Milli kinolarımızda tarixi
dəyərlərimizin, mədəniyyətimizin təbliğatı...
Əsl sənət bəşəri dəyərlərdən əvvəl milli mədəniyyətə söykənməlidir. İncəsənət milli heysiyyətin yaranmasına xidmət etməlidir ki, onun qədir-qiyməti də olsun. Əks halda o sənət xalq tərəfindən qəbul edilməyəcək. Bu bir həqiqətdir. Sənət ilk növbədə milli, sonra isə bəşəri olmalıdır. Milli əhəmiyyət kəsb etməyən sənət heç zaman dünyəvi ola bilməz. Azərbaycan zəngin mədəni irsə, tarixi keçmişə, böyük folklor külliyyatına sahib bir dövlətdir.
Azərbaycan mədəniyyəti o qədər çoxşaxəli, qollu-budaqlıdır ki, onun şöhrəti ölkə sərhədlərini adlayaraq kənarlara yayılıb. Amma milli kino sənətimiz dünyada elə də məşhur deyil. Tanınmaq xoşbəxtliyi ona deyil, musiqimizə, tarixi abidələrimizə, xalçalarımıza və s. qismət olub. Bu sənət nümunələrində Azərbaycan sevgisi, Azərbaycan duyğusu dil açıb danışır...
Milli kinomuz və onda öz əksini tapan, insanların düşüncəsinə nüfuz edən tarixi mədəniyyətimizdən danışmaq istəyirik. Azərbaycan kinosunu yaradan, onu çiyinlərinə qaldırıb irəlilədən şəxsiyyətlər tarixi mədəniyyətimizə bağlı adamlar olub. Düzdür, milli kinomuzun başlanğıcı sayılan ilk süjetlərin yaranmasında milli kino xadimlərimiz iştirak etməyib, ancaq orada təsvir edilən hadisələr burada baş verib. 1898-ci ildə fransız Lümyer qardaşları ilk filmi nümayiş etdirdikdən sonra fotoqraf Mişon Bakıda "Balaxanıda neft fontanı" və "Bibiheybət neft mədənində yanğın" adlı xronikal süjetlər çəkməklə kinematoqrafiyamızın əsasını qoydu. Çətini işə başlamaqdır. İlk süjetlərin ardınca onlarla film çəkildi. Bu filmlərin 99 faizi milli kinorejissorlar tərəfindən lentə alınıb. Azərbaycan kinosunda hadisəyə çevrilən bir sıra filmlər var ki, onlar başdan-ayağa milli ritm üstündə köklənib. 116 yaşlı Azərbaycan kinosunun əsas dəst-xəttini milli tarixə xidmət, kino mədəniyyətimizin təbliğatı təşkil edir. Bizim klassik filmlərimizdə elə ideoloji məsələlər qaldırılıb ki, onlara bu günün gözü ilə baxanda onların olduqca aktual olduğunu görürük. Azərbaycan kinosunda millilik ruhu ona görə hər zaman qabarıq görsənir ki, onu daxilən və mənəvi cəhətdən dövlətçilik tariximizə doğma olan şəxsiyyətlər çəkib. Milli düşüncəyə malik olmayan kinorejissor, kinodramaturq heç zaman ortalığa tariximizin zənginliyini əks etdirən filmlər çıxara bilməz. Klassik filmlərimizin, demək olar ki, 95 faizinə milli ruh hakimdir. 1915-ci ildə istehsal edilən "Neft və milyonlar səltənətində" filmindən tutmuş, indiyə qədər çəkilən filmlərimizdə ana mədəniyyətimizin, tariximizin xətti davam etdirilir. Dəfələrlə qeyd edirik ki, Azərbaycan xalqı ənənələrə bağlı xalqdır. Ona görə də keçmişlə müasirlik arasındakı bağlarımız qırılmazdır. Keçmişimizi bu günümüzə bağlayan körpü bizim böyüklərimiz olub. Milli kinoda da bu əlaqə davam etdirilib. Elə bir klassik filmimiz yoxdur ki, orada milli adət-ənənələrimiz, milli düşüncəmiz, folklor örnəklərimiz öz əksini tapmasın. Bir çox ənənələrimiz var ki, onlar xalq arasında ya elə də məşhur deyil, ya yalnız hansısa bir bölgədə qalıb, ya da ki, tamamilə məhv olub, sıradan çıxıb. Həmin adətlər filmlərimizdə canlandırılır, öz mahiyyətini saxlamaqla yeni libasda bizə geri qaytarılır.
