Böyük ədib, qüdrətli satirik, xalqın
müəllimi Cəlil
Məmmədquluzadə...
Azərbaycan
maarifçilik hərəkatının başında
duranlardan, ana dilinin, xalqın, milli ədəbiyyatın
inkişafına dayaq olan şəxsiyyətlərdən biri də
böyük Cəlil Məmmədquluzadədir. Mirzə Cəlil
kimi tarixə düşən və bütün
ömrünü xalqına bəxş edən bu qüdrətli
şəxsiyyət yazıçı, dramaturq, publisist, ictimai
xadim olaraq xatırlanır.
Qeyd
edək ki, Məmmədquluzadə Cəlil Hüseynqulu
oğlu 22 fevral 1869-cu ildə Naxçıvanda doğulub.
1932-ci il 4 yanvar tarixində isə Bakıda vəfat edib. Məzarı
Fəxri Xiyabandadır.
Bilirik
ki, böyük satirik, ədib Cəlil Məmmədquluzadə
məşhur "Molla Nəsrəddin" ədəbi məktəbinin
banisi və idea rəhbəri, kiçik hekayə ustası,
qüdrətli dramaturq və publisistdir. Cəlil Məmmədquluzadə
ilk təhsilini əvvəlcə mollaxanada, sonra isə
üçsinifli Naxçıvan şəhər məktəbində
alıb. 1887-ci ildə Qori Müəllimlər
Seminariyasını bitirib, 1887-1897-ci illərdə İrəvan
quberniyasının Uluxanlı, Naxçıvan
mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd),
Nehrəm kəndlərində müəllimlik edib. On il sinif
otağında bu xalqın balalarına dərs deyib,
bütün həyatını isə millətin maariflənməsinə,
qəflət yuxusundan oyanıb tərəqqi etməsinə həsr
edib. Müxtəlif kəndlərdə müəllim işlədiyi
illər ədibin gələcək
yaradıcılığı üçün zəngin
material verib. 1889-cu ildə yazdığı "Çay dəstgahı"
alleqorik mənzum dramı onun ilk əsərlərindəndir.
Bir sıra kiçik hekayələrini, "Kişmiş
oyunu" komediyasını və "Danabaş kəndinin əhvalatları"
(1894, 1936-cı illərdə nəşr olunub) povestini də
bu dövrdə yazıb.
Tədqiqatçılardan örnəklər...
Cəlil
Məmmədquluzadənin tədqiqatçıları
yazır ki, 15 yanvar 1890-cı ildən 1897-ci ilin iyun ayınadək
Nehrəm normal məktəbinin nəzarətçisi vəzifəsini
daşıyan böyük maarifçi bu illərdə Nehrəm
ibtidai məktəbində şagirdlərin sayını 40 nəfərə
çatdırıb. Mirzə Cəlilin səyi nəticəsində
1893-cü ildə məktəbdə qız sinfı təşkil
olunub, bacısı Səkinə Məmmədquliyeva da daxil
olmaqla, həmin sinifdə 8 nəfər azərbaycanlı
qızı təhsilə cəlb edib. İrəvan-Yelizavetpol
quberniyası Xalq Məktəbləri Direktorluğu müsəlman
qızları arasında savadı yaymaq üçün
göstərdiyi qayğıkeşliyə görə onu
yazılı təşəkkürə layiq görüb.
Bundan başqa, Mirzə Cəlil ərəb əlifbasını
sadələşdirmək və ya latın qrafikasına keçmək
üçün təşəbbüs göstərib, bu məqsədlə
Peterburqa gedərək "Novoe vremya" qəzetinin redaktoru
A.S.Suvorinlə görüşüb (1895). Mirzə Cəlil
Nehrəm məktəbində diyarşünaslıq muzeyi
yaratmağa nail olub (1896), kənd camaatının əməyini
yüngülləşdirmək məqsədilə Tiflisdən
ucqar əyalət kəndinə "Ekker" şirkətinin
istehsalı olan dəmir kətan gətirib. Həmçinin o,
qonşuluqdakı Bulqan hərbi hissəsi həkiminin köməyi
ilə "yerli iqlimi və təbiəti öyrənməyə"
səy göstərib. 1893-cü il noyabrın 22-də
Naxçıvan şəhərində
çağırılmış İrəvan quberniyası
xalq müəllimlərinin sahə qurultayında iştirak və
çıxış edib, əməli təkliflər irəli
sürüb. Pedaqoji fəaliyyətinin Nehrəm dövründə
o, Sadıq Xəlilov, Kərim bəy İsmayılov,
Tağı bəy Səfiyev, Mirzə Ələkbər
Süleymanov, Molla Məmmədqulu Qazıyev, Kərbəlayı
Cəfəralı Adıgözəlov və b. maarifçi
ziyalılarla birlikdə pedaqoji fəaliyyətini və
maarifçilik sahəsində işini davam etdirib.
