Mirzə Fətəli
Axundovdan Heydər Əliyevədək
"əlifba mücadiləsi"...
(Əvvəli
ötən sayımızda)
Mirzə
Fətəli Axundov (Axundzadə) Azərbaycan
xalqını müstəqil, savadlı, maarifə, mədəniyyətə
bağlı xalq kimi
görmək istəyirdi. Odur ki, bütün həyatını,
fəaliyyətini bu taleyüklü
məsələyə həsr etdi. Biz Mirzə Fətəli Axundovu
ancaq milli
dramaturgiyamızın banisi və fəlsəfi-bədii
əsərlərin müəllifi kimi
tanımırıq.
Bu böyük şəxsiyyət ilk əlifba islahatçısı kimi də xatırlanır. Tarixi
mənbələrdən məlumdur ki,
Mirzə Fətəli Azərbaycan əlifbasının
yaradılaraq işlədilməsinin təşəbbüskarı
olub.
Əlifba
islahatçısı...
Mirzə Fətəlişünaslar
yazır ki, Axundov yeni əlifba uğrunda fəaliyyətə
başladığı ilk dövrdə hələ
ərəb əlifbasını tamamilə atmaq,
Avropa əlifbası əsasında tərtib
edilən yeni əlifbaya keçmək məsələsini
irəli sürmürdü. Əlifba
haqqında tərtib etdiyi birinci
layihəsində və buna
yazdığı şərhində o, ərəb
əlifbasını islah etmək yolu ilə onu
asanlaşdırmaq fikrində idi. Mənbələrə
görə, təqribən 1857-ci ildən Mirzə Fətəli
Axundov əlifbamızın dəyişdirilməsi
uğrunda çalışmağa
başlayır. Böyük maarifçi Yaxın Şərq xalqlarının
mədəni geriliyinin bir
səbəbini köhnə ərəb əlifbasında görürdü.
1857-ci
ildə ərəb əlifbasını dəyişdirmək məqsədilə
fars dilində bir kitabçadan ibarət layihə tərtib edir. Bu xüsusdakı
fikirlərini Yaxın Şərqdə həyata keçirmək
məqsədilə 1863-cü ildə İstanbula
gedir.
"Məni islam din və dövlətinin
bədxahı nişan verdi"
İstanbulda
əlifbanın dəyişdirilməsi üzrə fəaliyyətini
Mirzə Fətəli Axundov tərcümeyi-halında
bu şəkildə izah
edir:
"Əlifbanı
dəyişdirmək haqqındakı kitabçanı Rusiya elçisi
Draqomanın vasitəçiliyi ilə Türkiyə sədrəzəmi
Fuad paşaya təqdim
etdim, türkcə pyeslərimi və
"hekayəti Yusif şah"ı da göstərdim. Kitabça
sədrəzəmin əmrilə "Cəmiyyəti-elmiyyəyi-Osmaniyyə"də
tədqiq edildi, hər xüsusda
onu məqbul tapdılar, təqdir etdilər.
Lakin həyata keçirilməsini caiz görmədilər. Buna
görə ki, yenə bu
əlifba kitabçasında gəlmə tərkibində hərflərin
bir-birilə birləşməsi təb işi
üçün çətinlik törədirdi.
Dedim ki, bu surətdə
köhnə islam əlifbasında tamam bir dəyişiklik
etmək lazım gəlir, yəni islam əlifbasının
hərfləri də avropalıların yazılarındakı
hərflər əsasında olmalı və yazı soldan sağa doğru yazılmalı, nöqtələri
tamamilə atılmalı və hərflərin şəkilləri
latın əlifbasından seçilməli və səsli hərflər
tamamilə səssiz hərflərin yanınca
yazılmalıdır. Xülasə, sillabi
əlifbanı alfabeti əlifbaya
çevirməli. Bu fikrin
qəbulunda da İstanbul
alim və vəzirləri müvafiqət
göstərməlidilər və İstanbulda
yaşayan İran səfiri
Hüseyn xanın mənə ədavəti
də osmanlıların müvafiqət etməzliyini qüvvətləndirdi.
