Azərbaycanın dövlətçilik tarixinin, milli
adət-ənənələrinin, elm və mədəniyyətinin
təbliği
Şahzadə
Abbas Mirzə - Azərbaycanda Avropa tipli orduya keçidin banisi
Azərbaycanın dövlətçilik tarixində
xüsusi yer tutan Qacar Səltənəti (1794-1925) xatırlanarkən,
bu hakim sülaləyə mənsub olan iki şəxsin -
Ağa Məhəmməd şah Qacarın və şahzadə
Abbas Mirzənin adları daha çox önə
çıxır. Ağa Məhəmməd şah Qacar olduqca mürəkkəb
bir şəraitdə yeni Türk dövlətinin əsasını
qoymaqla adını tarixə yazdırıbsa, Şahzadə
Abbas Mirzə (1789-1833) Qacar taxt-tacının vəliəhdi
olaraq, dövləti müasir inkişaf yoluna
çıxarmaqla Azərbaycan reformasiyasının banisi
adına haqq edib.
Şahzadənin dövlət qarşısında xidmətlərinə
nəzər saldıqda, onun ilk növbədə Qacar ordusunu ənənəvi
«Şərq qəlibi»ndən çıxararaq Avropa
üslubunda yenidən qurmaq təşəbbüsünü və
bu istiqamətdə ardıcıl fəaliyyətini qeyd etməliyik.
Burada əsas məsələ tək ordunun forma
və məzmununun dəyişdirilməsi deyil - vəliəhdin
bəhs olunan təşəbbüsü bütövlükdə
Avropanın mütərəqqi ideyalarının Şərq cəmiyyətinə
tətbiqi prizmasından dəyərləndirilməlidir.
Lakin dövlətin düşdüyü vəziyyət
şahzadəni zəruriliyini dərk etdiyi islahatlara ordudan
başlamaq məcburiyyətində qoymuşdu.
Şahzadə Abbas Mirzə Qacar öz hərbi
birliklərini müasir Avropa tipli ordu timsalında yenidən
formalaşdırmağa başlayarkən ilk dövrdə o
zaman Napoleonun rəhbərliyi ilə qüdrətli
dövrünü yaşayan Fransa modelinə
üstünlük verir. Hətta 1807-ci il mayın 4-də Qacar və
Fransa imperiyaları arasında imzalanmış Finkenşteyn
müqaviləsinə əsasən, Napoleon öz üzərinə
Qacar ordusunu müasir artilleriya və tüfənglər (50 top
və 10 min tüfəng), o cümlədən hərbi təlimatçılarla
təmin etmək öhdəliyi götürmüşdü.
Lakin 1807-ci il iyulun 7-də Fransanın Qacar
dövlətinin düşməni olan Rusiya ilə sülh
müqaviləsi imzalaması (Tilzit sülhü) Böyük
Britaniyanın da təhrikçiliyi sayəsində bu hərbi
əməkdaşlığın pozulması ilə nəticələndi.
1809-cu ildə Fransa hərbi missiyasının
ölkəni tərk etməsindən sonra Qacar ordusunun yeni
qaydada qurulmasında təşəbbüs britaniyalı təlimatçıların
əlinə keçdi.
Qacar ordusunun yenidən və dövrün tələblərinə
uyğun qurulmasi barədə ən dolğun məlumatı bu
prosesdə yaxından iştirak etmiş fransız əsilli hərbçi,
əvvəl öz ölkəsinin, daha sonra isə
Böyük Britaniya ordusunda xidmət keçən Qaspar
Druvilin «1812 və 1813-cü illərdə İrana səyahət»
kitabından almaq olar.Q.Druvil komandanlığın əmri ilə
3 il Qacar Səltənətində xidmət
keçib. Orada olduğu müddət ərzində Britaniya
üçün zəruri məlumatlar toplamaqla yanaşı,
həm də Qacar taxt-tacının vəliəhdi, şahzadə
Abbas Mirzənin istəyi ilə onun ordusundakı yeni nizami
süvari birliklərin hazırlanmasına rəhbərlik edib.
