Heydər Əliyev - Milli Neft Strategiyasının Banisi

 

Mərhum Prezident Heydər Əliyevin adı ilə tarixə düşən xarici siyasət konsepsiyasında Azərbaycanın zəngin təbii resurslarından, xüsusilə karbohidrogen ehtiyatlarından ölkənin milli maraqları və təhlükəsizliyinin, sosial-iqtisadi, elm və mədəniyyətinin inkişafının təmin edilməsi istiqamətində səmərəli şəkildə istifadə edilməsi də nəzərdə tutulurdu. Həmin səbəbdən Heydər Əliyev hakimiyyətinin elə ilk ilindəcə milli neft strategiyasını da uğurla müəyyənləşdirdi.

Milli neft strategiyası haqqında danışarkən Heydər Əliyevin 1994-cü il fevralın 4-də "Azərbaycanda dəniz neft və qaz yataqlarının işlənilməsinin sürətlənməsi haqqında" verdiyi sərəncam xüsusi qeyd olunmalıdır. Çünki məhz həmin sərəncam dünyanın aparıcı neft-qaz şirkətləri ilə "Əsrin müqaviləsi" çərçivəsində həyata keçirilən danışıqların əsasını təşkil edirdi. Bu danışıqlar isə həmin dövr üçün xarakterik olan daxili və geosiyasi faktorlar səbəbindən elə də asan getmirdi. Cəbhə bölgəsində atəşkəs rejiminin kövrək olduğu, dövlət idarəetmə mexanizmlərinin tam oturuşmadığı, bəzi qonşu dövlətlərlə münasibətlərdə ciddi psixoloji-siyasi gərginliyin hökm sürdüyü, Xəzərin hüquqi statusu ilə bağlı mübahisələrin kəskinləşdiyi bir vaxtda "Əsrin müqaviləsi"nin imzalanması xəlbirlə su daşımaq qədər çətin bir iş olduğu üçün, bir çoxlarına inandırıcı görünmürdü. Xarici şirkətlərin Xəzərlə bağlı hansısa layihənin gerçəkləşməsində iştirakı təkcə iqtisadi deyil, həm də strateji-siyasi məsələ kimi nəzərdən keçirilirdi. Azərbaycana kənar təzyiqlərin getdikcə artması fonunda bu danışıqları davam etdirmək ölkə iqtidarından ciddi siyasi iradə, əzmkarlıq tələb edirdi. Bu baxımdan prinsipial xarakterə malik Heydər Əliyevin 1993-cü ildə ABŞ-ın "Çikoqo Tribun" qəzetinə müsahibəsində milli maraqlarımızın əsas şərt olduğunu xarici şirkətlərə açıq şəkildə bəyan etməsi çox önəmlidir: "Başa düşürəm ki, Azərbaycana cəlb olunmuş neft şirkətlərinin öz maraqları var. Bu tamamilə təbii məsələdir. Ancaq, eyni zamanda, biz də ölkəmizin maraqlarını neft şirkətlərinin mənafeyindən yüksək tutmalıyıq".

Beləliklə, qeyd olunan prinsiplərə uyğun olaraq enerji daşıyıcılarının dünya bazarına çıxarılması istiqamətində çoxşaxəli gərgin fəaliyyətə start verildi. Burada önəmli məsələlərdən biri də ölkəmizə külli miqdarda investisiya qoymağı planlaşdıran xarici şirkətləri inandırmaq idi ki, respublikamızda onların biznesi üçün heç bir təhlükə yoxdur. Çünki həmin dövrdə ölkəyə xarici şirkətlərin əlində olan kapital və texnologiyalar lazım idi. Bu sərmayə və texnologiyaları isə Azərbaycana "Əsrin müqaviləsi" gətirəcəkdi.

O dövrdə həm də xarici neft şirkətlərinin Azərbaycana gəlişini təmin etmək üçün beynəlxalq səviyyədə danışıqlar aparmaq bacarığı olan, xarici şirkətləri inandıra və eyni zamanda milli maraqlarımızı layiqincə müdafiə edə bilən professionalların bu işə cəlb edilməsi çox vacib idi. Prezident Heydər Əliyevin bu sahədə mühüm qərarlarından biri də cənab İlham Əliyevi Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin etməsi oldu. Və təyinatdan bir gün sonra(!) AR-nin nümayəndə heyətinin rəhbəri kimi danışıqlar prosesində milli maraqlarımızı fəal müdafiə edən cənab İlham Əliyev, həm də yeni neft strategiyasının hazırlanması və uğurla həyata keçirilməsində önəmli xidmətlər göstərdi.

