Azərbaycan dramaturgiyasının banisi,

mütəfəkkir Mirzə Fətəli Axundov

 

Zəngin Azərbaycan tarixini, mədəniyyətini, ədəbiyyatını, ictimai fikrini dəyərli və əbədi edən klassiklərimiz olub. Bu klassiklər Azərbaycan maarifçilik hərəkatının başında duran və bu yolda yorulmadan mübarizə aparan, xalq uğrunda şəhid olanlardır. Ürəyində xalq məhəbbəti yuva quran bu şəxsiyyətlər son nəfəsinə qədər Azərbaycan yolunda vuruşub. Azərbaycan elminin, mədəniyyətinin, ədəbiyyatının, fəlsəfi fikrinin, tarixinin hər səhifəsində bu şəxsiyyətlərin silinməz izləri yaşayır.

Onlar ona görə yaşayıb yaradıblar ki, xalqımız, dövlətimiz var olsun və onların varlığı əbədi olsun. Mirzə Fətəli Axundov (Axundzadə) xalqımızın həyatında çox böyük rol oynayan, XIX əsr milli maarifçilik hərəkatının öndərlərindən biridir. Bir çox ilklərə qələm çalan və bununla xalqımızı Şərq xalqları arasında birinci edən Mirzə Fətəli əvəzsiz işlər görüb. Onun min-bir zəhmət hesabına əkdiyi ağacların barını müasir nəsil yeyir və onu rəhmətlə yad edir. Xalq öz dahisini, qüdrətli şəxsiyyətlərini unutmur. Mirzə Fətəlinin ağır və məşəqqətli həyatı, acı taleyi, xalq üçün döyünən ürəyi olub.

 

Mirzə Şəfi Vazehin istedadlı tələbəsi...

 

Dahi Azərbaycan mütəfəkkiri, dramaturqu, maarifçisi Mirzə Fətəli Axundov 1812-ci ildə Nuxa (Şəki) şəhərində anadan olub. Atası Mirzə Məhəmmədtağı və anası Nanə xanım 1814-cü ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçüblər. O, 13 yaşınadək ailəsi ilə birlikdə Cənubi Azərbaycanın müxtəlif bölgələrində yaşayıb və 1825-ci ildə anası ilə Şəkiyə qayıdıb. Fətəlinin ruhani olmasını istəyən anasının əmisi Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənib. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir. Bu görüş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.

Mütəfəkkirin tədqiqatçıları yazır ki, dövrünün müasir elmlərilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılan rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə o, Tiflisə gedir və Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunur və ömrünün sonuna qədər bu vəzifədə çalışır. 1873-cü ildə ona hərbi rütbə-polkovnik rütbəsi verilir.

Maraqlı cəhətlərdən biri budur ki, o, çinovnik olub, ancaq ürəyi çinovnik ürəyi olmayıb, o ürək xalq yolunda məşəl kimi alışıb. Hərbi rütbəsindən, o dövr cəmiyyətində, ictimai-siyasi mühitindəki nüfuzundan istifadə edərək xalqın maariflənməsinə çalışıb. Bu istiqamətdə ölçüyəgəlməz işlər görüb.

 

"Əkinçi"nin çapına sevinən dahi...

 

"Vikipediya" Açıq Ensiklopediyası yazır ki, 1851-ci ildə Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinə üzv seçilən Axundov sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunur. O, "Əkinçi" qəzetinin nəşrinə böyük əhəmiyyət verib, onun səhifələrində "Vəkili Milləti-Naməlum" imzası ilə məqalələr dərc etdirib.

Mirzə Fətəli Axundovun qızı Nisə xanım Xanbaba xanın həyat yoldaşı olub. Ömrünü xalq yolunda gilə-gilə əridən dahi mütəfəkkir Mirzə Fətəli Axundov 1878-ci ildə Tiflisdə vəfat edib və Tiflisin Nəbatat - botanika bağında yerləşən müsəlman məzarlığında dəfn olunub. O məkan indi də xalqın ziyarət yeridir.

 

Mütəfəkkirin bədii yaradıcılığı...

 

Səbuhi imzası ilə böyük ədəbiyyata gələn ədib çoxlu sayda bədii poetik nümunələr yaradıb. Onun dahi rus şairi Puşkinin ölümünə yazdığı "Şərq" poeması indi də öz dəyərini qoruyub saxlayır. Mirzə Fətəli Axundov yaradıcılığa şeirlə başlasa da, sonra başqa janrlarda da böyük hadisəyə səbəb olan əsərlər yaradıb. O, Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir. Mirzə Fətəli İslam dünyasının ictimai, sosial və siyasi sahələrində radikal islahatların lüzumluğu fikrini müdafiə edirdi.

 

Azərbaycan teatrının atası...

