İnternet dilçiliyi
üzərində dövlət nəzarəti milli mədəniyyətimizin
təbliğinin mühüm istiqaməti kimi...
Azərbaycanda internet aləminin
azadlığı, istənilən adamın problemsiz internetə
daxil olub öz fikirlərini istənilən saytda, sosial şəbəkədə
ifadə etməsi məsələsində heç bir maneə
yoxdur. Bu
da bir çox halda problem yaradır. Yəni insanlar əksər
hallarda qanun pozuntusuna yol verir. Burada ana dili
qanunlarının nəzərə alınmaması məsələsi
öndədir.
Ana dilinin yaşaması xalqın, millətin, onun mənəvi
dünyasının yaşaması, inkişafı deməkdir. Tarixən
dilimiz özünün bir neçə inkişaf mərhələsini,
təkamül prosesini keçib. Əsrlərin
dolanbaclarından keçərək günümüzə gələn
ana dilimizin müəyyən söz itkiləri də olub.
O sözlərin yerini yad sözlər tutsa da, ana sözlərimiz
ədəbi dil meydanına atıla bilməsə də,
yaddaşlarda, ləhcə və şivələrdə
yaşayıb. Azərbaycan dili bəzən
çətin sınaqlar qarşısında da qalıb, amma əzilməyib,
öz əbədi əzəmətini saxlayıb. Müstəqillik dövründə Azərbaycan dili
özünün yeni mərhələsinə qədəm
qoydu. Dilin işlənmə, istifadə
arealı genişləndi, ona tələbat artdı. Hazırda onu hörmətdə tutanlarla
yanaşı, dilimizi hörmətdən salanlar da var.
Sonuncuların olması bizi çox narahat edir. Azərbaycan dili hazırda özünün çox
təlatümlü dövrünü yaşayır. Bir tərəfdə bu dildə danışan
milyonlarla insan, digər tərəfdə isə dilimizə qəsd
edənlər dayanır. Təbii, birincilər
ikincilərdən qat-qat çoxdur.
Azərbaycan dilinin ən çox işləndiyi yerlərdən
biri də internet məkanıdır. Virtual aləmdə
dilimizdən geniş şəkildə istifadə edilsə də,
mütəxəssislər ana dilimizin qayda - qanunlarının
burada daha çox pozulduğu qənaətindədir. Dilçi alimlər dəfələrlə bildirib
ki, internetdə Azərbaycan dilindən istifadəyə nəzarət
edilmədiyi üçün burada dilimiz korlanır. Əlbəttə, qəzetlər daim müvafiq
qurumların nəzarəti altında olduğu
üçün orada ana dilindən istifadəyə daimi nəzarət
var. Amma internetdə dilimizdən istifadə ilə
bağlı hər hansı bir nəzarət mexanizmi hələlik
yoxdur. Ancaq bu o demək deyil ki, bu problemin
qarşısının alınması məsələsi
dilçi alimləri düşündürmür.
İki il əvvəl internet aləmində
dillə bağlı qarışıqlığa son
qoyulması üçün yeni mexanizm hazırlanmağa
başlandı. Belə ki, Azərbaycanda dövlət
dilinin internet məkanında istifadəsi üçün
normalar üzərində işə start verilib. Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru Fəxrəddin
Veysəllinin bildirdiyinə görə, artıq bu məqsədlə
Dilçilik İnstitutunda tədqiqat qrupu fəaliyyət
göstərir. Direktor bildirib ki, artıq tədqiqat qrupu bu
normalar üzərində işləyir: "Dövlət
dilinin internet məkanında istifadəsi üçün
normaların yaradılması il yarım, iki il çəkər.
Məqsəd bütün ölkə vətəndaşlarının
internet məkanından istifadə zamanı əməl edəcəyi
vahid normanın yaradılmasıdır".
F.Veysəlli onu da qeyd edib ki, bu normalar cəmiyyətin
bütün üzvləri tərəfindən qəbul edilməli
və hamı üçün vacib sayılmalıdır. Normalar
hazırlandıqdan sonra AMEA Rəyasət Heyətində
müzakirə olunacaq və daha sonra Azərbaycan hökumətinə
təqdim ediləcək. İnstitut direktoru deyib ki,
internetdə nə qədər sərbəstlik olsa da, dilin
istifadəsinə mütləq nəzarət edilməlidir:
"Nazirlər Kabinetinin qərarı ilə bu qaydalar təsdiq
edildikdən sonra onların istifadəsinə nəzarət də
həyata keçiriləcək. Dilçiliyin
İnkişafına dair Dövlət Proqramında məsələyə
nəzarətin Dilçilik İnstitutunda yaradılacaq
Monitorinq Qrupu tərəfindən həyata keçirilməsi
nəzərdə tutulub".
Bildiyimiz qədər, hələlik bu monitorinq qrupunun fəaliyyəti
elə də nəzərə çarpmır. Ola bilsin axtarışlar
uzun vaxt tələb etdiyindən, iş
proosesi davam etdirilir.
