Hüseyn Cavid irsinə
Heydər Əliyev qayğısı...
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinə dövlət qayğısı hər zaman hiss olunub. Bəllidir ki, bu qayğı siyasətinin banisi ümummilli lider Heydər Əliyevdir. Ulu öndərin Azərbaycan ədəbiyyatının zirvələrindən olan Hüseyn Cavidin taleyində oynadığı rol əvəzsizdir. Hüseyn Cavid acı taleli bir şairdir. Azərbaycan ədəbiyyatında romantizm cərəyanının banisi olaraq böyük poetik irs yaradan şair ağır repressiya tufanının qurbanı olub. Repressiyadan can qurtara bilməyən Hüseyn Cavid ölümündən sonra hüzura qovuşub.
Məlum olduğu kimi, Hüseyn Cavid həmişə ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olub. Böyük ədibin uzaq Sibir çöllərində dəfn edilən nəşi Heydər Əliyevin qayğısı və köməkliyi ilə Vətənə gətirilib. Bu tarixi hadisə 1982-ci ildə baş verib. Bildiyimiz kimi, H.Cavidin cənazəsini uzaq Sibirdən gətirməsi və doğma Naxçıvan torpağında dəfn etdirməsi, bu gün Cavidlərin birgə uyuduğu möhtəşəm məqbərənin tikilməsi ulu öndər Heydər Əliyevin böyük qəhrəmanlığı, misilsiz rəşadəti, təkcə Cavidə deyil, ümumən Azərbaycan ədəbiyyatına, bədii-ictimai fikrinə tarixi ehtiramı idi.
Qeyd edək ki, o, 1995-ci ildə Hüseyn Cavidin məqbərəsinin və ev muzeyinin yaradılmasına həsr edilən müşavirədə çıxış edərək bildirirdi ki, Hüseyn Cavidin həyatı, yaradıcılığı Azərbaycan üçün nə qədər dəyərli, əhəmiyyətli olub, onun qoyduğu ədəbi-mənəvi irs xalqımız üçün əhəmiyyətli və gərəklidir: "Eyni zamanda, onun həyatı faciəli olubdur. Ancaq bu faciəli dövrlər onun yaradıcılığını Azərbaycan xalqının qəlbindən çıxara bilməyib, yaşadıbdır".
Hüseyn Cavid irsinə Heydər Əliyev qayğısı...
Filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədova yazır ki, həqiqətən də, H.Cavid 1937-1957-ci illərdə-siyasi bəraət alana qədər təqribən 20 il Azərbaycan xalqının qəlbində yaşadı: "İ.V.Stalinin vəfatından sonra (5 mart 1953) və Sov.İKP-nin XX qurultayında (1956) şəxsiyyətə pərəstişin və onun nəticələrinin ləğv edilməsi haqqında qərardan sonra Hüseyn Cavidin zəngin və möhtəşəm yaradıcılığı ədəbi-nəzəri fikrin diqqət mərkəzinə keçdi. 1960-cı ildə akademik Məmməd Cəfərin "Hüseyn Cavid" monoqrafiyası ilə H.Cavid yaradıcılığının tədqiqinin ikinci mərhələsi başlandı. Birinci mərhələ (1920-1937) ədibin həbsi ilə başa çatmış, daha doğrusu, yarımçıq qalmışdı".
Alim Heydər Əliyevin müşavirədəki çıxışına toxunaraq qeyd edir ki, orada tənqidi bir məqam da var. Heydər Əliyev bildirirdi: "Biz 1981-ci ildə Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında qərar qəbul etdik. Bundan sonra bir çox işlər görüldü. Ancaq təəssüf ki, o vaxt qəbul olunan qərarda nəzərdə tutulmuş tədbirlərin bəziləri indiyədək həyata keçirilməyib".
Heydər Əliyev uzaqgörənliyi...