1894-cü
ildə o, "Danabaş kəndinin əhvalatları" əsərini
yazıb, Naxçıvan teatr həvəskarları ilə
M.F.Axundovun "Hekayəti-Müsyo Æordan həkimi-nəbatət"
və "Dərviş Məstəli şah cadukuni-məşhur"
komediyasında baş rolda oynayıb. 1895-ci ildə Mirzə Cəlil
Nehrəm kəndində Həlimə Nağı qızı
ilə evlənir, övladı Münəvvər doğulandan
sonra (1897) qadın vəfat edir.
Xalqın vəkili - Mirzə Cəlil
1897-ci
ilin iyununda ərizəsinə əsasən Nehrəm normal məktəbinin
nəzarətçisi vəzifəsindən azad olunur. Ədib
pedaqoji işdən uzaqlaşıb, fəaliyyətini
hüquq-inzibati idarələrdə davam edir. O, 1897-1901-ci illərdə
İrəvan Qəza Polis İdarəsində tərcüməçi,
dəftərxana xidmətçisi, Naxçıvan şəhər
pristavının köməkçisi, Naxçıvanın
şəhər polismeystrinin aşağı rütbəli
köməkçisi vəzifələrini yerinə yetirir.
Lakin polis idarələrində xidmət Mirzə Cəlili
razı salmır. O, "advokat olmaq fikrinə"
düşür və "ədliyyə idarələrinə"
işə düzəlir. İrəvana köçüb,
1901-1903-cü illərdə dava vəkili işləyir. Mirzə
Cəlil hüquq elminə, bütövlükdə
hüquqşünaslığa, xüsusilə onun praktiki sahələrinə
böyük maraq göstərirdi. Azərbaycan dilini bilən
hüquqşünas-vəkillərin olmamasından məhkəmələrdə
əzab çəkən xalqın hüquqlarını qorumaq
məqsədilə Mirzə Cəlil XIX əsrin 90-cı illərində
Naxçıvanda tanınmış hüquqşünas M. Kəngərlinin
rəhbərliyi altında hüquq elminin əsaslarını
öyrənməyə başlayır və məhkəmələrdə
vəkillik fəaliyyətinə hazırlaşırdı. Məktublarının
birində Mirzə Cəlil yazırdı: "Yolumu hüquq
orqanlarına yönəltmişəm. Vəkil olmaq qərarına
gəlmişəm. Bunun üçün mülki qanunları
və başqa hüquqi ədəbiyyatı öyrənməyə
başlamışam". V.P.Litvinov - Falinskinin Azərbaycan
Elmlər Akademiyasının Əlyazmaları İnstitutunda
saxlanan "Qüvvədə olan Rusiya qanunlarına əsasən
fəhlələrin şikəst olmalarında və
ölümlərində müəssisə sahiblərinin məsuliyyəti"
kitabının səhifələrindəki qeydlərindən
məlum olur ki, Mirzə Cəlilin diqqətini torpaq mübahisələri,
özünümüdafiə məsələləri, şikəstlik
almış fəhlələrin əmək qabiliyyətini
itirmələri üçün məsuliyyət və s.
problemlər cəlb edib. O, apardığı işlərlə
bərabər, İrəvana gəlmiş görkəmli vəkillərin
çıxışlarını dinləyib və onlarla fikir
mübadiləsi aparıb. Torpaq, kəhrizlər ətrafındakı
mübahisələr üzrə onun məhkəmədə
müdafiəçi kimi çıxışlarının mətni
İrəvan dövlət arxivində saxlanır.
Bu
illərdə ikinci dəfə 1900-cu ildə dostu M. Kəngərlinin
bacısı Nazlı xanımla (əsl adı Zeynəbağa
xanımdır) evlənən Mirzə Cəlil onu da tezlikə
(1904-cü ildə) itirir.
