Cəfər Cabbarlı Mirzə Fətəli Axundovu
"...yeni ədəbiyyatın
ilk təməl daşlarını qoymuş mütəfəkkir"
adlandırıb...
(Əvvəli
ötən sayımızda)
...Daha sonra böyük
Cabbarlı yazıb ki, heç şübhəsizdir, Azərbaycan
ədəbiyyatındakı bu ölgünlük Azərbaycandakı
siyası və ictimai ölgünlük və
düşkünlük nəticəsi idi: "Azərbaycanın
ictimai və siyasi həyatı ölgünləşdikcə,
ədəbiyyat da ölgünləşir və bütün
mühiti bir Şərq ətaləti sarıyırdı.
Bu etibarla Azərbaycanın Füzulidən sonrakı
ölgün ədəbiyyatı nə qədər
biçimsiz, maraqsız, məzmunsuz və bir təqlid ədəbiyyatı
olsa da, hər halda yenə də öz ölgün və
düşkün mühitinin güzgüsü ola bilər.
Mühitin boşluğunu, çürüklüyünü,
öz məzmunsuzluğu və boşluğu ilə də olsa
aldıra bilər.
Çarizm Qafqazı aldıqdan sonra həyat da öz
cığırından çıxmağa başladı.
Birinci Pyotrdan və Yekatirinadan bəri Rusiyaya sirayət
etmiş Qərb axını Rusiyanı özünə cəlb
etmiş və rusların Qafqaza gəlməsi ilə, istər-istəməz,
Qafqaza da keçməyə başlamışdı. Getdikcə
ictimai həyat boyasını dəyişirdi. Həyat
başqalaşır, mühit təbəqələşir,
üsullar, qaydalar, məhkəmələr, ənənələr,
bir sözlə, bütün keçmiş həyat
normaları öz cığırından
çıxırdı. Xanlar yoxsullaşıb əhəmiyyətdən
düşür, yeniyetmə bəylər törəyir,
İranın əsrlərdən bəri hökm sürən
nüfuzu sarsılır, onların yerinə tam başqa bir
nüfuz, başqa bir şərait qurulurdu.
Bu sarsıntılıq, bu qatışıqlıq el ədəbiyyatında
gözəl parçalar yaratmış olsa da, yazı ədəbiyyatında
bir o qədər boşluq vücuda gətirmişdi. Bu vaxtadək
ədəbiyyat təqlidlə yaşasa da, heç olmasa həyat
dəyişməmiş olduğundan, təqlid mənbəyi də
həyata az-çox uyur və təqlid edilmiş əsərlər
bir növ ötüşüb gedirdi. Həyat əsaslı
bir dəyişikliyə uğrayınca, ədəbiyyat
büsbütün başını itirdi. Şairlər əski
inersiyaları ilə gedir, yeni gedişə uymayır,
yazdıqları da yeni gedişlə bir dissonans vücuda gətirirdi.
Yeni mühit, yeni təsir cəmiyyəti başqa əsaslar
üzrə təbəqələşdirir, cəmiyyətdə
yeni vəziyyətə yarayacaq təbəqələr,
xırda burjuaziya təbəqələri, yeni bəylər təbəqəsi,
yeni maarifçilər, islahatçılar, yeni məktəblər,
yeni intellegensiya qrupları, dilmanclar, müəllimlər
törənir və bunların nəticəsində yeni həyati
faciələr, yeni simalar, yeni şəxsiyyətlər, yeni
tiplər meydana çıxırdı.
Ədəbiyyat isə köhnə sxolastik yolu ilə
gedir və həyatdan büsbütün ayrılıb,
özü üçün tam başqa dar və xüsusi bir
aləm təşkil edirdi. Bu aralıq həyatda bir ikilik
törəmişdi. Cəmiyyətin bir qismi köhnə təsir
altında qalmış, bir qismi isə yeni təsirə
qapılmış və həyatı da o yolla aparmaq,
bütün cəmiyyəti yeni təsir yolları ilə
aparmaq, əlifbadan başlamış ictimai və siyasi
quruluşa kimi hər şeydə bir islahat etmək istəyirdi.
