Tarixi dövlət rəmzlərimizdə milli
mədəniyyət nişanələri...
Azərbaycan tarixinin, mədəniyyətinin öyrənilməsi məsələsinə yalnız müstəqil dövlətimizin ərazisini aid etməli deyilik. Tarix boyu bizim olan, lakin müxtəlif siyasi oyunlar, çəkişmələr sayəsində əlimizdən çıxan, lakin nəfəsimizi, mədəniyyətimizi, tariximizi yaşadan ellərimizi də aid etməliyik. Azərbaycan xalqının mənəviyyatında, düşüncə tərzində, şüurunda oturuşan dəyərlər təbliğ edilməlidir.
Tariximizin hansı mərhələsinə boylansaq orada mədəniyyətimizin izləri, çalarları ilə birmənalı olaraq qarşılaşacağıq. Azərbaycan deyəndə onun qədim dövlətçilik ənənələri, zəngin tarixi, mədəniyyəti, eraların, əsrlərin o üzündə qalan qüdrətli imperiyaları yada düşür. Tariximizin izilə çox kitabları, arxiv materiallarını vərəqləyirik. Azərbaycan tarixi haqda son dövrlərə qədər bizə çox az məlumat verilib.
Bu layihəmiz çərçivəsində xalqımızın dünənini, bu gününü araşdırdıq, sabahına bəslədiyi böyük ümidlərin işığına sevindik. Bu dəfə Şirvanşahlar dövlətinin və Cənubi Azərbaycan xanlıqlarının bayraq və gerblərinə nəzər salmaq istəyirik. Qədim dövlət və xanlıqlarımızın dövlətçilik simvollarını araşdırarkən elə də geniş informasiyalara rast gəlmədik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutundan bizə bildirdilər ki, ümumiyyətlə, dövlətçilik tariximizin formalaşmasında rolu olan dövlətlərin, xanlıqların dövlətçilik simvolları, bayraqları, gerblərinin öyrənilməsi sahəsində irimiqyaslı işə başlanmayıb. Elə simvollarını araşdırdığımız dövrlərlə bağlı məlumatların qıtlığı da bunun əlamətidir. "Vikipediya" açıq ensiklopediyasında Şirvanşahlar dövlətinə aid olduğu ehtimal edilən gerb verilib. Gerbdə bir öküz başı və onun hər tərəfində bir şir təsvir edilib. Şirlər pəncəsini öküz başına tərəf uzadıb. Gerbdəki görüntülər sarı rəngdədir. Bu gerbin Şirvanşahlar dövlətinə məxsus olması mübahisəlidir. Tarixçi alimlərin bu məsələdə fikirləri haçalanır. Onların bir qismi bildirir ki, belə sadə gerbin Şirvanşahlara aid edilməsi düzgün deyil. Tarixçi alimlərdən professor Sara Aşurbəylinin Azərbaycan tarixşünaslığına gətirdiyi bu gerb hələ tam araşdırılmayıb. Tarixi mənbələrdə isə bu gerbin Şirvanşahlara aid olduğunu təsdiqləyən dəlillər var. İki şahın-Şirvanşah İbrahimin və onun oğlu I Xəlilullahın dövründə saray şairi olan Bədr Şirvaninin yazdığına görə, Şirvanşahlar dövlətinin bayrağı qızılı rəngdə olub. İki şir, onların ortasında öküz başının təsviri isə Şirvanşahlar dövlətinin gerbidir. Gerbdəki şirlər Şirvanşahlar dövlətinin güc və qüdrətinin, öküz başı isə ölkədəki bolluğun rəmzi idi. Nədənsə, gerbin mənasını açıqlayanlar burada türkçülük elementlərini unudur. Şir türk mifologiyasında güc-qüvvət, hakimiyyət, haqq-ədalət rəmzidir. Öküz isə qədim türklərdə totem sayılıb, hətta öküzə səcdə də edilib. Öküzün bərəkət simvolu olması danılmazdır. Odur ki, Şirvanşahların gerbindəki təsvirlər türkçülüklə səsləşir. Şirvanşahlar dövlətinin qurucuları türksoylular idi. Məlumatıma görə, onlarda saray dili türk dili olmayıb, rəsmi dilləri fars dili olub. Amma bu heç də o anlama gəlməli deyil ki, Şirvanşahlar türkçü olmayıb, milli mədəniyyətimizə hamilik etməyib. Onların gerbində türkçülük simvolu əks olunubsa, demək onlar bu amala da qulluq edib. Dil məsələsinə gəlincə, orta əsrlər dövründə Səfəvilərə qədərki bəzi dövlətlərin rəsmi dili fars dili idi. Bu da zamanın tələbindən irəli gəlirdi. Bu heç də o insanların milli, dini kimliyinə kölgə salmırdı. Fakt budur ki, Şirvanşahlar dövləti Şimali Azərbaycanda qurulub, uzun illər hökm sürüb, Şamaxıda, Bakıda zəngin sarayları olub. Bu gün də paytaxtımızda-İçəri Şəhərdə Şirvanşahlar Saray Kompleksi Qoruğu yaşayır. Dövlət qayğısı ilə əhatə olunan bu qoruğun qədimdən qalma binalarının, tikililərinin üzərində iki şir və öküz başı olan gerbi həkk olunub. Hazırda Şirvanşahlar Sarayı bir qədim mədəniyyət məkanıdır. Burada Şirvanşahlar ailəsinə məxsus gümbəzlər, kitabələr, Seyid Yəhya Bakuvinin məzarı, türbəsi qalmaqdadır. Demək olar ki, bu Sarayı hər gün uşaqlar, gənclər, orta və yaşlı nəsil ziyarət edir.
