Qərəzlə dəyişdirilmiş türk mənşəli toponimlər və tarixi mədəniyyətimizin izləri...
Bir vaxtlar Qərbi Azərbaycanın bir parçası olan müasir Ermənistan ərazisində adı bəlli türk kişiləri at belində idi. O torpaqların hər qarışına izləri hopan ulularımızın Qərbi Azərbaycan ellərində, oymaqlarında isti nəfəsi, ruhu dolaşır. Nəvə-nəticələri, kötücələri, şəcərələrinin qol-budaqları onların tikib qurduğu evlərdən, ocaqlardan didərgin salınsa da, özlərinin ruhu didərgin deyil.
Yurdda qalıb doğma ocaqlarını yağıların bəd nəfəsindən qoruyur.
Azərbaycan türkləri öz əzəli torpaqları olan Qərbi Azərbaycan ərazisində dünya binnət olunandan yaşayır. Belə olmasaydı, saysız-hesabsız qeydə alınan və alınmayan toponimlər türk mənşəli ola bilməzdi. Yurdun ilk binə quranı kimdirsə, ətrafda olanlara adı da o verir. Babalarımız heç bir toponimə ad seçəndə yanılmayıb. Hər şeyi öz xarakterinə, quruluşuna, görünüşünə görə qiymətləndirərək ona ad verib. Tutalım, bir yerin adı "Öküzuçan"dırsa, mütləq bu bir həqiqətlə bağlıdır. Demək, həmin yerdə eyni hadisə dəfələrlə təkrarlanıb ki, babalarımız o yeri belə adlandırıb. Onların zərgər dəqiqliyilə seçdiyi bu adlara ermənilərin yeni ad qondarması və həmin saxtakar əməllərini də tez-tələsik xəritələrə, sənədlərə köçürməsi erməni şovinizminin tarixi ənənəyə söykəndiyindən xəbər verir. Ermənilər ortalığa nə qədər saxta sənədlər çıxarsa da, Azərbaycan türklərinin həqiqətinə səs verən, onun haqq işini sübut edən çoxlu sayda qədim xəritələr var. Həmin xəritələrdə indiki Ermənistan ərazisində kütləvi olaraq erməniləşdirilən toponimlərin türk mənşəli olduğu göstərilir.
Bəllidir ki, ermənilər öz saxta xəritələrini daha çox beynəlxalq tədbirlərdə və xarici ölkələrdə təşkil olunan sərgilərdə, konsertlərdə nümayiş etdirir. Erməni saxtakarlığı səngimək əvəzinə günü-gündən şiddətlənir. Bütün türk mənşəli toponimləri erməniləşdiriblər. Köhnə xəritələri qətiyyən üzə çıxarmırlar. Şovinist alimlərinin tərtib etdiyi qondarma xəritələrlə xaricilərin başını qatırlar. Guya ki, müasir Ermənistan ərazisində ermənilər yerli, türklər isə gəlmə xalqdır. Bu birbaşa cinayətdir. Türklər ora sonra gəlibsə, bəs necə olur ki, qədim və orta əsrlər, eləcə də sonrakı dövrlərdə burada türk dövlətləri, xanlıqları, bəylərbəylikləri mövcud olub? Bu sualı ona görə onlara verən yoxdur ki, onların tərtib edib xaricilərə payladıqları xəritələr son illər çəkilib. Orada heç bir qədimlik, orijinallıq çalarları yoxdur. Ermənilər öz saxtakarlıqlarını yayır. Biz isə son illər öz həqiqətimizi yaymağa başladıq. O vaxt bəzi türkçü alimlər gedib indiki Ermənistan ərazisində türk toponimlərini toplayanda onlar burada həmkarlarının qınağı ilə üzləşirdi. İndi görürük ki, bu alimlər o toponimləri toplamaqla çox böyük iş görüblər. Qədim türk yurdu Qərbi Azərbaycanda bizim Göyçə, Qaraqoyunlu, Vedibasar, Sisiyan, Gümrü, İrəvan, Cəlaloğlu, Qarakilsə, Hamamlı, Dərəçiçək, Baranı, Qafan və başqa rayonlarımız, mahallarımız qaldı. Elə gözəl dəyərlərimizi o yerlərdə qoyub gəldik ki, o itkilər hər birimizi yandırır. Müasir Ermənistan ərazisində qalan böyük ellərimizdən biri də mənəviyyatımızın və tariximizin müqəddəs ünvanlarından olan Dərələyəz mahalıdır. Ağrılı haldır ki, ermənilər bu ulu türk yurduna da biganə qalmayıb. Belə ki, Ermənistan SSR rayonlaşdırılan zaman Dərələyəz mahalı Keşişkənd və Soylan rayonlarına bölünüb. Dərələyəz mahalının adı isə dəyişdirilərək Ayotsdzor qoyulub. Ən qədim dövrlərdən azərbaycanlıların məskunlaşdığı Dərələyəz-Ələyəz dərəsi türk toponimi olaraq orta əsrlərdən mövcuddur. Həmin dövrdə inzibati-ərazi bölgüsü mənasında işlənməklə, geniş ərazini əhatə edən mahal XVIII yüzilliyin əvvəllərində Osmanlı dövlətinin idarəsi altında olan Naxçıvan sancağının 14 nahiyəsindən biri olub. Dərələyəz Azərbaycan yurdu kimi tarixdə öz sözünü hər zaman deyib. Onun toponimləri, yer-yurd adları nə qədər dəyişdirilsə də, yaddaşlardan, tarix kitablarından, xəritələrdən türk mənşəli adları silmək mümkün olmayacaq.