Dilçi
alimlər hazırda üzərində iş gedən
dilçilik normasını yüksək qiymətləndirir. Onlar deyir ki, o normalar qanuniləşəndən sonra
dilimizin qaydalarını internet məkanında pozan olmayacaq.
Alimlərin fikrincə, Azərbaycan dilinin
hazırda bu cür müdafiə xarakterli normativlərin
hazırlanıb tətbiq edilməsinə ehtiyacı var.
Dilçilər, həmçinin, bu normanın azərbaycançılığa
da təsirinin böyük olduğunu düşünür.
Alimlərin sözlərinə görə,
hazırda həm internet aləmində, həm də digər
yerlərdə dilimizə qarşı müəyyən təxribatlar
olur. Ana dilinin inkişafının azərbaycançılığın
inkişafı demək olduğunu düşünən alimlərin
dediyinə görə, bu norma "Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair" Dövlət
Proqramının davamı sayıla bilər. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
imzalanan bu Dövlət Proqramı dilçiliyin ən
geniş sferalarını əhatə edir. Dövlət Proqramında qeyd edilib ki, Azərbaycan
dili xalqımızın mənəvi sərvəti, dünya
azərbaycanlılarının həmrəyliyinin sarsılmaz
təməli, dövlətimizin müstəqilliyinin
başlıca rəmzlərindən biridir. Bu dildə dünya ədəbiyyatı xəzinəsinə
daxil olan misilsiz əsərlər yaradılıb. Təbii, hər bir azərbaycanlı tarixin müxtəlif
dövrlərində dilimizin dövlət dili kimi fəaliyyət
göstərməsindən böyük qürur hissi
keçirir. Ölkəmizin zaman-zaman
müxtəlif imperiyalar tərkibində yaşamağa məcbur
olmasına baxmayaraq, ana dilimiz hətta bu ağır vaxtlarda
belə, milli məfkurənin, milli şüurun və milli-mədəni
dəyərlərin layiqincə yaşamasını və
inkişafını təmin edib.
Bu, "Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair"
Dövlət Proqramının təsirilə yaranan bir
qaydadır. Alimlər deyir ki, hər bir vətəndaşın
borcu ana dilinin qayda - qanunlarına riayət etmək, onun
saflığını qorumaqdır. Müasir
Azərbaycan dili özünün çox həyəcanlı
dövrünü yaşayır. Dilimizdən
internetdə, başqa yerlərdə istənilən şəkildə
maneəsiz istifadə edilir.
Ekspertlər hesab edir ki, ana dilimizin
qayğısını hamımız çəkməliyik. Dilimiz
korlananda hamı deyir ki, dilçilər hara baxır? Onlar niyə bu işə nəzarət etmir? Halbuki, dilçilər hər zaman dillə
bağlı öz narahatlığını bildirib. Sadəcə onların sözlərinə əhəmiyyət
verən olmayıb. Yalnız internetdə
deyil, bəzi çap nümunələrində də dilimizin
canına dərd salınır. Əvvəl
dilimizi korlayanlara irad tutanda sözümüzü saya
salmırdılar. Amma bu gün ortada cənab
Prezidentin imzaladığı Dövlət Proqramı var. O sənəddə
ana dilimizin inkişaf strukturu göstərilib. İndi sənədə arxalanıb
sözümüzü deyə bilirik. Dilimiz
minillərlə formalaşan, bu gün mükəmməl
şəkildə mövcud olan bir dildir. Bu
qədər zəngin bir dildən istifadə məsələsində
problemlər yaradırlar. Bir sözün
yazılışını və tələffüzünü
dəyişib elə bir formaya salırlar ki, nə qədər
çalışırsan, o sözün mənasını
başa düşə bilmirsən. Hər
bir dili o dildə danışan xalq yaşadır. Sözsüz ki, burada mətbuatın, dövlətin
dil siyasətinin, müvafiq qurumların da rolu var. Dilçilik
İnstitutunda hazırlanan normanın dövlət dilinin
inkişafına təsiri böyükdür. Dil yaşayırsa, xalq da, mədəniyyət də
yaşayır. Dövlətçilik mədəniyyətimizi
yaşadan ən böyük amil ana dilimizdir. Ana dilimiz olmasaydı, mədəniyyətimiz, təhsilimiz,
elmimiz indiki səviyyədə təşəkkül
tapmazdı. Prezidentimzin təsdiqlədiyi Dövlət
Proqramının tələbilə həmin norma
yaradılır.
Alimlərin fikrincə, müasir Azərbaycan ədəbi
dili ictimai-siyasi, elmi-mədəni sahələrdə geniş
işlənmə dairəsinə malik, yüksək yazı mədəniyyəti
olan və daim söz ehtiyatını zənginləşdirən
bir dildir. Azərbaycan dili dinamik inkişafda olan bir dildir.
