Binəqədi rayonunun sosial-iqtisadi
inkişafı: real vəziyyət və perspektivlər
Hər şey ondan başladı - «Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından. 4 may 2011-ci il tarixdə imzalanmış və qüvvəyə minmiş bu Sərəncam istər Bakıda, istərsə də onun qəsəbələrində genişmiqyaslı tikinti və abadlıq-quruculuq işlərinin start götürməsinə rəvac verdi.
Bununla da bu vaxta qədər sanki illərlə
problemləri bir-birinin üzərinə
qalaqlanmış rayonlarda həyat qaynamağa başladı. Bu
işlər o qədər sürətlə
görülməyə başladı ki,
sakinlər bəzi hallarda gözlərinə
inana bilmir. Çünki bu gün keçdiyi
küçədən 2 gün sonra keçəndə
tam fərqli mənzərə ilə
qarşılaşır, «Buranı nə vaxt
sökdülər», «Bu nə zaman tikildi» kimi heyrət qarışıq maraqla
sual edirlər. Bakı isə rayonları
ilə bir yerdə günbəgün
simasını dəyişir, istər sakinləri, istərsə
də şəhərimizə gələn qonaqları sözün yaxşı mənasında təəccübləndirməkdə
davam edir...
Hər gün yenilənən, insanları günbəgün
dəyişən siması ilə heyrətləndirən rayonlardan biri də
Bakının Binəqədi rayonudur. Yəqin çoxları mənimlə
razılaşar ki, paytaxtın ən böyük inzibati ərazilərindən
olan bu rayon
vaxtilə problemlərinin çoxluğu
səbəbindən digər rayonlardan daha «öndə» idi və
adama elə gəlirdi ki,
nə qədər masştablı işlər aparılsa da, onun problemləri bitməyəcək.
Hara baxırdınsa narazı insanlar, əsəbi mühit
görürdün. Kommunal
xidmət sahəsindəki yarıtmazlıqların nəticəsi
olaraq təkcə qaz,
işıq, su idarələrinin deyil, Rayon İcra
Hakimiyyətinin binasının qarşısı da bu üzdən hər gün qələbəlik olurdu.
Bununla icra
orqanlarının iş ritmi
də pozulur, insanların əsəbləri
tarıma çəkilirdi ki, son illər ərzində bu
mənzərədən əsər-əlamət qalmayıb.
Bunları yazmaqla demək istəmirəm
Binəqədidə bütün problemlərə
son qoyulub, bu heç mümkün
də deyil. Çünki
insan olan yerdə problemin olması qanunauyğunluqdur
və problemin tükəndiyi yer insanın da tükəndiyi
yerdir. Sadəcə onu
demək istəyirəm ki, insan övladı hər şeyə qadirdir və niyyət olarsa,
ağlasığmaz uğurlara imza ata bilər.
Bu rayondakı inkişafı görmək üçün onu cəmi
2-3 il öncəki halı ilə
müqayisə etmək yetərlidir. Yəqin rayonun
dəyərli sakinləri də mənimlə razılaşar ki, bu qısa müddət
ərzində görülən işlərin miqyası həmin
zaman kəsiyinə adekvat
deyil. Buradakı inkişafın daha bir göstəricisi isə
rayon rəhbərliyinin media
ilə əlaqələrə ciddi önəm
verməsidir. Belə ki,
artıq son illərdə Binəqədi Rayon İcra Hakimiyyətinin
il boyu bir
neçə dəfə rayonun real mənzərəsi və inkişaf
perspektivləri ilə bağlı jurnalistlər üçün yazı müsabiqəsi
keçirməsi artıq ənənə halını
alıb. Təbii ki, bu da rayonda
intensiv abadlıq-quruculuq fəaliyyəti
nəticəsində əldə olunan
uğurların real göstəricisi
sayıla bilər, çünki işin görülmədiyi, problemlərin
üst-üstə qalaqlanaraq ildən-ilə
daşındığı məkan jurnalistlərin qələminə
tuş gəlməyi heç
istəməz. Belə hallarda əlaqədar
qurum rəhbərləri və cavabdeh şəxslərin KİV-dən necə
qaçdığını biz jurnalistlərdən
yaxşı kimsə bilə bilməz. Sözügedən
ənənə həm də rayon rəhbərliyinin
respublika ictimaiyyəti
qarşısında periodik hesabatı kimi səciyyələndirilə bilər, çünki bu müsabiqələr
nəticəsində onlarla mətbu orqanda rayonda görülən
işlər və perspektiv barədə
yazılar çap olunur
ki, bu da
ictimaiyyətdə buradakı fəaliyyətin real
mənzərəsi barədə rəy yaradır.