Qeyd edək ki, bəzi transmilli neft şirkətləri Azərbaycanın o vaxtkı çətin vəziyyətindən istifadə edərək müqavilələri öz xeyrinə imzalamağa çalışırdılar. Cənab İlham Əliyevin üzərinə bu çətinliklərin öhdəsindən gəlmək, ölkənin milli mənafelərinin qorunmasına nail olmaq kimi tarixi missiya düşmüşdü. Həmin dövrdə əsas mübahisələrdən biri də Xəzərin hüquqi statusunun öz həllini tapmadığı vaxta qədər Azərbaycanın xarici şirkətlərlə hər hansı bir müqavilə imzalamasının mümkünsüzlüyünə dair məsələnin gündəmə gətirilməsi idi. Bu isə Hyustonda "Əsrin müqaviləsi"nin imzalanmasına dair yekun danışıqların yarımçıq kəsilməsi ilə nəticələndi.

Lakin az sonra Prezident Heydər Əliyev cənab İlham Əliyevi Hyustondan Vaşinqtona ezam etdi. Məhz İlham Əliyevin Vaşinqtonda keçirdiyi görüşlərdən sonra xarici şirkətlər ABŞ hökumətinin müdaxiləsi ilə Xəzərin statusu barədə bəndin müqavilədən çıxarılmasına razı oldular.

Üç dəniz əfsanəsi

Nəhayət, gərgin diplomatik səylərin nəticəsi olaraq 1994-cü il sentyabr ayının 20-də Bakıda Xəzər dənizində yerləşən "Azəri" "Çıraq" və "Günəşli" yataqlarının işlənilməsi və pay bölgüsünü özündə ehtiva edən "Əsrin müqaviləsi" imzalandı. Və bununla da banisi mərhum Prezident Heydər Əliyev olan Azərbaycan dövlətinin yeni neft strategiyasının əsası qoyuldu.

8 ölkənin 11 neft şirkətinin iştirakı ilə imzalanan bu müqavilə (müqavilə sonradan 19 ölkəni təmsil edən 41 şirkət ilə daha 26 sazişin imzalanmasına yol açdı) müstəqil AR-nin hərtərəfli davamlı inkişafına və ölkənin enerji təhlükəsizliyinin təminatında keyfiyyətcə yeni mərhələnin başlanğıcına çevrildi. Cənab Heydər Əliyev respublikamız üçün həyati vacib əhəmiyyətə malik olan "Əsrin müqaviləsi" haqqında danışarkən deyib: "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan Xəzər dənizi və onun enerji ehtiyatlarını bütün dünyanın üzünə açdı və bu hadisənin ölkənin gələcəyi üçün nə dərəcədə əhəmiyyətli olduğunu tarixçilər yazacaq".

Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi yeni neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın müstəqil dövlət kimi dünya ölkələri ilə səmərəli əməkdaşlığının genişlənməsinə, Avropa İttifaqı, həmçinin digər mötəbər qurumlara inteqrasiyasına şərait yaradıldı. Yeni neft strategiyası ölkəmizi beynəlxalq münasibətlərin ciddi və etibarlı subyekti etdi. Bu strategiya, həm də BTC vasitəsilə xəyal kimi görünən "Üç dəniz əfsanəsi"ni reallığa çevirdi. 2002-ci ildə İstanbulda keçirilən "Üç dəniz əfsanəsi" konfransında çıxışı zamanı mərhum Prezident bununla bağlı qeyd edirdi: "Mən baxıram, vaxtilə təsəvvür etmək mümkün olmazdı ki, Xəzər dənizindən Qara dənizə gələcəyik və oradan da Aralıq dənizinə qədər gedəcəyik. İki min kilometr uzunluğunda böyük bir neft kəməri çəkilir. Bu, həqiqətən əfsanədir".

"Əsrin müqaviləsi" imzalanandan sonra hasil olunacaq neftin dünya bazarlarına hansı marşrutla nəqli məsələsi də ciddi problem kimi qarşıda dururdu. Bu məsələdə də Heydər Əliyev böyük prinsipiallıq nümayiş etdirdi. Belə ki, ixrac kəmərinin Ermənistan ərazisindən keçərək Türkiyənin Ceyhan limanına çatdırılmasının iqtisadi baxımdan daha sərfəli olmasına baxmayaraq, kəmərin Azərbaycan torpaqlarının 20 faizini işğalda saxlayan təcavüzkar Ermənistanın ərazisindən keçməsinə yol verilmədi. Və bununla da, Heydər Əliyevin böyük əzm və səyi nəticəsində işğalçı Ermənistan dünyanın ən nəhəng layihələrinin birindən kənarlaşdırıldı.

Qeyd edək ki, ölkəmizin milli neft strategiyasının mühüm tərkib elementlərindən olan Bakı-Tbilisi-Ceyhanın tikintisi və istifadəyə verilməsi Prezident İlham Əliyev tərəfindən gerçəkləşdirilib. 2005-ci il may ayının 25-də BTC-nin əsas ixrac kəmərinin Azərbaycan hissəsinin açılışında çıxış edən cənab İlham Əliyev kəmərin iqtisadi, geosiyasi, beynəlxalq və regional əhəmiyyətinə diqqət yönəldərək dedi: "Bakı-Tbilisi-Ceyhan Azərbaycan xalqına və dost qonşu ölkələrə böyük sərmayə, fayda gətirəcəkdir. BTC neft kəməri bölgədə əməkdaşlığın, sülhün, təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayacaqdır".