Gənc kinoşünas Aydan Şükürlü bizimlə söhbətində bildirdi ki, Azərbaycan kinosu tarixilikdən müasirliyə qədər böyük bir məsafə qət edib və bu yolda onun əsas dayağı milli tariximiz olub. A.Şükürlünün sözlərinə görə, klassik filmlərimizin quruluşçu rejissorunun hansı millətin nümayəndəsi olmasından asılı olmayaraq, filmlərdə milli ruh qabarıq görsənir: "Azərbaycan kinosunun tarixi çox zəngindir. Milli kinomuzun beşiyi başında tarixi mədəniyyətimizin inkişafında böyük rol oynayan şəxsiyyətlər durub. Cəfər Cabbarlı kimi şəxsiyyət filmlərimizə rejissorluq edib, ssenarilər yazıb. 1929-cu ildə dramaturqun "Sevil" pyesinin motivləri əsasında eyni adlı film çəkilib. Həmin filmin ssenari müəllifi və bəstəkarı Cəfər Cabbarlı olub. Bu filmdə Azərbaycan ailəsi, geyim mədəniyyətimiz, adət-ənənələrimiz və sair böyük ustalıqla təqdim edilib. 1970-ci ildə çəkilən ikinci "Sevil" filmində də eyni ruh hiss edilir. Burada atalar sözlərimiz, bayatılarımız, əzizləmələrimiz öz əksini tapır. Filmdə Atakişinin dilindən:
Bu balama qurban inəklər,
Bu balam nə vaxt iməklər?
Bu balama
qurban ilanlar,
Bu balam nə vaxt dil anlar?
əzizləməsinin səslənməsi onu göstərir
ki, Azərbaycan kinosu heç zaman folklorumuza, həyat tərzimizi
özündə ifadə edən nümunələrə biganə
qalmayıb. Bəzən kino tənqidçiləri
deyir ki, klassik kinolarımızda milli ideya ifrat həddindədir.
Bəs necə olmalıdır ki? Kino Azərbaycanda çəkilirsə, Azərbaycan
insanının həyatını işıqlandırırsa,
demək, milli kök üstən qalxmalıdır. Əks təqdirdə o filmlərin milliliyə
heç bir aidiyyəti olmayacaq. 1916-cı ildə Azərbaycanın
ilk kinokomediyası - "Arşın mal alan"
çəkilib. Üzeyir Hacıbəyovun eyni
adlı operettası əsasında çəkilən filmdə
də milli düşüncə, Azərbaycan ailəsinin
siması, tələb və qaydalar, geyim mədəniyyətimiz,
qonaq qarşılama adətimiz və başqa keyfiyyətlərimiz
təqdim edilib. Bu mövzunu 1945-ci ildə
ölməz kino xadimi Rza Təhmasib və komediya ustası
Sabit Rəhman ekranlara gətirdi. İkinci
"Arşın mal alan"da da eyni ovqat
özünü göstərdi. 1968-ci ildə Tofiq
Tağızadə və Muxtar Dadaşov
üçüncü "Arşın mal alan"
filminin çəkilişinə nail olur. Təsəvvür
edin ki, hər üç film eyni məsələyə xidmət
edir".A.Şükürlünün dediyinə görə,
milli bayramımız olan Novruz bayramının keçirilmə
qaydasını, unudulmaqda olan bəzi mərasimlərimizin
"diril"məsini də filmlərdə görmək olar.
A.Şükürlü dedi ki, bədii filmlərimizdə milli
ənənələrə üstünlük verilir:
"Tarixi mədəniyyətimizə bağlılıq
kinolarımızda üstünlük təşkil edir və
bu amala xidmət edən filmlərimiz çoxdur. Hüseyn Seyidzadənin İsmayıl
Şıxlının ssenarisi əsasında 1969-cu ildə
ekranlaşdırdığı "Dəli Kür" filmi
milli elementlərin zənginliyi baxımından çox əhəmiyyətlidir.