Rusiyanın hərbi yönümlü
«Üeyxqauz» jurnalının 5-ci (1996) və 6-cı (1997)
saylarında Qacar ordusunun yenidən qurulması haqqında
Q.Druvilin və digər mənbələrin məlumatına əsaslanan
irihəcmli material dərc olunub. Qeyd
olunan mənbələrin müəyyən qədər
tendensioz və həqarət tonunun olmasına baxmayaraq, orada
yer almış məlumatlar Azərbaycanda (Qacar Səltənəti)
Avropa tipli müasir orduya keçid dövrü haqqında təsəvvür
yaranmasına imkan verir.
Əsasən Q.Druvilin məlumatlarından
istifadə olunmuş həmin materialda ilk öncə Qacar
ordusunun piyada və artilleriya hissələrinin qurulmasından ətraflı
bəhs edilir. Bu zaman həmin
hazırlıqların şahzadə Abbas Mirzənin idarəçiliyində
olan Cənubi Azərbaycanda və onun mərkəzi şəhəri
Təbrizdə həyata keçirildiyi xüsusi qeyd olunur.
Maraqlıdır ki, müəllif (Q.Druvil) öz əsərində
şahzadənin atası Fətəli şah Qacardan daha
mübariz və istedadlı olduğunu, yorulmadan
çalışdığını
vurğulayır.Q.Druvilin adıçəkilən kitabında
Qacar ordusundakı yeni piyada əsgərlərin «sərbaz» (hərfi
tərcümədə başı ilə oynayan, ölümə
gedən) adlandırıldığını yazır. Qəribə də olsa, şahzadədən sonra yeni
tipli qvardiya yaradılmasına başlayan Fətəli şah
Qacar isə öz piyada əsgərlərini «Canbaz»
(canını risqə qoyan) adlandırır. Q.Druvil bu
barədə qeydlərində şahzadənin öz ordusunu
yeni uniformalarla təmin etməyə
çalışdığını, lakin vəsait
çatışmazlığının həmin məqsədi
həyata keçirməyə tam imkan vermədiyini də diqqətə
çatdırır:
«Əsgərlərə yeni formalar
hazırlayıb vermək üçün vəsait
olmadığından, şahzadə əmr etdi ki, sərbazlara
eyni rəngdə, hərbçilərə xas olduğunu
göstərməkdən ötrü yaxalarında düymə
olan geyim tikilib paylansın. Bundan
başqa, şahzadənin əmri ilə bütün tüfənglərə
süngü taxıldı və əsgərlərə
patronların, digər ləvazimatların saxlanması
üçün səfər çantası yerinə dəri
torbalar verildi. Həmin torbalar kəmərdən
aşağı asılırdı və əsgərlər
üçün onu daşımaq çətin olduğu qədər
də, təhlükəli idi».
Q.Druvilin qeydlərinə görə, yeni
piyada birlikləri şahzadə Abbas Mirzənin
qoşunlarının ən çoxsaylı bölməsi idi. Alay və taborlardan qurulan piyada birliklərinin əksəriyyəti
Təbriz ətrafında, qalanları isə Cənubi Azərbaycanın
müxtəlif ərazilərində yerləşdirilmişdi.
Müəllif yazır ki, sərbazlar öz təsərrüfatları
ilə məşğul ola bilmək
üçün ilin 6 ayını məzuniyyətə
buraxılırdılar. Qalan 6 ayı isə
ingilis hərbi təlimatçılarının nəzarəti
ilə keçirilən təlimlərə sərf edirdilər.
Q.Druvil ordu quruculuğu prosesinə dair maraqlı
məqamlara da toxunur. O bildirir ki, Fətəli şah
Qacar digər şahzadələrə də Abbas Mirzə kimi
yeni ordu qurmaq tapşırığı versə də, onlar
bu işə qətiyyən maraq göstərməyiblər.
