Azərbaycan tarixinin gizlin məqamları və son illərin axtarışları...

 

Tarixin bəzi səhifələri gizlin qalanda daha çox maraq kəsb edir, insanları özünə daha çox cəlb edir. Azərbaycan-türk tarixininbütün səhifələri öyrənilməyib, bizim üçün sirr qapısının arxasında qalan hadisələr hələ də çoxdur. Müstəqil Azərbaycan dövləti müasir tarixşünaslığın qarşısına bir sıra tələblər qoyub. O tələblər əsasən tarixi mənbələrdə gizlənən hadisələri, olayları, həqiqətləri araşdırıb ictimaiyyətə düzgün məlumat verməkdən ibarətdir.

Bəllidir ki, əldə qılınc at belində düşmən üstə varıb zəfər qazanmağa daha çox maraq göstərib babalarımız. Öz şanlı qələbəsini tarix səhifələrinə deyil, yaddaşlara yazmağı özünə adət edib həmişə. Ona görə də belə bir zərb-məsəl yaranıb: "Türklər tarix yazmayıb, tarixi yaradıblar". Tamamilə doğrudur. Belə olmasaydı, indiyə qədər əcdadlarımızın şücaəti haqda daha çox tarixi kitablara, əlyazmalara rast gələrdik. Onlar gündoğandan günbatana, ucsuz-bucaqsız bir ərazidə at oynadıb, düşməni məğlub vəziyyətdə at döşünə qatıblar. Sözləri də, nüfuzları da qılıncları qədər kəsərli olub ulu babalarımızın. Azərbaycan türklərinin, ümumiyyətlə türk millətinin dünya tarixindəki yeri əvəzolunmaz olduğu qədər də çox yüksəkdədir. Neçə-neçə minilliklər, yüzilliklər, qərinələr əvvəl baş verən hadisələr, döyüşlər, dövlətlər, xanlıqlar və sair haqqında bizə uzun illər səhv məlumatlar verilib, yalanlar danışılıb. Bunun da səbəbi Azərbaycan tarixinin tədqiqi ilə məşğul olanların əksəriyyətinin bolşevizm ideologiyasına xidmət etməsi olub. Guya Azərbaycan tarixini araşdırıb ortaya "doğru-dürüst" informasiyalar çıxaran adamlar professor, akademik elmi titulları qazanıb. Onlar bu adları bizim tarixə obyektiv münasibət bəslədiklərinə görə deyil, tariximizi təhrif etdiklərinə görə alıblar. İllər boyu tariximizin həqiqət səhifələrinə həsrət pəncərəsindən baxdıq. Çox zaman yalanlarla barışsaq da, ammazamansa haqqın pərdə arxasından çıxacağına da ümid bəslədik.

İyirmi üç ildir Azərbaycan dövləti müstəqillik qazanıb. Bununla da milli tarixşünaslıq elmimizin qarşısına böyük tələblər qoyuldu. Müstəqil Azərbaycanın son iyirmi ildə tarix elmində saysız-hesabsız dəyişikliklər baş verdi. İllər boyu bizə öyrədilən yalanların birdəfəlik kökü kəsildi. Milli tarixşünaslığımız artıq yeni bir yola çıxıb. Tarixşünaslığımız həqiqətləri bir dəst-xətti kimi özünə mayak seçib. İndi tarixi keçmişdə baş verənlərə dövlətçilik nöqteyi-nəzərindən yanaşılır. Hesab edirik ki, bu belə də olmalıdır. Azərbaycan tarixinin fundamental şəkildə araşdırılması yükünü əsasən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutu daşıyır. Digər elm və təhsil ocaqlarında da milli tariximizin qaranlıq səhifələri tədqiq edilir. İyirmi üç ildir tariximiz dövlətimizin qayğısı ilə öz tədqiqatçılarımız tərəfindən araşdırılır. Tariximiz yalnız Azərbaycan muzeylərində, kitabxanalarında, fondlarında deyil, ölkə hüdudlarından çox-çox uzaqlarda da tədqiq edilir. Xarici muzey və arxivlərdə Azərbaycan tarixilə bağlı elə faktlar, elə məlumatlar var ki, uzun illər sovet tarixşünaslığının bizə təlqin etdiyi yalanları kökündən ifşa edir. Demə ki, xarici ölkələrin arxivlərində "məxfidir" qrifi altında böyük bir Azərbaycan həqiqəti, külliyatı yatıb qalıb. İllər boyu onlara əlimiz çatmayıb. Azərbaycan tarixinə aid yeni faktlar, məlumatlar, tədqiqatlar kitab, monoqrafiya şəklində çap olunaraq elmi ictimaiyyətə təqdim edilir. Bəzi tarixçilər hesab edir ki, Azərbaycan tarixinin izlərini Orta Asiya, GürcüstanRusiya arxivlərində axtarmaq daha doğru olardı. Bu qənaətdə olanların fikrincə, tariximizin əsas faktları, materialları bu ölkələrin arxivlərində "yatıb qalır". Amma alimlərimizin apardığı gərgin tədqiqat işi nəticəsində tariximizin səsini bu ölkələrlə yanaşı, daha uzaq ölkələrdən də eşidirik.