S.Əhmədova yazır ki, Heydər Əliyev 1981-ci il qərarına böyük önəm verir, fəqət, onun vaxtında həyata keçirilməməsinə dönə-dönə təəssüflərini bildirirdi: "Ümumən o, bütün fəaliyyətində ardıcıl şəxsiyyət idi, başladığı işi, verdiyi qərarı mütləq axıra çatdırırdı. Ulu öndər 29 oktyabr 1996-cı ildə Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin açılışındakı nitqində deyib: "Mən çox məmnunam, sevinirəm ki, 15 il bundan əvvəl qəbul etdiyim qərar həyata keçir. Mənim arzularım həyata keçir. Mən sizi də, özümü də bu münasibətlə təbrik edirəm. Hüseyn Cavidin məqbərəsi Naxçıvanın memarlıq tarixində yeni bir səhifədir. Naxçıvanda böyük memarlıq, milli-mədəni abidələrimiz var. Bu abidə də həmin ənənələrin davamıdır. Ümidvaram ki, "Mömünə Xatun" abidəsi kimi bu abidə də əsrlər boyu yaşayacaqdır. Güman edirəm ki, gələcək nəsillər bu günü xatırlayacaq və bu abidəni yaradanları unutmayacaqdır". Tarix Heydər Əliyevin böyük uzaqgörənliyini əzmlə təsdiq etdi. Bu gün Naxçıvanda Cavid məqbərəsi xalqın müqəddəs ziyarətgahına çevrilib, xalqımız onu yaradanları dualar və təhsinlərlə yad edir. H.Cavid məqbərəsi həm də ulu Naxçıvanın memarlıq bəzəyi kimi tarixə daxil olub.
Heydər Əliyevin XX əsr Azərbaycan romantizminin görkəmli siması, romantik şair və filosof H.Cavid haqqındakı fikirləri müasir cavidşünaslığın metodoloji əsaslarını müəyyən edir: "Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişaf etməsində misilsiz xidmətlər göstərmişdir. Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır. Hüseyn Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çatdırıbdır. O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur, millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur". Göründüyü kimi, H.Cavidin ədəbi-tarixi mövqeyinə verilən bu konseptual dəyərdə böyük romantik şair və filosofun yaradıcılığına xas bir neçə cəhət öz ifadəsini tapır: o, ədəbiyyat və mədəniyyətimizi ucaldır; yaratdığı əsərlər milli sərvətimizdir; əsərləri bu günün və gələcəyin dərs kitabıdır; ideyaları azadlıq və müstəqilliyə xidmət edir; o, böyük yaradıcılıq iradəsi nümayiş etdirib, millətinə sadiq olub, onu sevib və hədsiz xidmət göstərib".
"Mən fəqət hüsni-xuda şairiyəm"
S.Əhmədovanın fikrincə, bütün bunlar romantik şair və filosof kimi Hüseyn Cavidin şəxsiyyətini ucaldan, onun yaradıcılığının milli-tarixi və bədii-fəlsəfi əhəmiyyətini əks etdirən cəhətlərdir: "Heydər Əliyevin bu fikirləri H.Cavid yaradıcılığına dərindən nüfuz etməyə imkan verir. Hər şeydən öncə, H.Cavid həyatda olanı yox, həyatda olmalını tərənnüm edən romantik şair idi. O, XX əsrin Ə.Hüseynzadə, M.Hadi, A.Səhhət, A.Şaiq, Divanbəyoğlu və s. kimi söz və fikir adamları ilə birlikdə bir ədəbi-nəzəri cərəyan kimi Azərbaycan ədəbiyyatında romantizmi formalaşdırmağa nail oldu.
"Mən, fəqət hüsni-xuda şairiyəm.