Bu rayonda qürur duyulası fəaliyyət isə yetərincədir.
Elə götürək burada
inşa olunan və
artıq son tamamlanma
işləri görülən Qafqazın ən böyük məscidinin tikilişini.
Şərqlə Qərbin qovşağında yerləşən
respublikamız Avrointeqrasiya və Qərb
standartlarına uyğunlaşmağı özünün
əsas strateji istiqamətlərindən biri kimi müəyyən
etsə də, Şərqin dəyərlərini
yaşatdığını hər zaman əməli
şəkildə göstərib. Bunun daha bir göstəricisi olan sözügedən məscidin Binəqədi
rayonunda inşa
olunmasının isə rayonun bütün müsəlman dünyasında
tanınmasına və məşhurlaşmasına gətirəcəyi
şəksizdir.
İlk Avropa Oyunlarına ev
sahibliyi edəcək Bakının hər
yerində olduğu kimi,
Binəqədi rayonunda da
bu böyük idman hadisəsinə ciddi
hazırlıq gedir və bu
üzdən buradakı quruculuq işləri
bir qədər də intensivləşib. Hər zaman yenilikçi addımları ilə seçilən
Binəqədi rayonu bu
dəfə də ənənəsinə sadiq
qalaraq ilkə imza
atıb. Belə ki, artıq həmin tarixə
bir il qalmış
müddətdən - cari ilin
iyun ayından etibarən Binəqədi Rayon İcra Hakimiyyəti özünün «Təmiz şəhər»
layihəsinə start verib.
«Binəqədi - evimizdir!», «Evimizi təmiz saxlayaq!» devizi ilə həyata vəsiqə qazanan layihə, adından da
göründüyü kimi,
ümumi abadlaşdırma işlərilə
yanaşı, həm də şəhərimizin təmizliyini
hədəfləyir ki, Bakının bugünkü durumunda bu çox önəmlidir.
Layihənin ən ürəkaçan cəhəti isə odur ki, o,
bəzi hallarda olduğu
kimi, tədbir bitən kimi
fəaliyyətinə son qoymayacaq.
Yəni Olimpiada sonrası layihənin
tamamlanması nəzərdə tutulmayıb və istənilən
nəticə əldə olunana qədər
davam edəcək.
Binəqədi rayonunda aparılan abadlıq-quruculuq işlərinin
masştabını ölkə başçısının buraya reallaşan intensiv gəlişləri də təsdiqləyir.
Belə ki, sonuna
yaxınlaşdığımız 2014-cü ildə Prezident İlham Əliyev Binəqədi
rayonuna 5 dəfə səfər edərək
aparılan müxtəlif tikinti obyektlərində
işlərin gedişi ilə
tanış olub, inşaatı bitən
obyektlərin isə açılışını edib. Bunlar martın 26-da rayon ərazisində
tikilən yeni məscid kompleksində inşaat işlərinin gedişi
ilə tanışlıq, mayın 28-də rayonun
avtomobil yollarının genişləndirilməsi,
yeni körpülərin salınması və
mövcud körpülərin yenidən
qurulması layihələri ilə tanışlıq, avqustun 11-də rayondakı
115 saylı tam orta məktəbdə
əsaslı təmir və yenidənqurma işlərindən
sonrakı vəziyyətlə tanışlıq, sentyabrın
13-də 182 saylı tam orta
məktəbin yeni binasının
açılışı və 22 oktyabrda
Biləcəri qəsəbəsində Stend
Atıcılığı İdman
Kompleksində tikinti işlərinin gedişi ilə tanışlıq səfərləri
olub ki, bu yüksək səviyyədə nəzarətin
də işlərin daha sürətli və
keyfiyyətli görülməsinə stimul
verdiyi şübhəsizdir.
