Şəki
xanlığının dövlət atributlarında ənənəvi
milli elementlər...
Şəki Azərbaycanın qədim mədəniyyət mərkəzi olmaqla yanaşı, həm də gözəllik simvollarından biri kimi milli tariximizdə yer tutur. Əlbəttə, əsrarəngiz Şəki şəhərindən söhbət düşəndə ağlımıza xoş əhvalatlar, dodaqqaçıran söhbətlər düşür. Şəkinin ləziz bişmişlərini xatırlayır, halvasını yada salırıq. Şəki həm ipəyi, həm də ipək xasiyyətli insanları ilə də yada düşür.
Köhnə adı Nuxa olan bu şəhər Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, ictimai fikrinə çox nəhəng insanlar da bəxş edib. Dövlətçilik tariximizin, mədəniyyətimizin cəmiyyətdə geniş, məqsədyönlü şəkildə yayılmasında əvəzsiz rolu olan şəkililər çoxdur. Milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundov, xalq şairi Bəxtiyar Vahabzadə, milli jurnalistikamızın görkəmli simalarından olan Şirməmməd Hüseynov, səhnəmizin qüdrətli aktyoru Lütfəli Abdullayev, komediya ustadı Sabit Rəhman, görkəmli kinorejissorumuz Rasim Ocaqov və başqaları Şəkinin milli mədəniyyət tariximizə verdiyi şəxsiyyətlərdir. Şəkinin tarixi əhəmiyyətini artıran digər məsələlər də var ki, biz onları hər zaman qeyd etməliyik. Bu şəhər qədim məbədləri, Şəki Xan Sarayı, "Gələrsən-görərsən" qalası ilə də məşhurdur.
Şəki xanlığının yaranmasının, formalaşmasının, ayağa durub hökm etməsinin milli dövlətçilik tariximizdə xüsusi yeri, çəkisi var. Şəki xanlığının vaxtilə mövcudluğu dövlətçilik tariximizin inkişafında əhəmiyyətli rol oynayıb. Bu xanlığın dinimizə və dilimizə, milli mədəniyyətimizə dərin bağlarla bəndlənməsi onun bayraqlarında və gerbində də özünü göstərir.
Tarixi mənbələrdə bildirilir ki, Şəki xanlığı XVIII əsrin 40-cı illərinin sonlarına yaxın güclü siyasi qüvvəyə çevrilib. Nəticədə Qəbələ və Ərəş sultanlığı Şəki xanının hakimiyyətini tanımağa məcbur olub. 1751-ci ildə Şəki xanı müəyyən müddətə Qazax və Borçalı mahalını da özünə tabe edib.
Tarixi mənbələrdən aldığımız bilgilərə görə, Şəki xanlığı Hacı Çələbinin dövründə daha çox irəliləyib. Belə ki, Hacı Çələbinin xanlığı zamanında Şəki xanlığı yeni torpaqlar ələ keçirmək uğrunda Kartli-Kaxeti çarlığı ilə fasiləsiz müharibələr aparıb. Azərbaycanın digər xanlıqlarında olduğu kimi, Şəki xanlığında da kənd təsərrüfatının aparıcı sahəsi əkinçilik və maldarlıq idi. İqtisadiyyatda ipəkçilik mühüm yer tutub. Demək olar ki, hər bir həyətdə tut ağacları vardı. Kəndlərin əhalisi ipək sarımaqla məşğul olurdu. Şəki ipəyi Azərbaycanın hüdudlarından kənarda da məşhur olub, Rusiya, İtaliya, Türkiyə və İrana ixrac edilirdi.
