Bakının adı özünə qaytarılan toponimləri, küçə və meydan adları...

 

Bakı qədim zamanlardan dillərdə dastan olub. Bu şəhərin gözəlliyi, tarixi əhəmiyyəti zaman-zaman qeyd edilib. Səyyahlar, neft maqnatları, elm-mədəniyyət adamları Bakını bəs deyincə tərənnüm ediblər. İçəri Şəhər, Qız qalası, Şirvanşahlar Sarayı sair abidələri olan Bakı şəhəri dünyanın ən gəzməli, görməli yerlərindən biri kimi tarixdə öz yerini tutub.

Bakı qədim zamanlardan milli şəhər olub. Burada mədəniyyətimiz, təhsilimiz, mənəviyyatımız yüksək inkişaf edib.

XIX əsr Bakının tarixində yeni bir səhifə açdı, mədəniyyət, ticarət liman şəhəri olan Bakı birdən-birə sənaye, neft şəhərinə çevrildi. Bu da şəhərimizin həyatını tamamilə dəyişdi. Çar Rusiyası dövründən Bakının qədim məhəllə, meydan, yaşayış yerləri, qəsəbə adları dəyişməyə başladı. Bu da o deməkdir ki, yalnız Azərbaycanın ayrı-ayrı bölgələrində deyil, böyük şəhərində türk mənşəli toponimlər erməni-rus təcavüzünə uğradı. Cəmi 23 ay ömür sürən Azərbaycan Demokratik Respublikası dönəmində addəyişmə siyasətinə qarşı mübarizə aparılsa da, onlar bu halın qarşısını ala bilmədilər. Çünki Qırmızı Ordu Azərbaycanı, o cümlədən Bakını işğal etdi. Bu da erməni rus şovinistlərinin daha geniş əl-qol açmasına şərait yaratdı. Şəhərimizin məşhur Quba meydanı Kubinka adlandırıldı. Son illər isə bu meydan dahi Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə Füzuli meydanı adlanır. Vaxtilə bu meydan şəhərin ən vacib nəqliyyat mərkəzlərindən idi. İndiki Mirzə Ələkbər Sabir adına bağın önündən "Beşmərtəbə"yə doğru uzanan küçə Çar Rusiyası dövründə "Bazarnıy" adlansa da, sovet dövründə bolşevik Hüsü Hacıyevin adını daşıdı.

Azərbaycan Respublikası ikinci dəfə müstəqillik əldə etdikdən sonra milli toponimlərimizin yerini tutan bolşevik adları öz adlarımızla adlandırıldı. Müstəqillik dövründə Hüsü Hacıyev küçəsi Vətənimizin adını daşıdı. İndi həmin küçə Azərbaycan prospektidir. Vaxtilə təcavüzə uğrayan toponimlərimizin yenidən bərpası dövlətimizin apardığı milli siyasətin nəticəsidir. Bir vaxtlar şəhərimizdə kimlərin adına küçə yox idi. Bircə millət fədailərinin adları tilsimli qapılar arxasında qalırdı. Voronsovski küçəsi bolşevizm zəmanəsinin ən hörmətli adı kimi bizə təqdim edilirdi. İndi həmin küçə Azərbaycanın görkəmli şairi İslam Səfərlinin adını daşıyır. Bakıda keçmişdə Sitsiyanski küçəsi olub. İndi o küçəyə Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin adı verilib. Çox xoş bir haldır.

Çar Rusiyası dönəmində indiki Neftçilər prospekti II Aleksandr Sahili, sonra Petrovsk-Sahil ("Naberejnıy"), sovet dövründə isə Stalin prospekti adlandırılıb. Qəribədir, tarix dəyişdikcə, adların siyahısı da dəyişir. Bütövlükdə götürdükdə Azərbaycan xalqının 70-80 faizinin tanımadığı Anaşkinin adına küçənin olması qəribə deyildimi? İndi həmin küçə şəhid tələbə, şair Ülvü Bünyadzadənin adını daşıyır. Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən sonra küçə və meydan adlarının dəyişdirilməsi sahəsində ciddi islahatlar həyata keçirildi. "Armyanski" küçəsi Qorki olub, indi isə Mirzə İbrahimov adlanır. "Aşağı Priyut" küçəsinə sovet illərində Kamo, indi isə böyük yazıçımız Süleyman Rəhimovun adı verilib. Azərbaycan xalqının doğma dilində vaxtilə I Dağlıq küçəsi olub. O küçəyə bolşevizm dövründə xalqımızın qəddar düşməni, daşnak Mirzoyanın adı verilib. Hazırda isə həmin küçə akademik Feyzulla Qasımzadənin adını daşıyır. Azərbaycan paytaxtında küçə və meydanlar milli tariximizə, mədəniyyətimizə xidmət edən şəxsiyyətlərin adlarını daşımalıdır. 9 yanvar küçəsi indi Xaqani adlanır. Fabritsius-Ceyhun bəy Hacıbəyli, Fioletov-Əbdülkərim Əlizadə, Georgiyev-Cəlil Məmmədquluzadə, İskra-Əli Bəy Hüseynzadə olub. Kaqanoviç-Əliheydər Qarayevə çevrilib, sonra isə istiqlal şairi Əhməd Cavadın adını daşıyıb.