Təxminən iki il əvvəl mətbuatda erməni saxtakarlığını ifşa edən Azərbaycana aid qədim xəritə və atlaslar haqda mətbuatda yazılar dərc edildi. Söhbət "Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən orta əsrlər və yeni dövr xəritələrinin axtarışı və surətlərinin ölkəmizə gətirilməsi" layihəsindən gedir. Bu layihənin xəttilə əldə edilən xəritə və atlaslar yalan tarix yazmaqda peşəkar olan ermənilərin üzünə vurulan sərt bir silləyə bənzəyir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun maliyyə dəstəyilə AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva layihə çərçivəsində İspaniyaFransa arxivlərində araşdırma aparıb. O, yüzlərlə qədim xəritə və atlası nəzərdən keçirərək, 80-dən artıq xəritənin surətini çıxararaq ölkəmizə gətirib. Azərbaycanın tarixi coğrafiyasının öyrənilməsi baxımından faydalı olan və ermənilərin Cənubi Qafqaza gəlmə etnos olduğunu sübut edən bu xəritələri erməni yalanını məhv edən etibarlı bir mənbə saymaq olar. G.Baxşəliyeva mətbuata bildirib ki, Qafqaza gəlmə olan ermənilər hələ eramızdan əvvəl Fərat çayının yuxarılarında, Suriya ilə Mesopotomiyanın qovşağında yaşayıblar: "Bu tarixi xəritələr müxtəlif dövrlərdə Şərq və Avropa alimləri tərəfindən tərtib olunub. 1877-ci ildə Almaniyada hazırlanan Qafqazın xəritəsi də Azərbaycan həqiqətlərini təsdiqləyən tarixi sənəddir. Həmçinin, görkəmli fransız şərqşünası Alfons Taridin müxtəlif illərdə nəşr etdirdiyi, Qafqaza və Osmanlı imperiyasına aid xəritələri xüsusi əhəmiyyətə malikdir. İstanbul Bakanlığı arxivinə məxsus Qafqaza aid Osmanlı xəritəsində isə öz ilkin adına müvafiq olaraq Rəvan variantında verilib. Tarixdən məlumdur ki, bu şəhər məhz yarandığı dövrdən Rəvan adlanıb və sonralar bura gələn ermənilər tərəfindən adı dəyişdirilərək hazırkı variantını alıb".

Tarixi coğrafiyamızın, milli tariximizin izlərini axtara-axtara dünyanın o başına gedən alimlərimiz çox şey əldə edib, çox sirli qovluqların bağını açıb içindəkiləri öyrənməyə, araşdırmağa müvəffəq olub. Bununla yanaşı, tariximizin hələ öyrənilməyən səhifələri də yox deyil. Azərbaycan tarixinin araşdırılması problemləri hər zaman aktualdır. Müasir tarixçilər yazır ki, Azərbaycan tarixinin öyrənilməsi, tədqiq edilməsi sahəsində böyük işlər görülüb, amma bu kifayət deyil, eyni zamanda da qarşıda milli tarixçilərimizi gözləyən bir sıra mövzular var.

Tariximizin ayrı-ayrı dövrlərinə aid məsələlər, hadisələr var ki, onlar hələ tam olaraq öyrənilməyib. Məsələn, ərəb və monqol dövründə Azərbaycanda etnik proseslər hələ öyrənilməyib. Verilən məlumatlara görə, Tarix İnstitutu ərəb dövründə Azərbaycanda etnik proseslər mövzusunu araşdırmaq üçün doktorantlara yeni mövzular verir, bu məsələlər tədqiqata cəlb olunur. Bu da ondan irəli gəlir ki, bu mövzular çətin, ağır, çox araşdırma tələb etdiyi üçün bəzi tarixçilər onlarla məşğul olmağa cəhd göstərməyib. Monqol yürüşləri zamanı bu bölgəyə türk tayfalarının axını baş verib. Bu məsələyə də yenidən baxıldığı məlumdur. Soyqırımlar tarixi Azərbaycanda əvvəllər heç öyrənilməyib. Son bir neçə ildir bu istiqamətdə tədqiqatlar aparılır. Materiallar çap edilir, aspirantlara, doktorluq işi yazanlara bu mövzular təqdim edilir. Yaxud Azərbaycanın itirilən torpaqları ilə bağlı mövzularımız yenidir, onlar təzə araşdırılır. Borçalının qədimdən bəri başlanan tarixi artıq tədqiqata cəlb olunub, Dərbəndlə bağlı da mövzular verilir. Cənubi Azərbaycanda ermənilərin həyata keçirdiyi soyqırım hələ təzə öyrənilir. Onlar vaxtilə araşdırmadan kənarda qalıb. Əlbəttə, bu cür araşdırılmayan, yaxud araşdırılma prosesində olan mövzular çoxdur.