Xülasə, məqsədimə çatmadan
İstanbuldan qayıtdım. Lakin
Osmanlı dövlətində keçmiş
islam əlifbasını dəyişdirmək
xəyalım qəbul olunmadısa da, əlifbanı
dəyişdirmək xüsusunda mənə
təhsin fərmanilə Məcidiyyə nişanı
bağışladılar. İstanbulda ikən
Mirzə Hüseyn xandan
bir çox
acılıqlar gördüm ki, onların hamısını burada zikr etmək
başağrısı olar. Bu adam keçmişdə
öz dövlətinin Tiflis
konsulu idi. Mənə
ürəyində şiddətli ədavəti varmış. Lakin mən onun ədavətindən
xəbərsiz olub, onu
öz dostum sanıb
evində mənzil etdim. Axırda ədavəti
meydana çıxdı və bütün Osmanlı vəzirləri
yanında məni islam din
və dövlətinin bədxahı nişan
verdi. Məlum olduğu üzrə mənə ədavətinin
səbəbi mənim pyeslərimin iranlıların çirkin əxlaq və adətlərini drama fənninin şərtləri üzrə
həcv etməyim imiş. Bu
adam drama fənnini və
onun şərtlərini
anlamadığından, dünya elmlərindən
büsbütün bəhrəsiz olduğundan və
hiyləgərlik, bəxillik, hirs və təməhdən
başqa qabiliyyəti
olmadığından, bu hərəkətin
mənim iranlılara qarşı kin bəslədiyimi
zənn edib. Onun ədavəti
anlaşıldıqdan sonra evini tərk edib başqa yerdə mənzil tutdum".
Mirzə Fətəlinin
əlifba yeniliyinə qarşı çıxanlar...
Mənbələr
qeyd edir ki, İstanbuldan
qayıtdıqdan sonra M.F.Axundov
yenə əlifba haqqında ikinci bir layihə tərtib edərək Tehrana göndərir: "Bu
layihədə fanatik İran
ruhanilərindən ehtiyat etdiyi
üçün hərflərin şəklini
sağdan sola doğru göstərir. Lakin
başda Nəsrəddin şah
özü olmaq
üzrə irticapərəst İran
hökuməti onun bu
xüsusdakı fikirlərinə qətiyyən etina etməyib. Bundan başqa, əlifba məsələsi ətrafında
üçüncü bir
layihə yazaraq Türkiyə sədrəzəmi
Ali paşaya göndərir.
Həmin layihədə Türkiyə alimlərindən Suavinin islam əlifbasının
dəyişdirilməsinin lüzumsuzluğu
haqqında məqaləsinə bir tənqid
yazaraq ona əlavə
edir. Lakin islam cəhalətpərəstliyinin hökm sürdüyü
ölkələrdə onun bu layihələri həyata keçirilə
bilmədi. Bundan mütəəssir olan ədib 1868-ci ildə farsca
"əlifba haqqında" mənzuməsini yazdı. Bu mənzumədə İranın və
Türkiyənin cəhalətpərəst dövlət
başçılarını şiddətli tənqid atəşinə
tutdu.
60-cı
illərdə ümumiyyətlə M.F.Axundovun
köhnə ərəb əlifbasının dəyişdirilməsi
uğrunda apardığı mübarizəsilə
əlaqədar olaraq onun
yaradıcılığında qızğın publisist fəaliyyəti dövrü
başlayır. O, bu illərdə
İranın və Türkiyənin dövlət
başçılarına, həmin ölkələrin Mirzə
Mülküm xan, Yusif xan, Əli Suavi və başqa nüfuzlu alim və
yazıçılarına yazdığı yüzlərcə
məktub və məqalələrində islam
əlifbasının savad sahəsində
törətdiyi çətinlikləri, bu əlifbanın ciddi
nöqsanlarını dərindən və ətraflı şərh
edir və yeni əlifbanın
faydalarından danışır. İstanbul
səfərindən qayıtdıqdan sonra
əlifba haqqında İran və
Osmanlı müasirlərilə apardığı
qızğın qələm mübarizəsində M.F.Axundov böyük vətənpərvər
və xeyirxah bir insan kimi canlanmaqdadır. Böyük ədibin
publisist fəaliyyəti yalnız əlifbanın
dəyişdirilməsi uğrunda
apardığı mübarizəsilə əlaqədar deyil, onun bu
sahədəki fəaliyyəti eyni zamanda cəhalətpərəstliyi ifşa edən "Kəmalüddövlə
məktubları" əsərinin nəşri və onun Yaxın Şərqdə yayılması
uğrunda apardığı mübarizəsilə
də bağlıdır. 60-cı illərdə materialist bir filosof kimi yetişən M.F.Axundov elm, incəsənət,
tarix, dramaturgiya və
s. haqqında bir
sıra ciddi elmi və
fəlsəfi əsərlərini yazıb".