Şəki xanlığının hökmünü və nüfuzunu təsdiq edən bir sıra amillər var. Onlardan biri də xanlığın bayraqları və gerbidir. Tarixçilərin verdiyi məlumata görə, 1805-ci ilin mayında Qarabağ və Şəki xanlıqları ilə Rusiya imperiyası arasında imzalanan Kürəkçay müqavilələrinə görə, Şəki xanlığı da Rusiya təbəəliyini qəbul edib. Tarixi mənbələrdə deyilir ki, bir il sonra Qarabağ xanı İbrahimxəlil xan öz ailəsi, o cümlədən, Şəki xanı Səlim xanın bacısı olan arvadı ilə birlikdə qətlə yetirildikdə, Səlim xan itaətdən çıxaraq, Şəkidə yerləşdirilən rus qarnizonunu xanlığın hüdudlarından çıxarıb. 1806-cı il oktyabrın 22-də Nuxa (Şəki) yaxınlığında baş verən həlledici döyüşdə Səlim xanın qoşunu məğlub edilib. Rus general-mayoru Nebolsinin başçılıq etdiyi dəstənin ələ keçirdiyi qənimətlər içərisində xanlığın altı bayrağı da olub. Onlardan üçü hazırda Azərbaycan Tarixi Muzeyində saxlanır. Bayraqlardan biri vaxtilə Nadir şahın bayrağı olub. Bu bayrağın Nadir şahdan 100 il əvvəl Hindistanda hazırlandığı haqda məlumatlar var. Gördüyünüz kimi, Şəki xanlığının bir deyil, bir neçə bayrağı olub. Bu bayraqların da hamısında milli elementlər-türkçülük, islamçılıq çalarları var. Ölçüsünə görə Şəki xanlığına məxsus bayraqların ən böyüyü olan 245x237 sm bayraq beşbucaqlı formasındadır. Moruq rəngli orta hissəsi sarı ipək saplarla və güləbətinlə işlənib və ornamentlərlə örtülüb. Bayraq qumaşı xara (zərxara) parçadandır. Bayrağın kənarlarına yaşıl xara parçadan enli haşiyə salınıb. Ortada güləbətin saplarla işlənən şaquli istiqamətli xətlər arasında sarı ipək saplarla cərgə-cərgə səkkizguşə və altıguşə ulduzlar, həndəsi qab fiqurları çəkilib, onların arasında isə dəyirmi, rombvari və üçbucağa oxşar kiçik fiqurlar salınıb. Həmçinin, bayrağın yaşıl xaradan olan haşiyəsi üzərində sarı ipək saplarla şahmat qaydasında səkkizguşə ulduzlar çəkilib. Fikir versəniz görərsiniz ki, bu bayrağın üzərindəki təsvirlərin simvolik mənası türkçülüklə bağlıdır. Həm parçaların, həm rənglərin, həm də təsvirlərin milli düşüncəmizlə bağlılığı onu deməyə əsas verir ki, bu xanlığın da dövlətçilik xəttini milli ənənəyə bağlılıq təşkil edib. Səkkizguşə və altıguşə ulduzlar türk tayfaları ilə bağlıdır. Rombvari və üçbucağa oxşar kiçik fiqurlar isə həm günəşin rəmzidir, həm də milli şirniyyatımız olan paxlavanı bizə xatırladır. Deyilənə görə, paxlava günəşin rəmzidir. Rombvari görüntü həm də milli sənətimiz olan şəbəkə sənətini özündə ehtiva edir. Eyni təsvirlər bayrağın astar tərəfində də mövcuddur. Bayrağın parça hissəsinin bəzi yerləri zədəlidir. Açıq-qəhvəyi boya ilə rənglənən bayraq sapı bir çox yerlərdə çatlayıb. Uzunluğu 52 sm olan dəmir ucluq üç hissədən ibarətdir. Konusvari borunun üst tərəfində qabarıq kəmərlik qoyulub, başına içi boş "alma" taxılıb. "Alma"nın üst hissəsinə dəmirdən dördtilli süngü keçirilib.Milli Azərbaycan Tarixi Muzeyində saxlanan Şəki xanlığına məxsus digər bayraq düzbucaqlı üçbucaq formasındadır. Bu bayraq 143 x 105 x 93,5 sm ölçüdədir. Onun üz və astar tərəfləri müxtəlif növ parçalardan tikilib. Ancaq bayraq 1926-cı ildə bərpa edilərkən onun üzü astarından ayrılıb. "Qafqaz Hərbi Tarix Muzeyi üzrə bələdçi" kitabında verilən qısa məlumata görə, məğlub edildikdən sonra xan adından məhrum edilən şəkili Səlim xana mənsub olan bu döyüş bayrağı, yuxarıda qeyd edildiyi kimi, 1806-cı ildə baş verən hücum zamanı düşmənin əlinə keçib. Yenə həmin mənbəyə görə, bayraq 1606-cı ildə hindistanlı Hacı Hüseyn tərəfindən hazırlanıb. Nadir şahın Hindistan yürüşündə əldə etdiyi qənimətlərdən olub. Tarixən məlumdur ki, Nadir şahın bir qədər əvvəl Şəki valisi təyin etdiyi Hacı Çələbi Şəki vilayətini müstəqil xanlıq, özünü isə xan elan edib. Yalnız uzun müddət (1744-1746) davam edən qanlı döyüşlərdən sonra "Gələrsən-görərsən" qalasında mühasirəyə alınan Hacı Çələbi Nadir şah hakimiyyətini tanıdığını