Bu dilin söz ehtiyatı tükənməzdir.
Bizdə elə sözlər var ki, onun bir
neçə mənası var, yaxud sözlərin tarixi lap qədimdir.
Yəni onlar min il əvvəl necə
işlənirdisə, bu gün də heç bir deformasiyaya
uğramadan yaşayır. İnternet vasitələrində
Azərbaycan dilindən istifadə sahəsində problem ona
görə mövcuddur ki, bu sahəyə heç bir nəzarət
olmayıb. Amma bu sənəd tam
hazırlanıb təsdiq edildikdən sonra bir normativ kimi belə
neqativ hallara qarşı təsir göstərəcək.
İnternetdən ana dilimizə qarşı gələn
təhlükə sovuşacaq. Azərbaycançılıq
ideologiyasının dillə bağlı hissəsi artıq
mükəmməlləşməyə doğru gedir. "Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair"
Dövlət Proqramının bütün bəndləri həyata
keçirilməlidir ki, dilimizin qorunmasını, qloballaşma
dalğasına tab gətirib dözməsini təmin edə
bilək. İndi normalar, müxtəlif sənədlər,
monitorinq qrupları yaradılır. İnternet
resurslarında, virtual mətbuatda, eləcə də çap
məhsullarının nəşrində əsas diqqət
dilimizin qorunmasına yönəldilməlidir. Azərbaycan dilinin normalar çərçivəsində
qorunması bir mədəniyyət, dövlət dili təəssübkeşliyidir.
Tarixən yazıçı və şairlərimiz,
filosoflarımız ana dilimizin qayğısını çəkib.
Dövlət Proqramında da bildirilir ki, ana
dilimiz özünün indiki yüksək səviyyəsinə
görkəmli şair və yazıçıların, maarifpərvər
ziyalıların zəhməti sayəsində çatıb.
Bu prosesdə Azərbaycan dilçilik elminin
böyük xidməti var. Yaxşı ki, bu gün
dilçilik elminin köhnə şöhrəti özünə
qaytarılır. Belə olmasaydı,
dilçilik elminin nüfuzu qalmayacaqdı. Dövlətin dillə bağlı
yürütdüyü siyasət çox mükəmməldir.
Bu da dilin istifadəsi sahəsində gələcəkdə
yarana biləcək problemlərin indidən
qarşısını alır. Hər bir
vətəndaş bilməlidir ki, ana dilimiz yad təsirlər
altında əzilirsə, buna etiraz etməlidir.
Dilçi Şahbaz Vəzirovun dediyinə görə,
indi hər bir yazar, teatrşünas, alim öz məhsullarının
internetdə yayılmasını istəyir. Odur ki,
yaradıcılıq nümunələrini internetə yerləşdirirlər.
Alimin bildirdiyinə görə, çox zaman internetdə yerləşdirilən
bu nümunələr başqaları tərəfindən
istifadə edilərkən sözlər fərqli şəkildə
təqdim edilir: "İnternetdə ana dilinin inkişfına
böyük ehtiyac var. Güman edirəm ki, bu normanın tətbiqi
problemə son qoyacaq. Azərbaycançılıq
ideologiyasının internet aləmində yayılmasında bu
normanın böyük rolu olacaq. Mədəniyyətimiz
dünyada yayılan böyük və mütərəqqi,
humanist dəyərlərdən biridir. Onun
özülünü dövlət rəmzlərimizdən olan
dilimiz təşkil edir. İnternetin təsir
dairəsini nəzərə alaraq onunla bağlı daha
çox sənədlər hazırlanmalıdır. Bu norma hazır olandan sonra yəqin ki, internet
resursları biznesilə məşğul olanlar, portal və
sayt işlədənlər bu normalarla tanış ediləcək.
Nazirlər Kabineti onu təsdiq etdikdən sonra
onun tətbiqinə başlanacaq. Ümid
edirəm ki, hər şey yaxşı olacaq. Dilimizin müdafiəsi, mühafizəsi uğrunda
görülən işlərin müsbət nəticəsi
olacaq".
Alimin
fikirlərindən də anladıq ki, dil mədəniyyətimiz
bu gün az qala çap məhsullarını
qabaqlayan internetdə daha yüksək səviyyədə
qorunmalıdır. Çünki internet
açıq şəbəkədir. Təəssüflər
olsun ki, bəzi hallarda adını ziyalı qoyan insanlar
sözlərimizi doğru-dürüst yaza bilmir, mətnləri
redaktə olmadan sosial şəbəkələrdə,
saytlarda yayımlanır. Bu gün internet
portallarının özündə kifayət qədər dil
xətaları, korrektura nöqsanları var. Sözügedən
proqram tam qüvvədə olandan sonra bu məsələ də
həllini tapacaq.
İradə SARIYEVA
Bakı xəbər.-2014.- 27 avqust.- S.15.