Dövlətçiliyimiz
və islam mədəniyyəti...
Tariximizin hər səhifəsində xalqımızın qüdrətli insanlarının, elm, mədəniyyət, dövlət və din xadimlərimizin silinməz izləri var. Söz yox ki, milli dövlətçilik tariximiz möhtəşəmdir, möhtəşəm olduğu qədər də zəngindir, keşməkeşlidir. Tariximizdə işıqlı səhifələr də, ağ ləkələr də, bizə baş ucalığı gətirən hadisələr də, gözlərimizi yerə dikməyə vadar edən olaylar da az olmayıb. Bunların hamısını olduğu kimi qəbul edirik.
Çünki bu bizim tariximizdir və burada yaşanan hər şey özümüzə aiddir. Azərbaycan dövlətçiliyi və din mənəvi cəhətdən tarixən bir-birilə ayrılmaz şəkildə vəhdətdə olub. Yəni dinə dövlətlərimiz, xanlıqlarımız həmişə xüsusi önəm verib, ona sayğı və hörmətlə yanaşıb. Azərbaycanın müxtəlif yerlərində islam dininə hörmət əlaməti olaraq yüzlərlə məscidlər inşa edilib, ziyarət yerləri abadlaşdırılıb, dini müqəddəslərin məzarları üstündə böyük türbələr ucaldılıb.
Azərbaycanda dövlət və islam münasibətləri tarixi bir inkişaf mərhələsini arxada qoyaraq özünün müasir yüksək səviyyəsinə qədəm qoyub. Daha doğrusu, bu sahədə çox uğurlu nailiyyətlər var. Müstəqil dövlətlərin yaranması siyasi, iqtisadi, mədəni, sosial həyatda bir sıra yeniliklərin meydana çıxmasına şərait yaradır. Azərbaycan dövlətinin XX əsrdə ikinci dəfə müstəqillik qazanması da ideologiyamıza, milli və dini dəyərlər sistemimizə yeni müsbət baxış formalaşdırdı. Məlumdur ki, Azərbaycan Respublikasında din -dövlət münasibətləri Azərbaycan Respublikasının Konstitusiyası, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu və bu sənədə edilən dəyişikliklər və əlavələr, eləcə də digər normativ aktlara əsasən tənzimlənir. Konstitusiyamızın 18-ci maddəsində bildirilir ki, din dövlətdən ayrıdır":Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. İnsan ləyaqətini alçaldan, insanpərvərlik prinsipinə zidd olan dinlərin yayılması və təbliği qadağandır..."
Konstitusiyamızdan da gördük ki, dinin dövlətlə heç bir rəsmi bağlılığı yoxdur. İslam dini tam azad şəkildə öz fəaliyyətini davam etdirir. Dövlətimizin islam dininə münasibəti, onun fəaliyyətinin daha aktiv formada görünməsinə dəstəyi, məscid və din ocaqlarının təmiri, inşası göz qabağındadır. Azərbaycan dövlətçiliyi inkişaf etdikcə, onun dinimizə qayğısı da artır. Dinşünasların bildirdiyinə görə, dinin dövlətdən ayrı olmasına baxmayaraq, Azərbaycan dövləti islam dinilə bağlı bütün məsələlərə diqqət göstərib. 2009-cu ildə Bakının İslam Mədəniyyəti Paytaxtı elan edilməsini və Azərbaycan dövləti tərəfindən bu ciddi layihəyə hərtərəfli dəstək göstərilməsini dinşünaslar dövlətin islama verdiyi böyük dəyər kimi qiymətləndirir.
Yeri gəlmişkən, Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Allahşükür Paşazadə də dövlətçilik və islam mədəniyyəti ilə bağlı çıxışlarında bu münasibətlərin ölkəmizdə yüksək səviyyədə qorunduğunu bildirib. QMİ sədrinin də fikrincə, din dövlətdən ayrı olsa da, bu gün Azərbaycan dövləti, dövlətçiliyi, milli ideologiyası islam dininə böyük dəyər verir: "Azərbaycanda din sahəsində, eləcə də din və dövlət münasibətlərində heç bir problem yaşanmır. Həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin prezidentliyi dövründə hər zaman dövlətin dinə diqqət və qayğısını hiss etmişik".