Cənubi Azərbaycan xanlıqlarından Təbriz və Xoy xanlıqlarına aid bayraqların izinə düşdük. Barəsində elə də ətraflı məlumatlar olmayan bu bayraqlar özündə türkçülük, islamçılıq mahiyyəti daşıyıb.
Qeyd edək ki, 1804-cü ilin yayında I İran-Rusiya müharibəsinin başlanğıcında Sisiyanovun qoşunları İrəvan qalasını mühasirəyə alıb. Şahzadə Abbas Mirzə qoşunu ilə xanlığın köməyinə gəlsə də, vəziyyətin gərginliyi səbəbindən, İrəvan xanlığının başçısı Məhəmməd xanla müttəfiqlik edən naxçıvanlı Kəlbalı xan İran Hökmdarı Fətəli şah Qacara müraciət etmək məcburiyyətində qalıb. Məlumdur ki, Fətəli şahın əmrilə Xoy və Təbriz xanlıqlarından göndərilən qoşun dəstələri irəvanlıların köməyinə gəldi. İyulun 15-də başa çatan və heç bir tərəfə qələbə gətirməyən döyüşdən geri çəkilən rus əsgərləri iki zəmburək və iki bayraq ələ keçirə bilib. Hər iki bayraq Qafqaz Hərbi Tarix Muzeyinə təhvil verilib. Bu bayraqlar Xoy və Təbriz xanlıqlarının bayraqlarıdır. Qardaş köməyinə gələn təbrizlilər və xoylular bu döyüşdə bayraqlarını itirdilər. Amma bu onlarda qətiyyən gərginlik yaratmadı. Burada bir məqama fikir verin, Fətəli şah da türkdür, Xoy və Təbriz xanlığını quran şəxslər də. Onlar İrəvanda düşmənlə üz-üzə qalan soydaşlarını, qanı bir, canı bir, dini bir qardaş və bacılarını düşməndən müdafiə etməyə gəldilər. Milli birlik elementləri tariximizi bəzəyir. Bu yardımlaşma da bu anlama xidmət edir. Xoy və Təbriz xanlıqlarının bayraqları hazırda Tiflisdə saxlanır. O bayraqların hansının Təbriz, hansının Xoy xanlığına aid olduğu göstərilmir. Bayraqlardan biri haqda belə danışmaq olar: bayrağın xara ipəkdən olan qumaşı moruğu rəngdədir. Onu da deyək ki, bizim xanlıqların çoxunun bayrağının rəngi moruğudur. Bayraq sapının yanındakı hissədə yuxarıdan aşağıya doğru qızıl saplarla çəkilən düzbucaqlıların içərisində həmin saplarla Quran ayələri və ifadələri verilib. İki cərgə ilə düzülən düzbucaqda "Allahdan başqa ilahi yoxdur", "Məhəmməd Allahın elçisidir" sözləri yazılıb. Bu ifadə bir neçə dəfə təkrar edilib. Bu sözlər elə toxunub ki, onun bir hissəsini bayrağın üz, bir hissəsini isə astar tərəfindən oxumaq olar. Düzbucaqların əmələ gətirdiyi sütun boyunca yuxarıdan aşağıya nəbati naxışlarla, kiçik xonçalarla bir-birindən ayrılan həmin ifadələr yerləşdirilib. Bayraq sapına paralel olan hissəsinin kənarlarında da bir cərgə nəbati medalyonlarla ayrılan "Bissimillahir rəhmanir rəhim" ifadəsi bir neçə dəfə təkrar olunub. Bayrağın orta hissəsində bir-birinin içərisində yerləşdirilən üç ayparanın təşkil etdiyi dördü bütöv və görünür, ikisi yarımçıq olan ellipsvari, onların arasında hər ikisi bütöv və bir yarımçıq olan dairəvi medalyon verilib. Qızıl saplarla tikilən bu medalyonların içərisində nəbati ornamentlər və ərəb yazısı salınıb. Nəstəliq xəttilə yazılan bu yazıda "Bissimillahir rəhmanir rəhim", "La ilahə illallah, Məhəmmədən Rəsulallah", "Məhəmməd, Əbu Bəkr, Ömər, Osman, Əli", "Ya fəttah" sözləri yazılıb və bir neçə dəfə təkrarlanıb. Özündə islam dəyərlərini əks etdirən, eyni zamanda da türkçülük elementlərini ifadə edən bu bayraq Azərbaycan tarixinin simvollarından olaraq tədqiqata cəlb ediləcəyi günü gözləyir. Qafqaz Hərbi Muzeyində Azərbaycan xanlıqlarına aid çoxlu bayraqlar, gerblər, materiallar var.
