Rəşad Məcid ruhuya 50 yaşın müdrikliyi

 

  Mətbuat Şurasının sədri Əflatun Amaşov yazır

 

...Tanışlığımızın haradan başladığını konkret xatırlamıram. Şübhəsiz, yada salmaq istəsəm, nələrisə canlandıra bilərəm. Zənnimcə, ehtiyac da yoxdur. Axı, onunla yaxınlıq xüsusi təmtəraq, hansısa əhvalat, fövqəladə maraqlı hadisə istəmir. Çünki o, hər epizodu, hər anı özü yaradır. Hər şey o qədər təbii və maraqlı alınır ki, təəssürat zənginliyində itib-batırsan. Nəyi daha çox xatırlamalı olduğunu unudursan.

Zənn edirsən ki, onu dünyaya gəldiyin ilk gündən tanıyırsan. Söhbət Rəşad Məciddən gedir.

Onunla yaxınlıqda təmtərağa ehtiyac duyulmadığı kimi, onu xüsusi təqdim etməyə də zərurət yoxdur. Adı çəkiləndə gözlər önündə bir çox dəyərlər canlanır. Ədəbi, bədii mühitimizdə, jurnalistikamızda olan hər kəs o dəyərləri sadalayaraq Rəşad Məcidin portretini cıza bilər. Cızır da. Baxın, 50 yaşı münasibətilə yazıların, qələmə alınan dost düşüncə və xatirələrinin sayı artmaqdadır. 50 il az deyil, bəli, insan bu müddəti elə yaşamalıdır ki, barəsində yazsınlar, desinlər. Bu mənada Rəşad 50 yaşını haqlamış insanın kamil obrazını yarada bilər, yaşamağı bacarıb.

Rəşad Məcid şairdir, yazıçıdır, publisistdir. Sənət adamlarından biri çox gözəl deyib ki, Rəşad Məcidin şairliyi ilə baş redaktorluğu qarşılıqlı müxalifətdədir. Biri digərinin vaxtından alır. Şair ilham pərisinin sorağında olsa da, jurnalistin, xüsusilə qəzet baş redaktorunun gözləməyə vaxtı, imkanı var. Səhəri oxucularla hesablaşmaq lazım gələcək. Sübh tezdən şər qarışanadək qəzetin sükanı arxasında dayanıb yorğun-arğın evə dönəndə, gözünün acısını almaq istəyəndə ilham pərisi səni silkələyib "yaz" deyəcək. İnanıram ki, yuxusuna haram qatıb yazdığı anlar çox olub. Ancaq daha çox Rəşadın jurnalistikası üzərində dayanmaq istərdim. Hesab edirəm ki, jurnalistikamız onun əsl sənət adamlarına xas duyumundan daha çox bəhrələnib, Rəşad Məcidi daha çox özününküləşdirib.

Bəli, məhz duyumundan. Duyum böyük göstəricidir. Yeri gəlmişkən, Rəşaddakı duyumu bir neçə epizodda daha yaxından hiss etmişəm. Hiss etdirib. Özü demişkən, insan xarakterinin qatlarını çözələməyin yerini verə bilər ki? 50 yaşlı Rəşadın xarakterini çözələyərkən Şimali Kipr Türk Cumhuriyyətinə səfərimizi xatırlayıram. Orada Yaxın Doğu Universitetinin qurucusu Suat İrfan Günselin qəbulundaydıq. Suat bəyin universiteti yaratması, Şimali Kiprin tarixi ilə bağlı böyük entuziazmla anlatdıqlarının Rəşadda hansı ifadələr doğurduğu gözümün önündədir. Sakitcə dinləyirdi. Ancaq bunun fırtına öncəsi sakitlik olduğunu hiss edirdim. Zənnimdə yanılmadım, səhərisi gün "525-ci qəzet"in saytında "Qorxunun yaratdığı güc"ü gördüm. Elə oradaca yazmışdı.

Rəşad "Qorxunun yaratdığı güc" sərlövhəli yazısında Suat İrfan Günselin anlatdığı məqamları məxsusi duyum tərzilə ifadə etmiş belə nəticəyə gəlmişdi ki, şimali kiprlilərin var olmaq, həyatda qalmaq mücadiləsində başlıca hərəkətverici qüvvə qorxu olub. Təbii ki, haqlıydı. Ancaq "Sevginin yaratdığı güc"ü qələmə alan da haqlıydı. Görünür, qorxu sevgidə vəhdət var. Onları birləşdirən bir-birini tamamlamalarıdır. Rəşadın nələri duyduğunu anlamışdım...