bildirib. Nadir şaha məxsus bayraq elə həmin dövrdən Şəki xanlığının bayraqlarından biri oldu (bu bayrağın hədiyyə və ya döyüş qəniməti kimi əldə edilməsi haqqında məlumat yoxdur-İ.S). Bayrağın üz tərəfində sarıya çalan açıq qəhvəyi (bej) tirmə parçanın yerliyində cərgə ilə butalar salınıb. Qırmızı çiçək və yaşıl yarpaqlardan tərtib edilən butaların bir cərgəsi sola, digəri isə sağa tərəfdir. Bayrağın açıq qəhvəyi (bej) rəngli saya parçadan olan astar hissəsinin üzərində əvvəldən olan sanskrit yazılarla yanaşı, sonradan ərəb və fars dillərində əlavələr edilib. Quranın müxtəlif surələrindən ayələr, eləcə də həmin ayələrin başlanğıcında mənası, məqsəd və mahiyyəti bu gün də alimlər üçün anlaşılmaz qalan, "Allahın sirri" hesab edilən bir və ya bir neçə hərf verilib (mim, ha, mim, dəl; dəl, mim, ha və s.). Bayraq qumaşı üzərindəki yazılar onu üç hissəyə - ortada yerləşən böyük kvadrata və kənarlarda yerləşən iki düzbucağa bölür. Böyük kvadrat hər birində Quran ayələrindən ayrı-ayrı sözlər olan kiçik kvadrat xanalara (100 x 100) bölünüb. Böyük kvadratın aşağı haşiyələrində və bütövlükdə bayrağın kənarlarında da Quran ayələri verilib. Düzbucaqlı üçbucaqlarda da içərisində Quran yazıları olan kvadrat xanalar, müxtəlif ayə və kiçik surələr yerləşdirilib. Allahın epitetləri qeyd edilən sağ düzbucaqlıda, həmçinin, döyüşdə qələbəyə inam və ümid yaradan Quran ayəsi "Kömək Allahdandır və yaxın qələbə" - sözü yazılıb. Bu bayraqdakı milli ornamentlərimiz diqqəti çəkir. Butaların iştirakı ilə təqdim edilən bayraq üzərində müqəddəs Quranın da ayələrinin həkk edilməsi onun milli bir bayraq olduğunu şərtləndirir.
Milli mədəniyyətimizin bu bayraqlar vasitəsilə də təbliğ edildiyini deyən alimlər Şəki xanlığının başqa bir bayrağını da yada salırlar. Belə ki, uzunluğu 297 sm, kəsikdə diametri 3,8 sm olan bu bayrağın sapı qara və yaşıl rənglərə boyanıb. Uzunluğu 29 sm olan mis ucluq üç hissədən ibarətdir. Konusvari borunun başına əzilmiş kürə formasında olan "alma" taxılıb. Üst hissə ortası qabarıq, yarpaq formasında kəsilmiş içi boş ucluqdan ibarətdir. Bütün ucluq qızıl suyuna salınıb. Yarpağın uzunluğu 26 sm, eni 16 sm, qalınlığı 16 sm-dir.
Düzbucaqlı üçbucaq formasında ikiqat ipək parçadan əl ilə tikilən digər bayrağın ölçüləri 224 x 178 x 137sm-dir. Bayraq zamanın təsirindən çox solub, naxışlı çəhrayı qanovuzdan olan bir üzündə mavi və qızılı saplarla gül budağı üstündə oturan və dimdik-dimdiyə dayanan quş və balıq təsvirləri toxunub. Bayrağın göy xara ipəkdən olan o biri üzünə, qızılı ipək saplarla toxunulan uzunsov yarpaqvari damaların içinə qızılı və yaşıl saplarla gül ornamenti salınıb. Bayrağın iki tərəfdən kənarlarına saçaq çevrilib, nazik zərxara köbə üzərində quş, dovşan, gül və yarpaq təsvirlərindən ibarət ornament salınıb, köbənin qırağına güləbətin saplardan saçağı olan ensiz qızılı lent tikilib. Qumaşın bayraq ağacına taxılması üçün tikilən üst sapı qara, alt sapı qəhvəyi rəngdə olan nazik ipək torbacıq zamanın təsiri ilə, demək olar, tamam üzülərək sap halına düşüb. Digər bayraq ağacının sapı (uzunluğu 228 sm, kəsikdə diametri 3,6 sm -dir-İ.S.) qara boya ilə örtülüb. Qızıl suyuna salınan uzunluğu 52 sm, eni 12 sm olan 3 hissəli mis konusvari borudan, ona taxılan içi boş "alma"dan və "alma"nın üst hissəsinə birləşdirilən ortası qabarıq, kənarları qırçınlı içi boş yarpaqdan ibarətdir. Maraqlıdır ki, bayraqların çoxunda "alma" və yarpaq təsvirləri üstünlük təşkil edir. Hələlik etnoqraflar bu təsvirlərin simvolik mənalarını tam öyrənə bilməyib. Ona görə də bunların tam mənasını açmaq çətindir. Amma bütövlükdə yanaşdıqda burada türk mifologiyası ilə bağlı bir sıra məqamlar, çalarlar görürük. Şəki xanlığının bayrağının müxtəlifliyi burada hakimiyyətdə olan insanlarla bağlıdır. Hər hakimiyyətə gələn adam öz bayrağını hazırladaraq onun altında yürüşlərə çıxırdı.
