Cavad xanın xanlıq
bayrağının elementləri müasir Gəncənin
simvoludur...
Gəncənin əfsanəvi diyar olması fikri ilə yəqin ki, razılaşırsınız. Bu torpaq kimləri yetişdirməyib, kimləri öz doğma qoynunda bəsləməyib ki?! Gəncənin dünyaya açılan qapısından çox dahi şəxsiyyətlər keçib, bu yurda diş qıcayan çox fatehlər buradan sınıq qayıdıb. Gəncə tarixdə təslim olmayan şəhərlərdən biri kimi tarix səhifələrində qalıb. Uğurlu xan Ziyadoğlunun, Cavad xanın düşmənin burnunu ovduğu yerdir Gəncə.
Dahi Nizami Gəncəvinin, öz qeyri-adi rübailərilə aləmi heyran qoyan Məhsəti Gəncəvinin, qəhrəman Cavad xanın, eləcə də neçə-neçə qüdrətli şəxsiyyətin vətəni olan qədim Gəncə öz əzəmətini yenə də qoruyub saxlayır. Gəncənin Azərbaycanın dövlətçilik tarixinin formalaşmasında, milli məfkurəmizin, tarixi mədəniyyətimizin yüksək səviyyəyə qalxmasında önəmli xidmətləri var. Gəncə deyəndə yadımıza qədim mədəniyyət mərkəzlərimizdən biri, elm məbədi, şairlər yurdu, türkçülüyün, islam dininin ayağa qalxıb dünyaya səs saldığı bir diyar düşür. Gəncədə milli mədəniyyətimiz, elm və təhsilimiz hər zaman öz ucalıq mərtəbəsində dayanıb. Bu şəhərdə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası fəaliyyətə başlayıb. Gəncə XX yüzillikdə ilk müstəqil dövlətimizin ilk paytaxtı olub. Bu da Gəncənin milli dövlətçilik tariximizdə yerini əziz edir. Gəncəni Azərbaycanda daha məşhur edən və onun əzəmətini canlandıran möhtəşəm Gəncə xanlığıdır.
Tarixçilər bildirir ki, Gəncə adının, toponiminin yaranması haqda yekdil rəy yoxdur. Bu adın doğuluşu haqda müəyyən fərziyyələr mövcuddur. Bəziləri bu toponimi ərəb dilində "Chanza", gürcü dilində isə "Ganca", bəziləri isə pəhləvi sözü kimi qəbul edir. Guya onun mənası pəhləvi dilində xəzinə, bar-məhsul anbarıdır. Azərbaycan tarixçilərinin apardığı tədqiqat bütün bu qənaətləri darmadağın edir. Onlar deyir ki, əvvəlki nəticələr elmi cəhətdən əsassızdır. Tarixçilərin fikrinə əsaslansaq bu sözün Azərbaycan dilinə uyğun olduğunu qeyd edə bilərik. Digər mənbə isə bu adın Gancak tayfalarının adı ilə bağlı olduğunu iddia edir. Orta Asiya tarixçiləri yoxlayıb və təsdiq ediblər ki, həqiqətən də Gəncə adını tayfa adından götürüb.
Tarixçilər bildirir ki, qədim mədəniyyətin beşiyi, Nizaminin ana yurdu olan Gəncə şəhəri cənub-şərqdə Kiçik Qafqazın ətəyində, Gəncə-Qazax düzənliyində, Gəncə çayının hər iki sahilində yerləşir. Tarixçi alimlərdən birinin dediyinə görə, Gəncə Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatının inkişafında əvəzedilməz rol oynayan qədim karvan yollarının kəsişdiyi bir ərazidə yerləşdiyi üçün onun tarixi hər kəsdə böyük maraq doğurur.
Gəncənin bir şəhər kimi formalaşması haqqında müxtəlif tarixi mülahizələr mövcuddur. Bəzi alimlər şəhərin yaranmasını eramızdan əvvəl, əksəriyyəti isə orta əsrlərin başlanğıcına aid edir. Hətta 1940-cı illərdə aparılan arxeoloji qazıntılar nəticəsində bu nəticəyə gəlinib ki, burada eramızdan əvvələ aid yaşayış məskənləri olub. Şəhərin tarixi haqqında danışarkən bu şəhərin sosial-iqtisadi və mədəniyyət mərkəzi olduğunu qeyd etmək lazımdır.