Öyrənilməsini gözləyən bütün tarixi hadisələr, tarixi şəxsiyyətlərin mübarizə yolunun da ciddi araşdırılmasına ehtiyac var. Azərbaycan tarixini yaradan insanların ömür və mübarizə yolu dərindən öyrənilərək ictimaiyyətə təqdim ediləcək. Tariximizin hər dönəmində milli dövlətlərimizin, onların yaratdığı mədəniyyətin silinməz izləri yaşayır. Bu mövzuların araşdırılıb ictimaiyyətə təqdim edilməsi tariximizin təbliğinə böyük töhfə olacaqbu tarixi hadisələrin tədqiqi bizim üzümüzə yeni qapılar açacaq. Tariximizin qədimliyi bəllidir. Bu elə bir anlayışdır ki, ona barmaqarası yanaşmaq olmaz. Xalqımız, dövlətimiz bu ovqatdadır. Tariximizin də qaranlıq qatlarının araşdırılması tarixşünaslıq elminə xidmət edir. Tariximizdə elə hadisələr olub ki, onlardan uzun illər xəbərimiz olmayıb. Bunlardan biri də Azərbaycanın şimalında Quba məzarlığının aşkarlanmasıdır. Ermənilərin Azərbaycan türklərinə və bölgədə yaşayan başqa millətlərin nümayəndələrinə qarşı həyata keçirdiyi soyqırımın, kütləvi qətlin üstü axır vaxtlar açıldı. Biz bu məsələni tədqiqata cəlb etdikdən sonra bu istiqamətdə işimiz sürətlənib. İrəvan quberniyasında, Zəngəzurda və digər yerlərdə ermənilərin soyqırım törətməsi yeni məlum olub. Ermənilər qondarma "soyqırım" iddiları ilə bağlı yeni şeylər hazırlayır.

Alimlərimiz onların saxtakarlığını cavabsız qoymur, onları ifşa edirlər. Hansı illərdə, hansı bölgələrdə ermənilər azərbaycanlılara qarşı soyqırım törədib, onlarla bağlı ciddi materiallar hazırlanır. Soyqırım baş verən bölgələr üzrə kitablar nəşr edilir.

Vaxtilə qədim və orta əsrlər tariximiz də lazımi səviyyədə araşdırılmayıb. Alimlərin sözlərinə görə, hətta orta əsrlər tarixinin də qaranlıq məqamları az deyil. Müasir tarixçilər qeyd edir ki, Azərbaycanın orta əsrlər dövrü tarixi, siyasi coğrafiyası yeni-yeni araşdırılır. Onlar vaxtilə tədqiqatdan kənarda qalıb, öyrənilməyib. Orta əsrlərin hər bir dövrünün araşdırılmasına ehtiyac var. Düzdür, bir sıra məsələlər, dövrlər tədqiq olunub, amma tədqiq olunmayan hadisələr də var. Onların araşdırılmasının dövlətçiliyimizin daha da möhkəmlənməsinə, inkişafına faydası böyükdür. Dövlət rəmzlərimizin, dövlətlərimizin və xanlıqlarımızın bayraqlarının, gerblərinin araşdırılması yeni gündəmə gəlib. O dövrlərin tarixini tədqiq edən tarixçilər dövlət rəmzlərimizin üstündən sükutla keçib, nədənsə onların öyrənilməsinə maraq göstərməyib. Məsələn, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi bayraqlarını axtarırıq. Görürük ki, onlar dəqiq araşdırılmadığı üçün onlar haqda məlumatlar çox azdır. Mənbələrdə təsvirlər var, indi gərək onlar arxivlərdə araşdırılsın ki, görək onların mənası, daşıdığı ideya nədən ibarət olub.

Bu sahə bizdə hələ tam öyrənilməyib, hesab edirik ki, dövlət rəmzlərimiz dövlətçilik mədəniyyətimizin vacib bir sahəsi kimi əhatəli şəkildə öyrənilməlidir. Arxivlərdə materiallar çoxdur. Azərbaycan torpağında, tarixində mövcud olan dövlətlərin, xanlıqların, sultanlıqların hər birinin bayrağının, gerbinin, rəmzlərinin öyrənilməsi lazımdır. Hesab edirəm ki, bu, tariximizin qədim izlərinin yenidən gün işığına çıxarılması demək olardı.

Əlbəttə, tariximiz özünün yeni dövrünə qədəm qoyub və tarixşünaslıq elmimiz çox böyük sınaq dövrünü yaşayır. Keçən yazılarımızda da qeyd etmişdik ki, tarixi mənbələrdə gizlənən nə varsa, hamısı vicdanla tədqiq edilməlidir. Bu da faktdır ki, daha tariximizi muzdlu alimlər deyil, yüksək peşəkarlıq səviyyəsi olan milli tədqiqatçılarımız araşdırır. Demək, o qıfılın açarı artıq əlimizdədir.

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 25 avqust.- S.11.