Bakıda tarixin bir neçə dövründə ciddi addəyişmə kampaniyasının olduğu bəllidir. Tarixçilər hesab edir ki, bu işin başında erməni və rus şovinistləri dayanıb. Şəhərimizin Dağlı, Çəmbərəkənd və s. kimi toponimlərinin ruslaşdırılması və erməniləşdirilməsi onların fəaliyyət planına aid bir məsələ olub. Bu da faktdır ki, Bakı son yüz əlli ildə beynəlmiləl şəhər kimi tanınıb. Amma bu o demək deyil ki, Bakıda türkçülük, milli dəyərlərə sahiblik hissi yox olub. Belə deyil. Milli məsələ burada həmişə öndə olub. Sadəcə, Bakı çoxmillətli şəhər olduğundan, milli xətt elə də qabardılmayıb. Bu da bizim tolerantlığımızdan irəli gəlib. Bizim qonaqpərvərliyimizdən və dostpərvərliyimizdən istifadə edən rus və ermənilər addəyişmə əməliyyatı həyata keçirib. Bəzi küçələrin adına baxanda görürsən ki, onların ilk türk mənşəli adları ortalıqda yoxdur, onun ilk adı kimi Çar Rusiyası dövründə onlara verilən adlar göstərilir. Xalqın yaddaşında isə o küçələrin ilk adı yaşayır. Vaxtilə burada "Aminesti" küçəsi olub. Kimdir, nəçidir, bilən yoxdur. Sovetlər gələndə həmin küçənin adı bir də dəyişdirilərək "Şors" qoyulub, müstəqillik illərində isə "Şors" tarixin tozlu küncünə göndərilib və bu küçəyə qüdrətli gülüş ustadımız Bəşir Səfəroğlunun adı verilib. Ketsxoveli küçəsinin adı dəyişdirilərək ona akademik Şamil Əzizbəyovun adı verilib. Lenin adına prospekt müstəqillik illərində Azadlıq prospekti oldu. Roza Lüksemburq küçəsi indi Kövkəb xanım Səfərəliyevanın adını daşıyır. "Maqazinnı" küçəsinə sovet illərində erməni Suren Osipyanın adı verilib, indi isə xalq şairi Süleyman Rüstəmin adını daşıyır. "Malıgin"-Hacı Zeynalabdin Tağıyev, Merkuryevski-Şaumyan-Azərbaycan, Montin-Əlövsət Quliyev, "Milyonnı" - Darvin-Fikrət Əmirov adlandırılıb. Bugünkü İstiqlal küçəsinin adı əvvəlcə Nikolay, Demokratik Cumhuriyyət dönəmində Parlaman, sovet illərində Kommunist olub. Görün, illər bizim adlarımıza necə sıralama verib.

Persidski-Poluxin-Murtuza Muxtarov, "Poroxovoy" - Spandaryan-Qarabağ, Pozenovski-Engels-Məmmədyusif Cəfərov-Cəfərov qardaşları, "Proletar" - Vidadi, Telefon-Romanovlar-28 aprel-28-May, "Sadovıy"-Nərimanov-Çkalov-Niyazi-Şövkət Ələkbərova, 4-cü "Sloboda" - Yəhya Bakuvi, 5-ci "Sloboda" - Aşıq Alı, Solntsev-Mirəli Qaşqay, "Spasski" - Qasım İsmayılov-Zərgərpalan (Zərgərpalan bu küçənin dədə-baba adıdır, türk mənşəli addır-İ.S), Tatarski (Tatar)-Krupskaya, Əlimərdan bəy Topçubaşov, "Torqovı" - Nizami, "Tverskoy" - Mirzə Mansur, Uritski-Əbdüləzəl Dəmirçizadə, "Uzkaya Ulitsa" Dar küçə, Varvarinski-Menjinski-Həqiqət Rzayeva, Avakyan-Mətbuat prospekti olub. Çox müsbət addımdır. Bu gün Ermənistanda, Gürcüstanda Azərbaycan mənşəli sözlərə divan tutulub. Rusiyada isə, ümumiyyətlə, Azərbaycan adına az nə isə ola bilər. Adların milliləşməsi vacib bir məsələdir. Azərbaycan xalqının düşməni olan Çaparidzenin heykəlinin götürülməsi və adını daşıyan küçəyə Azərbaycan Demokratik Cumhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadənin adının verilməsi sevindirici haldır.