Gəncənin tariximizin diri qaldığı diyar
olduğunu bilirik. Gəncə bütün dövrlərdə
Gəncəliyini qoruyub saxlaya bilib. Gəncənin
xanlıq dövrü onun həyatında daha əlamətdar
hadisələrin baş verməsinə səbəb olub.
Tarixi mənbələrdən bilirik ki, Gəncə
xanlığı XVIII əsrin ortalarında paytaxtı Gəncə
şəhəri olmaqla yaranan Azərbaycan xanlıqlarından
biridir. Şimali Azərbaycan ərazisində yaranan
xanlıqlar arasında Qarabağ və Gəncə
xanlıqları özünəməxsus yer tuturdu. Bu xanlıqlar uzun müddət Səfəvi
İmperatorluğunun mühüm inzibati-ərazi vahidlərindən
biri olan Qarabağ və ya Gəncə bəylərbəyliyi ərazisində
meydana çıxıb. 1747-ci ildə Nadir
şah Əfşarın öldürülməsi Azərbaycanda
müstəqillik uğrunda mübarizəni daha da gücləndirdi.
Bunun da nəticəsində Azərbaycan
ayrı-ayrı feodal torpaqlarına - xanlıqlara
parçalandı. XVIII əsrin
ortalarında belə xanlıqlardan biri də Gəncə
xanlığı idi. Şahverdi xan
Ziyadoğlu-Qacar 1740-1756-cı illərdə Gəncə
xanı oldu. Xanlığın mərkəzi
Gəncə şəhəri idi. XVIII əsrin 80-ci illərində
hakimiyyətdə olan Cavad xanın (1785-1804) dövründə
Gəncə xanlığı xeyli möhkəmləndi.Gəncənin
xüsusilə əlverişli mövqedə yerləşdiyini
nəzərə alan Rusiya həmin ərazini
ordunun dayağı kimi istifadə edərək Azərbaycanın
digər xanlıqlarını da işğal etmək
üçün buranı seçdi. Rus ordusunun
komandanlığı Gəncəni "İranın şimal
əyalətlərinin açarı"
adlandırırdı. General Sisianov
yazırdı ki, Gəncə qalası özünün əlverişli
coğrafi mövqeyi ilə Azərbaycan ərazisində
xüsusi rol oynayır, ona görə də Rusiya
üçün onu tutmaq ən önəmli məsələdir.
Cavad xana təslim olmağı bir neçə
dəfə təklif edən Sisianov hər dəfə rədd
cavabı aldı. 1803-cü il
noyabrın 20-də general Sisianov Tiflis istiqamətindən Gəncəyə
sarı hərəkətə başladı, qoşun dekabr
ayında Gəncə qalasına gəlib çatdı.
Qalanı almağın çətin olduğunu başa
düşən Sisianov müəyyən hazırlıqdan
sonra, 3 yanvar 1804-cü ildə, səhər saat 5-də
hücum əmri verdi, ağır döyüşdən
sonra ruslar qalanı aldılar. Bu
döyüşdə Cavad xan və iki oğlu qəhrəmancasına
şəhid oldu. Gəncə müharibəsində,
yaralılardan savayı, iki mindən çox adam
həlak oldu, on səkkiz minədək adam isə əsir
götürüldü. Bu işğaldan sonra Gəncə
şəhərinin adı Aleksandrın arvadı
Yelizavetanın şərəfinə dəyişdirilərək
Yelizavetpol qoyuldu. Sovet dövründə isə
bu qəhrəman şəhər Kirovabad
adlandırıldı. 1989-cu ildən etibarən
isə Gəncənin adı yenidən özünə
qaytarılıb.