Məşədi Dadaş Məscidinin imamı, "Mənəvi Dünya" İctimai Birliyinin sədri hacı Şahin Həsənli Azərbaycan dövlətçiliyi və din münasibətlərilə bağlı mətbuata verdiyi açıqlamada bildirib ki, din dövlətdən ayrı olsa da, dövlət səviyyəsində ona böyük qayğı göstərilir. Hacı Şahin, həmçinin, onu da qeyd edir ki, Azərbaycanda dövlətçilik və din arasında çox sarsılmaz bir vəhdət var. Bu birliyin daha çox mənəvi mahiyyət daşıdığını deyən hacının sözlərinə görə, müstəqil Azərbaycan dövlətinin islam dininə verdiyi dəyər çox qiymətlidir: "Son illərdə məscidlərin təmir və tikintisi, ziyarətgahlara göstərilən qayğı, dini bayramların dövlət səviyyəsində qeyd edilməsi, hətta Məhərrəm ayı ilə bağlı Yeni il şənliklərinin təntənəli qeyd olunmaması dövlətin islam dininə bəslədiyi böyük hörmətdir. Azərbaycanda dinin dövlətdən ayrı olmasına baxmayaraq, sadalanan tədbirlər birbaşa dövlət başçısının şəxsi təşəbbüsü ilə həyata keçirilir. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti xalqımızın müsəlman kimliyini daim vurğulayıb. Bu gün Azərbaycan xalqı özünün müstəqil, azad, suveren vətənində demokratik, hüquqi və dünyəvi dövlət qurmaq və möhkəmləndirmək uğrunda səylə çalışır, mübarizə aparır. İndi Azərbaycan dövləti daxili və xarici siyasət sahəsində heç bir mərkəzin rəyini, razılığını almadan müstəqil hərəkət edir, siyasət yeridir. Əlbəttə, bu, azad, unitar dövlətin müstəqil, beynəlxalq meyarlara uyğun fəaliyyət göstərməsidir. Hazırda Azərbaycan dövlətçiliyində milli siyasətin, milli ideologiyanın tərkib hissəsi kimi xalqın mənəvi dəyərlərinə böyük diqqət yetirilir. Dövlətçiliyimizin inkişafında, daha da möhkəmlənməsində din amilindən də istifadə etmək vacib sayılır. Bu da təbiidir ki, bizim dinimizdə-islamda insanın mənəvi aləminə güclü nüfuzetmə xüsusiyyəti, güclü səfərbəredici potensial, hər cür əsarətə, zülmə nifrət, azadlıq və hürriyyətə hörmət ruhu var".
Azərbaycan Dövlət Din Tarixi Muzeyinin baş fond mühafizəçisi Əzim Hüseynov da Azərbaycan dövlətinin dinimizə böyük sayğı göstərdiyini bildirir. Ə.Hüseynovun fikrincə, bu gün ölkəmizdə islam dini leqal surətdə fəaliyyət göstərən, təbliğ edilən, ardıcılları, öz təşkilatları, tədris müəssisələri, kadrları və maddi bazası olan bir ideologiyadır: "Azərbaycan Respublikasının Konstitusiyasında dinin dövlətdən ayrı olduğu təsbit edilib. Bu, bütün demokratik ölkələrə xas olan bir xüsusiyyətdir. Bütün dövlətlərdə dövlətin üst qurumlarından biri kimi dinə xüsusi münasibət olub. Zaman çərçivəsində dövlətin xüsusiyyətləri, ictimai-siyasi quruluşu dəyişsə də, xalqın dininə, inam dünyasına toxunulmayıb.
Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra ölkədə ictimai-siyasi həyatın bütün sahələrinin demokratikləşməsi, milli kökə, soya qayıdış dinə münasibətdə özünü göstərdi. Bu da bir həqiqətdir ki, böyük dövlət xadimi və böyük azərbaycanlı Heydər Əliyev hakimiyyətə ikinci dəfə, yəni 1993-cü ildə gəldikdən sonra xalqımızın mənəvi, milli dəyərlərinə münasibət kökündən dəyişdi. Heydər Əliyev bütün ömrü boyu azərbaycanlı və müsəlman olması ilə fəxr edir, bu fikri ən yüksək tribunalardan iftixarla söyləyirdi. Ulu öndər dinimiz haqqında deyib: "Xalqımız öz tarixi, milli-mənəvi dəyərləri, doğma dili ilə, islam dininə, mədəniyyətinə, mənəviyyatına mənsub olması ilə fəxr edir". O deyirdi ki, müstəqillik və dini-mənəvi dəyərlər bir-birilə bağlanmalıdır. Dini-mənəvi dəyərlərdən biz müasir həyatımızın daha da genişlənməsi və inkişaf etməsi üçün istifadə etməliyik. Dini-mənəvi dəyərlər bizi geri çəkməməlidir, irəli aparmalıdır. Çünki islam dininin mənəvi dəyərləri insanları həmişə inkişafa aparıb".