Bu filmdə Novruz bayramının keçirilmə
qaydaları, qapı pusmaq, torba atmaq, cama üzük salıb bəxt
sınamaq kimi ənənələrimiz canlı şəkildə
göstərilib. Keçmişdə qızlar
doğrudan da bir evə yığışar, bayram aşı bişirər, dediyimiz ayinləri
orada icra edərdilər. Bu filmdə Nəqşibəndilik
təriqəti haqda da məqamlar var. Məsələn, filmdə
meyxana səhnəsinin təsvir edilməsi. Burada baş verənlər, əlbəttə ki,
reallığa uyğun deyil. Daha
doğrusu, burada bilərəkdən təhrifə yol verilib.
Əslində bu mərasim sırf ruhani xarakter
daşıyır, orada əlavə şeylərə heç
vədə yer verilməyib. Filmdə təsvir
edilən məclisə Cahandar ağanın
bacısının getməsi onun faciəli taleyini ortaya
çıxarır. Onun məclisə gəlməsini
öz qüruruna sığışdıra bilməyən
Cahandar ağa Şahnigarı əvvəlcə suya salır,
onu özünü boğmağa məcbur edir, sonra isə
güllələyir. Yalnız türk
kişisi ana-bacı təəssübü çəkib,
onların ismətinə ləkə düşməsini
heç vaxt istəməyib. Bu filmdə, həmçinin,
qədim ənənəvi idman növü sayılan
cıdırın təsviri də bizi keçmişə
qaytarır. Bu film bütövlükdə
tariximizə söykənən, onun ruhunu daşıyan bir sənət
örnəyidir. 1975-ci ildə çəkilən
"Dədə Qorqud" bədii-tarixi filmi də milli
maraqlarımıza xidmət edən filmdir. Burada əski türk boylarının yaşam tərzi,
həyat, ənənələri, Dədə Qorqudun Oğuz
elini bürüyən nüfuzu üstünlük təşkil
edir. Filmin qəhrəmanı olan türk
kişiləri dar gündə birləşməyi, babalardan əmanət
qalan torpağı əkib becərməyi öz
qarşılarına məqsəd qoyur. Filmdə
Dədə Qorqudun torpağı qorumaqla, əkib becərməklə
bağlı tövsiyəsi maraq doğurur. "Nəsimi",
"Babək", "Nizami" kimi filmlərin də ideya
yükünü tarixə bağlılıq təşkil
edir. Hər üç filmin cəmiyyətə,
milli şüura, ana dilinin, mədəniyyətimizin
inkişafına təsiri əvəzsizdir. "Babək" filmində qədim türk
insanının qəhrəmanlığı, dini
düşüncəsi, düşmənə qarşı
müqaviməti, dözümlü olması əks olunub.
Bundan başqa, bir sıra əski
inanclarımız da filmdə əks olunub. Babəkin Azərbaycanın müstəqilliyi ilə
bağlı söylədiyi fikirlər sırf
günümüzlə səsləşir. Bu da o deməkdir ki, Azərbaycan tarixinin təbliğinin
tarixi qədimdir. Babək bir xalq qəhrəmanı
olub. Onun igidliyi, şücaəti indinin
özündə də gənc nəslə örnəkdir.
Xalq hərəkatının başında duran
və xalq tərəfindən qəhrəmanlıq statusu ilə
mükafatlandırılan Babəkin adı onlarla oğlan
uşağına verilib. Bu da qəhrəmanlarımıza
hörmət və sevgi hissinin bütün zamanlarda var
olmasından xəbər verir. Onun
şücaəti filmdə çox mahir şəkildə təsvir
edilib"."Səbuhi", "Fətəli xan",
Böyük dayaq","Axırıncı
aşırım", "Babamızın babasının
babası", "Atları yəhərləyin",
"Yeddi oğul istərəm", "Tütək səsi"
filmlərinin də tarixi gələnəklərimizə
böyük töhfələr verdiyini deyən
kinoşünas hesab edir ki, adları çəkilən filmlərin
hər birində milli mədəniyyətin nişanələri
var: "Bizdə çəkilən filmlərin əksəriyyəti
ona görə maraqlı alınıb ki, onlar baş verən
hadisələr əsasında çəkilib. "Fətəli xan" filmi Quba xanı Fətəli
xanın bütün Azərbaycan xanlıqlarını birləşdirib
vahid Azərbaycan dövləti qurmaq ideyasına söykənir.