Mənbələrdən məlumdur ki, Gəncə
xanlığının ərazi vahidliyinə Samux, Kürəkbasan,
Dağlıq, Şəmkir və Ayrım mahalları daxil
olub. Cavad xandan öncə Gəncəyə Şahverdi
xan Ziyadoğlu-Qacar, Məhəmmədhəsən xan
Ziyadoğlu-Qacar, Məhəmməd xan Ziyadoğlu-Qacar və
Məhəmmədrəhim xan Ziyadoğlu-Qacar xanlıq edib.
Gəncə xanlığı dövründə
mədəniyyətimizin diqqət mərkəzində
olduğu məlumdur. Gəncə
xanlığının bayrağı müasir, müstəqil
Azərbaycan dövlətinin bayrağına bənzəyib.
Hələ 18-ci əsrdə Gəncə
xanlığının bayrağı mövcud olub. Hazırda həmin bayraq Gəncə şəhərinin
gerbidir. Gəncə xanlığının
bayrağındakı simvollara və onların mənalarına
baxsaq görərik ki, məhz 1918-ci ildə qəbul edilən
və indi də Azərbaycan Respublikasının
bayrağı və gerbində, demək olar ki, eyni mənaları
daşıyan analoji simvollardan istifadə olunub. Xanlığın bayrağının uzunluğu
127, eni isə 174 sm-dir. Dördkünc qumaş məxsusi
toxunan və əl ilə bir-birinə tikilən moruğu və
yaşıl rəngli xara parçalarından
hazırlanıb. Yuxarı hissənin sol tərəfində
üç qızılı rəngli gül dəstəsi, al
qırmızı rəngli bir uzunsov dairə, sağ hissəsində
isə qızılı rəngli iki uzunsov dairə yerləşdirilib.
Qızılı zambaq gülləri ilə əhatələnən
qırmızı dairənin içində ərəb əlifbası
ilə zərlə "Allah" sözü yazılıb.
Təbii elementlərdən olan gümbəzlər
qırmızı rəngli ay-ulduzla bitir. Ortadan
iki hissəyə bölünən çərçivədə
ərəbcə "Allah döyüş zamanı
döyüşənləri evdə oturanlardan üstün
tutur. Allah onlara fərq qoymadan,
hamısının Allaha yaxınlaşmasından ötrü
dərəcələr bəxş edər və onların
günahlarını bağışlayar. Allah
mərhəmətlidir, bağışlayandır" sözləri
həkk edilib. Mərkəz hissə ara
xətləri ilə on qata bölünüb. Bu qatlarda
qızılı saplarla ərəbcə
aşağıdakı yazı beş dəfə
təkrarlanıb: "Allahdan başqa ilahi qüvvə yoxdur,
Məhəmməd Allahın elçisidir". Gəncə
xanlığının bayrağı bir dənə olub, o
bütün xanlıqların simvolu kimi öz əzəmətini
qoruyub saxlayıb.
Gəncə xanlığının bayrağında olan
simvollar və mənaların açılmasına gəlincə,
tarixçilər bildirir ki, rəmzlər
türkçülüklə, islamçılıqla
yaxından əlaqəlidir. Günəş əbədi
həyatı, ay əbədi azadlığı, 8 guşəli
ulduz türkçülüyü, palıd yarpağı
möhtəşəmliyi, uzunömürlülük və
müdrikliyi, yaşıl rəng isə islamı təmsil
edir. Eyni simvollar həm
bayrağımızda, həm də gerbimizdə öz əksini
tapmaqdadır, özü də eyni mənalarda. Tarixi ardıcıllığa fikir versək görərik
ki, bizdə bayraq, gerb kimi simvolların hazırlanması ənənəyə
söykənir. Bu da dövlətçilik
mədəniyyətimizin uzaq-uzaq mənzillər dəf edərək
xanlıqlarımızın da taleyində mühüm rol
oynadığını göstərir. Bəziləri
deyir ki, Azərbaycan Demokratik Respublikasından miras qalan,
müasir müstəqil Azərbaycanın Dövlət
Bayrağının ideyası haradan qaynaqlanıb? Görürsüz ki, burada Gəncə
xanlığının bayraq elementlərindən istifadə
edilib.