Mirzə Cəlilin Tiflis həyatı
və
"Molla Nəsrəddin"in doğuluşu...
Bəllidir
ki, Mirzə Cəlil XX əsrin əvvəllərində Tiflisə
gedib və 1903-cü ildən Tiflisdə nəşr edilən
"Şərqi-Rus" qəzeti redaksiyasında işləyib.
C.Məmmədquluzadənin yazıçı və jurnalist
kimi püxtələşməsində "Şərqi-Rus"
qəzeti və onun redaktoru Məmmədağa
Şahtaxtlının mühüm rolu olub. "Poçt
qutusu" adlı ilk mətbu əsəri, "Kişmiş
oyunu", Lev Tolstoydan tərcümə etdiyi "Zəhmət,
ölüm və naxoşluq" hekayələri ilk dəfə
bu qəzetdə dərc edilib.
Mirzə
Cəlilin tədqiqatçıları qeyd edir ki, 1906-cı il
aprelin 7-də (20-də) "Molla Nəsrəddin"
jurnalının ilk sayı nəşr edilib. Æurnalın
nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də
türk-müsəlman dünyasında ilk dəfə satirik
jurnalistikanın əsasını qoydu. Həmin vaxtdan o, Molla
Nəsrəddin adı ilə tanındı. Mirzə Ələkbər
Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy
Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə,
Əli Nəzmi, Əliqulu Qəmküsar kimi
yazıçı və jurnalistlərlə möhkəm
ideya-yaradıcılıq əlaqəsi yarandı. C.Məmmədquluzadənin
təbliğ etdiyi dərin demokratizm və azadlıq
ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq
aləmdə böyük nüfuz qazandırdı. Çar
hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə
cəlb edir, "Qeyrət" mətbəəsində
axtarışlar aparır, bəzən də "Molla Nəsrəddin"in
nəşrini dayandırırdı."Molla Nəsrəddin"
jurnalı yazıçının M.Ə.Sabirlə
ayrılmaz dost olmasında da böyük rol oynayıb.
1920-ci
ilin iyun ayında C.Məmmədquluzadə ailəsi ilə
birlikdə Təbrizə köçüb, 1921-ci ildə orada
"Molla Nəsrəddin"in 8 nömrəsini çap edib.
Onu da qeyd
edək ki, C.Məmmədquluzadənin əsərləri bir
sıra dillərə tərcümə edilib. Azərbaycan
Respublikasında bir sıra küçə və mədəni-maarif
müəssisəsi-Naxçıvan Dövlət Musiqili Dram
Teatrı, Naxçıvan Muxtar Respublikası Dövlət
Ədəbiyyat Muzeyi Cəlil Məmmədquluzadənin
adını daşıyır. Keçmiş Astraxan rayonu və
şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad,
vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi isə
Cəlilkənd adlandırılıb. Naxçıvanda və
Cəlilabadda heykəli qoyulub. Bakıda və
Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd
kəndlərində xatirə muzeyləri açılıb.
Anadan olmasının 100 və 125 illik yubileyləri geniş
qeyd olunub. Məlum olduğu kimi, son illərdə akademik
İsa Həbibbəyli ədibin müxtəlif ölkələrdə-Fransa,
Polşa və İranda yaşayan nəvə-nəticələri
ilə əlaqə yaradıb.
Böyük ədibin dövri
mətbuatda
ilk məqalələri və
yazıları...
Mirzə
Cəlilin tədqiqatçılarının
yazdığına görə, 1902 ildən ədib İrəvanda
publisist fəaliyyətinə başlayır. "Kaspi" qəzetində
"İrəvan" və "İrəvan müxbirimizdən"
başlığı altında ilk yazılarını dərc
etdirir. 1903-cü ildə xəstə arvadını Tiflisə
aparan Mirzə burada Məmmədağa Şahtaxtlı ilə
görüşür. "Poçt qutusu" hekayəsini
oxuyan alim-jurnalist ona "Şərqi-Rus" qəzetində əməkdaşlıq
etməyi təklif edir. "Şərqi-Rus" (1903-1905) qəzetinin
əməkdaşı, sonra müvəqqəti redaktor olur.
