Böyük vətəndaş, Qarabağ təəssübkeşi Mirzə Cəlil...

 

(Əvvəli ötən sayımızda)

 

Mənbələr yazır ki, Mirzə Cəlil xalq inqilabının tarixi əhəmiyyətini göstərməyə və ideyalarının təbliğinə xüsusi fikir verirdi. Bununla əlaqədar o, "Allaha ibadət və böyüklərə itaət" əleyhinə, yəni çarizm və yerli zülmkarlar, habelə onların söykəndikləri mətbuat və dini ideologiya əleyhinə mübarizəni özünün baş vəzifəsi sayırdı.

Qeyd edilənə görə, Mirzə Cəlil Rusiyada və Şərq ölkələrində hökm sürən istibdad üsulunu tənqid edir, məzlum xalqların milli azadlıq hərəkatından danışırdı":O, müxtəlif publisistik üsullarla göstərirdi ki, "İran, Rusiya və Osmanlı hökumətlərinin ovzası" istibdaddır, "Tüqəra qürəbaya" zülm etməkdir. Rusiyada çarizm inqilabçı fəhlələri "kazaklar vasitəsilə ram etməyə" çalışır, lakin bu, xalqın coşub-daşan mübarizə əzmini qırmaqda, "hürriyyət və hüquq davasını" yatırmaqda acizdir. 1910-cu illərdən etibarən Cəlil Məmmədquluzadə publisistikasında milli-azadlıq ideyaları qüvvətlənib, 1917-ci ildə yüksək ifadəsini tapır.

Bütün dövlət aparatının gündə bir yerdən yırtılan "çürük şalvar" halı aldığını, onun özünün və "qanunları"nın bilmərrə kənara atılmalı olduğunu göstərən ədib yazırdı ki, cəmiyyətdə əsaslı dəyişikliklər aparılması zəruridir: "...neçə yüz il bundan irəli ingilisdə baş verən "məşrutə" Avropa məmləkətlərini dolana-dolana indi gəlib düşüb biz müsəlmanların içinə... İstəyirik biz də buna sahib olaq".

Məşrutə üsulu ilə idarə olunan "məmləkət" haqqında kiçik bir epizod verən Mirzə Cəlil guya sözgəlişi işlətdiyi "azad məmləkət" ifadəsi ilə özünün başlıca idealını daha da qabarıqlaşdırırdı. Ədib dönə-dönə deyirdi ki, vətən qardaşlarımıza "düşmənlərini tanıtmaq" və onları bu düşmənlərlə mübarizəyə hazırlamaq bizim borcumuzdur. Ədibin fikrincə, bəla bundadır ki, "müsəlman qardaşlar"ın böyük bir hissəsi dost-düşmənini tanımaqda çətinlik çəkir, cəmiyyətdə qarşılaşdıqları bütün yaramazlıqları, bütün məhrumiyyət və bəlaları ya "təqdiri-xuda", ya Allahın qəzəbi, ya da "şeytanın işi" kimi başa düşürlər. Mirzə Cəlil çox doğru olaraq ziyalıların, burjua-millətçi ideologiyanın, mətbuatın həmçinin bu məsələdə tutduqları xətti-hərəkət üzərində xüsusi dayanır: bir yandan vaizlərimiz minbərə çıxıb əvvəl xanlarımıza, qolu çomaqlılarımıza və qoçularımıza rəhmət oxuyub axırda deyirlər: "Allah şeytana lənət eləsin!", o biri yandan da "hər bir müsəlman qəzetini alırsan əlinə görürsən ki, yazılıb: "Maşallah, filan milyonçu, maşallah, filan millətpərəst, maşallah, filan xan, filan bəy, filan hacı, filan kərtənkələ...". Amma heç kəs yazmır ki, bir yandan minlərcə müsəlman acından ağlaşır və bir yandan da min-min manatlar xərclənir qonaqlıqlara, şöhrət ehsanlarına, qara neftə, püstə-badama, barişna və madama, sözü bir dəfə deyərlər adama". Mirzə Cəlil sinfi ziddiyyətləri yatırmaq və sinfi sülh yaratmaq istəyənlərin canfəşanlğını tənqid edərək göstərirdi ki, hər hansı zalım müsəlman da olsa, ondan xalqa imdad yoxdur, biz onu "özümüzünkü" saya bilmərik. 1906-cı ilin yayında Mirzə jurnalda yazırdı ki, İran şahzadəsi Bəhmən Mirzə Şuşa qalasında öləndən sonra oğlanları bir-bir Rusiyaya köçüb, təkcə şahzadə Seyfulla qalmışdı ki, bir az əvvəl o da Vladiqafqaza getdi. Şahzadə "Tiflisskiy listok" qəzetində lovğalıqla yazır ki, artıq Şuşada elə bir ləzzət yoxdur ki, adam orada qalsın. İndi Şuşa guya ən ürək sıxan yerdir. Bu sözlər Şuşanın özünə, təbiətinə, əhalisinə çox yaxşı bələd olan Mirzə Cəlilin ürəyinə güllə təki dəymişdi. O, "Molla Nəsrəddin"də "Vətən məhəbbəti" başlığı ilə yazırdı ki, gürcü milləti çar hökuməti qarşısında məsələ qaldırıb ki, "biz istəmirik ruhani rəisimizi Rusiya hökuməti təyin eləsin" (o vaxt bu barədə imperator özü fərman imzalayırdı - müəllif). Ədib istehza ilə deyirdi ki, "vaqeən gürcü milləti çox sırtıq millətdir", padşahla razılaşmır, əslində, bu "sırtıqlıq" məziyyətdir, gözəl sifətdir. Bu öz milli qürurunu, heysiyyətini qorumaq deməkdir, vətən məhəbbətinin əla təzahürlərindən biridir".