Mirzə Fətəli də bu ikinci qrupun nümayəndəsi
idi. Zatən, cəmiyyət kimi ədəbiyyat da iki
cığıra parçalanmışdı. Bunların birində
köhnə qəzəllər, qəsidələr, mərsiyələr
və bu kimi sxolastik ədəbiyyat son günlərini
yaşayaraq gedirdi. İkinci qrup isə bu köhnə
cığırdan çıxmış idi. O bu köhnə ədəbiyyatdan
artıq zövq almazdı. Bu ədəbiyyat onun
ehtiyaclarını ödəmir, onun istəklərini,
arzularını anlatmır, onun psixologiyasına uymurdu. O
özü üçün tam başqa və öz ruhunun, diləklərinin,
öz əmək və ideallarının tərcümanı
olacaq bir ədəbiyyat, yeni və həyati bir ədəbiyyat
yaratmalı idi. Bu ədəbiyyatı da Mirzə Fətəli
yaratdı, ya da hər halda bu yeni ədəbiyyatın ilk təməl
daşlarını qoymuş oldu".
Həyat
və cəmiyyət üçün nəticə gözləyən
dahi...
Cəfər Cabbarlı qeyd edir ki, Mirzə Fətəli
bir ədib və bir şair olmaqdan daha artıq bir cəmiyyətçi,
bir əməlpərvərdir. Onun fikrincə, Mirzə Fətəlini
yazıçılığa təhrik edən də bədii
zövqündən daha artıq ictimai məfkurəsi idi:
"O, yazılarını bir sənət adına deyil, bəlkə
ictimai məfkurəsi adına yazır və öz əsərlərindən
sadə bədii bir zövq deyil, həyat və cəmiyyət
üçün bir nəticə gözləyirdi. O, ədəbiyyatı
öz duyğularının, öz məfkurəsinin bir tərcümanı
kimi tanıyır və beləliklə köhnədən
qalmış "sənət sənət
üçündür", "onu bir neçə ariflər
və bilicilər anlarlar" gedişindən ayrılıb,
"sənət həyat üçündür" prinsipini
irəli sürürdü.
O, ədəbiyyatı öz məfkurəsini həyata
keçirmək və yaymaq üçün bir vasitə
bilirdi. Buna görədir ki, onun əsərləri müntəzəm
bir gedişlə həyatın bu və ya başqa
nöqsanlarını göstərir, bu nöqsanların aradan
qaldırılmasına çalışdığı
yolları göstərdiyi kimi, ömründə tək-tək
yazdığı şeirləri də yenə onun əlifba və
bu kimi fikirlərini həyata keçirmək üçün
idi. Lakin bunların hamısına baxmayaraq, biz Mirzə Fətəlini
hər şeydən artıq yenə də bir ədib kimi
tanımaq istərdik. Nə qədər ədəbiyyat onun
fikirlərini yayacaq bir vasitə olmaq üzrə
götürülmüş isə də, hər halda, burada
Mirzə Fətəli o qədər böyük bir məharət,
bir istedad göstərib ki, hər şeyi geridə buraxıb,
ədəbi bir sima kimi ortada qalıb. O, yazdığı
pyeslərdə zamanının komediya yazanlarından,
tanınmış rus və Avropa ədiblərindən geri
qalmadığı kimi, şeirlərində də Firdovsiyanə
bir məharət göstərib. Bəlli olduğu üzrə
Mirzə Fətəlinin mühiti köhnə feodalizmin
dağıldığı, yeni ticarət burjuaziyasının
törətdiyi əski Şərq ənənatının
pozulduğu, yeni Qərb mədəniyyətinin araya
soxulduğu bir dövrün mücəssəməsidir. Həyatın
bir tərəfi sökülür, dağılır, o biri tərəfi
başqa, tam başqa bir biçimdə tikilirdi. Burada Mirzə
Fətəli bir mühəndis kimi bu sökülən və
tikilən binanın başı yanında durub, amansız qələmi
ilə bura sökülməlidir, bura isə belə tikilməlidir
deyir. Həm də bunları kefi bir əmrlə demir: köhnə
yaşayışın bütün nöqsanlarını, yaramazlığını,
yeni gedişin isə bütün faydalarını irəli
sürür, anladır, qandırırdı. Hər şeydən
əvvəl Mirzə Fətəlini köhnə Şərq
dövlət idarəsi üsulunun tənqidçisi,
monarxizmin, İran istibdab və dərəbək üsulunun
amansız bir düşməni kimi görürük. O, "Vəziri-Xani-Sərabi"
("Lənkəran xanının vəziri" və
"Aldanmış Kəvakib" adlı əsərlərində
İran və onun sifətində bütün Şərqin əski
feodalizm və ayrılıqda monarxizm üsuluna elə bir zərbə
yendirir ki, bu mənəvi zərbə Səd ibn Vəqqasın
qılıncından heç də gücsüz deyil. O, bütün
şahların və onların vəzirlərinin nə qədər
bir sərsəm, şüursuz, yaramaz adamlar olduğunu,
xüsusilə vəzirlərin ancaq öz ciblərini doldurmaq
üçün yaşadıqlarını, öz
şüursuzluqlarını bir məharət sanıb fəxr
etdiklərini heyrət ediləcək bir açıqlıqla
ortaya çıxarır".