Qeyd
edək ki, 1862-ci ildə o
"Rovzətüssəfayi nasiriyyə mülhəqatı"
əsərlərinin müəllifi Rzaquluxan
Hidayətinin mənzum tarix əsərinə,
1863-cü ildə İran şairi
"Şəmsüşşüara"nın qəsidəsinə
dərin məzmunlu elmi məqalələrini
yazır. Bu məqalələr onu incəsənətə, klassik
şeirə, tarixə dərindən bələd olan zəngin və ətraflı məlumata malik bir alim
kimi göstərməkdir. M.F.Axundov
həmin illərdə "Mollayi-Ruminin məsnəvisi
haqqında tənqid", "Yek kəlmə
haqqında", "Yuma cavab",
"Türkiyə ordusunun 1618-ci ildə Bağdad ətrafında vəziyyəti" və
s. siyasi, ictimai, tənqidi və fəlsəfi məqalələrini
yazır. Bu dövrdə ədibin ən böyük və ciddi əsəri
"Kəmalüddövlə məktubları"
traktatıdır. Bu əsərdə dinin və ruhaniliyin kəskin
surətdə tənqid edilməsi cəhalətin və fanatizmin hökm sürdüyü o
zamankı mühitdə M.F.Axundovun həyatı
üçün təhlükə yarada bilirdi. Mütəfəkkir
bu barədə yazırdı: "Bir neçə vaxtdan sonra islam
milləti də yeni əlifbanın və
mədəniyyətin əngəl təşkil edən islam dini ilə fanatizmin olduğunu anlayaraq bu dinin
əsasını yıxmaq, fanatizmi
qaldırmaq, Asiya xalqlarını qəflət
və nadanlıq yuxusundan oyandırmaq və
islamda protestantizmin
lazım olduğunu isbat
etmək məqsədilə "Kəmalüddövlə"ni
yazmağa başladım".
"Kəmalüddövlə
məktubları"nın təsiri...
Mənbələrin
verdiyi bilgilərə görə, "Kəmalüddövlə
məktubları" Azərbaycan, fars və
rus dillərində çapa
hazır olduqdan sonra
müəllif onun Yaxın Şərqdə
ziyalılar arasında yayılması uğrunda
çalışdı":Müəllif bu əsərin nəşrinə müvəffəq
olmadıqda onun üzünü
çıxararaq nüsxəsini əlyazmaları şəklində
ziyalılar arasında yaydı. "Kəmalüddövlə
məktubları"nın yazılması ilə əlaqədar
olaraq M.F.Axundov İranda və Hindistanda
Mirzə Yusif xan, Mirzə
Mülküm xan,
Hacı Şeyx Möhsün
xan, Cəlaləddin
Mirzə, Nayibbi-vüzara Əbdülvahab xan və başqalarının simasında özünün dost və
şagirdlərini qazandı. "Kəmalüddövlə məktubları"nın
nəşri və onun qaranlıq islam dünyasında yazılması M.F.Axundovun qarşısında əlifba məsələsindən
sonra ikinci böyük bir məqsəd kimi
dururdu. Ömrünün
son illərində o,
həmin əsərin nəşri ümidilə
yaşayırdı. Lakin bu
ümidinin də əlifba fəaliyyəti
kimi boşa
çıxdığını görən ədib
Brüsseldə ali təhsilinə davam edən oğlu Rəşidə
göndərdiyi bir məktubunda
yazmışdı: "Ələkbər ilə birlikdə
"Kəmalüddövlə"nin nəşr ediləcəyi
ümidilə yaşayırıq. Bilmirəm bu ümidim
ölümümə qədər həyata keçiriləcəkmi,
yoxsa bu da islam əlifbasının
dəyişdirilməsi haqqında olan ümidim kimi məndən
sonra sənin hər ikisini
həyata keçirəcəyinə qədər boş xəyaldan ibarət qalacaqdır?".