Yerə enməm də səma şairiyəm"
- deyən H.Cavid yer həqiqətlərindən çox-çox yüksəkdə dayandı. Romantik pafos, xəyalın hüdudsuz uçuşu, mütləq həqiqətə çatmağa dönməz cəhd onun ədəbi-bədii məramını səciyyələndirən başlıca cəhətlərdir. Bəli, Cavid yüksəkdə dururdu. Çünki hələ 1909-cu ildə 27 yaşında ikən o, "Cavid" ədəbi təxəllüsünü qəbul edərkən, özünün kimliyini aydın dərk etmişdi. Akademik Məmməd Cəfər "Hüseyn Cavid" (1960) monoqrafiyasında yazırdı: "H.Cavid Azərbaycan ədəbiyyatı tarixində xüsusi mövqeyi olan qüdrətli söz ustalarından biridir. Onun sənəti məzmunca yüksək olduğu kimi, bədii forma cəhətindən də zəngin, əlvandır. Novator lirik şeirlər, liro-epik, epik poemalar yazmaqla yanaşı, Cavid Azərbaycan sənətinə faciə və dramlardan ibarət on beş əsər verib. Cavid dramaturgiyası, sözün həqiqi mənasında, xarakterlər dramaturgiyasıdır. Bu baxımdan onun dram sənətkarlığını ancaq dünyanın ən böyük dramaturqları ilə müqayisə etmək olar".
O elə bir "sübh şəfəqi" idi ki...
Alim qeyd edir ki, H.Cavidin həm poeziyası, həm də dramaturgiyası ideya-fəlsəfəsi baxımdan təhlil olunsa da, poetika cəhətdən dərindən araşdırılmayıb: "Halbuki, əksər əsərlərini mənzum dram formasında yazıb, ədəbiyyatımızda mənzum dram janrının banisi səlahiyyətini qazanıb. Bəzi istisnalarla demək olar ki, H.Cavidin şeir və dram əsərlərinin poetikası, onun poetik konstruksiyaları lazımi dərəcədə tədqiq olunmayıb. Hüseyn Cavidin poetikası, onun bədii sirlərini monoqrafik miqyasda açan tədqiqat əsəri hələ yazılmayıb. Bu baxımdan H.Cavid Füzulidən üzü bəri orta əsrlər Azərbaycan ədəbiyyatının poetik qaynaqlarını öz yaradıcılığında əks etdirən, xüsusilə əruz ehkamlarına yenidən can verən qüdrətli söz ustasıdır. Həqiqətən də "O elə bir "sübh şəfəqi" idi ki, işığı əsrlərin süzgəcindən süzülüb gəlir və həmişə də öz ilkin ehtirası ilə, ilkin şövqü ilə parıldayır. Əsrlər bir-birini əvəz edir, o işıq isə həmişə istedadı özünə çəkir. Çünki o işığı da, istedadı da alovlandırırdı" (xalq yazıçısı, professor Elçin). Bütünlükdə 37-nin repressiyaları, totalitar sovet rejimi Cavidin işığını, ehtirasını söndürə bilmədi. Çünki bu işıq istedaddan, bu istedad isə Tanrıdan gələn ruh idi. "Yer allahlarının" bu işığı söndürməyə gücü çatmazdı. Elə məhz bu işığın sayəsində də "H.Cavid hər zaman təzədir. Bu təzəliyin başlıca mənbəyi şairin tərənnüm etdiyi fikirlərin dərinlik və vüsətində, toxunduğu mövzuların böyüklük və siqlətində, təbliğ etdiyi və əsaslandırdığı demokratik-humanist ideyaların parlaqlığındadır" (Məsud Əlioğlu). Həqiqətən də, Hüseyn Cavid yaradıcılığında bir dənə də olsun adi, məişət səviyyəsinə enən, dövrün ötəri tələbindən doğan konyunktur fikir və mülahizə yoxdur. Cavidin bütün fikirləri ümummillidir, ümumbəşəridir. Çünki o, yerə yaşadığı mənzildən, oturduğu kreslodan deyil, səmalardan - Tanrı ünvanından nəzər salmağı bacaran müdrik filosof, qüdrətli şair idi. Böyük sənət hamisi Heydər Əliyevin sözləri ilə desək: "Hüseyn Cavid bizim üçün doğrudan da əzizdir. O, tariximizdə böyük bir şəxsiyyətdir və böyük bir irs qoyub. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa, Hüseyn Cavidin irsi də o qədər yaşayacaq və xalqımız ondan istifadə edəcək". Belə əbədiyaşarlığı, hər şeydən öncə, H.Cavid özü qazanıb. Heydər Əliyevin Hüseyn Cavid uğrunda mübarizəsi isə ulu öndərin bizim klassik bədii irsimizə, mədəniyyətimizə qayğıkeşliyinin, böyük sevgisinin parlaq ifadəsi, tarixi bir səhifəsidir".