Binəqədi Rayon İcra Hakimiyyətinin
önəm verdiyi daha
bir vacib məsələ
rayonda, bayram tədbirlərindən
əlavə, ən müxtəlif mövzularda
maarifləndirici tədbirlərin keçirilməsidir. RİH
ictimai-siyasi şöbəsinin operativ fəaliyyəti nəticəsində bu tədbirlərlə bağlı məlumatların
anında KİV-ə ötürülməsi ilə isə il boyu burada
baş tutan görüş və tədbirlər mətbu
orqanlarda işıqlandırılır.
Belə tədbirlərdən biri də
ötən həftə sonu - dekabrın
5-də «Milli-mənəvi dəyərlər: tarixilik,
varislik və müasirlik»
mövzusunda rayon gəncləri
ilə keçirilən görüşdür.
Görüşdə Baş
nazirin müavini
Əli Əhmədov, Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin
sədri Mübariz Qurbanlı, müavini Gündüz
İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı
Xaləddin İsgəndərov mövzu ilə
bağlı çıxışlar edərək gəncləri
maraqlandıran sualları cavablandırıblar. Qloballaşmanın yaratdığı bu həssas dönəmdə gənclərimizin
müxtəlif dini təmayüllərin təsiri
altına düşməməsi, onların milli
mənlik şüurunun inkişaf
etdirilməsi baxımından belə tədbirlərin
keçirilməsinin önəmini əlavə şərh etməyə
ehtiyac yoxdur və belə
tədbirlərin digər rayon gəncləri
üçün də təşkili
arzuolunandır.
Lakin təbii ki, bütün sadalananlar rayonda artıq bütün
problemlərin çözüldüyü
anlamına gəlməməlidir. Elə problemlər var ki, onun
həlli hətta illərlə uzana bilər.
Belə problemlərdən biri də rayonun qəsəbələrində xaotik vəziyyətdə necə gəldi tikilmiş fərdi evlərlə
bağlıdır. Bakının digər rayonları ilə
müqayisədə Binəqədi rayonunun
«payına» daha çox
belə tikililərin düşdüyü
də faktdır. Bu ərazidə şəhərsalmanın
ən böyük problemlərindən olan qanunsuz tikintilərə
ötən əsrin 90-cı illərindən rəvac verilib. Qarabağ müharibəsinin getdiyi,
ölkədə hərc-mərcliyin tüğyan
etdiyi həmin illərdə heç bir mühəndis-kommunikasiya
xəttinin çəkilmədiyi, neft mədənlərinə
aid ərazilər heç
bir sənədləşmə
aparılmadan müharibənin od-alovundan baş götürüb qaçan sadə insanlara
satılıb ki, ötən müddət
ərzində bu, istər burada
məskunlaşanların, istər ərazinin əsl sahibi olan neft
şirkətlərinin, istərsə də rayonun
icra strukturlarının əsl
başağrısına çevrilib.
Artıq addım-addım da olsa, son illər problemin üzərinə gedilir
və insanların kompensasiya verilərək
köçürülməsi ilə həmin ərazilər müasir şəhərsalmanın tələblərinə
uyğun tikililərlə görkəmini
dəyişir.
Yuxarıda da qeyd etdiyimiz kimi, Binəqədi Rayon İcra Hakimiyyəti bu yazı müsabiqəsini ildə bir neçə dəfə keçirir və sevindirici haldır ki, hər yazını başlama ərəfəsində rayon ərazisinə getdiyimizdə fərqli mənzərənin şahidi olur, rayonun bir qədər də abadlaşmasından qürur duyuruq. Burada qəsəbələrarası çəkilən yollar, ucalan müasir standartlara uyğun binalar hər keçən gün rayonun simasını dəyişir, onu daha abad, daha yaraşıqlı məkana çevirir. Bu inkişaf tampi isə sakinlərdə çox yaxın zamanlarda su dolan zirzəmilər, illərlə yenilənməyən su-kanalizasiya boruları, uzun müddət istismar olunmaması üzündən korroziyaya uğrayan istilik sistemləri, su, qaz, elektriklə bağlı ciddi kommunal problemlərin keçmişdə qalacağına ümid yaradır. Bu inkişaf həm də bəzi cığal həmkarlarımızın rayon ərazisində həllini gözləyən problemli sahələri qabartmaqla şəkillər dərc etməsinə rəğmən davam edir və bunun davamlı olacağına inam yaradır.
Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə elan etdiyi müsabiqəyə təqdim olunur.
Bakı
xəbər.- 2014.- 8 dekabr.- S.15.