Müəllif ingilis mahudunun idxalından
sonra Qacar ordusunda qəbul edilmiş uniformanın təsvirini də
verib. Q.Druvil qeyd edib ki, ingilis hərbi təlimatçılarının
gəlişindən sonra da Qacar ordusunun uniforması fransız
üslubunda saxlanıb:
«Uniformalar qırmızı
yaxalıqlı, üzərində sarı düymələr
olan yaşıl mahuddan, çəkmələrin içinə
salınan gen şalvarlar isə kobud kətandan tikilib. Qışda əsgərlərə qalın yundan
hazırlanmış plaş (yapıncı) verilir. Dəridən
hazırlanmış əsgəri ləvazimatlar ağ rəngdədir. İstifadə
olunan tüfəng isə ingilis istehsalıdır». Q.Druvil yazır ki, Qacar ordusunun bu uniforması
yarım əsr ərzində dəyişməz qalıb.
Uniforma ilə əlaqədar daha bir diqqətçəkən
məqam əsgərlərin baş geyimi ilə
bağlıdır. Müəllifin qeydlərinə
görə, Qacar ordusunun zabit və əsgərləri ənənəvi
papaqdan imtina etməyərək, furajka geyinməyə razı
olmayıblar. Onların bu inadını
görən təlimatçılar və şahzadə Abbas
Mirzə Qacar hərbçilərinə ənənəvi
üslubda quzu dərisindən hazırlanmış 30 santimetr
hündürlüyündə şiş papaqlardan istifadəyə
icazə verib. Bununla belə, ingilis mayoru
Henri Lindsinin təkidi ilə əsgərlərə saqqal
saxlamaq qadağan edilib və sərbazlar tətbiq olunan bu
qaydanın əleyhinə çıxmayıblar. Saç formasına gəldikdə isə, bununla
bağlı xüsusi tələbkarlığa ehtiyac
duyulmayıb. Ona görə də sərbazların
əksəriyyəti başını qırxdıraraq,
gicgahında papağın altdan sallanan tel saxlamaq dəbini
davam etdiriblər.
1813-cü ildə şahzadə Abbas Mirzənin ordu
quruculuğu sahəsində uğurlarını nəzərə
alan Fətəli şah Qacar Azərbaycana
gələrək yeni piyada birliklərinə döyüş
bayraqlarını təqdim edib. Q.Druvilin bildirdiyinə görə,
qırmızı rəngdə olan həmin bayraqların kənarları
ağ tafta üzərində
qızılı saçaqlarla bəzədilmişdi.
Qumaşdan hazırlanmış bayrağın üzərində
gümüşü rəngdə Ələm və Qacar Səltənətinin
gerbi - uzanmış şirin arxasından doğan Günəş
- və şahzadə Abbas Mirzənin nəzərdə
tutulduğu «Qacar sülaləsindən olan Sultan Fətəlinin
oğlu Sultan» yazısı həkk olunmuşdu. Rusiya ordusunun
zabiti, daha sonra general-leytenant rütbəsinə qədər
yüksəlmiş İvan Fyodoroviç Blaramberq də 1837-ci
ildə Herat yaxınlığında üzləşdiyi Qacar
ordusu bölmələrinin üzərində Şir-Günəş
və Ələm həkk olunmuş müxtəlif rəngli -
qırmızı, ağ, sarı və s.
- bayraqlara malik olduğunu qeyd edib.
Q.Druvil həmçinin əlavə edib
ki, Qacar ordusunda Avropa ölkələrinin ordularında
olduğu kimi hərbi orkestrin yaradılması da diqqətdən
kənarda qalmayıb. Müəllifin
yazdığına görə, hərbi musiqiçilər
taborunun əsgərləri sarı rəngli uniforma geyiniblər.
Hərbi orkestrdə isə müxtəlif sayda
baraban, fleyta və trubadan istifadə olunub. Orkestrin ifa səviyyəsinin
aşağı olduğunu vurğulayan Q.Druvil bildirib ki, heyətdə
yalnız barabançılar öz işlərinin öhdəsindən
gələ bilir: «Açıq görünür ki, fleyta və
truba ifaçılarının musiqi duyumu yoxdur. Onların çalğısından sadəcə təxmin
etmək olur ki, ifa edilən musiqi «Allah, şahı hifz elə»dir».