Hüseyn Cavid poeziyası və milli özünüdərk...
S.Əhmədova bildirir ki, Hüseyn Cavidin sənəti sadə deyil, mürəkkəb bir irsdir. Onun yazdığına görə, o, Şərq ədəbiyyatı ənənələrinə uyğun simvollarla zəngindir: "Onun yaradıcılığını adi, məlum, ənənəvi sözlərlə səciyyələndirmək çətindir. Hər şeydən öncə, H.Cavidin "Şeyx Sənan" faciəsinin sufizmlə bağlılığını açmaq lazım gəlir. Dünya demonik ədəbiyyatını bilmədən "İblis" əsərinin ədəbi-tarixi mənasını izah etmək olmaz. "Uçurum" tələb edir ki, XX əsrin önlərində Türkiyə - Avropa təmaslarının tarixi səbəblərini biləsən. Yaxud, möhtəşəm "Peyğəmbər"i dərk və izah etmək üçün ən azı islam tarixini bilmək gərəkdir. Qədim türk fütuhlarının tarixindən bixəbər olsan "Topal Teymur" dramını başa düşə bilməzsən. "Xəyyam" həm şair, həm riyaziyyatçı, həm də filosof Ömər Xəyyamın kimliyini bilənlər üçün maraqlı və dəyərli əsərdir. Beləliklə, Heydər Əliyev bütün bunlara yüksək dərəcədə aşina idi və elə buna görə də o, Hüseyn Cavidin ədəbi-tarixi dəyərini hamıdan doğru təyin edirdi. Ulu öndərin belə bir məşhur fikri var: "Bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim milli hissiyyatları oyatmağa çalışmışlar. Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir". XX əsrdə Azərbaycanda milli-mənəvi özünüdərkin, ulu türk əslinə qayıdışın başında duranlardan biri, bəlkə də birincisi Hüseyn Cavid olub. XX əsrin önlərində milli intibahın başında dayanan Ü.Hacıbəyov, Ə.Hüseynzadə, Mirzə Cəlil, M.Ə.Sabir, H.Cavid və C.Cabbarlı Azərbaycanın adını və şöhrətini dünyaya tanıtdılar. Bu sənətkarların irsi milli-tarixi çərçivələrdən çıxıb dünya səviyyəsinə yüksəldi. Dünya romantizmini və dünya realizmini bu sənətkarların irsi olmadan bütöv halda təsəvvür etmək mümkün deyil. Heydər Əliyev ədəbiyyat və incəsənətin tarixi, fəlsəfi mahiyyəti ilə bərabər, poetik novatorluğuna da xüsusi önəm verirdi: "Ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin ən böyük və fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, zaman-zaman istedadlı insanlar mədəniyyətimizdə yeni yollar, yeni cığırlar açırlar, yeni formalar meydana gətirirlər". Beləliklə, ulu öndər yaradıcılıq psixologiyasına, forma və üslub axtarışlarına önəm verirdi ki, H.Cavid yaradıcılığı bu baxımdan nümunə idi. H.Cavid Şərq şeirinin ən yaxşı poetik ənənələrini, Füzuli sənətkarlığına xas cəhətləri, Türkiyə romantiklərinin novator xüsusiyyətlərini inkişaf etdirərək yeni forma və fərdi üslub yaradırdı. Hüseyn Cavid min ildən artıq tarixi və sənət yaratmaq təcrübəsi olan əruz vəzninə yeni elementlər gətirdi, demək olar ki, əruzun özünəməxsus poetik fiqurlarını yaratdı. Ulu öndərin dəyər verdiyi cəhətlərdən biri də məhz bu idi. Əli bəy Hüseynzadə Azərbaycan romantizminin estetikasını, Hüseyn Cavid isə poetikasını yaratdı".