 

Məlum olduğu kimi, Azərbaycanda teatr sənətinin inkişafında Axundovun rolu əvəzsizdir. Milli dramaturgiyamızın banisi

M.F.Axundov 1850-1855-ci illərdə özünün məşhur altı komediyasını yaratmaqla nəinki Azərbaycan ədəbiyyatında, bütövlükdə Balkanlardan Hindistana qədərki türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoyub. Böyük ustad bu komediyalar ilə Şərq aləmində dram yazmağın nümunəsini göstərib. Bunu hər kəs qəbul edir ki, türk-müsəlman dünyasında dramaturgiya Mirzə Fətəli Axundov dramaturgiyasının ənənələri işığında inkişaf edib.

Azərbaycan teatrı Axundovun ölməz komediyaları zəminində yaranıb. 1873-cü ildə Həsən bəy Zərdabi Nəcəf bəy Vəzirovla birlikdə Bakı məktəblərinin birində məşhur "Hacı Qara" əsərinin tamaşasını göstərməklə Azərbaycanda, həm də ümumən türk-müsəlman aləmində teatr hərəkatının əsasını qoyub. Mirzə Fətəli Axundovun komediyalarında Azərbaycan qadınlarının timsalında ilk dəfə Şərq qadınlarının səhnə obrazları yaradılıb. XIX əsrdə teatr səhnəsində Azərbaycan qadınının səhnədə kişilərlə birlikdə gülüb danışmasını göstərmək hünər tələb edirdi. Zamanına görə bu böyük işi də Mirzə Fətəli Axundovun əsərlərini səhnəyə çıxarmaqla Azərbaycan maarifçiləri həyata keçirməyi bacarıb.

M.F.Axundovun yaradıcılığı Avropa ədəbiyyatşünaslarının və teatrşünaslarının diqqətini çox tez cəlb etdi. 1852-ci ilin avqustunda alman jurnalı "Magazin für die literatur des Auslandes" ("Xarici ədəbiyyat jurnalı") yazırdı: "Fikirləşmək olardı ki, Transqafqazın müsəlman əhalisi İslam ruhuna uyğun olaraq belə yeniliklərə (teatra) hələ uzun zaman yad qalacaq, lakin onların arasından qəflətən dramatik dahi meydana çıxdı, tatar Molyeri, hansının ki, adı onun ölkəsinin sərhədlərindən kənarda da diqqətə layiqdir. O, Mirzə Fətəli Axundovdur".

 

"Şərq" poemasının uğuru...

 

M.F.Axundov 1837-ci ildə - 25 yaşında ikən "Puşkinin ölümünə Şərq poeması"nı yazıb və dərhal da rus dilində "Moskovskiy nablyudatel" jurnalında çap etdirib. O, Aleksandr Puşkinin faciəli ölümündə çarın əli olduğu üçün susmağa məcbur olan rus şairlərini xəcalətdən qurtarıb, Rusiya ədiblərinin vətəndaşlıq vəzifəsini yerinə yetirib.

Qeyd edək ki, 2012-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Mirzə Fətəli Axundovun haqqında bioqrafik bədii film çəkilib. "Sübhün səfiri" adlanan film mütəfəkkirin 200 illik yubileyi münasibətilə ekranlara çıxıb.

 

Mirzə Fətəli Axundovun əsərləri

 

Mütəfəkkirin 1837-ci ildə qələmə aldığı "Şərq" poeması, 1850-52-ci ilərdə yazdığı "Hekayəti Molla İbrahim-Xəlil Kimyagər", "Hekayəti Müsyö Жordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur" (1850), "Sərgüzəşti-vəziri-xani-Lənkəran" (1850), "Hekayəti Xırsi-Quldurbasan" (1851), "Sərgüzəşti Mərdi-Xəsis" ("Hacı Qara") (1852)", 1855-ci ildə "Mürafiə vəkillərinin hekayəti", 1857-ci ildə yazdığı "Aldanmış Kəvakib" ("Hekayəti-Yusif şah"), 1859-cu ildə qələmə aldığı "Fəhristi-kitab", 1862-ci ildə yazdığı "Nəzm və nəsr haqqında", "Tənqid risaləsi" (1862), "Kəmalüd-dövlə məktubları" (1865) əsərləri dahinin geniş düşüncəsindən, zəngin yaradacılıq manerasından irəli gəlir. Bu əsərlərin hamısı Azərbaycanla bağlıdır. Müasir dövrdə Azərbaycanda təhsildən danışarkən çox zaman 20 ildən artıq bir zaman kəsimi ilə arxada buraxdığımız sovet dönəmi ilə paralellər aparır, bir çox hallarda hətta üstünlüyü o dövrə veririk. Bunun da özəl səbəbləri var. Məsələ burasındadır ki, sovet təhsil sistemi bir çox üstünlüklərə malik idi. Eyni zamanda, müəllim kateqoriyasının əməkhaqqı öz dövrü üçün az məbləğ sayılmırdı. Bu xalqın ən böyük müəllimlərindən, öyrədənlərindən biri Mirzə Fətəli Axundov olub və o öz əməyinə, zəhmətinə görə heç kəsdən əməkhaqqı, muzd tələb etməyib. Bu, xalqa təmənnasız xidmət etməyin ən gözəl, unikal nümunəsidir. Heç kəsin gözləmədiyi bir çağda bir dahi meydana çıxır və xalqının maariflənməsi uğrunda yeni bir cəbhə açır. Bəlkə heç məmuru olduğu Çar Rusiyası da belə bir şəxsiyyətin meydana atılacağını gözləmirdi. Fakt budur ki, Nuxada doğulan, həyatının bir hissəsini Cənubi Azərbaycanda, bir hissəsini Şimali Azərbaycanda, ömrünün çiçəklənən və yetkin hissəsini isə Tiflisdə keçirən Mirzə Fətəli Axundov xalqının içini, daxili aləmini, düşüncəsini, nəyə ehtiyacı olduğunu bilirdi və bu istiqamətdə də yorulmadan işlər görürdü. Mirzə Fətəli Axundovun zəngin yaradıcılığı, ləkəsiz şəxsiyyəti hər zaman üçün nümunədir. Dahi mütəfəkkir haqda zaman-zaman maraqlı, yaddaqalan fikirlər deyilib və onun əməyi, xidməti yüksək qiymətləndirilib.