Fransız müəllif daha sonra yazır ki, ordu quruculuğunun
davamında şahzadə Abbas Mirzənin təşəbbüsü
ilə, Avropa ordularında olduğu kimi, hərbçilərin
çin və ordenlərlə təltif edilmələri məsələsi
öz həllini tapıb.
Üç dəfə - 1800, 1808 və 1810-cu illərdə
Qacar dövlətinə səyahət etmiş britaniyalı
siyasətçi Con Malkolm özünün «İran tarixi» əsərində
Qacarların dövlət rəmzinin əks olunduğu müxtəlif
dərəcəli «Şir-Günəş» ordeninin təsis
edildiyini yazıb. C.Malkolmun fikirlərini davam etdirən Q.Druvil
bu barədə belə yazıb: «Şahzadə, Avropada
olduğu kimi, öz hərbçilərini çin, orden və
pulla mükafatlandırır. O, atasını müxtəlif dərəcəli
«Şir-Günəş» ordeni təsis etməyin zəruriliyinə
inandırıb. Zabitlərə təqdim olunan
ordenin hər dərəcəsi üçün fərqli məbləğdə
pul mükafatı da verilir. Əsgərlər
üçünsə müxtəlif medallar nəzərdə
tutulub».
Q.Druvil digər hərbi bölmələrin
yaradılmasından bəhs edərkən özünün də
məşğul olduğu yeni tipli süvari birliklərinə
xüsusi yer ayırır. Onun
yazdığına görə, Fətəli şah Qacar
1813-cü ildə nizami süvari birliklərinin
uniformasını və digər fərqləndirici elementlərini
təsdiq edib.
Şahzadə Abbas Mirzənin Qacar ordusundakı
artilleriya bölmələrinin yalnız at üstündə
quraşdırılmış kiçik
ölçülü oplardan ibarət olması tələbini
nəzərə alan ingilis hərbi təlimatçıları
işlərini məhz bu istiqamətdə qurublar. Q.Druvil Qacar
ordusunun atlı artilleriyasının
Böyük Britaniyanın analoji hərbi birləşməsi
ilə təxminən eyni səviyyədə qurulduğunu və
yüksək döyüş hazırlığına malik
olduğunu qeyd edib. Hətta yuxarıda adı
çəkilən İ.F.Blaramberq də artilleriya qüvvələrini
Qacar ordusunun»ən yaxşı qoşun növü»
adlandırıb.
Bununla belə, Qacar ordusunun yenidən
qurulmasında birbaşa iştirak edən ingilislərin məqsədyönlü
siyasəti, bəzi hallarda isə sabotajı nəticəsində
şahzadə Abbas Mirzənin qoşunu ruslarla
aparılmış hər iki savaşdan məğlub
çıxır. Bu hərbi
uğursuzluğun digər mühüm səbəbi isə Fətəli
şah Qacarın saraydakı cahil çevrələrin fitnəsi
ilə şahzadə Abbas Mirzənin nəzərdə
tutduğu hərbi-siyasi islahatların həyata keçirilməsinə
tam imkan verməməsi olub.
Düşünmək olardı ki, Fətəli
şahdan sonra Qacar taxtına əyləşəcək
şahzadə Abbas Mirzə dövlətin yüksəlişi
və itirilmiş ərazilərin geri qaytarılması
yönündə uğurlu fəaliyyət göstərəcək. Lakin uşaq yaşlarında tutulduğu xəstəliyin
yenidən şiddətlənməsi Qacar Səltənətinin
ümid yeri sayılan 44 yaşlı şahzadənin
1833-cü ildə həyatdan vaxtsız köçməsi ilə
nəticələnir. Fətəli şahdan sonra Qacar
taxtında bir-birini əvəzləyən hökmdarlar isə
şahzadə Abbas Mirzənin ideyalarını gerçəkləşdirmək
haqqında heç düşünməyiblər də...
Araz
ZEYNALOV
Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
keçirdiyi müsabiqəyə təqdim etmək
üçündür.
Bakı Xəbər.- 2014.- 9 dekabr.- S.15.