, gənc tarixçilər üçün xarici dil kursları keçilməlidir. Qədim dillər üzrə də tarixçi mütəxəssislər yetişdirilməlidir".

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 12 avqust.- S.15.