Aşıq Ədalət Nəsibovun Surqutda

yaşayan mənəvi şəyirdi nələrdən danışdı?

 

Solo ifaçılıq məktəbinin gənc nümayəndəsi

Niyaməddin Məzəmli "Bakı-Xəbər"də

 

"Məqsəd odur ki, sazımız vasitəsilə tariximizi, musiqi mədəniyyətimizi, ulularımızdan qalan adətləri Rusiyada təbliğ edək"

Milli ənənələri qədim bir sənəti yaşatmaq hər gəncə nəsib olmur. Gənclərin xeyli hissəsi milli musiqiyə elə maraq göstərmir, onları müasir dövrdə populyar olan nümunələr maraqlandırır. Populyar olan musiqinin isə fəlsəfi qatı var, müsbət mənada təsir imkanı, böyük əksəriyyəti bədii zövq aşılamaqdan uzaqdır. Yəqin ki, mənimlə razılaşarsınız. Azərbaycan musiqi mədəniyyəti bir neçə formada təzahür edir.

Əski musiqidən danışanda aşıq sənəti muğam yada düşür. Xalqın kökünü, mədəniyyətini bu sahələr özündə geniş şəkildə təcəssüm etdirir.

Azərbaycanda aşıq sənəti son illər özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu da o deməkdir ki, artıq aşıq sənəti özünün ikinci həyatını yaşayır. Fərəhləndirici haldır ki, gənc nəslin aşıq sənətinə, saza marağında oyanma gedir gənclər saza diqqət ayırır. Elə bir dövrdə yaşayırıq ki, xalqın özünü xalq kimi qorumasına böyük ehtiyac var. Xalqın varlığı, diri duru qalması milli musiqinin yaşaması təbliği ilə sıx bağlıdır.

Aşıq sənətinə meyl edən gənclərdən dəfələrlə yazmışam onların saza bağlılığı haqqında fikirlərimi bölüşmüşəm. Gənc bir aşıq var, Azərbaycandan uzaqda yaşayır. Saza sığınıb yaşadığı üçün marağımı çəkdi. Bu gənc solo saz ifaçısı, 2005-ci ildə "Pöhrə" müsabiqəsinin, 2007-ci ildə isə Mədəniyyət Turizm Nazirliyinin Şirvan şəhərində keçirdiyi "Simli alətlər ifaçılığı" müsabiqəsinin qalibi, 2012-ci ildə isə "Lider" Televiziyasının keçirdiyi "Yarışma 3" müsabiqəsinin iştirakçısı Niyaməddin Məzəmlidir. Niyaməddin Məzəmli 1991-ci ildə Qazaxın Məzəm kəndində doğulub. Qazaxlı olduğu üçün saza maraq göstərməsi təbiidir. Hər bir qarabağlının könlü muğam üstündə kökləndiyindən, hər qazaxlı sazla bağrıbadaş doğulur. Niyaməddin Məzəmli solo saz ifaçılığı sahəsində gənc olsa da, özünəməxsus ifa tərzi var onun çaldığı hər bir hava ürəyə yatımlıdır. Əsas odur ki, sazın başına oyun açmır, sazı saz kimi, könüllər dostu, dilmancı kimi təqdim edə bilir. Onun ifasında canlı olaraq bir neçə havanı dinləmişəm. Niyaməddinin ifasında "Dilqəmi", "Ruhani" kimi havalara qulaq asdım, xoşuma gəldi.

Rusiyanın Surqut şəhərində yaşayan, hazırda Vətəndə olan aşıq Niyaməddin Məzəmli mənimlə söhbətində bildirdi ki, 7 yaşından saza maraq göstərib. Atasının evə saz alıb gətirdiyini deyən Niyaməddinin sözlərinə görə, peşəkar qarmon ifaçısı olan atası Bəkir Məzəmli həvəskar saz ifaçısı olub sim tərpətməyi ondan öyrənib: "Atam saza böyük maraq göstərdiyimi görüb məni Qazax rayonu 2 saylı musiqi məktəbinin saz sinfinə qoydu. Burada ilk ustadım dövrünün tanınmış aşığı, Kamandar Əfəndiyevin şəyirdi olan Səid Rəhimov oldu. Səid Rəhimovun saz dərsləri çox maraqlı keçirdi o burada bizə həm saz ifaçılığını, həm oxumağı, həm dastanları öyrədirdi. Bilirsiz ki, mənim meylim daha çox solo saz ifaçılığına olduğundan, özümü bu sahəyə həsr etdim. Sonra Sumqayıtda Soltan Hacıbəyov adına Musiqi Kollecinin saz sinfinə qəbul olundum. Burada isə müəllimim tanınmış xanım aşığımız Ulduz Sönməz oldu. Ulduz xanımdan da sazın sirlərini öyrəndim. Açığı, müsabiqəyə qatılmaq fikrim yox idi. "Lider" Televiziyasının keçirdiyi "Yarışma" layihəsinə dostum Elşən Qaraxanlını aparmışdım. Seçim turlarını müşahidə edib gördüm ki, ora qatılanların heç birindən zəif deyiləm. Rəhmətlik aşıq İslam Rzaoğlunun təkidi ilə mən yarışmaya qatıldım. İslam Rzaoğlunun qrupunda təmsil olundum. Bu müsabiqədə iştirakım əslində tam təsadüfi olub. O yarışmadan əvvəl iki müsabiqənin qalibi olmuşdum".