Məlumdur ki, Şəki xanlığı öz gerbi olan azsaylı xanlıqlardan biridir, xanlıqların hamısının bayrağı olduğu halda heç də hamısının gerbi olmayıb. Bəzi ehtimallara görə, Şəki xanlığının ilk gerbi olduğu güman edilən gerb 21 may 1843-cü ildə qəbul edilib. Şəki xanlığına aid olduğu ehtimal edilən bu gerb başqa gerblərdən fərqlənir. Saçaqlı iri dairənin içində başı insan (insanın başında tac var-İ.S), bədəni şir, yaxud canavar olan qanadlı varlıq təsvir edilib. Onun qanadı üstündə başında rəngbərəng günəş şəfəqini xatırladan enli təsvirlər var. İnsan başlı varlıq iri bir balığın üstündə durub. Onun quyruğunun başında ağzı açıq əjdaha verilib, əlində isə hakimiyyət rəmzi olan qılınc var. Bu gerbin simvolik mənasını izah etmək bir qədər çətindir. Hesab edirəm ki, gerblərimizin tarixi, simvolik mənaları ətraflı şəkildə araşdırılmalıdır. Şəki şəhərinin müasir dövrdə də gerbi mövcuddur. Amma 1843-cü ildə qəbul olunan gerblə onun arasında heç bir əlaqə yoxdur. İndiki gerbdə Şəki qalasının fonunda ortada ay və ulduzu xatırladan 8 guşəli şəbəkə elementi təsvir edilib. Şəbəkənin önündə şahə qalxan ağ at göstərilir. Gerbin aşağısında ipək üzərində ağ rənglə Şəki sözü yazılıb. Qala və ipək parça müxtəlif tonlu göy rənglə, şəbəkə isə, Azərbaycan Bayrağında olduğu kimi, göy, qırmızı və yaşıl rənglərlə işlənib. Qala adətən müdafiə xarakteri daşıdığı üçün gerbdə əsas rəsmi əhatə edir. Sənətkarlar diyarı Şəkinin rəmzinə işarə olaraq şəbəkə elementi göstərilib. Ağ, şahə qalxan at fiquru qalibiyyət rəmzi, eləcə də XVII əsr Şəki xanlığının pul manetində həkk edilən at rəsmindən götürülüb. Atın baş hissəsində qədim Azərbaycanda (Midiya-İ.S) atların başında yalına bərkidilən xüsusi metal əşya göstərilir.
Bu gerbin müəllifi Şəki şəhərinin sakini, Daşkənd Rəssamlıq İnstitutunun Qrafika fakültəsinin məzunu, Azərbaycan Rəssamlar İttifaqının üzvü Tahir Əhmədiyyə oğlu Həmidlidir. Gerb 2001-ci ildə Şəki rəssam və memarları tərəfindən bəyənilib, Şəki şəhər rəhbərliyi tərəfindən təsdiq edilib. Şəkinin 60-cı illərdə başqa bir gerbi də olub, amma ən çox populyar olanı sonuncudur. Barəsində geniş danışdığımız hər iki gerbdə milli dövlətçilik tariximizi ucalardan uca tutan çalarlar, fiqurlar, təsvirlər çoxdur. Mütəxəssislərin fikrincə, Şəki xanlığının gerbinin yenidən bərpasına ehtiyac var. Güman edirik ki, bu məsələyə diqqət yetiriləcək və Şəki xanlığının tarixi gerbi yenidən Şəkinin simvolu kimi özünü göstərəcək.
İradə
SARIYEVA
Bakı xəbər.-2014.- 21 avqust.- S.15.