Mirzə
Fətəlinin çarəsiz qəhrəmanları...
Ardınca Cabbarlı yazır ki, bunu şah Abbasın hərbiyə
vəziri öz nitqi ilə İranın bütün
yollarını dağıtdırıb, "əmniyyət"
adına İranı yolsuz buraxmasına fəxr etməsi ilə
ortaya çıxarır: "Eynilə "Vəziri-xani-Sərabi"də
xanın divan və məhkəməsi göstərilir. Verilən
qərarların nə qədər kefi və nə qədər
çürük olduğu bütün üsulun nə qədər
yaramaz olduğunu açıq-açığına araya
çıxarır. O: "Kəndli sənin atının
ayağını şikəst edib. Sən də get onun
atının ayağını sındır". "Həkim
pulları alıb, altı aydan sonra ölə biləcək xəstəni
bu gün öldürən və guya əzabdan qurtaran" həkimə
bir də ölü yiyəsi mükafat verməlidir. Budur
xanın bütün mühakiməsi!
Bu sərsəm və ağılsız, şüursuz
adamlar, gülünc bir məxluq kimi ortaya
çıxarılan vəzirlər, xanlar, şahlar həqiqətdə
isə milyonlarla xalqın həyat və müqəddəratını
əllərində saxlamışlardır. Mirzə Fətəlinin
ortaya çıxardığı acınacaqlı həqiqət
bundan ibarətdir. Buradaca Mirzə Fətəli Yusif
şahın müvəqqəti hökmranlığında
hakimin boynunda nə kimi vəzifələr olduğunu,
xalqın nələrə ehtiyacı olduğunu göstərir".
Mirzə Fətəlinin əsərlərini dərindən
təhlil edən Cabbarlı qeyd edir ki, ruhanilərin və
onların həyata soxduqları cadu və tilsim əsaslarının
amansız düşmənidir. Onun yazdığına görə,
burası hər şeydən artıq yenə də
"Aldanmış Kəvakib" və xüsusilə onun
"Molla İbrahim Xəlil kimyagər", "Müsyo
Jordan və Dərviş Məstəlişah" adlı əsərlərində
görünə bilər":Molla İbrahim Xəlil kimyagərdə"
bütün ruhanilərin nə qədər satqın adamlar
olduğunu və xalqı aldadan bir fırıldaqçıya
pul ilə qulluq edib, onun xalqı aldatmasına yardım
göstərmələrini və "Dərviş Məstəlişah"da
İrandan keçmiş bir çayçı şagirdinin Azərbaycanda
bir alim və bir həyat hakimi kəsildiyini və biliksiz
xalqı aldadıb, ciblərini dolduraraq
qaçdığını açıq göstərir.
Burada "Molla İbrahim Xəlil kimyagərin" Mirzə Cəlil
Məmmədquluzadəyə təsirsiz qalmadığı və
"Ölülər" pyesi "Kimyagər"dən təsirsiz
olmadığı qeyd edilməlidir".
"Mirzə
Fətəli qadın azadlığı mübarizidir"
Cabbarlının yazdığına görə, o,
qadınların qəlbinin satılması əleyhinə,
onların eşqi, məhəbbəti, mənliyinin
satılmasına, zorla varlı ərlərə verilməsinə
qarşı üsyan edir":Burası hər şeydən
artıq "Xırs quldurbasan" adlı əsərində
qeyd edilib. Mirzə Fətəli feodalizmin böyük
düşmənidir.
"Pristav mənə deyir əkin ək, bəy
oğlu da əkin əkər, ya əməklə məşğul
olurmu? Guya mən sadə bir kəndliyəm ki, əkin əkim,
ya da cütə gedim".
Xüsusilə "Hacı Qara"da Mirzə Fətəli
feodalizmin dağıldığını və yeni ticarət
burjuaziyasının nə qədər bir hərisliklə həyata
can atdığını təsvir edir.
Mirzə Fətəli öz şeirində yeni əlifbadan
bəhs edərək onun həyata keçirilməsi
üçün hakim şəxsiyyətlərə təsir
etməyə çalışır.
Mirzə Fətəli bir rəssamdır. O öz əsərlərində
bütün həyat və mühiti doğruluqla tutur, ən
mahir bir rəssamın məharəti ilə təsvir
edir".