Ölkəmiz ilkin dövrlərdə özünün enerji siyasətini həyata keçirərkən əsasən regional səviyyədə əməkdaşlıq etmək imkanlarına malik idisə, sonrakı mərhələlərdə bu çərçivədən çıxaraq daha geniş müstəvidə əməkdaşlıq etməyə başladı. Artıq bu gün tam əminliklə deyə bilərik ki, ölkəmizin karbohidrogen ehtiyatları Avropa üçün alternativ enerji mənbəyi rolunu oynayır. Ukraynada baş verən hadisələrlə əlaqədar Qərbdə yaşanan enerji qıtlığı isə bu tendensiyanı daha da gücləndirib. Banisi Heydər Əliyev olan enerji siyasətimiz nəticəsində Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri Azərbaycanı Avropanın ən mühüm tərəfdaşına çevirdi. "Şahdəniz-2", TANAP, TAP və digər layihələr isə yaxın gələcəkdə Avropanın enerji xəritəsini dəyişəcək, respublikamızı çox önəmli iqtisadi və enerji tərəfdaşı edəcək, ən vacibi, ölkəmizi hərtərəfli davamlı inkişaf etdirərək xalqımızın rifahını yüksəldəcək. Qeyd edək ki, bu ilin sonunda istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu da neft siyasətimizin uğuru ilə bağlıdır.

Milli Neft Strategiyası ölkəmizə nə verdi?

Dünyanın aparıcı institutlarının elmi proqnozlarına görə, 2030-cu ilədək planetimizdə enerji daşıyıcılarına olan tələbat 15 dəfəyədək (!) artacaq. Bu isə vaxtilə mərhum Prezident Heydər Əliyevin neft-qaz strategiyasının ölkəmizə nələr verəcəyini dəqiqliklə bilməsindən və bu strategiyanı vaxtında yaratmasından xəbər verir. Həyata keçirilən həmin strategiyanı yeni geosiyasi və geoiqtisadi reallıqlara uyğunlaşdıraraq uğurla davam etdirməklə daha da zənginləşdirən cənab İlham Əliyev onu milli maraq və təhlükəsizliyin ən vacib istiqamətlərindən birinə çevirdi.

Banisi Heydər Əliyev olan milli neft strategiyası: 1) xarici siyasətimizi söz sahibi etdi; 2) region və dünya dövlətləri ilə bərabərhüquqlu əməkdaşlığa şərait yaratdı; 3) xarici investorları ölkəyə cəlb etdi; 4) milli kimliyimizi saxlamaq şərti ilə dünyanın proqressiv dəyərlərindən istifadəyə yol açdı; 5) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına və Azərbaycanın ədalətli mövqeyinin müdafiəsinə təkan verdi; 6) ölkəmizi informasiya blokadasından çıxardı; 7) respublikamızı kosmik klubun üzvü etdi; 8) Azərbaycanı bölgədə lider dövlətə çevirdi; 9) dayanıqlı sosial rifahın təmin olunmasını şərtləndirdi; 10) ölkənin müdafiə qabiliyyətini yüksəltdi; 11) sosial-iqtisadi inkişafı və abadlıq-quruculuq işlərini təmin etdi; 12) davamlı sənaye inkişafının təməlini qoydu; 13) qeyri-neft sektorunun inkişafını stimullaşdırdı; 14) turizm, idman, bank, təhsil, elm, mədəniyyət və digər sahələrdə əsaslı islahatlara yol açdı; 15) ÜDM-də özəl sektorun xüsusi çəkisini artırdı; 16) Bakının dünyanın neft mərkəzi olmaq şöhrətini bərpa etdi; 17) müasir və gələcək nəsillər üçün Neft Fondunu formalaşdırdı... Bir sözlə, cənab İlham Əliyevin lokanik ifadə ilə dediyi kimi, "enerji siyasətimiz bizə iqtisadi müstəqillik verdi ki, ölkədə quruculuq-abadlıq, infrastruktur layihələrini uğurla icra edək. Bugünkü uğurlarımız və tariximiz göstərdi ki, müstəqil dövlət kimi biz bundan sonra da uğurla yaşayacağıq".

20 il bundan qabaq mərhum Prezident Heydər Əliyevin"... bu hadisənin ölkənin gələcəyi üçün nə dərəcədə əhəmiyyətli olduğunu tarixçilər yazacaq" ifadəsi, bu gün reallaşan iş kimi, Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə xidmət edir. Bunu xarici diplomat və mütəxəssislər də təsdiqləyir. Tarixçilər isə "Əsrin Hadisəsi" haqqında yazıblar, yazırlar və yazacaqlar da.

 

Vaqif CƏLİLOĞLU, Tex.e. üzrə fəlsəfə doktoru

Bakı xəbər.-2014.- 26 avqust.- S.15.