"Əlifba
haqqında mənzumə" əsərində mütəfəkkir
nə yazıb?
M.F.Axundov
geniş xalq kütlələrini
tez və asan bir yolla savadlandırmaq üçün köhnə ərəb əlifbasının
dəyişdirilməsi uğrunda
mübarizə aparıb, Azərbaycan dilinin
sadələşdirilməsi uğrunda
çalışıb, dramatik əsərlərini
çox sadə xalq
danışıq dilində yazıb.
M.F.Axundov da xalq ədəbiyyatına böyük
əhəmiyyət verib və ədəbi
yaradıcılığında xalq ədəbiyyatının
tükənməz xəzinəsindən istifadə edib.
Əlifba sahəsində böyük maneələrə baxmayaraq, alovlu vətənpərvər
ədib öz məsləkindən
dönmədi, ömrünün
axırına qədər bu sahədə
qələm çaldı, Osmanlı vəzirləri, İran mürtəceləri ilə qələm
mübarizəsi apardı, həmin
məsələ ilə əlaqədar olaraq
özünün məşhur
"Əlifba haqqında mənzumə" əsərini
yazdı".
Mirzə Fətəlişünasların
yazdıqlarına görə, böyük
maarifçi bu yolda mübarizə apararkən yalnız bununla özünə təsəlli verirdi ki, o,
dünyadan həsrətlə, min təəssüflə gedirsə də, onun bu yüksək arzusu xələfləri tərəfindən həyata
keçiriləcək.
Mirzə Fətəli
Axundovun böyük arzusu...
Bəli,
onun vəfatından illər sonra arzusu yerinə yetirildi. Yeni əlifba
haqqındakı ideyası ancaq Sovetlər
Birliyi dönəmində vətənpərvər
ziyalıların dəstəyi ilə həyata keçdi.
Azərbaycan dili
Azərbaycan Respublikasının dövlət dili
elan olundu, dövlətimiz
ikinci dəfə müstəqilliyini
qazandıqdan sonra isə özümüzün
əlifbamız formalaşdı. Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin təşəbbüsü və təəssübkeşliyi
ilə artıq əlifbamız mövcuddur.
Qeyd
edək ki, Azərbaycanın sabiq Prezidenti Heydər
Əliyevin 2 avqust 2001-ci ildə verdiyi Fərmanla Azərbaycan dili
və əlifbası günü təsis edildi. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2 avqust Azərbaycan dili və
əlifbası günü kimi
tarixə yazıldı. Bu da
Azərbaycan xalqının böyük oğlu, mütəfəkkiri Mirzə Fətəli
Axundovun arzularına tam
uyğundur.
Fərmanda
qeyd olunur: "Qədim
və zəngin mədəniyyətə malik
olan Azərbaycan xalqı dünya
sivilizasiyasına bir çox
dəyərli töhfələr vermişdir.
Onların ilk nümunələri
bəşər tarixinin böyük
kəşfi olan yazı vasitəsilə Qobustan və Gəmiqaya təsvirləri, həmçinin
epiqrafik abidələr şəklində
daşların yaddaşına həkk olunaraq
günümüzədək yaşamışdır. Tarixi faktlar sübut edir ki, bu qiymətli əsərləri
yaradarkən Azərbaycan xalqı müxtəlif əlifbalardan
istifadə etmişdir.
İslamın qəbuluna qədər
olan dövrün
yazıları ilə yaradılan bu qiymətli
xəzinənin böyük bir qismi məhv edilmiş, zaman
keçdikdə həmin abidələrin qələmə
alındığı yazı şəkilləri unudulmuş və ya ərəb
qrafikasına keçirilmişdir.