 

 

Həmidə xanım Cavanşirlə görüş...

 

 

Mirzə Cəlilşünaslar yazır ki, jurnalın səhifələrində Şuşa haqqında, Qafqaz şeyxülislamının müsəlman məktəblərinə rəğbətinin artması, çadra, "Hicab" (qadınların örtünmələri), ana dilinin təmizliyi və başqa bu kimi mövzularda yazıları oxuyan Həmidə xanım ona valeh olmuşdu. Atası Əhməd bəy Cavanşirin ölümündən sonra onun əlyazmalarını nəşr etdirmək istəyən Həmidə xanım Tiflisə, rəfiqəsi Sofya xanım Şahtaxtinskayanın yanına gəlir. Onunla bu barədə danışmaq üçün S.Şahtaxtinskaya Mirzə Cəlili Ömər Faiqlə birlikdə evinə dəvət edir: "Bu onların ilk tanışlığı idi. İşgüzar söhbətlə nəşr haqqında razılığa gəlirlər. Həmidə xanım əsərləri Mirzəyə verir. Sonradan bu tanışlıq daha da möhkəmlənir və 1907-ci il iyunun 15-də Həmidə xanım Mirzə Cəlilə ərə gedir. Bu dövrdə ədib Tiflisin ictimai-mədəni həyatında da mümkün qədər fəal iştirak edirdi. "3akavkazye" qəzeti 1907 ilin aprelində yazırdı ki, şəhərimizin Zubalov adına klubunda xalq konserti zamanı "məşhur jurnalist Cəlil Məmmədquluzadənin səhnədə görünməsi müsəlmanlar arasında xüsusi bir şadlıq və şənlik yaratdı. O, gurultulu alqışlar altında müsəlman dilində Şərq əfsanəsini oxudu. Sonra mühazirəçi dinləyiciləri rus dilində əfsanənin məzmunu ilə tanış etdi. Mühazirəçini sürəkli alqışlarla qarşıladılar".

Qeyd edək ki, Kəhrizli kəndində təsərrüfata rəhbərlik lazım gəldiyi üçün Mirzə Cəlil vaxtaşırı Həmidə xanımla kənddə qalmalı olurdu. Mirzə bu barədə yazırdı: "Mən ancaq burada, təbiətin bu sakit guşəsində özümü xoşbəxt hiss edirəm. Bu yerlərin gözəl baharı yorğun əsəblərimi sakitləşdirib fikirlərimə qol-qanad verir. Mən jurnalın qarşısında öz borcumu yerinə yetirdikdən sonra ömrümün son illərini bu sakit guşədə keçirmək istərdim".

 

 

Mirzə Cəlil Qarabağı çox sevirdi...