Burada ədibin "Poçt qutusu", "Kişmiş
oyunu" hekayələri, "Zəhmət, ölüm və
naxoşluq", "Arvad" adlı tərcümələri
və bir sıra məqalələri ("Getdi cahandan həzrəti
Sidqi", "Ədəbiyyat") dərc olunur. Qəzet
bağlanandan sonra Mirzə Cəlil onun mətbəəsini
Ömər Faiqin və tacir M.Ə.Bağırzadənin maddi
vəsaiti ilə alıb, 1905-ci ildə "Qeyrət" mətbəə-nəşriyyatını
yaradır.
"Molla Nəsrəddin"in
səhifələrindən saçılan işıq...
Tədqiqatçılar qeyd edir ki, 1905-1906-cı illərdən
etibarən Mirzə naşirlik fəaliyyəti ilə bərabər,
xalq hərəkatına qoşulur. Müsəlman cəmiyyəti xeyriyyəsinin
işində fəal iştirak edir, şifahi təbliğatla
da məşğul olur. "Kaspi" qəzeti 28 mart 1907-ci il
sayında onun bir tribun yazıçı olduğunu qeyd edib
göstərir ki, Mirzə martın 23-də Tiflis şəhərində
xalq universitetində 500 nəfərə qədər dinləyici
qarşısında məruzə edib. Mövzu "İngiltərədə
xalq universitetinin işi" idi. Ədib öz məruzəsində,
ümumiyyətlə, belə universitetlərin yaranma tarixi,
onların apardığı təlim-tərbiyə işlərinin
məqsəd və vəzifələri haqqında
danışıb. Sonra o, bu ölkədə təlimin dini
xarakter daşıdığını və bunun xalqa
faydası olmadığını xüsusi qeyd edib. Qəzet
yazır ki, məruzə diqqət və hərarətlə
qarşılanır.
Mirzənin
müxtəlif münasibətlərlə Azərbaycanın
ayrı-ayrı şəhərlərində, Orta Asiya və Həştərxanda
belə çıxışlar etdiyinə dair məlumatlar
var. Cənubi Azərbaycan ziyalısı Ə. Şəbüstəri
xatirələrində Mirzənin 1920-ci ildə Təbrizin Mir
Fəttab küçəsindəki klubda dəfələrlə
məruzə və nitqlər etdiyini yazıb. İnqilabi hərəkatın,
demokratik ideologiyanın təsirilə bir müddət "Həyat",
"Kaspi", "Kavkazskiy raboçiy listok",
"Vozrojdenie" kimi orqanlarda iştirak edən,
"Poçt qutusu", "Usta Zeynal", "İranda
hürriyyət" və s. hekayələrini kitab halında
nəşr edən Mirzə Cəlil dostu Ömər Faiqlə
birlikdə ilk Azərbaycan satira jurnalı "Molla Nəsrəddin"in
bünövrəsini qoyur. Qələm dostları ilə
birlikdə (onların adlarını yuxarıda qeyd
etmişik-İ.S) milli ədəbiyyat və jurnalistikada
mübariz mollanəsrəddinçilər cərəyanını,
ədəbiyyatda tənqidi realnı məktəbini
yaradırlar. "Molla Nəsrəddin" ilk gündən
geniş əhali kütləsi arasında qeyri-adi şöhrət
qazandı. O, müxtəlif təbəqələrin diqqətini
özünə cəlb etdi. Redaksiya çoxlu təbrik,
razılıq məktub və teleqramı alırdı. Lakin
eyni zamanda mühafizəkar, qaragüruhçu şəxslərdən
təhqir yazılan da gəlirdi, hətta Mirzəni
öldürmək üçün Tiflisə adam da göndərilib.
Qətl baş tutmur, ədib isə bundan sonra silah gəzdirməyə
məcbur olur.
"Mozalan bəyin səyahətnaməsi"
necə yaranıb?
Mollanəsrəddinçilər jurnalın təsir
gücünü artırmaq və oxunaqlı etmək
üçün yeni-yeni mövzular, süjetlər, bədii
formalar, satirik üsullar tapmaq üçün daim
axtarışlar edirdilər. Bu işdə əsas müəlliflər
məsləhətləşməyə, müzakirəyə
xüsusi fikir verirdilər. Ə.Haqverdiyev yazır ki, bir dəfə
cəm olub məsləhətləşirdik. Mirzə Cəlil
üzünü bizə tutub dedi: "Gəlin biz Mozalanı gəzdirək,
ancaq səyahətnaməsini öz aramızda
bölüşdürək. Hər kəs onu görüb
bildiyi yerə aparıb səyahət etdirsin. Oxuyanlar güman
etsinlər ki, həqiqətən bu adam gəlib bu yerləri
görüb bu felyetonları yazıb". Æurnalda çap olunan "Mozalan bəyin səyahətnaməsi"
seriyası belə yarandı. Müəllifləri
Ə.Haqverdiyev, Q.Şərifzadə, S.Mümtaz və b. idi.