Cənubi Azərbaycan xanlığı ilə bağlı bu bayraqda diqqəti cəlb edən məqamlar var. Bu bayrağın qumaşı əl ilə iki parçadan tikilib. Parçanın xüsusi olaraq bayraq üçün toxunduğu ehtimal edilir. Bayrağın sapa taxılan torbacığı sarı-qızılı rəngli atlasdan tikilib. Hər iki üzündəki təsvirlər eynidir. Bayrağın sağ tərəfindən alt hissəsi başdan-ayağa zədələnib. Görünür, bayraq döyüş zamanı bu vəziyyətə düşüb. Bayrağın ortasının süzülməsinin qarşısını almaq üçün bərpaçı həmin hissəyə kobud yamaq salıb. Bayraq sapı sarı boya ilə rənglənib. Ucluğu qızıl suyuna çəkilən misdəndir. Qısa boru parçasına iki yarımkürədən ibarət içi boş "alma" taxılıb. "Alma"nın başına konus şəkilli borusu və zambağa bənzər naxışı olan neştərə oxşar ucluq salınıb. Ucluğun həndəsi naxışlarla bəzədilən "alma" hissəsinin iki halqası var. Bu halqalara 89 sm uzunluğu olan ipək burma saplardan toxunan qaytan vasitəsilə hər birinin ucluğu 21 sm olan qotazlar asılıb. 449 nömrəli inventar altında saxlanan beşguşə formalı ikinci bayrağın xara ipəkdən olan moruğu yerliyi qumaşı əl ilə bir-birinə tikilən müxtəlif həndəsi və nəbati beş parça zolağından və zolaqları dörd tərəfdən əhatə edən enli haşiyədən ibarətdir. Haşiyənin moruğu yerliyi üzərində içərisində romb olan səkkizləçəkli gül və səkkizguşəli ulduz olan səkkizləçəkli başqa bir gül salınıb. Bu bayraq muzeyə təhvil verilərkən tərtib edilən elmi pasportda onun İrəvan yanındakı döyüşdə əldə edildiyi qeyd edilib. Bu bayrağın da üzərində türkçülüyü ifadə edən elementlər çoxdur. Sadəcə, bayraq döyüş zamanı güllədən zədələndiyi üçün onun ortası deşilib. Bu bayrağın üzərinə də "Allah, Məhəmməd, Əli" kimi ifadələr yazılıb. Bayraqdakı səkkizguşəli ulduz, romb, nəbati naxışlar birbaşa türk elementləridir. Bu da ondan irəli gəlir ki, Xoy və Təbriz xanlıqları milli ənənələrə, tariximizə daim hörmət bəsləyib. Bu tarixdir. Tarixdə qələbə də, məğlubiyyət də yazılır. Mədəniyyətimizin ayrılmaz hissəsi olan türkçülük, islam bizim adət-ənənəyə bağlılıq, milli mənsubiyyət, milli kimlik sistemimizi formalaşdırıb. Bu anlayışın daxilində hər şey var.
Arzu edərdik ki, Azərbaycan xanlıqlarının, onlardan əvvəl mövcud olan türk dövlətlərinin bayraqları, atributları ətraflı şəkildə öyrənilsin, bu barədə geniş məlumatlar dərc edilsin. Bu gün məlumatlar çox məhduddur. Düşünürük ki, gənc tədqiqatçılar, tarixçilər, simvolları öyrənən mütəxəssislər bu məsələyə geniş münasibət göstərəcək. Biz o simvolları aça bilsək, tariximizin alt qatda qalan, öyrənilməyən səhifələrini araşdıra bilərik. Öyrənilməyən hər bir külliyyat özündə
böyük tarixi əhəmiyyət və vacib məna gizlədir. Düşünürük ki, Rusiya, İran və Tiflis arxivlərində açılmayan çox sirlər var, o sirlərin də əksəriyyəti əski dövlətçilik simvollarımızla bağlıdır.
İradə
SARIYEVA
Bakı xəbər.-2014.- 22-24 avqust.- S.15.