Rəşadın nələri duyduğunu "Gəncədəki ruh"da da anlamışdım. O ruh Gəncə qatarının Ağdama gedən qatar kimi qəbulundan başlamışdı. Kövrəlmişdi. Dostumuz Elçin Mirzəbəylinin bədii təfəkkürü o qatarı "Kabus qatar" adlandırdı. Rəşad hesablamışdı ki, o qatarda 6-7 il ərzində təxminən 300-dən çox gecə keçirib. 25 ildən sonra dəhlizinə ilk dəfə ayaq basdığı həmin qatarda içkinin hesabına içindəki ağrılı duyğularını, böyüyüb boya-başa çatdığı Ağdamın nisgilini keyləşdirməyə çalışdığını yazdı. Həmin an xatırladığı illər, beynində oyatdığı qatarlı günlər təkcə ona yox, "Gəncədəki ruh"u oxuyan hər kəsə əl elədi. Bu, əsl duyğu kabusu, onu yaradan Rəşadın doğma yurdunun timsalında bütövlükdə Azərbaycana olan böyük sevgisiydi...

Rəşadın şair, yazıçı, publisist kimi oxucusuna yaşatdığı duyğunun, şeirlərinin aşıladığı hisslərin təsiri altına düşəndə fikirləşmişəm ki, o yaxşı söz sənətini seçib, digər sahələrə maraq göstərməyib. Atası Müseyib kişinin imkanlarını həmin dövrün insanını həyata bağlayan reallıqları nəzərə alsaq, Rəşadı hansısa böyük müəssisənin rəhbəri, yaxud da məmur kimi təsəvvürə gətirmək mümkün idi. Ancaq seçimi jurnalistika, söz-sənət dünyası oldu. Hesab edirəm ki, jurnalistikamız bu seçimdən uddu. Bu gün Azərbaycan mətbuatı deyiləndə gözlər önünə gələn beş-altı sima varsa, onlardan biri Rəşad Məciddir. Ancaq onu da deyim ki, bu statusun qazanılmasında təkcə istedad amili rol oynamır.

Rəşadın böyük-kiçik yeri bilməsini Ağcabədidə atasının qonağı olarkən müşahidə etmişəm. Çox maraqlı mənzərəydi. Təkcə ona görə yox ki, böyük yanında, böyük danışanda danışmamaq kimi adətimiz var. Məsələ başqa vaxtlarda dili ağzına sığmayan həmkarımın valideyn yanında cınqırını belə çıxarmayacaq qədər susqunluğu idi. Açığı, bu qədərini təsəvvürə gətirmirdim. Ancaq Rəşadla bağlı sonradan təsəvvürə gətirməkdə çətinlik çəkməyəcəyim məqamlar çox oldu.

Həmin məqamlardan birinə şahidliyim "İrşad" hotelində baş tutan tədbirdə gerçəkləşib. Təxminən 6-7 il öncənin söhbətidir. Uzaqdan Rəşadın gəldiyini gördüm. Onun gözləri isə böyük şairimiz Bəxtiyar Vahabzadəni görmüşdü. Kənarda oturub, xəstəhal görkəmi ilə ətrafı seyr edən ustad Rəşadın əyilib onun əlindən öpəcəyini gözləmirdi...

Üzərindən bir neçə il keçəndən sonra eyni səhnəyə ikinci dəfə şahidlik etdim. Mətbuat Şurasının ofisi adi axarında idi. Baş redaktorlar, ictimai xadimlər Şuraya toplaşmışdılar. Rəşad da gəlib çıxdı kabinetə girəcəkdə gördüyü şəxs həmkarımı ənənəvi olaraq hamı ilə görüşmək fikrindən bir anlığa daşındırdı. Birbaşa ona doğru yön aldı. Qarşısında dayandı, əyilərək əlindən öpdü. Azərbaycan jurnalistikasının canlı əfsanəsi Şirməmməd Hüseynov da mərhum Bəxtiyar Vahabzadə kimi sözün yaxşı mənasında çaşqınlıq içərisindəydi. Sonradan Rəşad "mən millətimizə, xalqımıza xidmət edən dəyərli insanların əllərindən öpməkdən heç vaxt çəkinmədim. Otağıma gələndə ayağa sıçradım, qabaqlarına yüyürdüm..." yazacaqdı. Şübhə etmirəm ki, 50 yaşını haqlamış Rəşad Məcidin jurnalistikamız qarşısındakı xidmətləri onu da vaxtsa əli öpüləcək adama çevirəcək.

Əlbəttə, Rəşad Məcid haqqında daha nələrisə söyləmək, onun Azərbaycan jurnalistlərinin qurultaylarındakı ən gərgin vəziyyətləri sahmana salan prinsipial dəst-xəttinin incəliklərindən söz açmaq, müxtəlif xatirələr zənginliyindən qidalanmaq mümkündür. Ancaq bu yerdə yazıma nöqtə qoymağı düşünürəm. Onu da düşünürəm ki, hər yaşın özünün spesifik xüsusiyyəti var Uca Yaradan layiqli bəndələrini həmin xüsusiyyətdən irəli gələrək mükafatlandırır. Bu mənada Rəşad Məcidin 50 illiyinin ən böyük mükafatının nəvə payı olduğu qənaətindəyəm. Təbrik edirəm, Rəşad baba, çox yaşa! Yubileyin mübarək, əziz dost!

 

Bakı xəbər.-2014.- 21 avqust.- S.6.