Qeyd edək ki, bu məqalənin təxminən 1928-ci
ildə yazıldığı və ilk dəfə
"Revolyusiya və kultura" jurnalının 1938-ci il 6-7-ci
nömrələrində çap olunduğu qeyd edilir. Bu
yazı Cabbarlının vəfatından üç il sonra
işıq üzü görüb.
Axundovun 200
illik yubileyi haqqında Prezident Sərəncamı
Qeyd edək ki, 2010-cu ildə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan
dramaturgiyasının banisi, filosof Mirzə Fətəli
Axundovun 200 illik yubileyinin keçirilməsi haqqında Sərəncam
verib. Prezident Sərəncamda "Bütün həyatı
boyu doğma Vətəninin və xalqının tərəqqisi
yolunda yorulmadan çalışaraq yeni dövrün irəli
sürdüyü mühüm elmi, mədəni və
ictimai-siyasi məsələlərə daim fəal münasibət
ifadə edən və zamanın qabaqcıl ideyalarından bəhrələnməyə
çağıran yaradıcılığı ilə Azərbaycan
mədəniyyətinin inkişafı tarixində parlaq səhifə
açan Mirzə Fətəli Axundovun 200 illik yubileyinin təntənəli
surətdə keçirilməsini təmin etmək" barədə
tapşırıq verib. Dahi Mirzə Fətəlinin 200 illik
yubileyinə həsr olunan tədbirlər planı
hazırlanaraq yüksək səviyyədə həyata
keçirilib.
Mirzə Fətəli haqqında akademik, millət vəkili,
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru
İsa Həbibbəyli maraqlı fikirlər söyləyib:
"Mirzə Fətəli Axundov ölümündən sonra
da uzun müddət öz layiqli qiymətini ala bilmədi. Hələ
1911-ci ildə Azərbaycan ziyalıları Mirzə Fətəli
Axundovun anadan olmasının 100 illiyini qeyd etmişlər.
Yubiley yığıncağında məruzə ilə
çıxış etmiş görkəmli ədəbiyyatşünas
Firudin bəy Köçərlinin bu sözləri o zamankı
acı bir gerçəkliyin içdən gələn
etirafı idi: "...Biz möhtərəm və bimisil ədibimiz
haqqında heç bir yaxşılıq etməmişik və
bu anacan mərhumun qədir və qiymətini bilməmişik.
Bizi əfv qıl! Bundan sonra bacardığımız xidməti
haqqında müzayiqə etmərik". Bu böyük və
şərəfli vəzifə bir xeyli geciksə də,
çox sonralar layiqincə yerinə yetirildi. Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyev
böyük mütəfəkkir Mirzə Fətəli Axundovun
xatirəsinin əbədiləşdirilməsi, irsinin öyrənilməsi
və təbliği, əsərlərinin nəşri və
tamaşaya qoyulması sahəsində mühüm tədbirlər
həyata keçirib.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin "Mirzə Fətəli Axundovun 200 illik
yubileyinin keçirilməsi haqqında" 13 aprel 2010-cu il
tarixli Sərəncamı böyük ədib və ictimai xadimin
tarixi xidmətlərinə dövlət səviyyəsində
verilən yüksək qiymətin parlaq ifadəsidir.
Mühüm ictimai-siyasi və tarixi əhəmiyyətə
malik olan bu Sərəncam, eyni zamanda, yeni dövrdə
böyük Mirzə Fətəli Axundovun irsindən və
xidmətlərindən faydalanmaqla ölkəmizdə azərbaycançılıq
məfkurəsini, milli dövlətçilik təfəkkürünü,
milli ədəbi düşüncəni, fəal vətəndaşlıq
mövqeyini daha da inkişaf etdirmək kimi ali məqsədlərə
çatmaq üçün geniş imkanlar
açır...".
Əlbəttə, Mirzə Fətəli Axundovun
keçdiyi yol, onun göstərdiyi xidmətlər əvəzsizdir.
Onu da qeyd edək ki, mütəfəkkir milli əlifba siyasətinin
hərəkətvericisi olub və Azərbaycan xalqının
milli əlifbasının olmasını istəyib. Axundov
sağlığında milli əlifba layihəsini
hazırlayıb çara təqdim etsə də, müsbət
cavab ala bilmədi. Ancaq bu gün Azərbaycan onun
arzuladığı kimi müstəqildir və dövlətimizin
ana dili Azərbaycan dilidir və özünün müstəqil
əlifbası, bayrağı, gerbi, əzəmətli himni
var.
İradə
SARIYEVA
Yazı
Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə çap
olunur.
Bakı xəbər.-
2014.- 2 dekabr.- S.11.