İçəri Şəhərdəki milli adların vaxtilə dəyişdirilməsi Azərbaycan ziyalılarını həmişə narahat edib. Böyük Qala küçəsinin keçmiş adı "Bolşoy Krepostnoy", Böyük Minarəninki "Bolşoy Minaretski" olub. Bu adları xüsusi məqsədlə dəyişirdilər. Sovet dövründə bizimlə bağlı çox az sayda ad vardı, o da xalqın yaddaşında. Düzdür, bəzi küçələrə Azərbaycan şəxsiyyətlərinin da adı verilirdi. Bu da ən çox bolşevizmə xidmət edən adamların adları idi. Elə şəxslərin adları küçələrə verilirdi ki, o adamların Azərbaycanla çox az əlaqəsi vardı, yaxud heç yox idi. Vaxtilə Bakıda Buxara küçəsi olub. Şərqin və türk dünyasının qədim elm və mədəniyyət mərkəzlərindən biri olan Buxaranın adının Bakının bir küçəsinə verilməsi çox müsbət haldır. Sovet illərində Buxaranın adı Gertsen olub, indi isə Vəli Məmmədovdur. Keçmişdə Bakıda "Çadrovı" adlı bir küçə vardı. Çox məşhur küçə idi. Onun adı sonrakı dövrdə Azad Azərbaycan Qadını oldu, hazırda isə Mirzağa Əliyevdir. Əfsanəvi Çəmbərəkəndin adı Lermontova çevrilib. Bildiyimiz qədər, o məkan yenə də böyük rus şairinin adını daşıyır. Yaxşı olardı ki, ora elə Çəmbərəkəndin özünü qaytarsınlar. Bu mənada tarixin yenidən təkrarlanmasına ehtiyac var. Yaxşı olub, elə Dekabristlər küçəsinin adı dəyişdirilərək Dağlı Yunus küçəsi edilib. "Dvortsovı" baba Müslüm Maqomayevin adını daşıyır. Dzerjinski küçəsinə Əhməd bəy Ağaoğlunun adı verilib. "Kolodezni" küçəsi sovet illərində Səməd Ağamalıoğlunun, indi isə Rastropoviçlərin adını daşıyır. Bakının köhnə Qəssabbazar küçəsi Çar Rusiyası dövründə Kolyubakin, sonra Yefim Saratovets, indi isə Nigar Rəfibəyli adlandırılıb. Lalayev keçidi çevrilib Kununyants keçidi, indi isə Natəvan döngəsi olub. 2-ci "Paralelni"-Bala Məcidov, "Vodovoznıy" - Şirsov-Almaz İldırım, 5-ci "Zavaqzalnıy"-Əliağa Vahid, 1-ci Zavod-Qaqarin-Afiyəddin Cəlilov adlanır.

Müasir tarixçilər deyir ki, indiyə qədər 1000-dən artıq toponim milliləşdirilib. Azərbaycan xalqına yad olan adların onun adına yapışdırılmasının şovinist siyasət olduğunu və artıq onun ifşa edildiyini qeyd edən tarixçilərin yazdığına görə, Azərbaycan Respublikası gənc olmasına baxmayaraq, bu kimi məsələlərdə prinsipialdır. Dövlətimizin bundan sonra da addəyişmə məsələsində böyük addımlar atacağını düşünən tarixçilərin dediyinə görə, bu gün də dəyişdirilməsi və milli adla əvəz edilməsi vacib olan bolşevizm dövründən qalan adlar var. İndi də bəzi adlar qalmaqdadır. Çox istərdik ki, bu adların da dəyişdirilməsi həyata keçirilsin. Milli siyasət yürüdən dövlətimiz indi xalqımızın qəhrəmanlarının, görkəmli şəxsiyyətlərinin adını küçələrə, prospektlərə verir. Artıq ürək ağrıdan o mənzərələr məhv edilib. Vaxt vardı ki, Bakıda bizim gözlərimiz Azərbaycan tarixi, mənəviyyatı ilə bağlı adlara həsrət idi. İndi hər yerdə sənə doğma olan isimlərlə rastlaşırsan. Əcnəbi adlar artıq öz dövrünü başa vurub. Düzdür, elə şəxsiyyətlər var ki, başqa millətlərin nümayəndəsi olsa da, onun xalqımıza böyük faydası dəyib.

O insanların da adları əbədiləşdirilməlidir. Amma əvvəllər bizə aidiyyəti olmayan adamların adlarına hər küçədə rast gəlirdik. Bakı yenə də çoxmillətli şəhərdir. Başqa xalqlar da milli dövlətçiliyimizin, mədəniyyətimizin inkişafında və təbliğində önəmli rol oynayır. Onların da əməyini danmaq olmaz. Ancaq məsələ ondadır ki, Bakı milli adlarla daha əzəmətli görsənir. Ona doğma olan adlar Bakını çoxmillətli şəhər olmaqla yanaşı, həm də milli mədəniyyətimizin beşiyi başında dayanan bir şəhər kimi təqdim edir. Dövlətimizin paytaxtı olan Bakının yad adlara ehtiyacı yoxdur.

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 26 avqust.- S.11.