"...Hüseyn Cavidin əsərləri yaşadı..."
Alim yazır ki, Hüseyn Cavidə ən böyük qiyməti ulu öndər verib. Alimin fikrincə, H.Əliyev H.Cavid irsinin ölməzliyinə böyük inam bəsləyirdi. S.Əhmədova H.Əliyev çıxışlarından sitat gətirir: "Vaxt var idi, Hüseyn Cavidi həbs etdilər və onun bütün əsərlərini qadağan etdilər. Hüseyn Cavid həbs olunandan, hətta dünyasını dəyişəndən sonra onu millətçi, pantürkist, antisovet adam adlandırırdılar. Amma Hüseyn Cavidin əsərləri yaşadı...". Alimin bildirdiyinə görə, belə əbədiyaşarlılıq hər şeydən öncə H.Cavidin böyük istedadı, sənətkarlığı, öz xalqına mənən bağlılığı və heç şübhəsiz ki, ümumbəşəri bədii təfəkkür səviyyəsi ilə bağlı idi": Cavidşünasların belə bir fikri ilə razılaşmalıyıq ki, həqiqətən də "Hüseyn Cavid sənətdə heç kimə bənzəməyən, orijinal bir yaradıcılıq yolu getmiş və özündən sonra ölməz əsərlər qoyub keçmiş söz ustadlarından biridir... "Şeyx Sənan", "İblis", "Topal Teymur", "Peyğəmbər", "Xəyyam", "Səyavuş" kimi dramları, "Azər" poeması, bütöv bir silsilə lirik-fəlsəfi şeirləri ilə Hüseyn Cavid öz adını Azərbaycan ədəbiyyatının qızıl səhifələrinə əbədi həkk edib. Öz dahiyanə əsərləri ilə Hüseyn Cavid Azərbaycan dramaturgiyasını istər mövzu, istər xarakter və obrazlar qalereyası, istərsə də xronotop baxımından olduqca zənginləşdirib, dramaturgiyamızı dar lokal məkandan çıxararaq qlobal məkana salıb, ümumbəşəri ideyaların təbliği ilə dünya səviyyəsinə qaldırıb..." (G.Babaxanova, T.Kərimli).
Hüseyn Cavidin irsi bizim milli-bədii sərvətimizdir. Onun faciəli taleyi Heydər Əliyevin böyük qəhrəmanlığı sayəsində ibrətli bir sonluqla nəticələndi. Bu gün Naxçıvanda Cavidlər məqbərəsi əzəmətlə ucalır. Bu məqbərənin tikilməsi onun sərt tələbkarlığı və Hüseyn Cavidə ümumən ədəbiyyat və mədəniyyətimizə məhəbbəti ilə bağlı idi. O, bir peşəkar memar kimi məqbərənin strukturunu, mənəvi-texnoloji xarakterini də özü verib: "Həmin fikirlər bundan ibarətdir ki, nəhənglikdən uzaq olmaq, oradakı yeri mütləq nəzərə almaq lazımdır. Elə olmalıdır ki, məqbərə nə çox böyük, nə də çox kiçik olsun. Əsas fikrim belədir: qəbir məqbərənin içində olsun və orada elə bir şərait yaradılsın ki, insan girib orada ziyarət edə bilsin, qəbrin yanında dursun, düşünsün. Məqbərənin o tərəfdən, bu tərəfdən açıq olmasının tərəfdarı deyiləm... Mən belə fikirdəyəm ki, bu məqbərəni xaricdən görəndə də gərək fikir cəmlənsin və onun içərisində olanda da fikir dağılmasın". Ümummilli lider Heydər Əliyevin Cavid taleyinə münasibəti siyasi liderin, dövlət başçısının mənsub olduğu xalqın klassik irsinə, mənəvi mədəniyyətinə münasibətinin ən parlaq nümunəsidir".
İradə
SARIYEVA
Bakı Xəbər.-
2014.-17 dekabr.- S.11.