Milli tarixişünaslıq elmimizin formalaşmasında əslən Qərbi Azərbaycandan olan elm fədailərinin, ictimai-siyasi xadimlərin böyük rolu olub. Tarixi mədəniyyətimizin nümunəsi olan türk mənşəli adların tam siyahısı alimlərimizin əlindədir. Demək olar ki, bir dənə də olsun məlumat kənarda qalmayıb. Qərbi Azərbaycandakı türk mənşəli toponimlərin hələ sovet dövründən toplanması və tədqiqi ilə məşğul olan hər kəsə minnətdarlıq edirik. Burada mərhum coğrafiyaçı alim Sitarə xanım Mirmahmudovanın əməyini xüsusi vurğulamaq istəyirik. Onun topladığı toponimlər çox gərəklidir. Biz bu faktlarla ermənilərə tutarlı cavablar veririk, bundan sonra da verəcəyik.
Rəhmətlik akademik Budaq Budaqovun da bu sahədə apardığı tədqiqatların misli yoxdur. Akademik də öz araşdırmaları ilə erməni saxtakarlığını ifşa edə bilib.
Erməni saxtakarlığını ifşa etmək sahəsində Azərbaycan Respublikasına aid "Vikipediya" Açıq Ensiklopediyasının rolu əvəzsizdir. "Vikipediya"da ermənilərin türk mənşəli toponimlərə qarşı törətdiyi kütləvi addəyişdirmə aktlarını pisləyən çoxlu sayda informativ xarakterli yazılar yayımlanır. Bu ensiklopediya qədim türk şəhəri Gümrü haqda maraqlı məlumat hazırlayıb. Ensiklopediya əməkdaşları yazır ki, Gümrü türk mənşəli toponimdir və onun ermənilərlə heç bir əlaqəsi yoxdur: "Qərbi Azərbaycanın Şörəyel mahalının Düzkənd rayonu ərazisində salınan şəhərə ulularımız Gümrü adını verib". 1851-ci ilə aid olan "Qafqaz kalendarı"na istinad edən "Vikipediya" əməkdaşları bildirir ki, düzənlikdə Arpaçayı vadisində salınan Aleksandropol (bu, Gümrünün ilk mərhələdə ruslaşdırılan adıdır-İ.S) şəhəri dağlarla əhatə olunub. "1840-cı ilədək kənd olan və Gümrü adlanan yaşayış məntəqəsinin əhalisini tatarlar təşkil edirdi (19-cu əsrin ortalarından 20-ci əsrin 30-cu illərinə qədər Azərbaycan türklərini ruslar tatar adlandırıb-İ.S) . Məntəqə 1840-cı ildə rəsmən şəhər statusu aldı. 1849-cu ildə İrəvan quberniyasının təşkili ilə onun tərkibinə verildi. Hazırda əsas əhalisi 1850-ci ildə Türkiyədən bura köçürülmüş ermənilərdən ibarətdir. 1857-ci ildə zati aliləri imperator həzrətlərinin Zaqafqaziya regionuna səyahəti zamanı bu şəhərdə qala tikilib, şəhərə əlahəzrət imperatorun şərəfinə "Aleksandropol" adı verilib. 1851-ci ildə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən, hər iki cinsdən toplam 11, 282 nəfər daimi əhali yaşayır. Əhalinin 10, 696 nəfərini ermənilər, 410 nəfərini tatarlar, 165 nəfərini yunanlar, 11 nəfərini isə ruslar təşkil edir".
Bu faktlar "Qafqaz
kalendarı"nda əks
olunub.
Ensiklopediyanın araşdırmasına görə, rus işğalından sonra,
1857-1924-cü illərdə Aleksandropol, 1924-1990-cı illərdə
Leninakan, 1990-cı ildən isə Kumayri adlandırılan qədim
türk şəhəri
Gümrü Qərbi Azərbaycan ərazisində
İrəvandan sonra ikinci böyük şəhərdir.
Qərbi
Azərbaycanın Dərəçiçək
mahalı ərazisində
mövcud olan və türk mənşəli toponim kimi ermənilər tərəfindən saxtalaşdırılan
Axta rayonu 1930-cu il sentyabrın
30-da yaranıb. 19 il öz doğma ana dilimizdə səslənən
bu toponim 1959-cu ildə erməni məkrinə tuş gəlib. "Vikipediya"
yazır ki, həmin tarixdən Axta rayonu erməniləşdirilərək
Hrazdan adlandırılıb.