 

 

Mirzə Cəlili Qarabağa bağlayan səbəblərdən biri təbiətin gözəllikləri qoynunda valehedici tərzdə axıb ətrafa sərinlik yayan çay idi. Belə sularda üzə-üzə çimməyi çox xoşlayan ədib bir dəfə çayın coşğun vaxtında az qala batacaqdı. Onu qarabağlı tanış cavanlardan olan Qəhrəman Şirinbəyov xilas edib. Ailə-məişət qayğıları ilə bağlı olaraq Mirzə bu illərdə tez-tez Kəhrizlidə qalır, 1910-cu ilin ortalarında dostu M.T.Sidqinin oğlu M.Ə.Sidqiyə məktub göndərərək oradan Tiflisə gəlib "Molla Nəsrəddin"in "müdiri-məhsulluğunu" öhdəsinə götürməyi və redaksiyanı idarə etməyi xahiş edir. O, 1910-cu ilin 13 noyabrından 1911-ci ilin 19 martına qədər jurnalda redaktor köməkçisi işləyir. Mirzə Qarabağdan jurnala yazılar, məsləhətlər, mövzular, rəsmlər, pul göndərirdi. "Molla Nəsrəddin"in vəziyyəti isə çox ağır və mürəkkəb idi, ona münasibət də, onun özünün adamlara, hadisələrə, məsələlərə münasibəti də bundan çox fərqlənmirdi. Ümumiyyətlə, ailəsinə, maddi qayğılara, jurnalın materiallarının hazırlanmasına çox vaxt, böyük əmək sərf edən ədib yaradıcılığa da, jurnalın düşmənlərinə layiqincə cavab verməyə də xüsusi diqqət yetirirdi. M.F.Axundov, M.Ə.Sabir, M.Ə.Möcüz, Z.Marağayi və b. realist satiriklər kimi, Mirzə üçün də sənətdə nəsihətçilikdən daha artıq canlı, həyati, mübariz, ifşaçı üslub səciyyəvi idi.

 

 

"Molla Nəsrəddin"ə edilən hücumlar...

 

 

Tədqiqatçılar qeyd edir ki, jurnalı hörmətdən salmaq, hətta bağlatdırmaq üçün çalışanlar çox idi: çar hakim dairələri, Qafqaz canişinliyi, İran və Türkiyə mühafizəkarları, "Molla Nəsrəddin"in tənqid etdiyi ruhanilər, xanlar, bəylər və b. A.Şaiq yazır ki, Mirzə Səməndər Mirzə haqqında həcvini Bakı dövlətliləri arasında yayıb, onlardan "bəxşiş" pul qoparırdı. Təbriz irticaçıları "Molla Nəsrəddin"ə "cavab" vermək üçün 1908-ci ilin martında Səd Sultanın redaktorluğu ilə hətta "Molla" adlı rəsmli satirik jurnal çıxarmağa başlayıblar. Bir ay sonra yenə Təbrizdə cəmisi 10 nömrəsi çıxmış "Həşəratül-ərz" jurnalı buraxılıb.

Qafqaz general-qubernatoru və qeyri vəzifə sahibləri "Molla Nəsrəddin" barədə məhkəmə işi qaldırıb. Æurnalın bir sıra nömrələrinin mətni ruscaya çevrilib "xəbərdarlıq", "ayıq olmaq" məsləhəti ilə hakim dairələrə göndərilirdi.

Əlbəttə, mollanəsrəddinçilərin dostları, xeyirxahları belələrindən qat-qat çox idi. Onların arasında ədibə hətta Kəhrizlidə də günlərlə qonaq olan S.Ağamalıoğlu, Ü.Hacıbəyov və b. vardı. Dostları ədibin siyasi və mədəni maraq dairəsi ilə tanışlıqdan valeh olur, yeni mövzularını bəyənirdilər. Məsələn, Dövlət Dumasının iclasına yola düşən deputatlara müraciətlə yazdığı felyetonda ədib deyirdi ki, "Sizədir bizim ümidimiz, ey millət vəkilləri... Gediniz, Allah sizə yaxşı yol versin. Amma bunu hər dəqiqə yadınızda saxlayın ki, sizin boynunuzda ağır təkliflər var ki, onları əmələ gətirməyi millətimiz sizdən tələb edəcək... Tələb ediniz ki, Rusiya hökumətinin yolunda canidillə xidmət edən müsəlmanlara layiqincə vəzifə və ənam verilsin və bununla belə, Rusiyanın müstəbid idarəsinin tərəfdarı olmayan müsəlmanlar Saxalin cəzirəsinə göndərilsinlər". Dərin istehzalı, əks mənalı bu "məsləhət" və "xahiş"də, şübhəsiz ki, çarizmin müsəlmanlara qarşı siyasətinə, zülmünə qarşı çox kəsərli etiraz var idi.