Mirzə Fətəli Axundovun yaradıcılığı, daşıdığı missiya haqqında görkəmli ədib, dramaturq, şair, kinossenarist, kinorejissor Cəfər Cabbarlı öz dövründə çox dəyərli bir məqalə yazıb. Həmin məqalə 2012-ci ildə elektron variantda da işıq üzü görüb. Zaman keçib, nə Mirzə Fətəli Axundov, nə də Cəfər Cabbarlı həyatdadır. Ancaq bir ədibin digər ədib haqda söylədiyi qiymətli fikirlər müasir dövrümüzdə də öz aktuallığını qoruyub saxlayır.

Cəfər Cabbarlının bu klassik məqaləsini gün işığına çıxaran həmkarlarımıza təşəkkür edirik.

 

Cəfər Cabbarlı Mirzə Fətəli

Axundov haqqında nə yazıb?

 

Dahi mütəfəkkir haqqında yazılan dəyərli məqalələrdən biri olan bu yazıdan fikirlər təqdim edirik: "Mirzə Fətəli Axundov əski sxolastik ədəbiyyatdan, Şərqin yekrəng, qəzəl, qəsidə və rübai ədəbiyyatından birinci olaraq ayrılıb yeni bir ədəbiyyat şəklinə ayaq basan və Azərbaycan teatr ədəbiyatının ilk təməl daşını qoyan ədibdir. Bəlli olduğu üzrə Azərbaycan ədəbiyyatı Füzulidən sonra öz orijinallığını itirmiş bir halda idi. Füzuli Azərbaycan ədəbiyyatını fars və ərəb girdabından dartıb çıxarmış və dörd yanını sarmış boşluq içərisində yeni doğurmuş ədəbiyyatını çiyinlərinə almış və yenilməz addımlarla ta yüksəklərə qaldırıb, parlaq bir sentimentalizm ədəbiyyatı olmaq üzrə vaxtında təqdim edib. Füzulinin dörd əsr bundan əvvəl yazdığı sentimentalist əsərlər bu gün belə bütün sentimentalizm ədəbiyyatının ilk sıralarında gedə bilər. O öz mövzularında bəzən böyük ədəbi keçmişə malik yazıçılarla yarışıb, onların yazdıqları mövzulardan istifadə edib, lakin bu yarışda onlardan geri qalmayıb və hər halda "Leyli və Məcnun" kimi dahiyanə əsərlərində öz qoca rəqiblərini geri buraxıb və hamısından yüksəyə qalxıb. Füzuli öz dühası ilə Azərbaycana parlaq klassik bir ədəbiyyat verdi. Lakin eyni zamanda onun dühası ağır bir yük kimi Azərbaycan ədəbiyyatının inkişafı üzərinə düşüb, onu öz ağırlığı altında əzməyə başladı... Beləliklə, ədəbiyyat getdikcə həyatdan uzaqlaşır, ayağı həyat torpağından üzülür, bayağılaşır, düşkünləşir və çıxılmaz bir tilsim içərisində çırpınırdı. Birinci olaraq bu cadulanmış gedişə qarşı çıxan, bu saxlanmaz axını toxdadan, bu çıxılmaz yoldan çıxan və bu qırılmaz qəzəl və qəsidə tilsimini qıran Mirzə Fətəli Axundov olub..."

 

Ardı var...

 

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

 

Bakı xəbər.- 2014.- 1 dekabr.- S.15.