Ə.Hüseynovun bildirdiyinə görə, dövlətçiliyimizin inkişafında islam dininə bağlılıq hissi də böyük rol oynayıb: "İslam dini Azərbaycan xalqının təşəkkülündə, formalaşmasında, mənəvi-bəşəri dəyərlərin ümumiləşməsində, ictimai şüurun oyanmasında, mədəni səviyyənin yüksəlməsində mütərəqqi mövqe tutub. Bir sözlə, Azərbaycan intibahını islamdan ayırmaq mümkün deyil.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyini bütün xalqımızla bərabər dindarlar da sevinclə, ruh yüksəkliyilə qarşıladılar. Müstəqilliyimizin ilk günlərindən respublikamız müstəqil daxili və xarici siyasət yürütməyə başladı. Uzun illərdən sonra ilk dəfə olaraq xalq öz dini və milli bayramlarını azad və sərbəst qeyd etdi. Respublikanın rayon, şəhər və kəndlərində məscidlər ucaldıldı. Minarələrdən azan səsi eşidildi. İllər boyu yolu-izi itən ocaqlar, pirlər, ziyarətgahlar yenidən canlandı. Tarixdə (Ə.Hüseynov burada sovet dövründən sonranı nəzərdə tutur-İ.S) ilk dəfə zəvvarlar müqəddəs yerlərə-Kəbə, Kərbəla, Məşhəd və s. dini ocaqlara qorxmadan, çəkinmədən getməyə başladılar. Azərbaycanda yenə də ilk dəfə dini məktəb və mədrəsələr açıldı".
Ə.Hüseynov razılıq hissilə qeyd edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev yolunu uğurla davam etdirir. O da dinimizə böyük qayğı göstərir: "...Xalq bu gün öz Prezidentinin milli dəyərlərə diqqət və qayğısını yüksək qiymətləndirir. Dövlət başçısının xalqın dini dəyərlərinə münasibəti onun əməli fəaliyyətində daha aydın görünür. İstər xarici ölkələrdə, istərsə də ölkə daxilində çıxış və nitqlərində müsəlmançılıq, islamçılıq mövqeyi özünü bütün çalarları ilə göstərir. Azərbaycan Prezidenti həmişə milli kökə bağlılığın, islami dəyərlərin insanın mənəvi kamilliyinin formalaşmasında əhəmiyyətinə diqqət yetirir. Ölkə rəhbəri respublikada məscid və ocaqların təmir və bərpasına xüsusi diqqət yetirir. Burada bir məsələni qeyd etmək lazımdır: "Prezident İlham Əliyev bütün bu işlər üçün təkcə göstəriş və tapşırıqlar vermir, işinin həddən artıq çox olmasına baxmayaraq, vaxt tapıb o yerlərə baş çəkir, görülən işlərlə özü şəxsən tanış olur. Yadınızdadırsa, Təzə Pir Məscidində təmir-bərpa işləri aparılarkən dövlətimizin başçısı məscidə baş çəkdi. O burada aparılan təmir-tikinti, abadlıq işlərilə maraqlandı, təklif və tapşırıqlarını verdi. Beləliklə, böyük məmnuniyyətlə qeyd edə bilərik ki, hazırda müstəqil Azərbaycan Respublikasında dini təşkilatların və orqanların səmərəli fəaliyyəti üçün hər cür imkan və şarait yaradılıb. İndi ölkəmizin din xadimləri də müstəqil respublikamızın demokratik ab-havasından razıdır və bunu əməli fəaliyyətlərilə sübut edirlər. Bu da bir daha onu göstərir ki, artıq dövlətlə din arasında keçmişdə olan münasibətlər sivil qaydada dəyişilib, dinimiz və dindarlarımız əsassız təqib və qadağalardan xilas olub. Beləliklə, əgər ölkədə, cəmiyyətdə vətəndaşların hüquq normalarına hörmət edilirsə və bu normalar qorunursa, onların dini etiqadlarına da hörmət edilməlidir. Dinə münasibət vətəndaşların vicdan azadlığına münasibətdir".
Dövlətçilik və islam əlaqələri məsələsini çözməyə çalışdıq. Belə nəticəyə gəldik ki, hər ikisi bir-birinə qırılmaz tellərlə bağlıdır. Dinimiz dövlətdən ayrı, müstəqil olsa da, dövlətimizin əli dinimizin üstündədir. İslam dəyəri dövlətçiliyimizin günü-gündən daha da ucalmasına, inkişafına təkan verir.
İradə
SARIYEVA
Bakı xəbər.-2014.- 14 avqust.-
S.15.