İslamın yayıldığı dövrlərdən isə xalqımız ərəb
əlifbasından istifadə yolu ilə min ildən artıq bir zaman ərzində tariximizin
ən yeni mərhələsinədək
zəngin mədəni irs
yaratmışdır. Ərəb əlifbası yüzillər
boyu geniş məkanda
Müsəlman Şərqi xalqlarının ümumi
yazı sistemi kimi
formalaşmışdır. Böyük
Azərbaycan ədibləri, alimləri, mütəfəkkirləri,
islam mədəniyyətinin təşəkkül
tapıb inkişaf etməsində mühüm rol oynayaraq bəşər sivilizasiyasını zənginləşdirmişlər.
Lakin əsrlərlə
müxtəlif xalqların mədəni əlaqəsinə
xidmət edən ərəb qrafikasının dilimizin
səs sistemini bütün
dolğunluğu ilə əks etdirə
bilməməsi, onun quruluşu
və xarakteri haqqında tam
aydın təsəvvür yaratmaması XIX əsrin ikinci yarısından etibarən Mirzə
Fətəli Axundov başda
olmaqla dövrün
mütərəqqi maarifçi
ziyalılarını əlifba islahatı problemi
üzərində düşünməyə vadar
etmişdir. Bu, Azərbaycan xalqının həmin dövrdə
yaşadığı tarixi şəraitdən
doğan zərurət idi.
Öz qaynağını Avropadan
alan yeni dövrün maarifçilik
hərəkatı Azərbaycan mədəniyyətinin inkişaf istiqamətini müəyyənləşdirmiş
və bu da yeni mədəniyyət tipinə uyğun müasir əlifbaya
olan ehtiyacı
aktuallaşdırmışdı".
Sözügedən sənəddə
yazılır ki, XX əsrin əvvəllərində
cərəyan edən ictimai-siyasi və mədəni
proseslərin gedişatı mövcud əlifbanı
daha münasibi ilə
əvəz etmək ideyasını meydana
atmışdı: "1922-ci ildə Azərbaycan hökumətinin
qərarı əsasında yeni Əlifba
Komitəsinin yaradılması,
həmin komitəyə Azərbaycan dili üçün latın qrafikalı əlifba
tərtibinin tapşırılması yeni
qrafikaya keçilməsi yolunda
atılmış ilk ciddi
addım oldu. 1923-cü ildən etibarən
latın əsaslı əlifbaya keçmə prosesi
sürətləndirildi. 1926-cı ildə keçirilmiş
Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyələrinə
cavab olaraq 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda
kütləvi şəkildə latın qrafikalı əlifba
tətbiq edildi. Qısa bir müddət ərzində latın
qrafikasının işlədilməsi Azərbaycanda geniş kütlələr arasında
savadsızlığın ləğvi üçün
olduqca əlverişli zəmin yaratdı. Bütün bu nailiyyətlərə
baxmayaraq, həmin əlifba 1940-cı il yanvarın 1-dən kiril
yazısı əsasında tərtib edilmiş
yeni qrafikalı əlifba ilə əvəz
olundu. Yarım əsrdən
çox bir müddət
ərzində kiril qrafikası ilə Azərbaycan
elmi və mədəniyyətinin qiymətli
nümunələri yaradıldı. Lakin kiril qrafikasının dilimizin
səs quruluşuna uyğun
gəlməməsi Azərbaycan ziyalılarını bu əlifbanın təkmilləşdirilməsi
yolunda mütəmadi iş
aparmağa sövq etdi. Təcrübə göstərdi
ki, kiril
qrafikasının dilimizin səs quruluşuna uyğunlaşdırılması yolunda nə qədər cəhd göstərilsə
də, optimal variantın əldə edilməsi
mümkün deyil, bu da onun
nə vaxtsa dəyişdiriləcəyi
ehtimalını gücləndirirdi.
Müstəqilliymizin
qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi
yazı sisteminə qoşulması üçün
yeni perspektivlər açdı və
latın qrafikalı Azərbaycan əlifbasının bərpasını
zəruri etdi. Bu isə
müvafiq qanunun qəbul
olunması ilə nəticələndi".
İradə
SARIYEVA
Bakı xəbər
. -2014.- 3 dekabr.- S.11.