Axta rayonu ərazisindən Zəngi çayı və onun qolu
Böyük çay axıb gedir. Təəssüflər olsun ki, Böyük çayın
adı dəyişdirilərək
Marmarik edilib.
Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin müxtəlif
fərmanları ilə
Axta rayonu üzrə dəyişdirilən
tarixi yerlərin, toponimlərinin adlarını
tədqim edirik. .
Azərbaycan aşıq sənətinə, mədəniyyətinə çox istedadlı şəxsiyyətlər bəxş edən Dərəçiçək mahalının adına əl uzadan ermənilər onu Tsaxkadzor adlandırıb. Axta rayonunda Ərzəkəd toponimi Arzakan, Paşakənd-Marmarik (1935), Dədəqışlaq-Axundov (1939), Tayçarıx-Meğradzor (1946), Babakişi-Naxavanadzor (1948), Misxana-Ankavan (1949), Yuxarı Axta-Lernanist kimi dəyişdirilib. Erməni cinayətlərilə üzləşən Qərbi Azərbaycan yurdlarından biri də Hamamlı rayonudur. Pəmbək mahalı ərazisində 1937-ci ilin 31 dekabr tarixində yaradılan Hamamlının adı 1949-cu ildən erməniləşdirilərək Spitak adlandırılıb. Türk mənşəli Hamamlı adı yaddaşlarda yaşayıb. "Vikipediya"nın verdiyi məlumata görə, keçmişdə bu ərazidə Azərbaycan türklərinin yaşadığı 24 türk kəndi olub: "Onlardan bəziləri 1918-20-ci illərdə ermənilər tərəfindən məhv edilib, digərlərinin əhalisi isə SSRİ dövründə Azərbaycan Respublikasına köçürülüb. Nəticədə 1988-ci ildə artıq yalnız üç kənddə-Qursalı, Saral və Qızılörən kəndlərində azərbaycanlılar yaşayırdı". Hamamlı rayonunda sovet dövründən son illərə qədər dəyişdirilən türk mənşəli toponimlərin də siyahısı ilə oxucularımızı tanış etmək istəyirik. Rayonun Bəykənd toponimi-Medz Parni, Keşişkənd-Geharot (1935), Avdıbəy-Tsaxkaşen (1939), Ağbulaq-Lusaxpyur (1946), Göy Yoxuş - Saralanc (1946), Goran-Qoqaren (1946), Qaltaxçı-Artağyuğ (1946), Qaraboya-Xikoyan (1946), Qaral-Katnacur (1946), Qaçağan-Lernavan (1946), Qızılörən-Şenevan (1946), Muncuqlu-Tsilkar (1946), Çotur-Sarmeç (1946), Əfəndi-Karadzor (1946), Güllücə-Saraart (1950), Nalbənd-Şirakamut (1978), Tapanlı-Geğasar (1978), Çikdəməl-Arevşoğ (1978) kimi dəyişdirilib. Hər bir sözün mənşəyindən, yazılışından, səslənişindən görürsən ki, bu sözlər qədim Azərbaycan-türk sözləridir. Babalarımızın-nənələrimizin min qayğı ilə toponimlərə verdikləri adlar özündə onların ruhunu yaşadır.
Bir nəfər
bioloq dostumuz bizə maraqlı bir informasiya verib. O deyir ki, təbiətdə mövcud
olan və konkret ad verilən istənilən məfhum öz adına
qarşı həssasdır.
Adicə
otun, çiçəyin,
daşın da öz yaddaşı var. Bu
artıq elmdə sübut olunan bir məsələdir.
Mikroskopla xırda cismləri
müşahidə etdikdə
onları daim hərəkətdə görürük.
Təbiətdəki canlı və
cansız məfhumlar da daim özlərinə
aid olan tərzdə hərəkətdədir. Bu
da o deməkdir ki, itirdiyimiz yurdlarda qoyub gəldiyimiz toponimlər yaddaşlarında ilk türk
mənşəyini saxlayır,
yaşadır. Tariximizə xidmət
edən Qərbi Azərbaycanın tarixi, əzəli torpaqları, burada qalan toponimlər
nə qədər saxtalaşdırılsa da,
adı dəyişdirilsə
də, heç zaman mahiyyətini, daxilini dəyişməyəcək.
İndiki Ermənistan ərazisində
yaşayan toponimlərimiz
bir türk harayına çevrilib bizləri o yerlərə çağırır. Yəqin ki,
bir gün yolların tilsimi açılar, qərib-qaçqın
ellərimiz yenidən
dönər o yurda.
Şənlənər ocaqlar, sevinər
torpaq. Göylər
də qaş-qabağını
açıb Tanrı
salamını bizlərə
yetirər...
İradə
SARIYEVA
Bakı xəbər.-2014.- 19 avqust.- S.15.