Buna
görə Mirzə Cəlil yazırdı: "Molla Nəsrəddin"
tək bir nəfər müəllifin əsəri deyil,
"Molla Nəsrəddin" bir neçə mənim əziz
yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir
ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam
("Kommunist" qəzeti, 1924, 14 mart, 60-cı nömrə).
Mirzə
Cəlil XX əsrin, inqilablar dövrünün Molla Nəsrəddini
idi. Milli azadlıq hərəkatına xidmət etmək onun məramnaməsinin
əsas maddəsi idi. O, sənətkar təbiətində
doğma xalqına məxsus ən yaxşı milli xüsusiyyətləri
- azadlığı, tərəqqiyə olan sonsuz məhəbbəti,
həqiqətpərəstlik hissini, köhnəlik, irtica,
zülmət və cəhalətə alovlu nifrəti, ictimai
varlığa tənqidi, döyüşkən münasibəti
toplayıb.
"Molla Nəsrəddin"in
təkcə ideya istiqaməti, realist ədəbi
yolu deyil, eyni zamanda satirik
üslubu, şəkilli
gülgü jurnalı
olması da ilk növbədə dövrlə,
real varlıqla şərtlənmişdi. Ədib
"Xatiratım"da deyirdi:
"Şərqin qaranlığını
təsəvvür edəndə
insana elə bir təəccüb, heyrət üz verir ki, axırda
əcayib bir şeyə gülən kimi, burada da
insana bir mayeyi-gülünc və məzhəkə üz verir. Və belə gülünc bir zamanda, belə
qulibiyabani bir insanların tarixini yazmaq üçün, əhval və ətvarını təsvir
etmək üçün
məgər "Molla
Nəsrəddin"in yaranmağı
təbii deyil?".
Gülüşə ehtiyacın artdığı
belə bir şəraitin məhsulu olmaq etibarilə "Molla Nəsrəddin" Azərbaycan ədəbiyyatında
böyük keçmişi,
gözəl ənənələri
olan satiranı yenidən oyadıb tüğyanə gətirirdi. Mirzə
Cəlil istismar dünyasının yaralarını
açıb tökən,
istismarçıların maskasın
yırtıb parçalayan
bir hakim, "müsəlman
qardaşlar"ın yaralarını
təyin və "təşxis" etmək
və bərabər müalicəyə çalışan
bir həkim, yəni tənqid, məzəmmət, ifşa
ilə yanaşı, məsləhət verən,
yol göstərən
bir el ağsaqqalı idi.
Mirzə ümumən xalqın ictimai-bədii təfəkküründəki
mübariz gülüşü
və ədəbiyyatdakı
tənqidi keyfiyyətləri
öz jurnalı vasitəsilə ustalıqla
təşkil edərək,
onlara inqilabi-demokratik məzmun aşıladı. Mirzə
Cəlil 1905-ci il inqilabının cəmiyyətdə həlledici
mərhələ yaratdığını
nəzərə alıb,
jurnalın işini bu tarixi şəraitdən
doğan vəzifələr
əsasında qurmağa
başladı. Dövrün
başlıca problemləri
- Rusiyadakı birinci xalq inqilabının tarixi əhəmiyyətinin
təbliği, ölkədəki
siyasi və məfkurəvi irticanın
ifşası, yeni inqilabi yüksəliş illərində, Birinci Dünya Müharibəsi zamanı mürtəce ideoloji axınlara qarşı mübarizə;
burjua millətçiliyi
və dini təəssübkeşliyin tənqidi,
ana dilinin təmizliyi, müstəqilliyi,
milli ədəbiyyatın
dirçəlişi uğrunda
mübarizə Mirzə
Cəlil publisistikasının
başlıca problemi oldu.
Ardı var...
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının
Prezidenti Yanında Kütləvi İnformasiya
Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
olunur.
Bakı xəbər.-
2014.- 4 dekabr.- S.11.