Tədqiqatçıların yazdığına görə, məşhur "Ölülər" pyesi üzərində işləməyə də ədib "bu sakit guşədə" başlayıb. İlk çağlar yazı işi yaxşı gedirdi: "Amma kənddəki ixtilaflar, yerli qaragüruhun Kəhrizli kəndi və Həmidə xanım ətrafında törətdiyi narazı əhval-ruhiyyə, qardaşı Ələkbərin Təbrizdə həbs olunması və b. səbəblər ədibin vəziyyətini ağırlaşdırırdı. Vəziyyəti normal hala salmaq, xüsusilə qardaşına qahmar çıxmaq üçün ona pul da lazım idi. Mirzə dostu Q.Şərifzadəyə, Məhəmməd Tağı Sidqinin oğlu Məmmədəliyə müraciət edir. O da, birincisi, Mirzənin veksellə bankdan borc almasına, ikincisi, redaksiyanın işlərində kömək edir.

Məmmədəli Sidqi (Səfərov) Bakıya gedəndən sonra jurnalın işləri gündən-günə xarablaşırdı. Mirzə hərdən Tiflisə gəlib jurnala bilavasitə rəhbərlik etsə də, Kəhrizlidəki işlər onu kəndə qayıtmağa vadar edirdi. O, 1912-ci il martın 7-də Bakıya Məmmədəli Sidqiyə yenidən məktub yazaraq, ondan jurnal üçün məqalələr istəyir, onu jurnalı dolandırmaq üçün Tiflisə çağırırdı. Bir gün sonra, martın 8-də Mirzə Tiflis qubernatoruna ərizəsində "Molla Nəsrəddin"in şəkillərini Bıxov litoqrafiyasında çap etdirməyə icazə istəyir, ona icazə verilir ki, jurnalı bu litoqrafiyada (Qubernskiy küç. 34) və Muxranskiy küçəsindəki Kiladze mətbəəsində çap etdirsin. Lakin 9-cu nömrəsindən (8 mart 1912) sonra jurnal çıxmır. Doqquz aylıq fasilə zamanı Bakı, Naxçıvan, Baxçasaray, Tiflis, Daşkənd və b. şəhərlərin mətbuatı "Molla Nəsrəddin"in dayanması və nə zaman çıxacağı barədə cürbəcür ehtimal, şayiə və s. çap edir. 1913-cü il yanvarın 13-də çıxan birinci nömrədə "İdarədən" qeydində deyilir: "Gələcəkdə hökumətdən izn hasil olandan sonra məcmuəmiz irəliki baş mühərririmizdən savayı dəxi qələm yoldaşımız Əliqulu Nəcəfov imzası ilə çıxacaq". Fevralın 20-də çıxan 6-cı nömrə "müdir və baş mühərrirlər Cəlil Məmmədquluzadə, Əliqulu Nəcəfov" tərəfindən imzalanır. Həmidə xanım yazır ki, aprelin axırında jandarm Mirzə Cəlilin Tiflisdəki evini axtarıb, bəzi kağızları müsadirə etmişdi. Redaksiyanın qayğıları yenə başdan aşırdı. 15 mart sayında bir cücənin xoruza ərizə verdiyi və canavarlar tərəfindən əhatə edildiyi təsvir olunan şəklin, 30 dekabr sayında birinci səhifədəki şəklin üzərinə qara rəng çəkilib pozulmuşdu. M.Ə.Sabirin xəstəliyi davam edib şiddətlənirdi. Ömər Faiq xəstələnib həkimlərin məsləhətilə Tiflisi tərk etmişdi. "İşıq" jurnalının naşiri M. Əlibəyov "Molla Nəsrəddin" haqqında qərəzli yazı və şəkil verirdi. Həmidə xanımın oğlu Ənvərin vaxtından qabaq, iki cərrahiyyə əməliyyatı ilə dünyaya gəlməsi ailənin qayğılarını artırmışdı. Məhkəmə Ələkbər Məmmədquluzadəyə il yarım həbs cəzası verir, Mirzə onu müvəqqəti Kəhrizliyə gətirir...

Ardı var...

 

 

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.