Məlumatlara görə, Gəncə
xanlığının bayrağı Gəncə Dövlət
Muzeyində mühafizə edilir. Cavad xanın qəhrəmanlıq
göstərdiyi Gəncədə onun məqbərəsi
ucalıb. Bu abidə dahi şəxsiyyətin
halal haqqıdır. Gəncədəki
Cümə Məscidinin həyətində ucaldılan bu
möhtəşəm məqbərə Heydər Əliyev
Fondunun dəstəyi ilə tikilib. 2005-ci il
yanvar ayının 17-də məqbərənin
açılış mərasimi olub. Azərbaycan
xalqının igid oğlu gəncəli Cavad xan 1804-cü il yanvar ayının 3-dən 4-nə keçən
gecə Çar Rusiyasının işğalçı
ordusunun generalı Sisianova qarşı Gəncənin
xilası yolunda qəhrəmancasına həlak olaraq şəhidlik
zirvəsinə ucalıb. Cavad xanla bərabər
oğlu Hüseynqulu ağa da qəhrəmancasına həlak
olub. Cavad xanın arvadı Bəyim
xanım da düşmənə əyilməyib, onun
qarşısında vüqarını sındırmayıb.
Cavad xan Ziyadoğlu 1785-ci ildən 1804-cü ilin
yanvarın 3-dək Gəncəyə ədalətlə
xanlıq edib.
Ziyadoğlular Azərbaycanda çox nüfuzlu 9
Qızılbaş tayfalarından olan Qacarların bir qoludur.
IX-X əsrlərdən Azərbaycanda hakimiyyəti
güclənən Ziyadoğlular 400 ilə qədər Gəncə
bəylərbəyliyini idarə ediblər. Cavad xanın hakimiyyəti dövründə
xanlığın ərazisi genişləndirilib. O,
müstəqil siyasət yeridib, xanlığın
özünün şəhərdə zərbxanası,
bayrağı olub. O, Sisianovun hədə ilə dolu məktublarına
rədd cavabı verərək ona "yalnız mən öləndən
sonra Gəncəni ala bilərsən" deyib. Cavad
xanın bayrağının üstündə olan emblem onun
ruhuna hörmət, xalqımızın qəhrəmanlığının,
əyilməzliyinin rəmzi kimi Gəncə şəhərinin
emblemi kimi qəbul edilib.
Gəncə xanı Cavad xan haqqında "Azərbaycanfilm"
Kinostudiyasında çəkilən "Cavad xan" filmi bu
böyük şəxsiyyətin ruhuna böyük
ehtiramın nəticəsidir. Yalnız Gəncənin
deyil, bütün Azərbaycanın fəxri olan Cavad xanın
öz qanı ilə suvardığı Vətən
torpağında heykəlinin qoyulması da zəruridir. Cavad xan Azərbaycanın
bütövlüyünü istəyirdi. Onun
arzusu bütün xanlıqları birləşdirərək
müstəqil Azərbaycan dövləti yaratmaq idi. Odur ki, bütün xanları danışığa,
ortaq məxrəcə gəlməyə dəvət edirdi.
Amma onun arzusu o dövrdə yerinə yetmədi.
Şükür Allaha ki, Cavad xanın istəyi
bu gün reallaşıb. Azərbaycan
dövləti müstəqildir. Cavad
xanın öz bayrağı vardı və bütün zəfərləri
o bayrağın kölgəsində qazanırdı. Cavad xanın şəhid olmasının
üstündən illər keçib, amma xalqımız onun qəhrəmanlığını
yaddan çıxarmayıb. Çox
sevindirici haldır. Sağ olsun Azərbaycan dövləti
ki, Vətənin azadlığı, bütövlüyü
uğrunda mübarizə aparıb şəhid olan şəxsiyyətləri,
insanları heç zaman unutmur. Cavad xan dövlətçilik
mədəniyyətimizə, müstəqil Azərbaycan
ideyasına xidmət edən dövlət xadimi olub.
İradə SARIYEVA
Bakı xəbər.-2014.- 13 avqust.- S.15.