Bu filmdə Fətəli xan deyir ki, gün gələcək
Azərbaycan müstəqil olacaq. Hətta
onun dilindən "yaşasın müstəqil Azərbaycan"
sözləri də səsləndirilir. "Səbuhi"
filmində beynəlmiləlçilik qabardılsa da, burada
milli adətlərimizin də izlərinə rast gəlirik.
"Tütək səsi" filmi çox milli
bir filmdir. Burda milli mədəniyyət
elementləri özünü bir neçə tərəfdən
göstərir. Birincisi, kənd sakinlərinin
ağsaqqal sözünə ehtiram bəsləməsi, digər
tərəfdən, ailənin müqəddəsliyi, milli ənənələrə
bağlılıq filmdə əsas götürülüb.
Anaları ərə getdiyi üçün
Tapdıq və Cümrü analarını
bağışlamır, bu onların kişilik qürurundan irəli
gələn bir haldır. Milli xüsusiyyətdir.
"Axırıncı aşırım"
filmində Kərbəlayi İsmayıl və Abbasqulu bəy Şadlınskinin
timsalında dostluğa sadiqlik, duz-çörəyə
hörmət, digər müqəddəs sayılan məsələlər
diqqət mərkəzinə gətirilir. Filmdə qədim
bir atalar sözümüzdən istifadə edilib:
"Çörək kəsəni qılınc kəsməz".
Bunu Kərbəlayi İsmayıl Abbasqulu bəyi
nəzərdə tutaraq deyir. Yəni onlar dost idilər və
duz-çörək kəsmişdilər. Bu
baxımdan, Kərbəlayi İsmayıl hesab edirdi ki, Abbasqulu
bəy onun qapısını düşmən kimi açmaz.
Bu da milli xüsusiyyətlərlə
bağlı məsələlərdir. Tarixi
ənənələrə sadiqlik milli kinomuzun sütununu təşkil
edir. Hesab edirəm ki, indən sonra da bu xətt
davam etdiriləcək".
Milli mədəniyyətin, tarixi ardıcıllığın hakim kəsildiyi filmlərimizin hər biri bizim üçün maraqlıdır. Çünki orada biz özümüzü, keçmişimizi, tariximizi görürük. Özümüzə öz gözümüzlə baxıb qiymət verməyin də öz müsbət tərəfləri var.
Son bir neçə ildə çəkilən "Cavad xan", "Hökmdarın taleyi" tarixi bədii filmləri də özündə tariximizin real hadisələrini daşıyır. Qəhrəman xanlarımızın Azərbaycanı qorumaq naminə apardıqları mübarizə bu filmlərdə öz əksini tapır. Qəhrəman Cavad xanın düşmənə qarşı mübarizəsini göstərən Rövşən Almuradlının Sabir Rüstəmxanlının ssenarisi əsasında ekranlaşdırdığı "Cavad xan" filmi bu baxımdan çox dəyərlidir. Xalq artisti Nurəddin Mehdixanlının yaratdığı Cavad xan obrazı doğrudan da xalqının, dövlətinin, tarixinin qeydinə qalan, vətən uğrunda ailəsinin canından belə keçməyi bacaran dövlət xadimi, xalq qəhrəmanıdır. Ümid edirik ki, sonrakı mərhələlərdə də belə filmlər çox olacaq. Hələ tariximizin açılmayan qatları var, onlara da kino aynasından baxmağa dəyər. Ümid edirik ki, yaxın illərdə Şah İsmayıl Xətai, Nadir şah, Ağa Məhəmməd şah Qacar və digər dövlət xadimlərimizlə də bağlı tarixi filmlərin şahidi olacağıq.
İradə
SARIYEVA
Bakı xəbər.-2014.- 18 avqust.- S.12.