SMS- keçirilən müsabiqələrin aşığın deyil, qalibin taleyində rol oynadığını deyən Niyaməddin Məzəmli bildirdi ki, aşığın taleyinə SMS müdaxilə edə bilməz":Aşığın istedadı, ifaçılığı, biliyi SMS-dən çox üstündür. Müsabiqələr gənc aşıqların, gənc ifaçıların reklamına hesablanan layihələrdir. "Yarışma 3"də 5-ci yerə qədər gəldim".

N.Məzəmlinin özünü daha çox solo ifaçılıq sahəsində göstərdiyi bəllidir. Aşıq sənətini izləyənlərə bu gənc aşığın barmaqları yaxşı tanışdır. İmrandilli ana sazımız Niyaməddinin barmaqlarında ayrı cür danışır. Təbii, hər aşıq sazda öz ürəyini danışdırır. Bilirik ki, Azərbaycan aşıq sənətində solo ifaçılığın tarixi elə də qədim deyil. Sonradan yaranan bu ənənə son zamanlar özünü doğrultmaqdadır. Bir məqamı qeyd edim ki, Azərbaycan saz sənətində solo ifaçılığın əsasını görkəmli aşıq, virtuoz sənətkarımız aşıq Əmrah Gülməmmədov qoyub. Onun ardıcılları olan sənətkarlar bu gün sənət aləmində öz sözünü deyir. Təbii, bu sahədə görkəmli aşığımız, Prezident təqaüdçüsü, müasir aşıq sənətinin atası Ədalət Nəsibovun adını çəkməsəm günah olardı. Aşıq Ədalət aşıq sənətinin, sazın mahir bilicisidir və "Yanıq Kərəmi" havası ilə ürəklərdə özünə əzəmətli bir heykəl ucaldıb. Ədalət əminin yetirmələri, mənəvi şəyirdləri bu gün yetərincədir. Niyaməddin Məzəmli də aşıq Ədalət Nəsibovun mənəvi yetirmələrindəndir. Sazı Vətən boyda bir sevdaya çevirən Ədalət Nəsibovdan bu gün də öyrənilir, sabah da öyrəniləcək. Solo ifaçılığa meyl etməsinin səbəbindən danışan Niyaməddin Məzəmli bildirdi ki, özünü bu üslubda daha yaxşı ifadə edə bilir":Allah hər insana bir keyfiyyəti daha üstün verir. Mən solo saz ifaçılığına maraq göstərdim. Amma sizə deyim ki, 2005-ci ildə keçirilən "Pöhrə" müsabiqəsində oxumaq üzrə qalib oldum. "Gəraylı" havasını çalıb oxudum. Solo saz ifaçılığının çağdaş dövrümüzdə ən böyük ustadı Ədalət Nəsibovdur, bütün solo ifaçılar ondan bəhrələnib. Mən aşıq Ədalət Nəsibovu özümə mənəvi ustad hesab edirəm. Etiraf edək ki, Ədalət Nəsibov havaları püxtələşdirdi. "Aşıq gördüyünü çağırar", solo ifaçılar Ədalətin ifasını görüb solo ifaçılığa könül veriblər. Evimizə saz alınanda atam aşıq Ədalətin kasetlərini alıb gətirdi ki, ona qulaq asıb çalaq".

O, Rusiyada aşıq sənətini təbliğ edirtez-tez məclislərdə, şənliklərdə, bayramlarda iştirak edir: "Mübaliğəsiz deyərdim ki, bu gün Rusiya məkanında aşıq sənətinə, saza böyük maraq var. Orada sazın təbliği üçün məclislər var, sazı istəyən adamlar var. Elə bir toy yoxdur ki, aşıqsız keçsin. Bilirsiz, orada nə qədər azərbaycanlı yaşayır. Azərbaycan toyları da milli ənənələr üstündə keçirilir. Deyərdim ki, orda saza tələbat daha böyükdür. Elə məclisə gedirsən ki, orada saz biliciləri əyləşir. Bəzən adamdan elə hava, elə söz soruşurlar ki, məətəl qalırsan. Çalışıram ki, onların tələbatını ödəyim. Azərbaycanın hər yerindən mən yaşadığım şəhərdə ailələr çoxdur. Bu məclislər aşıqların sınağa çəkilməsi üçün çox münbit yerdir. Rusiyada yaşayan azərbaycanlılar arasında o qədər saz biliciləri var ki...Elə gün olur ki, yalnız Surqut şəhərində bir gün ərzində 5-6 azərbaycanlı toyu olur. Görün, bu nə deməkdir. Bu məclislərdə də Azərbaycan musiqisi səslənir. Toylar sırf milli adətlərdə olur. Konsertlərdə də iştirak edirəm. Milli bayramlarımızda yerli diaspor təşkilatının təşəbbüsü ilə bayram tədbirləri keçirilir, orada ana sazımız tamaşaçıların zövqünü oxşayır. Məqsəd odur ki, sazımız vasitəsilə tariximizi, musiqi mədəniyyətimizi, ulularımızdan qalan adətləri Rusiyada təbliğ edək. Azərbaycan mədəniyyəti, musiqisi rusiyalı tamaşaçıların böyük rəğbətini qazanıb".

 

İradə SARIYEVA

    

         Bakı xəbər.- 2014.- 2 dekabr.- S.14.